Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2120/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X3, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X4, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 31 saylı Notariat Kontoruna qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli,2(003)-622/2019saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 31 saylı Notariat Kontoruna qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətin 2/3 hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən çıxarışların ləğv edilməsi və Cavabdeh1 tərəfindən həmin ünvanda tikilmiş ikimərtəbəli tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı doğma qardaşıdır. ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət üzərində onların ümumi paylı mülkiyyət hüququ mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* saylı çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətin 2/3 hissəsində Cavabdeh2, 1/3 hissəsində isə iddiaçının pay hüququ mövcuddur. Cavabdeh2 ümumi paylı mülkiyyətdə olan əmlakı satmaq niyyətinin olduğunu bildirmiş, iddiaçı isə ümumi paylı mülkiyyətdə olan Cavabdeh2 məxsus 2/3 pay hissəsini almaq istədiyini bildirmişdir. Lakin Cavabdeh2 iddiaçının əmlakı satın almaq niyyətinin olduğunu bilməsinə baxmayaraq, onun razılığı olmadan Cavabdeh1 ilə onun arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ümumi paylı mülkiyyətdə olan əmlakı Cavabdeh1 satmışdır. Hal-hazırda sözügedən xüsusi mülkiyyət üzərində Cavabdeh1 tərəfindən təmir-tikinti işləri aparılır. İddiaçı bu barədə məlumat əldə etdikdən dərhal sonra Bakı şəhəri 31 saylı notariat kontoruna iki dəfə ərizə ilə müraciət etmişdir. İlk dəfə xx xxxxxx 2018-ci il tarixində Bakı şəhəri 31 saylı notariat kontoruna ərizə ilə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 ilə onun arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə etiraz etdiyini və alıcı Cavabdeh1 ilə heç bir torpaq bölgüsü sazişini təsdiq etməyəcəyini, iddiaçının iştirakı olmadan heç bir torpaq bölgüsünün aparılmamasını bildirmişdir. Lakin notarius iddiaçının bu ərizəsini qəbul etsə də, müraciətlər siyahısına daxil etməmişdir. Daha sonra iddiaçı təkrarən ərizə ilə notariusa müraciət edərək alqı-satqı müqaviləsinə etiraz etdiyini bildirmişdir. Ümumi paylı mülkiyyətdə olan əmlak üzərində iddiaçının da mülkiyyət hüququ olduğundan, onun xəbəri olmadan sözügedən əmlakın satılması iddiaçının qanunla qorunan mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Paylı mülkiyyətdə olan əmlakın satışı zamanı həmin əmlakın mülkiyyətçisi olaraq satın almadan üstünlük hüququ təmin edilməmiş, bununla da qanunvericilikdə təsbit edilmiş imperativ normanın tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(003)- 622/2019 saylı qətnaməsi ilə (hakim Tərlan Əkbərov) iddia qismən təmin edilmiş,Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə dair Cavabdeh1 adına xx xxxxxxx 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydin (Seriya RX № ******* saylı Çıxarış) ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olmasını, maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasını iddianın tam təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, iş üzrə tam və hərtərəfli araşdırma aparılmaması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, iddiaçının mübahisəli əmlakın alqı-satqısından əvvəldən məlumatlı olması, buna razılıq verməsi, torpaq sahəsini almaq niyyətinin olmamasını bildirməsi, hətta iddiaçıya digər Cavabdeh2 borcuna 10000 manat pul ödəməsi, torpaq sahəsini alaraq orada fərdi yaşayış evini inşa etməsi, lakin sonradan ona məlum olmayan səbəblərdən iddiaçı tərəfindən guya alqı-satqıdan məlumatının olmaması, guya torpaq sahəsini almaq istəməsi, onun başqa şəxsə satılmasına razılıq verməməsi və s. bu kimi əsassız tələblər irəli sürməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, həmçinin cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, digər tərəfin apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, həmçinin iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətdə göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, digər tərəfin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etmişlər. Əvvəlki məhkəmə baxışında iştirak edən Cavabdeh2 iddiaçının apellyasiya şikayətini əsassız sayaraq, həmçinin cavabdehin apellyasiya şikayəti ilə razılaşaraq birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından cavabdehin apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etmişdir. İşdə iştirak edən digər şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 376.2 maddəsinə əsasən həimn şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seryalı, ******* saylı çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi evin 2/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi isə İddiaçı xüsusi mülkiyyətlərindədir. İşdə olan Bakı şəhəri 31 saylı notariat kontorunda bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi evin 2/3 hissəsini (torpaq sahəsi) Cavabdeh1 satmışdır. İşdə olan İddiaçı Bakı şəhəri 31 saylı notariat kontoruna ünvanlamış olduğu **********989 saylı ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinə etiraz etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seryalı, 13945451 saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi evin 2/3 hissəsi xx xxxxxxx 2018-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. İddiaçı hazırki tələbində mübahisələndirilən əqd bağlanarkən əmlakın paylı mülkiyyətçisi kimi əmlakı almaqda üstünlük hüququnun pozulmasını, onun razılığının alınmamasını, yazılı bildiriş verilməməsini göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən – iddiaçının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218-ci maddəsində nəzərdə tutulmuş əmlakı satın almaqda üstünlük hüququnun pozulmasına əsaslanmış, bu səbəbdən də alqısatqı müqaviləsinin etibasız olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra,MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (MM-nin 567-ci mad.) Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür (MM-nin 646-cı mad.) Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir (M.Şahverdiyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı). MM-nin 215.6-cı maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Göründüyü kimi, qanunverici paylı mülkiyyətin mülkiyyətçisinə öz payını özgəninkiləşdirməkdə digər əmlak mülkiyyətçiləri kimi müstəsna səlahiyyət vermiş, lakin bu zaman onun üzərinə qanunvericilikdə nəzərdə tutulmuş bəzi qaydalara əməl etmək öhdəliyi qoymuşdur. Həmin qaydalar isə MM-nin 218-cimaddəsində öz əksini tapmışdır. Belə ki, qeyd edilən normaya əsasən - ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Göründüyü kimi, mülki qanunvericilik ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçilərinə satılan payı satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququnu tanımışdır. Belə olan halda, payını özgəninkiləşdirmək istəyən mülkiyyətçi payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Hazırki işin faktiki hallarından və işdə olan sübutlardan görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 2/3 hissədə paylı mülkiyyətçisi Cavabdeh2 payını üçüncü şəxsə (digər cavabdehə) satmaq niyyəti barəsində iddiaçıya qanunvericiliyin qeyd edilən tələblərinə uyğun qaydada yazılı bildiriş verməmişdir. Digər tərəfdən işin faktiki hallarından açıq-aşkar görünür ki, iddiaçının alqı-satqıdan daha əvvəl məlumatlı olmuş (iddiaçının özü də iddia ərizəsində bu halı təsdiq etmişdir), tərəflər arasında müəyyən danışıqlar aparılmış, nəticədə alqı-satqı müqaviləsi bağlanılmış, yalnız bundan sonra iddiaçı bağlanmış əqdə etiraz etməyə başlamışdır. Lakin, qeyd edilən hallar özü-özlüyündə qanunvericilikdə nəzərdə tutulmuş yazılı bildirişin təqdim olunmasını istisna etməmişdir. Bu səbəbdən də mülki qanunvericilik müəyyən etmişdir ki, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin (Mülki Məcəllənin 218.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin (əqdin etibarsız sayılması) Mülki Məcəllənin 218.3-cü maddəsinə uyğun olmasını yoxlamamış, maddi hüquq normalarının tətbiqin səhvə yol vermiş, hüquq normasını düzgün təfsir etməmişdir. Qeyd edildiyi kimi, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin digər iştirakçısı əqdin etibarsız sayılmasını deyil, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qanunvericinin belə bir tələb hüququnu müəyyən etməkdə məqsədi, həmçinin payını satmaq niyyətində olan mülkiyyətçinin də hüquqlarını qorumaq məsədi daşıyır. Əks halda payını satmaq niyyəti olan mülkiyyətçinin mülkiyyət hüquqları kobud surətdə pozulmuş olardı. Məsələyə, daha da aydınlıq gətirərək qeyd edilməlidir ki, payını satmaq paylı mülkiyyətçinin müstəsna hüququ olmaqla, qanunla qorunur. Yəni, yuxarıda da qeyd edildiyi kimi paylı mülkiyyətçi payı üzərində digər mülkiyyətçilərin mülahizəsindən (razılıqlarının olub-olmamasından) asılı olmayaraq sərəncam vermək hüququna malikdir və bu hüquq heç bir halda məhdudlaşdırıla bilməz. Mübahisəyə tətbiq olunmalı olan MM-nin 218-ci maddəsi də belə bir məhdudiyyəti müəyyən etməmişdir. Sadəcə, digər paylı mülkiyyətçilərin maraqları baxımından (onlar paylarının artımında maraqlı ola bilərlər və s.) qanunverici onlara satılacaq payı almaqda üstünlük hüququ tanımışdır. Eyni zamanda, üstünlük hüququ yalnız payı «onun satıldığı qiymətə və digər bərabər şərtlər əsasında» almaqda ifadə olunmuşdur. Göründüyü kimi, qanunverci paylı mülkiyyətçiyə payını öz mülahizəsinə uyğun olaraq istədiyi qiymətə satmaq hüququnu tanımışdır. Yəni, digər paylı mülkiyyətçilər satılacaq payı istədikləri qiymətə deyil, məhz payını satmaq istəyən mülkiyyətçinin təklif etdiyi satış qiymətinə (satıldığı qiymətə) almaqda üstün hüquqlara malikdirlər. Bu səbəbdən də, qanunverici müəyyən etmişdir ki, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin digər iştirakçısı alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Yəni, MM-nin 218-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış əqdin «alıcı» hissəsində hüquqları pozulmuş digər paylı mülkiyyətçi yer almalı idi. Alıcının vəzifələrindən ən əsası da satın aldığı əmlakın dəyərini ödəməkdən ibarətdir (MM-nin 567-ci və digər analoji normaları). Məhkəmə MM-nin 218.3-cü maddəsinə əasən irəli sürülmüş tələb üzrə alıcının hüquq və vəzifələrinin satın almaqda hüquqları pozulmuş digər paylı mülkiyyətçiyə keçməsini qət etdikdə həmin əqd etibarlı olaraq mövcudiyyətini davam etdirmiş olur ki, nəticədə məhz həmin əqd əsasında paylı mülkiyyətçi payının artımına nail olmuş olur (əqd əsasında mülkiyyət payı dövlət qeydiyyatına alınır və s.). Göründüyü kimi, hazırki vəziyyətdə əqdin sadəcə etibarsız sayılması barədə tələb qanunvericiliyə uyğun olmamaqla, mübahisənin düzgün həllinə təminat vermir. Yəni, əgər əqd üstünlük hüququnun pozulması əsası ilə etibarsız sayılmış olarsa və əqdin tərəfləri əvvəlki vəziyyəti qaytarılarsa, lakin sonradan payı satın almaqda hüquqları olan paylı mülkiyyətçi həmin payı hər hansı səbəbdən almazsa, o zaman payını satmış mülkiyyətçinin və onu almış olan alıcının hüquqları kobud surətdə pozulmuş olardı. Məhz bu səbəbdən də, bu kimi mübahisələrdə yeganə doğru tələb, yuxarıda da qeyd edildiyi kimi – «alıcının hüquq və vəzifələrinin satın almaqda üstun hüquqa malik olmuş paylı mülkiyyətçiyə keçirilməsini məhkəmə qaydasında tələb etmək»dən ibarətdir. Hazırki işin hallarından və irəli sürülmüş tələbdən isə açıq-aşkar görünür ki, iddiaçı MM-nin 218-ci maddəsinin tələbləri çərçivəsində alıcının hüquq və vəzifələrinin ona keçməsini tələb etməmiş, ümumiyyətllə payın alınması istiqamətində hər hansı tələb irəli sürməmişdir. Əksinə, işdə olan barışıq sazişindən də (Cavabdeh2 özünə aid hissədə şərtlərlə razılaşmadığı üçün həmin sazişin təsdiq olunması üçün məhkəməyə ərizə verməmişdir) görünür ki, iddiaçı satılmış payı almaqda maraqlı olmamış, hətta Sazişin müəyyən hissəsi faktiki olaraq icra edilmiş, Cavabdeh1 tərəfindən iddiaçıya sazişdə nəzərdə tutulmuş pul vəsaiti ödənilmişdir (tərəflər bu halı təsdiq etmişlər). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əqdin etibarsız sayılmasını tələb etməkdə haqlı olmamış, qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tələbi isə irəli sürməmişdir (MPM-in 372.4-cü maddəsinə əsasən apellyasiya icraatı zamanı yeni tələblərin irəli sürülməsi mümkün deyildir. İddiaçı tərəf birinci instansiya məhkəməsində iştirak etmiş və müvafiq tələblərini irəli surmək imkanında olmuşdur). Belə olan halda isə iddia özü-özlüyündə əsassız olmaqla, mübahisənin qanuni həlli üçün yetərli və əsaslı sayıla bilməz. İddia əqdin etibarsız sayılması hissəsində təmin olunmadığından, hazırki vəziyyətdə qalan hissələrdə də təmin oluna bilməz. Lakin, məhkəmə kollegiyasının hazırki mövqeyi iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada və formada müvafiq tələb irəli sürmək hüququnu istisna etmir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Göründüyü kimi,birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış,əqdi etibarsız saymaqla düzgün hüquqi nəticəyə gəlməmiş,maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə olan halda isə,qətnamə qanuni və əsaslı sayıla bilməz.Cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün tam əsasdır.İddiaçının apellyasiya şikayəti isə hazırki vəziyyətdə təmin oluna bilməz. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 31 saylı Notariat Kontoruna qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(003)-622/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(003)- 622/2019 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2120/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2120/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver