Məhkəmə qərarları › İş №2(103)-2116/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2116/2024

07.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2116/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(009)- 523/2024 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC-nin – cavabdehlər Göyçay rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinə qarşı “əmlakların həbsdən azad edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(009)-523/2024 saylı qərardadı ilə İddiaçı ASC-nin – cavabdehlər Göyçay rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinə qarşı “əmlakların həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddia ərizəsində tələb cinayət işi üzrə məhkəmə hökmü ilə müsadirə edilmiş əmlaklarla bağlı olduğundan və mülki məhkəmə icraatının predmeti ola bilməyəcəyindən imtina edilməsi qərarı alınmışdır. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəmənin həmin qərardadından şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, qərardad qəbul edən məhkəmə, Konstitusiya Məhkəməsinin Qərarındakı həmin mövqeyə istinad edərkən nəzərə almamışdır ki, həmin mövqe qanuni qüvvəyə minməmiş məhkəmə hökmünün qəbul edilməsi və bu halda maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslərin həmin cinayət işinin icraatına cəlb edilməsi halları ilə bağlıdır. Hazırkı iddia tələbi isə Konstitusiya Məhkəməsinin Qərarında da ifadə edilmiş başqa hüquqi mövqe ilə, yəni, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı baxımından Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsi qaydasında verilən iddiaya aiddir. Həmin Qərarda Konstitusiya Məhkəməsi bildirdi ki: “Göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur” Qeyd edilən Qərarın 5-ci bəndi ilə Konstitusiya Məhkəməsi qərara aldı ki: “5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisə tövsiyə edilsin.” Məhkəməyə təqdim edilmiş qanuni qüvvəyə minmiş Göyçay rayon məhkəməsinin hökmündən, həmçinin həmin hökmün Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ciil tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmasına, həmin qərarın isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmasına dair məlumatı əks etdirən Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin xx.xx.2023-cü il tarixli, 2-2/1-M-4220/1-29/2023 nömrəli məktubundan da görünür ki, cinayət işi üzrə hökm, yəni, iddiaçının cəlb edilmədiyi cinayət işi üzrə hökm qanuni qüvvəyə minmişdir. Müsadirə edilməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə qərara alınmış əmlakla bağlı həmin əmlakın mülkiyyətçisinə qanunla verilən müdafiə vasitələrindən biri də Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsində təsbit edilmiş mülki məhkəmə icraatı müstəvində iddia qaldırılmasıdır. Belə olan halda, İddiaçının mülkiyyətinin qanunvericiliklə müəyyən olunmuş müdafiə vasitəsindən – Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsi ilə verilən məhkəmə müdafiəsi vasitəsindən məhrum edilməsi Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tələblərinə zidd olmaqla, Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsində nəzərdə tutulmuş mülki məhkəmə icraatının “hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması” kimi vəzifənin məhkəmə tərəfindən əsassız olaraq yerinə yetirilməməsidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2(009)-523/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(009)-523/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(009)-523/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 aprel 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, “beləliklə, cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər”. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia ərizəsində tələb cinayət işi üzrə məhkəmə hökmü ilə müsadirə edilmiş əmlaklarla bağlı olduğundan və mülki məhkəmə icraatının predmeti ola bilməyəcəyindən hazırki ərizənin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(009)-523/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(009)- 523/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar