Məhkəmə qərarları › İş №2(103)-212/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-212/2022

01.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-212/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi, cavabdehlərin mənzildən çıxarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 124/2020-010 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ləğv prosesində olan "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-181/2010 saylı 19 mart 2010-cu il tarixli qətnaməsi ilə cavabdeh Hüseynov Elsevər Sultan oğlundan "xxxx" ASC-nin xeyrinə K-3529 saylı kredit müqaviləsi üzrə 60.927 ABŞ dolları borcun, K-3716 saylı kredit müqaviləsi üzrə 91.508 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. Qətnamənin icrası qaydasında ipotekaya qoyulmuş əmlak hərraca çıxarılmışdır. Hərrac baş tutmadığından, əmlak banka təklif edilmiş və "xxxx" MMC-nin hərracın yekunlaı barədə 05/04 saylı, 19 yanvar 2018-ci il tarixli protokola və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə həmin tarixli müqaviləyə əsasən bankın mülkiyyətinə alınmışdır. Əmlaka dair "xxxx" ASC-nin mülkiyyət hüquqları 18 oktyabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Binəqədi rayon MKTB-nin 06 saylı MKİS-in 84 saylı xx.xx.2006-cı il tarixli arayışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzilində Cavabdeh3, X1 və Cavabdeh1 yaşayır. Əmlakın "xxxx" ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər.

Birinci instansiya məhkəməsində icraat

3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-124/2020- 010 nömrəli qətnaməsi ilə (hakim F.Abdıyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzilindən çıxarılması, ödənilmiş dövlət rüsumunun iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə aid edilməsi qət edilmişdir.

4. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlərin hər hansı hüquqi əsas olmadan, o cümlədən artıq iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşamaları iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə olan konstitusion hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, cavabdehlərin onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlaka qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdehlər Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzilindən çıxarılmalıdır.

5. Məhkəmə mövqeyini AR Konstitusiyasının 13-cü maddəsinə, AR Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 228.1, 228.2-ci maddələrinə, İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 59.3.1, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdehlər apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-124/2020-010 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka saxlayan olan iddiaçı təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmeti olan mənzili əldə etmədiyindən onların ipotekaya xitam verilməsi hüquqları yaranmış və bu səbəbdən də Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışlar, Binəqədi Rayon Məhkəməsi icraatı dayandırmalı olduğu halda, dayandırmamış və maddi hüquq normalarını pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. 10.Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

16.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi 17.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 18.152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 19.157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 20.228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 21.228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir;

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 22.59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 23.59.4-cü maddəsinə əsasən (əvvəlki redaksiyada) bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, "xxxx" ASC ilə Hüseynov Elsevər Sultan oğlu arasında xx.xx.2007-ci il və 06 mart 2008-ci il tarixdə bağlanmış kredit müqavilələrindən irəli gələn kredit öhdəliklərinin təminatı olaraq, Cavabdeh3 Əsgər oğlunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin 25 saylı mənzili "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. X4 Sultan oğlu "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən Banka borcu yaranmış və nəticədə Bank həmin müqavilələr üzrə yaranmış borc məbləğinin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 181/2010 saylı, 19 mart 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Hüseynov Elsevər Sultan oğlundan K-3529 saylı kredit müqaviləsi üzrə cəmi 60.927 ABŞ dolları məbləğində, K-3716 saylı kredit müqaviləsi üzrə cəmi 91.508 ABŞ dolları məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmuş və tutma ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzilinə yönəldilmiş, mənzilin açıq hərracda satılması və satışından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Qeyd edilən qətnamə üzrə verilmiş icra vərəqəsinin icrası ilə bağlı aparılmış icra tədbirləri nəticəsində "xxxx" MMC tərəfindən hərrac keçirilmiş və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzili "xxxx" ASC tərəfindən 76.500 manata alınmış və bu barədə xx.xx.2018-ci il tarixdə həracın nəticələri barədə yekun protokol tərtib edilmiş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Bu əmlaka dair "xxxx" ASC-nin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bununla bağlı müvafiq çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Mehrəli oğlu həmin mənzildə pasport qeydiyyatındadırlar. Bu səbəbdən iddiaçı "xxxx" ASC cavabdehlərə qarşı iddia qaldıraraq, onların həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini tələb etmişdir.

26. Lakin hazırkı iş üzrə cavabdehlər "xxxx" MMC-yə, AR "xxxx" MMC-yə və Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin və hərracın nəticələri barədə protokolun ləğv edilməsi” tələbi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində iddia qaldırmışlar. Bu səbəbdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1395/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən hazırki mülki iş üzrə icraat həmin müllki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

27. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 1012/2019 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh3 və digərlərinin qeyd edilən iddiası rədd edilmiş, həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra hazırki mülki iş üzrə icraat təzələnmişdir.

28. Daha sonra iddiaçı Cavabdeh3 cavabdeh "xxxx" ASC-yə qarşı ipotekaya xitam verilməsi və ipoteka yüklülüyünün ləğv edilməsi barədə Nəsimi Rayon Məhkəməsində iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli qərardadı ilə apellyasiya instansiya məhkəməsində iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə icraat həmin iş üzrə yekun qərar qəbul edilənədək dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir.

29. Kollegiya qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

30. İşdən də göründüyü kimi, Cavabdeh3 Hüseynov Elsevər Sultan oğlunun kredit öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzilini Bank qarşısında ipoteka ilə yüklü etməklə öhdəliklərin lazımi qaydada icra edilməməsi təqdirdə, əmlaka olan mülkiyyət və digər hüquqlarının, o cümlədən istifadə hüququnun itirilməsinin mümkünlüyü ilə razılaşmışdır. Digər cavabdehlər də buna etiraz etməmişdilər. Lakin öhdəlik lazımi qaydada icra edilmədiyindən tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və məhkəmə qaydasında pulun tutulması, tutmanın bu əmlaka yönəldilməsi qət edilmişdir. Bununla bağlı keçirilmiş hərracın nəticəsi olaraq, həmin mənzili hərracdan iddiaçı almışdır və hazırda iddiaçının mülkiyyətindədir. Hüquqi baxımdan cavabdehlərin hazırda həmin mənzilə hər hansı bağlılığı qalmamışdır.

31. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilməsi” tələbi əsaslı olmaqla iddia tələbi həmin hissədə təmin edilməlidir.

32. Kollegiya iddia tələbinin “cavabdehlərin mənzildən çıxarılması” hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini də əsaslı hesab edir.

33. Belə ki, iddiaçı mübahisəli əmlakı qanunla nəzərdə tutulmuş qaydada rəsmi olaraq əldə etmişdir və bu mənzilə dair mülkiyyət hüququ dövlət reyestrində rəsmi olaraq qeydiyyata alınmışdır. Qanunun mənasına görə, iddiaçı ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması tələb edilmir.

34. Cavabdehlərin bu mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasın olması müəyyən edilməmişdir. İddiaçı, mülkiyyətçi olmasına baxmayaraq, hazırda qeyd edilən mənzildən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən artıq iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşamaları iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə olan konstitusion hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, cavabdehlərin onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdehlər Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzilindən çıxarılmalıdır.

36. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

37. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

38. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-124/2020- 010 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar