Məhkəmə qərarları › İş №2(103)-2119/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2119/2024

15.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2119/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə mülki iş üzrə (Açar sözlər: aiddiyat üzrə göndərilmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Abbasova X2" MMC ilə xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlamaqla “əlavə” iş yeri kimi rəsmi əmək münasibətlərinə daxil olmuş və əmək münasibətlərinə 03 nömrəli xx.xx.2023-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları

2. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız olaraq şəxsi kartına köçürülmüş 6375.25 manat, işsizlik üzrə 109.64 manat, icbari tibbi sığorta üzrə 479.72 manat, məcburi dövlət sosial sığorta haqları üzrə 5006.11 manat, bank əməliyyatlarına görə 63.75 manat, bank komissiyası və mühasibatlıq şirkətinə ödənilmiş 944 manat, vergi ödəmələri vaxtında ödənilmədiyi üçün MMC-yə hesablanmış 4918.42 manat olmaqla ümumilikdə 17896.89 manat məbləğində dəymiş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 31 mart 2022-ci il tarixində İddiaçı MMC-nin “baş mühasib” vəzifəsinə təyin edilmişdir. “Baş mühasib” vəzifəsinə 400 AZN vəzifə maaşı müəyyən edilmişdir. Tərəflər arasında əldə olunmuş razılığa əsasən İddiaçı MMC-nin təsisçilərinin qərarı ilə Cavabdeh 500 AZN vəzifə maaşı müqabilində 10 may 2022-ci il tarixdən Cəmiyyətin direktor vəzifəsinə təyin edilmişdir. Tərəflərin razılığına əsasən, Cavabdeh həm direktor olmaqla mühasibat işlərini də həyata keçirməli idi. Cavabdeh direktor olduğu müddətdə vəzifələrindən sui-istifadə edərək özünə Direktor vəzifəsinə görə 1000 AZN əmək haqqı müəyyən etmiş və “baş mühasib” ştatını olduğu kimi saxlamışdır. Eyni zamanda vəzifəsindən sui-istifadə edərək öz şəxsi maşınının aylıq yanacağının dəyərini müəsisənin vəsaiti hesabına həyata keçirmişdir. Bundan başqa şirkətə daxil olmuş vəsaitlər hesabına müxtəlif formalarda öz xeyrinə, şəxsi kartına vəsaitlər ödəmişdir. Audit yoxlaması nəticəsində məlum olmuşdur ki, cavabdeh tərəfindən hər ay təsisçiyə təqdim edilmiş bank çıxarışları həqiqəti əks etdirməmiş, cavabdeh tərəfindən özünə ödənilmiş əmək haqqı adı altında əlavə vəsaitlər öz əksini tapmamışdır. Audit rəyindən həmçinin mühasib tərəfindən görülmüş işlərin natamam olmaları, hesabatların yanlış tərtib edilmələri məlum olmuşdur. Cavabdeh müvafiq araşdırmalardan narahat olaraq təsisçinin razılığı və qərarı olmadan “direktor” vəzifəsi üzrə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə, “baş mühasib” vəzifəsi üzrə əmək müqaviləsinə isə audit yoxlamasının aparılmasından narahat qalaraq heç bir səlahiyyəti olmadan, heç kimə məlumat vermədən, özbaşına və heç bir təhvil-təslim aparılmadan xx.xx.2023-cü il tarixində xitam vermişdir. Cavabdeh tərəfindən özünə əsassız olaraq aşağıdakı vəsaitlər köçürülmüş və əlavə xərclərə səbəb olmuşdur: 2022-ci ilin may ayı üzrə 200 manat məbləğində əlavə vəsait, həmin vəsaitə görə sosial ayırmalar üzrə 53.14 manat, icbari tibbi sığorta üzrə 8.50 manat, işsizlik sığortası üzrə 2.13 manat, 2022-ci ilin iyun ayı üzrə 300 manat məbləğində əlavə vəsait, həmin vəsaitə görə sosial ayırmalar üzrə 81.72 manat, icbari tibbi sığorta üzrə 13.07 manat, işsizlik sığortası üzrə 3.27 manat, 2022-ci ilin iyulayı üzrə 200 manat məbləğində əlavə vəsait, həmin vəsaitə görə sosial ayırmalar üzrə 53.14 manat, icbari tibbi sığorta üzrə 8.50 manat, işsizlik sığortası üzrə 2.13 manat, 2022-ci ilin avqust ayı üzrə 1625.25 manat məbləğində əlavə vəsait, həmin vəsaitə görə sosial ayırmalar üzrə 606.36 manat, icbari tibbi sığorta üzrə 97.02 manat, işsizlik sığortası üzrə 24.25 manat, 2022-ci ilin sentyabr ayı üzrə 3800 manat məbləğində əlavə vəsait, həmin vəsaitə görə sosial ayırmalar üzrə 1081.72 manat, icbari tibbi sığorta üzrə 173.07 manat, işsizlik sığortası üzrə 43.27 manat, 2022-ci ilin oktyabr ayı üzrə 250 manat məbləğində əlavə vəsait, həmin vəsaitə görə sosial ayırmalar üzrə 67.43 manat, icbari tibbi sığorta üzrə 10.79 manat, işsizlik sığortası üzrə 2.70 manat, bütün bu əməliyyatlara görə 63.75 manat bank komissiyası ödənilmişdir. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən ümumilikdə 8771.20 manat məbləğində zərər dəymişdir. Cavabdeh öz vəzifələrini də tam icra eləməmiş, dövlət büdcəsinə məcburi ödənişləri etmədiyindən Vergi orqanı tərəfindən müvafiq sərəncamlar verilərək şirkətin hesabından vəsaitlər, hesablanmış faizlərlə birlikdə silinmişdir. Halbuki işçilərə əmək haqqı ödənilərkən həmin əmək haqlarından tutulmalar edilməli və dövlət büdcəsinə ödənilməli idi. Beləliklə, şirkət hesabından işsizlik üzrə 109.64 manat, İTS üzrə 479.72 manat, məcburi sosial ayırma üzrə 5006.11 manat məbləğində vəsait silinmişdir. Cavabdeh hesabat dövrü zamanı heç kəsi öncədən məlumatlandırmadan, özbaşına əmək fəaliyyətinə xitam verməsi Şirkəti vergi və sosial hesabatlarla bağlı pis vəziyyətə qoymuşdur. Hesabatların verilməsi, dövlət büdcəsinə ödənilməli olan ödəmələrin edilməsi üçün Şirkət məcburən mühasibatlıq şirkəti ilə müqavilə bağlamalı olmuş, əlavə 944 manat məbləğində zərərə uğramışdır. Həmçinin dövlət büdcəsinə ödənilməli olan vergi ödəmələri vaxtında ödənilmədiyi üçün MMC-yə 4918.42 manat məbləğində faiz üzrə vergi borcu hesablanmışdır.

4. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf cavabdehin iddiaçı "xxxx" MMC-də direktor vəzifəsində işləməsi xüsusatını qeyd edərək müvafiq kadr və maliyyə sənədlərinin iddiaçının sərəncamında olmadığını şifahi formada bildirmişdir. İş materiallarında olan mütəxəssis rəyinə əsasən, müvafiq aylar üzrə məbləğlər qeyd olunsa da, məhkəmə sözügedən rəyi mötəbər və əsaslı hesab etmir. Belə ki, ilk öncə iddia tələbində qeyd olunan xüsusatlar əlaqədar olaraq mütəxəssis rəyi ilə deyil, yalnız audit rəyi ilə müəyyən edilə bilər. İş üzrə məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilsə də, mühasibatlıq sənədlərinin təqdim edilməməsi əsası ilə ekspertizanın həyata keçirilməsi mümkün olmadan iş məhkəməyə geri qaytarılmışdır. Bundan əlavə olaraq, sözügedən rəyin təsviri, əsaslandırıcı və nəticə hissələrinə əsasən müəyyən edilir ki, rəy əsaslandırılmamış, formal mülahizələrə əsaslanmaqla tərtib edilmiş, vurulmuş zərərin hüquqi və faktiki əsasları, bu barədə mühasibat sənədləri və digər sübutlar rəyə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təkcə hər hansı subyekt olan mütəxəssisin rəyi deyil, rəyin verilməsinə və zərərin müəyyən edilməsinə əsas olan maliyyə sənədlərin təqdim edilməsi zəruridir. Əgər təqdim edilmiş mütəxəssis rəyi əsasında qərar qəbul etmək mümkün olardısa, o zaman məhkəmə araşdırmasının aparılmasının heç bir önəmi qalmaz, rəydə müəyyənləşdirilmiş pul məbləğinin cavabdehdən sorğusuz tutulması təmin edilərdi. Məhkəmə qeyd etmişdir ki, əmək münasibətləri üzrə işçi öz funksional vəzifələrini layiqincə icra etmədikdə, işəgötürən tərəfindən müvafiq intizam məsuliyyətinə cəlb edilə bilər və ya əmək müqaviləsinə xitam verilə bilər. Hazırki iddianın təmin edilməsi üçün ilk öncə tələbdə qeyd olunan ayrı-ayrı hissələr üzrə vurulmuş zərərin dəqiq maliyyə miqdarı, yaranma və hesablanma əsasları, həmin zərərin vurulmasında cavabdehin hərəkəti (hərəkətsizliyi), təqsiri və səbəbli əlaqə müəyyən edilməlidir. Fərz edilsə ki, təqsir və səbəbli əlaqə müəyyən edilir, lakin, vurulmuş zərərin konkret miqdarını detalları ilə müəyyən etmək hazırda mümkün deyildir. Əmək münasibətləri üzrə işəgötürənin faktiki olaraq üstün tərəf olması əsas götürülməklə sübutetmə yükü iddiaçının üzərindədir.

6. Qətnamədən iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin olunaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh "Əmək Məcəlləsi"nin 10-cu maddəsi ilə müəyyən edilmiş əmək müqaviləsi üzrə işçinin əsas vəzifə öhdəlikləri hesab edilən bütün bəndlərin pozuntusuna yol vermişdir. Lakin Cavabdeh vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz vəzifə maaşında, eləcə də öz ştatında bir sıra dəyişikliklər etmişdir. Cavabdeh əldə etdiyi qanunsuz vəsaitlər hesabına əsassız varlanmışdır. Audit yoxlaması nəticəsində məlum olmuşdur ki, cavabdeh tərəfindən hər ay təsisçiyə təqdim edilmiş bank çıxarışları həqiqəti əks etdirməməkdədir, cavabdeh tərəfindən özünə ödənilmiş əmək haqqı adı altında əlavə vəsaitlər öz əksini tapmamışdır. Audit rəyindən həmçinin mühasib tərəfindən görülmüş işlərin natamam olmaları, hesabatların yanlış tərtib edilmələri məlum olmuşdur. Cavabdehin “direktor” vəzifəsi üzrə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində, “baş mühasib” vəzifəsi üzrə əmək müqaviləsinə isə audit yoxlamasının aparılmasından narahat qalaraq heç bir səlahiyyəti olmadan, heç kimə məlumat vermədən, özbaşına və heç bir təhvil-təslim aparılmadan xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Qeyd olunan halların hər biri ilə bağlı məhkəməyə sənədlər təqdim edilmiş olsa da məhkəmə heç birini diqqətə almamışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsi cavabdehin direktor və mühasib vəzifəsində olduğunu unudaraq, iddiaçının iddia tələblərini, xüsusilə rəsmi sənədləri müəssisəyə təqdim etməməsi barədə tələbini nəzərə almadan ekspertizaya təqdim ediləcək sənədləri cavabdehdən deyil, iddiaçıdan tələb etməsi məhkəmə tərəfindən işə birtərəfli, cavabdehin mövqeyindən baxıldığını göstərmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsi iddia tələbinin hüquqi şəxslə onun qanuni təmsilçisi arasında aparılmasını müəyyən edə bilmədiyindən Mülki Məcəllə ilə qanuni təmsilçinin üzərinə düşən öhdəlikləri əmək məcəlləsi ilə işçi ilə işəgötürən arasında olan maddi məsuliyyət müqavilə normaları ilə tənzimləməyə çalışması məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etməməsi ilə nəticələnmişdir. Məhkəmə qanuni təmsilçi ilə hüquqi şəxs arasındakı mübahisənin Mülki Məcəllə ilə tənzimlədiyini nəzərə almadığından yenə davamlı olaraq yalnış normativ hüquqi akta, Əmək Məcəlləsinin 203-cü, 205.2-ci, 296.5-ci maddələrinə istinad etmişdir. Cavabdeh öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, mühasibatlıq sənədlərini gizlətmiş, təsisçinin qərarı olmadan özü-özünü vəzifədən azad eləmişdir. Direktor vəzifəsinə təyin etmə və azadetmə Ümumi Yığıncağın birbaşa səlahiyyəti çərçivəsində olduğu halda cavabdeh özbaşına əmək müqavilələrinə xitam vermişdir. Məhkəmə bu nüansları diqqətə almamış, qarşı tərəfin adi işçi deyil,direktor olması ilə bağlı hüquqi tənzimləmələri diqqətə almamışdır. Bu isə iddiaçı ilə cavabdeh arasında olan mübahisənin ancaq Əmək Məcəlləsi ilə tənzimlənməsinə səbəb olmuşdur. Halbuki məhkəmə cavabdehin direktor olmasına istinadən işi kommersiya məhkəməsinə göndərməli idi. Məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirməmişdir, qərar qəbul edərkən mübahisənin düzgün həlli üçün əhəməiyyət kəsb edən bütün faktiki halları və iş materiallarında olan sübutları araşdırmamışdır.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

8. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında bildirdi ki, Cavabdeh hazırda işləmir. Audit yoxlaması keçirilən zaman özbaşına olaraq cavabdeh əmək müqaviləsinə xitam verib, şirkəti tərk edib, heç kimə bu barədə bildirməyib. Asan imza onda olduğu üçün özbaşına hərəkətlər etmişdir. Rayon məhkəməsində işə baxılan zaman bizə aydın oldu ki, işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Ərizə ilə müraciət etdik, sadəcə ərizəmiz hakim tərəfindən qəbul edilmədi. Hesab edirik ki, bu məsələ sırf Əmək Məcəlləsi ilə deyil, Mülki Məcəllə ilə tənzimlənir, buna görə işə kommersiya məhkəməsində baxılmalıdır. Cavabdehin direktor olması barədə əmək müqaviləsinin bildirişi iş materiallarına əlavə edilmişdir.

9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq normaları:

10. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

11. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir.

12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. .... Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.”

13. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsində qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, iddia ərizəsinin məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə icraata qəbul edildiyi nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir.

15. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-də işlədiyi dövrdə səlahiyyətlərindən istifadə edərək iddiaçıya vurduğu maddi ziyanın tutulmasını xahiş etmişdir.

16. İş materiallarına əlavə edilmiş Cavabdeh əmək müqaviləsi bildirişindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də əlavə iş yeri olaraq direktor vəzifəsində çalışmışdır.

17. Qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki mübahisə korporativ tələbdir.

18. Göründüyü kimi hazırki mülki iş, sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisə olduğundan, eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir.

19. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, “...Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.

20. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, “...Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər); mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə kommersiya məhkəmələri baxır.

21. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 1yası qeyd edir ki, cavabdehin rəsmi qeydiyyat ünvanı Bakı şəhəri olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

23. Belə ki, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə Hüququ Şurasının 4 nömrəli, 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidir.

24. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməklə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş məhkəmə aidiyyətı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar