Məhkəmə qərarları › İş №2(103)-2118/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2118/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2118/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə ("xxxx" MTK) qarşı iş üzrə (Açar sözlər:pul ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil4 Kazım oğlunun iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh MTK ("xxxx" MTK) ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh "xxxx" MTK Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə ünvanda inşa etdiyi "xxxx" çoxmənzilli yaşayış kompleksində blok 1, mərtəbə 7, brut sahəsi (mənzilin tikilən brut sahəsi) 147,50 kv.metr olmaqla, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) 137,38 kv.metr olan, 3 otaqdan ibarət 29 nömrəli mənzili iddiaçı X2 təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə görə tərəflər mənzilin ümumi dəyəri 190.000 manat olmaqla, mənzilin brut sahəsi üzrə hər kv.metr üçün 1.288 manat, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) üçün isə 1.383,23 manat olması barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə edilmiş eskiz layihədə mənzilin sahəsi (net sahəsi) 137,38 kv.metr və ya (mənzilin tikilən brut sahəsi) 147,50 kv.metr göstərilmişdir. X3 müqavilə üzrə öhdəliyini yerinə yetirmiş və mənzilin dəyərini tam olaraq Cavabdeh MTK-ya ödəmişdir. Cavabdeh MTK da müqavilə öhdəliyini yerinə yetirmiş və mənzili təmir etməsi üçün xx.xx.2020-ci il tarixdə təhvil-təslim aktına əsasən X2 təhvil vermişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə ("xxxx" MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə 103 nömrəli evin 29 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 103, M7, m5) daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışındakı faktiki sahəsi ilə xx.xx.2020-ci il tarixli müqavilədə göstərilmiş sahə arasındakı ölçü fərqinə görə artıq ödənilmiş 29.711,78 manat, kredit faizinə görə ödənilmiş 1.724 manat, cavabdehə xidmət haqqı kimi artıq ödənilmiş 320 manat olmaqla, cəmi 31.755,78 manat pulun və ödənilmiş 186 manat dövlət rüsumunun Cavabdeh MTK-dan ("xxxx" MTK) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, iddiaçıya satdığı mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdakı faktiki sahəsi ilə müqavilədə göstərilmiş sahə arasındakı ölçü fərqinə görə artıq aldığı 29.711,78 manat pulu iddiaçıya geri qaytarmamışdır. Bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli xidmət müqaviləsinə və həmin müqaviləyə 2 saylı əlavəyə əsasən mübahisəli mənzilin hər kv.metrinə, o cümlədən 21,48 kv.metr sahəyə görə iddiaçı 0,75 manat xidmət haqqı ödəmişdir. Cavabdehin iddiaçıya mənzili müqavilədə göstəriləndən 21,48 kv.metr az sahə təhvil verdiyini nəzərə alsaq, həmin sahəyə görə iddiaçının artıq ödədiyi 320 manat vəsait də (0,75 manat x 21,48 kv.metr x 20 ay = 320 manat) cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-55/24 saylı iş üzrə 03 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev) iddia rədd edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı icranın qüsuru barəsində tələbi işi (mənzili) qəbul etdiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən bir il ərzində irəli sürə bilərdi. Lakin o, bir illik iddia müddətini ötürməklə xx.xx.2023-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 377.1, 773, 776.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş xx.xx.2023-cü iltarixdən məhkəmənin icraatındadır. 7 aydan artıq uzanan məhkəmə icraatı müddətində cavabdeh iddia müddətinə dair hər hansı fikir bildirməmişdir. İş materiallarından göründüyü kimi, xx.xx.2024-cü il tarixdə, yəni məhkəmə qətnaməsinin qəbulundan cəmi bir gün əvvəl iş üzrə keçirilmiş ekspertizanın rəyindən narazı qalan cavabdeh təkrar ekspertiza keçirilməsinə dair vəsatət vermişdir. Maraqlıdır ki, həmin cavabdeh bu vəsatətlə bərabər iddia müddətinin tətbiqi barədə ərizə də təqdim etmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini podrat müqaviləsi hesab edən məhkəmə qeyri-qanuni olaraq iddia müddətini xx.xx.2020-ci il tarixdən hesablamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10.İddiaçı v nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

11. Cavabdehin nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12.Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu biləbilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

13.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

Maddə 59.1. tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Maddə 59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. Maddə 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır.

Apellyasiya baxışının hədləri

14.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 15.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16.Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə iddia müddətinin tətbiq edilməsi və bu əsasla iddianın rədd edilməsi işin həqiqi hallarına uyğun olmamışdır. Ona görə də qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi iddia müddətinin keçməsi əsası ilə deyil, əsassız olduğuna görə rədd edilməlidir. 17.İşdən göründüyü kimi, mübahisəli mənzil xx.xx.2020-ci il tarixdə Cavabdeh MTK ("xxxx" MTK) tərəfindən iddiaçıya təhvil verilmişdir. İddiaçı mənzili ilkin qeydiyyatdan keçirərək xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış və xx.xx.2023-cü il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 18.Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 19.Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 20.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz hüququnun pozulduğunu xx.xx.2023cü il tarixdə, yəni mənzilə mülkiyyət hüququna dair çıxarış alarkən bilmiş, bundan 1 ay 24 gün sonra məhkəmədə hazırkı tələbi irəli sürmüş və bu zaman qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Belə ki, Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən bu tələb üzrə iddia müddəti beş ildir və iddiaçı bu müddəti ötürmədən məhkəmədə iddia qaldırmışdır. 21.Bununla yanaşı, Kollegiyanın qənaəitnə görə mübahisə üzrə iddia müddəti ötürülməmiş olsa belə, iddia tələbi öz-özlüyündə əsassızdır və məhz bu səbəbdən rədd olunmalıdır. 22.Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 23.Kollegiya qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə əsasında yaranmışdır. 24.Həmin müqaviləyə əsasən cavabdeh Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə ünvanda inşa etdiyi "xxxx" çoxmənzilli yaşayış kompleksində blok 1, mərtəbə 7, brut sahəsi (mənzilin tikilən brut sahəsi) 147,50 kv.metr olmaqla, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) 137,38 kv.metr olan, 3 otaqdan ibarət 29 nömrəli mənzili İddiaçı təhvil verməyi, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 190.000 manat məbləğində müəyyən olunmuşdur. Tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı müqavilədə şərtləşdirilmiş məbləği bütünlüklə cavabdehə ödəmiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 115,90 kv/m göstərilmişdir. 25.Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir. 26.Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. 27.Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir. 28.Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. 29.Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. 30.Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. 31.Birinci instansiya məhkəməsi tərəfindən bu xüsusatı yoxlamaq məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir. 32.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti 1054-cü məhəllə 103 nömrəli evin 29 nömrəli mənzilin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 103, M7, m5) ümümi sahəsi 115.9 kv.m, faktiki sahəsi (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 135,7 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsi 147,5 kv.m təşkil edir. Göstərilənləri nəzərə alaraq mənzilin ümumi sahəsinin 115,9 kv.m təşkil etdiyini, həmin mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 135,7 kv.m təşkil etdiyini nəzərə alaraq, mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli GH-A 1/0022354 saylı müqavilənin tələblərinə (Brut sahə: 147,5 kv.m, net sahə 137,36 kv.m) uyğun olmadığı müəyyən edilmişdir. 33.Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrində (“Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”), Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndində aşağıdakılar göstərilir: 34.Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 35.Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 36.Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. 37.İşin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi brut sahəsi 147,50 kv.metr olan mənzili təhvil verməyi öhdəsinə götürmüş və öhdəliyini icra edərək həmin sahəyə malik mənzili iddiaçıya vermişdir. Belə ki, bu fakt birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş ekspertiza üzrə ekspert rəyi ilə öz təsdiqini tapmışdır. 38.Yuxarıda qeyd olunduğu kimi, ekspert rəyi ilə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsinin 147,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 39.Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürməsi əsassızdır. 40.Mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 135,7 kv.m, yəni müqavilədə göstərilən 137,36 kv.m net sahədən 1,66 kvm az təşkil etməsinə gəldikdə, Məhkəmə kollegiyası mənzildə təmir-tikinti və yenidənqurma işlərinin aparıldığını nəzərə alaraq bu fərqi əhəmiyyətli saymır və hesab edir ki, həmin fərq iddianın təmin olunması üçün əsas vermir. Belə ki, müqavilə üzrə təhvil verilməli olan brut sahə - 147,5 kv.m ekspert rəyi ilə də təsdiq olunduğu kimi faktiki olaraq yerində mövcuddur. 41.Məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə görə iddiaçı 147,50 kvm brut sahəsinin hər bir kvm-nə görə 1288 manat hesablamaqla cəmi 190 000 manat ödəməlidir və iddiaçı tərəfindən bu məbləğ tam ödənilmişdir. Ekspert rəyi ilə 147,50 kvm brut sahəsinin yerində tam şəkildə mövcud olduğu müəyyən edilmişdir. Deməli, iddiaçı mənzilə görə nə artıq (əlavə), nə də müqavilədənkənar heç bir məbləğ ödəməmişdir. 42.Göründüyü kimi, iddiaçı hazırkı işdə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Cavabdeh isə həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübuta yetirmişdir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 45.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından və qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmadığından ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir (385.1.1, 385.1.4). 46.Bundan əlavə, Kollegiya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin ümumi sahəsinin az göstərilməsi ilə bağlı iddiaçıya izah edir ki, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. 47.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə ("xxxx" MTK) qarşı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə 103 nömrəli evin 29 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 103, M7, m5) daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışındakı faktiki sahəsi ilə xx.xx.2020-ci il tarixli müqavilədə göstərilmiş sahə arasındakı ölçü fərqinə görə artıq ödənilmiş 29.711,78 manat, kredit faizinə görə ödənilmiş 1.724 manat, cavabdehə xidmət haqqı kimi artıq ödənilmiş 320 manat olmaqla, cəmi 31.755,78 manat pulun və ödənilmiş 186 manat dövlət rüsumunun Cavabdeh MTK-dan ("xxxx" MTK) tutularaq ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar