Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2118/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh MTK-nın nümayəndəsi eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2312/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh MTK-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK-dan 15.665,41 manatın, habelə ərizəsi üçün ödənilmiş dövlət rüsumu 30 manatın tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MTK arasında 2013-cü il iyulun 17-də müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə o, MTK-yə 53.947,81 manat ödəyir, MTK isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsindəki 7 saylı binanın ümumi sahəsi 109 kv.m. olan 27 saylı mənzilini təmir edilmiş vəziyyətdə İddiaçı mülkiyyətinə verir. Mənzilin 1 kv.m. sahəsinin qiyməti müqavilənin 1.4-cü bəndinə əsasən 749,90 manat müəyyən edilmişdir. İddiaçı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi vaxtında və tam icra etmişdir. 2021-ci ilin fevralın sonunda mənzilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair çıxarış təqdim edilərkən ona müqavilə üzrə şərtləşdirilmiş 109 kv.m. deyil, 88,11 kv.m. sahəyə mülkiyyət hüququ verilmişdir. Yəni müqavilə üzrə nəzərdə tutulandan 20,89 kv.m. az sahə. Halbuki, həmin sahənin də dəyəri (15.665,41 manat) ödənilmişdir. Cavabdeh öhdəliyinin icra etmədiyi hissənin – 20,89 kv.m. mülkiyyətə vermədiyi sahənin ödənilmiş dəyərini – 15.665,41 manat qaytarmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2312/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Mənzil Tikinti Kooperativindən İddiaçı xeyrinə 724,85 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 754,85 (yeddi yüz əlli dörd manat səksən beş qəpik) manat məbləğində pulun tutulması qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin hissəvi – iddianın qismən təmin edilən hissəsində ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış sözügedən müqavilədə iddiaçıya verilən mənzilin sahəsinin 1 kv.metri üçün qiymət göstərilməmişdir. Həmin müqavilədə mənzil təmir olunmuş vəziyyətdə, su, qaz və elektrik sayğacları, mətbəx və giriş mebelləri ilə təmin olunmaqla bütün xərclər daxil ümumi dəyəri 81.739,1 manat təşkil etmişdir. Elə isə məhkəmə mənzilin 1 kv.metr sahəsinin qiymətini necə müəyyən edib məlum deyil. Bundan başqa mübahisələndirilən müqavilənin 1.3.1-ci bəndinə görə mənzilin ümumi və yaşayış sahəsi, ƏMDK Dövlət Reyestr Xidməti tərəfindən təsdiqlənməklə verilən “Çıxarış”da göstərilən sahə olaraq əsas olaraq qəbul ediləcək və mənzilin bu müqavilə üzrə təsdiqlənmiş qiyməti heç bir halda dəyişdirilə bilməz. İddiaçı güzəştli şərtlərlə aldığı mənzili 2020-ci ilin fevral ayında öz adına dövlət qeydiyyatına aldırmış və dərhal da vətəndaş X3 2 qat baha qiymətə sataraq küllü miqdarda qazanc əldə etmişdir. Hazırda bu mənzil ********** saylı, 03.03.2020-ci il tarixli X2 məxsusdur. Mülkiyyət hüququ başqasına məxsus mənzilə, habelə bağladığı müqavilənin 1.3.1-ci bəndində göstərilən əsasa görə iddiaçının mənzili və müqaviləni mübahisələndirməyə subyektiv hüququ olmasa da, məhkəmə işin bu halını nəzərə almamışdır. İddiaçı tərəfindən mübahisələndirilən müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflərin öhdəliklərini tam icra edənədək qüvvədədir. Həmin müqavilə üzrə tərəflər bütün öhdəliklərini yerinə yetirdiyindən qüvvədən düşmüşdür və buna görə də məhkəmə qüvvədə olmayan müqaviləyə istinad etməklə iddia tələbini qismən təmin edə bilməzdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi eyni zamanda vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh olaraq müqavilə üzrə üzərlərinə düşən bütün öhdəlikləri, o cümlədən təmir olunmuş vəziyyətdə, su, qaz və elektrik sayğacları, mətbəx və giriş mebelləri ilə təmin olunmaqla bütün xərclər daxil ümumi dəyəri 81.739,1 manat təşkil edən 27 saylı mənzili iddiaçının mülkiyyətinə verilmişdir. Müqavilə üzrə satılan mənzilin dəyəri kv.metrlə yox, təmir və sair nəzərə alınmaqla konkret məbləğə əsasən satılıb. Lakin birinci instansiya məhkəməsi maddi hüquq normalarını səhv tətbiq edərək hesab etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən vəzifəni, yəni 89.31 kv.metr əvəzinə 88.11 kv.metr sahə təhvil vermişsə, bu halda öhdəliyi yerinə yetirməmişdir. digər tərəfdən iddiaçıya verilən çıxarışda mənzilin sahəsi 88.11 kv.metr göstərilmişdirsə də, o, müqavilə üzrə təsdiqlənmiş qiyməti mübahisələndirə bilməzdi. Ona görə ki, müqavilənin 1.3.1-ci bəndinə görə mənzilin ümumi və yaşayış sahəsi, ƏMDK Dövlət Reyestr Xidməti tərəfindən təsdiqlənməklə verilən çıxarışda göstərilən sahə olaraq əsas olaraq qəbul ediləcək və mənzilin bu müqavilə üzrə təsdiqlənmiş qiyməti heç bir halda dəyişdirilə bilməz. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir, kollegiya cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələblərinin həmin hissədə də rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsi – iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Məhkəmə kollegiyası bu kontekstdə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Cavabdeh MTK-nın üzvlərinin X1 16.04.2013-cü il tarixli çıxarışının kserosurətindən görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmaqla, ARDNŞ-nin mənzil növbəsində olan işçiləri üçün Cavabdeh MTK-nın sifarişi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi-7 ünvanında inşa olunan 2 girişli, 9 mərtəbəli, 64 mənzilli yaşayış binasının 1 giriş, 8 mərtəbədə, razılaşdırılmış sahəsi 109,0 kv.m., yaşayış sahəsi 47,32 kv.m. olan 3 otaqlı 27 saylı mənzilin payçısı olmasını təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan “Kooperativ” qismində Cavabdeh MTK ilə “Payçı” qismində İddiaçı arasında bağlanılmış Cavabdehnə pay qoyuluşu haqqında 62 saylı, 17.07.2013-cü il tarixli müqavilədən görünür ki, kooperativ pay haqqı müqabilində ünvan 2 ünvanında 1-ci giriş, 8-ci mərtəbədə, tikintinin oxları arası perimetri üzrə sahə 109,00 kv.m., ümumi sahəsi 89,31 kv.m., yaşayış sahəsi 47,32 kv.m. təşkil edən 3 otaqlı 27 nömrəli mənzili təmir olunmuş vəziyyətdə “Payçı”ya verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi və yaşayış sahəsi, ƏMDK Dövlət Reyestr Xidməti tərəfindən təsdiqlənməklə verilən “Çıxarışda” göstərilən sahə olaraq əsas qəbul ediləcək və mənzilin bu müqavilə ilə təsdiqlənmiş qiyməti heç bir halda dəyişdirilə bilməz. Göstərilən mənzilin təmir olunmuş vəziyyətdə, su, qaz, elektrik sayğacları, mətbəx və giriş mebeli ilə təmin olunmaqla bütün xərclər daxil ümumi dəyəri 81.739,1 manat təşkil edir. Həmin məbləğ Kooperativin hesablaşma hesabına nağd və ya bank köçürməsi yolu ilə ödənilir, o cümlədən SOCAR tərəfindən 27791,29 manat, “Payçı” tərəfindən 53.947,81 manat, o cümlədən normadan artıq sahəyə 00,0 manat. Mənzilin dəyəri “Payçı” tərəfindən kooperativə tam ödənildikdən sonra həmin mənzil üzərində mülkiyyət hüququ “Payçı”ya keçir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 16.02.2020-ci il tarixli maliyyə arayışın kserosurətindən görünür ki, İddiaçı Cavabdeh MTK-nın Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi-7A ünvanında yerləşən 9 mərtəbəli 64 nömrəli mənzili yaşayış binasında giriş 1, 8-ci mərtəbə, mənzil 27, otaq sayı 3, razılaşdırılmış satış sahəsi 109,00 kv.m., yaşayış sahəsi 47,32 kv.m., ümumi dəyəri 81.739,10 manat məbləği tam ödənilmişdir və kooperativə borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.02.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 7a saylı evin ümumi sahəsi 88,11 kv.m. olan 27 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan texniki pasportun notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, ev 7A, giriş 1, mənzil 27 3 yaşayış otaqlardan, 88,11 kv.m. ümumi sahədən, 46,99 kv.m. yaşayış sahədən ibarətdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MTK arasında 17.07.2013-cü tarixdə müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı MTK-yə 53.947,81 manat ödəməyi, MTK isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsindəki 7 saylı binanın ümumi sahəsi 109 kv.m. olan 27 saylı mənzilini təmir edilmiş vəziyyətdə İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Mənzilin 1 kv.m. sahəsinin qiyməti müqavilənin 1.4cü bəndinə əsasən 749,90 manat müəyyən edilmişdir. Həmçinin 25.02.2020-ci il tarixdə iddiaçı mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair çıxarış əldə etmiş və həmin çıxarışda MTK tərəfindən satılmış mənzilin ümumi sahəsinin müqavilə üzrə şərtləşdirilmiş 109 kv.m. deyil, 88,11 kv.m. olması göstərilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanılmış 17.07.2013-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh MTK payçı İddiaçı tikintinin oxları arasında perimetri üzrə sahəsi 109,00 kv.m., ümumi sahəsi isə 89,31 kv.m təşkil edən 3 otaqlı mənzil sahəsi verməyi öhdəsinə götürmüşdür. Həmin mənzilə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mənzilin ümumi sahəsi 88,11 kv.m göstərilmişdir. Şəhərsalma və Tikinkti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qanunun göstərilən tələbini əsas tutaraq məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən mənzilin ümumi sahəsi tikintinin oxları arasında perimetri üzrə olan sahə deyil. Eyni zamanda ümumi sahə kimi göstərilən həmin sahə bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan göstərilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, iddiaçıya verilməli olan mənzilin ümumi sahəsi isə 89,31 kv.m təşkil etməlidir. Lakin cavabdeh müqavilədə göstərildiyi kimi ümumi sahəsi 89,31 kv.m təşkil edən mənzil əvəzinə iddiaçıya sahəsi 88,11 kv.m olan mənzil vermişdir. Yəni cavabdeh iddiaçının iddia etdiyi kimi ümumi sahəsi 109 kv.m deyil, sahəsi 89,31 kv.m olan mənzil verməyi öhdəsinə götürmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı yalnız 89,31 kv.m ilə 88,11 kv.m arasında olan fərqə görə pul tələb etməkdə haqlı hesab edilə bilər. Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bundan başqa müqavilənin 1.4-cü bəndinə əsasən mənzilin ümumi dəyərinin (81739.1 manat) 27791,29 manat hissəsi (34%) SOCAR tərəfindən, 53947,81 manat hissəsi (66%) isə iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda müqaviləyə əsasən mənzilin bir kv.m sahəsinin 749,9 manat (81739.1/89,31= 915,22) olmasını nəzərə alaraq 1.2 kv.m sahə üçün ödənilən pul tələb edilməlidir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən mənzilin dəyərinin yalnız 66% hissəsi ödənilmişdir, 1.2 kv.m sahə üçün cavabdehdən iddiaçının xeyrinə ödənilən pula nisbətdə 593,92 manat (1,2*915,22 = 1098,26 - 373,40 (34%) = 724,85 manat) məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi cavabdeh 17.07.2013-cü il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra etməyərək, iddiaçını müqavilədə nəzərdə tutulmuş sahəyə malik mənzillə təmin etmədiyindən iddiaçının hazırki iddia ərizəsi ilə müraciət etmək üçün subyektiv hüququ olmuşdur. Digər tərəfdən cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 1.3.1-ci bəndinə istinad etsə də, məhkəmə kollegiyası həmin bəndi qanuna zidd olaraq əhəmiyyətsiz hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Müqavilənin istinad edilən bəndindən isə görünür ki, mənzilin ümumi və yaşayış sahəsi, ƏMDK Dövlət Reyestr Xidməti tərəfindən təsdiqlənməklə verilən “Çıxarış”da göstərilən sahə olaraq əsas olaraq qəbul ediləcək və mənzilin bu müqavilə üzrə təsdiqlənmiş qiyməti heç bir halda dəyişdirilə bilməz. Halbuki mənzilə dair çıxarış 25.02.2020-ci il tarixdə verilmiş və həmin çıxarışda göstərilən mənzilin sahəsi ilə müqavilədəki mənzilin sahəsi ziddiyyət təşkil edir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda mənzilin sahəsinə dair ziddiyyət olduğundan tərəflər arasında bağlanmış müqavilənin 1.3.1-ci bəndi qanuna zidd olmaqla əhəmiyyətsizdir. Digər tərəfdən cavabdeh müqavilədə göstərildiyi kimi ümumi sahəsi 89,31 kv.m təşkil edən mənzil əvəzinə iddiaçıya sahəsi 88,11 kv.m olan mənzil verdiyindən adi riyazı hesablama yolu ilə (89.31 kv.m-88.11 kv.m=1.2 kv.m) sahələr arasında fərqi, həmçinin sahənin 1 kv.m-nin dəyərini müəyyən etmək mümkündür və bu hal birinici instanisya məhkəməsi tərəfindən müəyyənləşdirilərək həll edilmiş, kollegiya məhkəmənin mövqeyi razılaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərclər isə apellyatora aid edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə də iddianın mübahisələdirilən hissədə qiyməti 724,85 manat olmaqla beş min manatdan az olduğundan istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2312/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2118/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2118/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver