Məhkəmə qərarları › İş №2(103)-2123/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2123/2024

22.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2123/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X12 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-81/2024 saylı, xx.xx.2024-cü i tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 09/19 nömrəli xx.xx.2006-cı il tarixli qərara əsasən Binəqədi rayon Xocasən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin alğı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır.

2. Həmin torpaq sahəsi nə iddiaçının, nə də X1 olmamışdır.

3. Hazırda iddiaçı iddia edir ki, cavabdeh onun torpaq sahəsinə müdaxilə edərək orada tikili tikmişdir.

4. Cavabdehin isə istifadəsində olan torpaq sahəsi illərdir onun sahibliyindədir və bununla bağlı bir neçə məhkəmə aktı qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1499/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsində qeyd olunur ki, Cavabdeh 2004-cü ildən torpaq sahəsindəki tikilidə yaşayır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X4 Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz tikinti aparmaqla hasara aldığı ona məxsus torpaq sahəsinin ətrafında apardığı həmin tikintinin sökülməsi və cavabdehə bu tikintini gələcəkdə də aparmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 2006- cı ildən ona məxsus olan Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən 600 kvadrat metr torpaq sahəsini orada yaşamamasından istifadə edərək daş hasar tikərək öz torpaq sahəsinə qatmışdır. O, bu barədə gəlib ona bildirəndə cavabdeh onu nalayiq söyüşlərlə söyüb oradan qovmuşdur. O da polisə müraciət etməli olmuşdur. Binəqədi RPİ-nin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən faktla bağlı araşdırma aparılmış, 04 may 2022-ci ildə cinayət işinin başlanması rədd edilmiş və onlara mülki qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etmək tövsiyə olunmuşdur. Mübahisəli torpaq sahəsini o, 2006-cı ildə ali etibarnamə əsasında yaxın qohumu İddiaçı almışdır. Uzun müddət həmin torpaq sahəsində imkansızlıq üzündən tikinti apara bilməmişdir. Onun torpaq sahəsinin yanında boş sahəni Cavabdeh özbaşına tutmuş, bununla kifayətlənməyib, ona məxsus torpaq sahəsini də özbaşına hasara almışdır. O, bunu görən kimi əvvəlcə Reyhana bu barədə məlumat vermişdir. Düşünmüşdür ki, birdən Reyhan ondan xəbərsiz torpaq sahəsini cavabdehə də satmış olar. Lakin Reyhan ondan başqa heç kimə bu torpağı vermədiyini bildirmişdir. Bundan sonra o, Könül adlı qadına bildirmişdir ki, torpaq sahəsinin yarısı onundur. Yəni o, 12 sot torpağı hasarlamışdır. Lakin Könül onun sözünə qulaq asmamışdır. O, cavabdehdən torpaq sahəsini hasarladığına görə sənəd tələb etmişdir. Cavabdeh ona heç nə təqdim etməmişdir. Sonra o, iki nəfər usta göndərmişdir ki, ona məxsus torpaq sahəsini ayırsınlar. Lakin Cavabdeh onlarla dava-dalaş etmiş, hadisə yerinə Binəqədi RPİ 40-cı Polis bölməsinin əməkdaşları gəlmişlər. Oranın baş təhqiqatçısı, polis mayoru İlkin Əsgərov tərəfindən araşdırma aparılmış, tərəflərin izahatları alınaraq cinayət işinin başlanması rədd edilmiş və tərəflərin mülki qaydada məhkəmə qarşısında iddia qaldırmaq hüququ olması izah edilmişdir. Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 183/02 saylı xx.xx.2022-ci il tarixdə 40-cı Polis bölməsinə ünvanladığı məktubdan da görünür ki, Xocasən Bələdiyyəsinin elektron bazasında vətəndaş İddiaçı adına xx.xx.2006cı il tarixli 09/19 saylı qərarla fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılması barədə məlumat aşkarlanmışdır. İddiaçı həmin torpaq sahəsini 02 may 2006-cı il tarixli 09/19 saylı Xocasən Bələdiyyəsinin qərarı əsasında almış və həmin vaxt bələdiyyəyə 480 manat pul köçürmüşdür. Bu pulu da ikisi birlikdə köçürmüşlər. Sonra da Reyhan həmin torpaq sahəsini ona notariat qaydasında satmışdır. Bütün bunlara baxmayaraq, Cavabdeh onun torpaq sahəsini qanunsuz zəbt edib hasara almışdır və onu sahəyə buraxmır. Odur ki, cavabdehin qanunsuz hasara aldığı ona məxsus torpaq sahəsini boşaltması məhkəmə qaydasında həyata keçirilməlidir.

7. Daha sonra iddiaçının ərizəsinə əsasən X4 əsl İddiaçı ilə əvəz edilmişdir.

8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-81/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin qanunsuz tikinti aparmaqla hasara aldığı və ətrafında tikinti apardığı torpaq sahəsinin məhz Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 09/19 nömrəli xx.xx.2006-cı il tarixli qərarına əsasən ona satılmış 600 kv.m torpaq sahəsi olduğunu sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına və Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə verilmiş sorğulara cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 09/19 nömrəli xx.xx.2006-cı il tarixli qərarına torpaq sahəsinin plan-cizgisi əlavə edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Torpaq Məcəlləsinin 55, 66-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə, 68-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 82.3, 119.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-81/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, onun etibarnaməsi əsasında X4 onun adına bələdiyyə tərəfindən qanunda nəzərdə tutulan bütün prosedurlara əməl etməklə verilmiş torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunduğuna görə həmin torpaq sahəsinin boşaldılması tərləbi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdu. Məhkəmə araşdırması zamanı həqiqətən onun adına torpaq sahəsinin verilməsi barədə bələdiyyə qərarının və digər vacib sənədlərin olduğu müəyyən edildi, eyni zamanda həmin torpaq sahəsinin cizgisini də hakimə təqdim etdilər və bununla da torpaq sahəsinin Cavabdeh mülkiyyətində və ya istifadəsində olmaması sübut olundu. Lakin, məhkəmə öz qətnaməsində guya mübahisələndirilərkən torpaq sahəsinin onun olduğunu sübut edə bilmədiyi qeyd olunur. Məhkəmə iclasında onun əsl iddiaçı kimi cəlb edərək arxivdən torpaqla bağlı bütün sənədlərin alındığı halda, həmin sahənin ölçülməsi və məhkəmə tərəfindən qoyulmuş digər sualların araşdırılması üçün ekspertiza təyin olunmasına baxmayaraq, cavabdeh tərəf ekspertin torpaq sahəsini müayinə etmək üçün gəldiyi halda eksperti torpağın müayinəsinə buraxmadı. Bu zaman təkrar ekspertiza təyin olunduqda da, cavabdeh tərəf mübahisəli torpaq sahəsinin müayinəsinə imkan vermədi. Belə olan halda cavabdeh tərəfin əlində torpaq sahəsi ilə bağlı heç bir sənədin olmadığına görə onun əlindəki torpaq ayırma sənədləri həmin torpağın üzərində hüquqlarını təsdiq etdiyindən məhkəmə onun iddiasını təmin etməli olduğu halda, bunu etmədi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

14. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətnin dəlillərini müdafiə edərək bildirir ki, 2006-cı ildə Dostu xanıma torpağı vermişdi. Onların 6 sot torpağı var. Heç kim cavabdehin 6 sot torpağına nəsə demir. Onun torpağında işi yoxdur. Ali Məhkəmənin də onun torpağı barəsində çıxardığı qərarı var. Dostu ona deyir ki, problemi o həll etsin. 2006-ci ildə torpaq veriləndə ölçüb veriblər, cavabdeh orada olmayıb. Hər bir vətəndaşa 6 sot torpaq verilir. Bütün sübutları təqdim edə bilər. Məhkəmə iclasında rayon məhkəməsində iştirak etməyib. Torpaq sahəsi nə onun, nə də Dostu xanımın sahibliyində olmayıb. İllər sonra Dostu xanım deyir ki, torpağına girə bilmir, məsələni həll etsin. Dostu xanım ilk dəfə etirazını dəqiq bilmir nə zaman deyib, təxminən 2-3 il olar.

15. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, torpaq sahəsini 1998-ci ildə alıblar. 2008-ci ildə yoldaşı ilə ayrıldılar, yoldaşının qohumu onu oradan çıxarmaq istədi. Torpaq sahəsinə bələdiyyə baxış keçirib, rəy də verib. İllərdir ki, məhkəmələrdədir. Torpaq sahəsi "Binəqədi Oyl" şirkətinə məxsusdur. O, bu məsələyə görə xəstəlik tapıb. İddiaçının bacısı başına belə oyun açıb. 1998-ci ildə kənd soveti torpağı ölçüb, verib. Onun əkdiyi ağacları var. Şahidlər ifadə veriblər. 2006-cı ildə bələdiyyə qeyri-qanuni iddiaçıya torpaq verib. Çizgi-sxem də qeyri-qanuni tərtib edilib. Balaca bir yerdir ki, övladı üçün saxlayıb. Dostu xanım üzərinə hücüm edib. Hazırda xəstəliyi ilə mübarizə aparır. Sulutəpə qəsəbəsində təkcə R.Allahverdiyev küçəsi var. Oraya hasar çəkmişdi. O heç vaxt qanunsuzluq etməz. 1998-ci ildə torpağı alıb, orada bir daş belə o vaxt yox idi. O vaxt çəkilən hasar indi də oradadır. 1998-ci ildən düzülən daşlar indi də orda da qalıb. Cavabdehə torpaq verilibsə niyə gəlib baxmayıb, maraqlanmayıb. İddiaçı bacısı ilə birlikdə belə işlər görüblər. Əvvəlki məhkəmə olan zamanda torpaq sahəsinin ölçüsü eyni olub. Eksperti buraxmışdı, sadəcə imtina ediblər. Ekspertiza dəfələrlə keçirilib və torpağın sahəsi qeyd edilib. 1998-ci ildə 16 sot torpaq sahəsindən də çox sahə ayrılmışdı. Sənəd yoxdur. Orada heç kimdə sənəd yoxdur. İddiaçıya verilən çizgi-sxem sonradan çəkilib.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60.1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71.1. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun yerquruluşu planlarının və təsvirlərinin müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ( 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyədək olan versiya.)

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 09/19 nömrəli xx.xx.2006-cı il tarixli qərara əsasən Binəqədi rayon Xocasən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin alğı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Lakin torpaq sahəsi iddiaçının sahibliyində olmamışdır.

25. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində tikinti aparıldığına – hasar tikildiyinə istinad edərək sökülməsini, gələcəkdə də belə tikintinin aparılmasının qadağan edilməsini xahiş etmişdir.

26. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir.

27. Məhkəmə kollegiyası da hesab edir ki, hazıki iddia tələbi təmin edilməməlidir.

28. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər X14 Oktay qızına ünvanladığı xx/xx-7795 nömrəli xx.xx.2009-cu il tarixli məktubdan görünür ki, Binəqədi rayonu ərazisində yerləşən məhkəmə mübahisəsinə səbəb olmuş torpaq sahəsi Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin inzibati ərazisinə aid olmaqla, dövlətin müstəsna mülkiyyətindədir. Həmin sahə ARDNŞ-nin daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olmaqla, neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulu-Təpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişə əsasən “X19” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilindədir.

29. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-819/2009 nömrəli xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən X6 cavabdehlər X9 və Osmanova Könül Oktay qızına qarşı verdiyi ünvan 3 ünvanda yerləşən özbaşına tikilmiş evdən çıxarılmalarına dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin cavabdehlər X8, X9 və Osmanova Könül Oktay qızına qarşı verdiyi iddianın təmin edilməsi, ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli evdən ibarət özbaşına tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və boşaldılmış torpaq sahəsinin Xocəsən Bələdiyyəsinə qaytarılması qət edilmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3039/2009 nömrəli xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən cavabdeh Osmanova Könül Oktay qızının apellyasiya şikayətinin təmin olunmaması və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3027/2009 nömrəli xx.xx.2009- cu il tarixli qərarına əsasən cavabdeh Osmanova Könül Oktay qızının kassasiya şikayətinin təmin olunmaması və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-15/2010 nömrəli xx.xx.2010-cu il tarixli qərardadına əsasən cavabdeh Osmanova Könül Oktay qızının qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsinin təmin edilməsi, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarının, onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009cu il tarixli qətnaməsinin, eləcə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli qətnaməsinin yeni açılmış hallar əsasında ləğv edilməsi, işin prosessual qanunla müəyyən edilən qaydalara uyğun olaraq aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

32. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-789/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X6 cavabdehlər X9 və Osmanova Könül Oktay qızına qarşı mənzildən çıxarma tələbinə dair ilkin iddiasının təmin olunmaması, müstəqil tələb irəli sürən Bakı şəhəri Binəqədi rayon Xocəsən X2, X9 və Osmanova Könül Oktay qızına qarşı zəbt olunmuş torpaq sahəsinin Xocəsən Bələdiyyəsinə qaytarılması, torpaq üzərində tikilmiş tikilinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsinə dair iddiasının təmin olunmaması, müstəqil tələb irəli sürən üçüncü şəxs “X19” şirkətinin X8 qarşı 3 saylı mədənin ərazisində inşa edilmiş özbaşına tikilinin sökülməsi tələbinə dair iddiasının təmin olunması, cavabdeh X6 3 saylı mədənin neft çənlərinin ərazisində inşa etdiyi qanunsuz tikilinin cavabdeh X6 hesabına sökülməsi və ərazinin boşaldılaraq “X19” şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir.

33. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 iyun 2013-cü il tarixli qətnaməsi ilə cavabdeh X10 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 oktyabr 2011-ci il tarixli qətnaməsi X19” şirkətinin X8 qarşı tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətə qaytarılması tələbinə dair iddiasının təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4419/2013 nömrəli xx.xx.2013- cü il tarixli qərarına əsasən müstəqil tələb irəli sürən üçüncü şəxs “X19” Şirkətinin kassasiya şikayətinin təmin edilməsi, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissələrinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

35. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1499/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Osmanova Könül Oktay qızının apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-789/2011 nömrəli xx.xx.2011ci il tarixli qətnaməsinin hazırkı apellyasiya baxışının hədləri çərçivəsində yoxlanılan, müstəqil tələb irəli sürən üçüncü şəxs “X19” şirkətinin iddiasının təmin edilməsi, həmçinin 3 manat pulun X5 tutularaq “X19” şirkətinə ödənilməsi hissələrində ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs “X19” şirkətinin X8 qarşı “X6 3 saylı mədənin ərazisində inşa etdiyi qanunsuz tikilinin onun hesabına sökülməsi və ərazinin boşaldılaraq qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.

36. İddiaçı iddia tələbinin əsası kimi ona istinad edir ki, mübahisəli torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 09/19 nömrəli xx.xx.2006-cı il tarixli qərarına əsasən ona məxsusdur.

37. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 03/243 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilir ki, Xocəsən Bələdiyyəsi tərəfindən sorğuda adı qeyd olunan vətəndaş İddiaçı adına xx.xx.2006-cı il tarixli 09/19 saylı qərarla 600 kv.m torpaq sahəsi ayrılması barədə bələdiyyədə mövcud olan elektron bazada məlumat aşkarlanmışdır. Lakin sözügedən torpaq sahəsinin qərarına əlavə olunmuş cizginin Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti olmadığından, torpaq sahəsinin yerinin və torpaq sahəsi üzərində hər hansı bir tikilinin olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Təyinatından asılı olmayaraq, bələdiyyə tərəfindən vətəndaşların mülkiyyətinə, istifadəsinə və icarəsinə torpaq sahəsi ayrılarkən sənədlər 2 nüsxədən ibarət tərtib edilərək 1 nüsxəsi vətəndaşa təqdim edilir. Bu səbəbdən bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılmasına dair sənədlərin vətəndaş İddiaçı olması istisna edilmir.

38. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı barəsində Binəqədi rayon Xocəsən Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli 09/19 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 09/19 nömrəli xx.xx.2006-cı il tarixli qərarına əsasən Binəqədi rayon Xocasən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Lakin qərara heç bir sənəd əlavə edilməmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 09/19 nömrəli xx.xx.2006-cı il tarixli qərarına əsasən ona ayrılmış torpaq sahəsinin harada yerləşməsi, koordinanları ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə, cavabdehin faktiki sahibliyində olan torpaq sahəsinin sənaye təyinatlı torpaqlara aid olmaqla dövlətin müstəsna mülkiyyətində olması, Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulu-Təpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişə əsasən “X19” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir.

40. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-81/2024 saylı, xx.xx.2024-cü i tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar