Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2127/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Talışınski Fuad Şəmistan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 yanvar 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və iddiaçının özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh ASC ilə onun arasında bağlanmış 206 K saylı, xx.xx.2022-ci il tarixli "xxxx" xitam verilməsi barədə ASC üzrə verilmiş əmrin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunması, ona vurulmuş maddi zərərin əvəzi olaraq 9.500 manat, mənəvi zərərin əvəzi olaraq 3.000 manat məbləğində pulun cavabdeh ASCdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh ASC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış "xxxx" əsasən iddiaçı, ASC-nin Satış İdarəsinin Nümayəndəlik və agentlərlə iş üzrə şöbəsinə satış üzrə agent vəzifəsinə qəbul edilmiş və qüsursuz olaraq əmək funksiyalarını yerinə yetirmişdir. Buna baxmayaraq ASC üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış "xxxx" Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” maddəsinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xitam verilmiş və iddiaçı işdən azad edilmişdir. İddiaçı həmin əmri əsassız hesab edir. Çünki o, əmək funksiyalarını və rəhbərliyin ona verdiyi tapşırıqları layiqincə yerinə yetirmiş, sığorta haqlarını vətəndaşlardan sənədlər əsasında və vaxtında almış, bununla bağlı məlumatları onlayın sistemə lazimi qaydada daxil etmişdir. Hətta sistemə daxil etdiyi sənədlərdə sistem xəta qeyd etdikdə, iddiaçı bu barədə rəhbərliyə məlumat vermişdir. Buna görə də bir neçə ay öncə iddiaçı, ASC-nin rəhbərliyindən təşəkkürnamə almışdır. İddiaçı rəhbərliyin qanunsuz göstərişlərinə əsasən hətta iş vaxtından artıq da işləmişdir. İddiaçı əlavə olaraq gündəlik 1 saat və həftənin şənbə günləri də 10 saat əlavə olaraq işləmişdir. Ümumilikdə götürdükdə, iş saatlarından əlavə şənbə günləri təqribən 180 gün işləmişdir ki, bu da gündəlik 10 saatdan 1.800 saat edir və əlavə iş günləri işlədiyi saatlar isə təqribən 800 saat edir. Bu isə 4 il ərzində 2.600 saat 260 iş günü əlavə işləmək deməkdir. Bu da hər saatını 2,09 qəpikdən hesablasa 5.434 manat edir. Artıq 3 aydan çoxdur ki, iddiaçı işləmir, buna görə də aylıq əmək haqlarından və bonuslardan məhrum olmuşdur. Hər ay 300 manat əmək haqqı və əmək haqqından əlavə 800-1.600 manat aralığında bonuslar alırdı. Bunları hesabladıqda 900 manat əmək haqqı və ortalama 3.600 manat bonusları almamışdır. Bunlardan əlavə 2022-ci ilin iyul ayının 15-dən 29-dək verilməli olan satışa görə təxminən 200 manat bonusları da ödənilməyib. Ümumilikdə iddiaçıya 9.500 manat əmək haqqı ödənilməmişdir. İddiaçının işdən çıxarılmağına səbəb olan sığorta işini də iddiaçı sistemə daxil etmişdir. Sistem bu barədə heç bir xəta verməmiş, iddiaçı da sənədləşməni qanuni formada olaraq həmişəki kimi aparmışdır. İddiaçı hesab edir ki, onun işdən azad olunmasına səbəb ASC-nin vəzifəli şəxslərinin ona qarşı qərəzli mövqeyi olmuşdur. Belə ki, ona təsir edərək izahat yazdırmış və bu zaman bildirmişlər ki, bu formal xarakter daşıyır, onu işdən azad etmək fikirləri yoxdur. Lakin son nəticədə vədlərinə əməl etməmişlər. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, onunla bağlanmış "xxxx" xitam verilməsi barədə ASC üzrə verilmiş əmr ləğv edilməli və o, əvvəlki işinə bərpa olunmalı, ona vurulmuş maddi zərərin əvəzi olaraq 9.500 manat məbləğində pul cavabdeh ASC-dən onun xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı bildirir ki, ASC-nin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərər dəymişdir ki, həmin zərərin əvəzinin ödənilməsi məqsədi ilə ASC-dən onun xeyrinə 3.000 manat məbləğində pul tutulmalıdır. b) iddia tələbinə dair cavabdehin münasibəti barədə məlumat
3. Cavabdeh ASC-nin səlahiyyətli nümayəndəsi işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iş üzrə verdiyi izahatda iddia tələbinə etiraz etmiş və iddia müddətinin tətbiqi barədə ərizə vermişdir (ərizə iş materiallarına əlavə edilib).
4. ASC-nin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bütün tələblərinə riayət olunmuşdur. Əmr qanuni və əsaslıdır. İddiaçı, əmrin edilməsi ilə bağlı mübahisənin həlli məqsədi ilə 2 ay keçdikdən sonra, yəni 1 aylı iddia müddətini ötürdükdən sonra Bakı 8 saylı Mediasiya təşkilatına, daha 1 aydan çox vaxt keçdikdən sonra isə hazırki iddia ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, onun (ASC) tərəfindən qanunsuzluğa yol verilməmiş, iddiaçıya heç bir ziyan vurulmamışdır. Odur ki, göstərilən əsaslara görə iddia tələbi təmin rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. İddiaçı tərəf iddia müddətinin buraxılmasının səbəbini xəstə olması ilə əlaqələndirsə də, həmin halı təsdiq edəcək sübutları (xəstəlik vərəqini) təqdim etməmiş və iş materialları ilə həmin hallar müəyyən edilməmişdir. İş materiallarında olan ilkin medisaiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiyanın tətbiqi barədə təklif xx.xx.2021-ci il tarixdə edilmişdir. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh ASC, "xxxx" xitam verilmə barə əmrin və bu barədə məlumatın rəsmi qaydada iddiaçıya göndərildiyini bildirsə də, bu sənədlərin hansı tarixdə göndərildiyini və iddiaçıya hansı tarixdə çatdırıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı isə məhkəmə iclasında bildirmişdir ki, işdən çıxarılma barədə məlumatı olandan bir müddət sonra mediasiyaya müraciət etmişdir. Bu müddətdə iddiaçının səhhətində yaranan problemlə əlaqədar 20 gündən artıq müalicə olunmuşdur. Eyni zamanda, anasının yataq xəstəsi olması bu ərəfədə onun işə bərpa barədə daha tez vaxtda müraciət etməsinə imkan verməmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
9. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
10. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı, ASC-də işlədiyi müddət ərzində iş saatından əlavə işlərə cəlb edilməmişdir. İddiaçı bu halı bildirsə də, bu halı təsdiq edə biləcək sübutları Rayon Məhkəməsinə təqdim edə bilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, ASC-nin hərəkətləri qeyri-qanuni olmadığından iddiaçıya mənəvi zərərin dəyməsindən ümumiyyətlə söhbət gedə bilməz. Buna görə də, o, iddianı və apellyasiya şikayətini əsassız hesab edir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, işdə olan sənədlərdən və üzrə tərəflərin bildirdiklərinə əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh ASC arasında bağlanmış "xxxx" əsasən iddiaçı, cavabdeh ASC-nin Satış İdarəsinin Agentlər ilə iş üzrə şöbəsinə satış üzrə agent vəzifəsinə qəbul edilmişdir. ASC-nin İdarə Heyətinin sədrinin xx.xx.2022-ci il tarixli, 206 “K” saylı əmri ilə iddiaçı ilə bağlanmış "xxxx" Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” maddəsinə əsasən xitam verilmiş və iddiaçı işdən azad edilmişdir. İddiaçı həmin əmri əsassız hesab edir və xahiş edir ki, əmrin ləğv edilsin, o, əvvəlki işinə bərpa olunsun, ona vurulmuş maddi və mənəvi zərərin əvəzi cavabdeh ASC-dən tutularaq ona ödənilsin. Cavabdeh ASC iddianı əsassız hesab edər və bildirir ki, əmr qanuni və əsaslıdır. Bununla yanaşı, ASC, “iddia müddətinin tətbiqi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək iddianın, iddia müddətinin keçməsi ilə verilməsi səbəbindən rədd edilməsini xahiş edir.
13. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli, MŞB/8-00094 saylı arayışından görünür ki, iddiaçı, onunla cavabdeh ASC arasında yaranmış əmək mübahisəsinin həlli məqsədi ilə həmin Təşkilata xx.xx.2022-ci il tarixdə müraciət etmiş, ilkin mediasiya sessiyası xx.xx.2022-ci il tarixdə keçirilmişdir.
14. İşin müəyyən edilmiş hallarından bəlli olur ki, iş üzrə tərəflər aralarında yaranmış əmək mübahisəsi Mediasiya Təşkilatında öz həllini tapmamışdır. İddiaçı hazırki iddia ərizəsi ilə Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
15. Göründüyü kimi, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi barədə əmr xx.xx.2022-ci il tarixdə qəbul edilsə də, iddiaçı, Bakı 8 saylı Mediasiya Təşkilatına xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
16. İddiaçının qətnamədən verdiyi apellyasiya şikayətində qeyd edilir ki, cavabdeh ASC, "xxxx" xitam verilmə barədə əmrin və bu barədə məlumatın rəsmi qaydada iddiaçıya göndərildiyini bildirsə də, bu sənədlərin hansı tarixdə göndərildiyini və iddiaçıya hansı tarixdə çatdırıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
17. Apellyasiya şikayətinin bu dəlilin əsaslılığı ilə bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi tərəfindən tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasının protokolundan görünür ki, iddiaçı həmin iclasda verdiyi izahatında bildirmişdir ki, onunla bağlanmış "xxxx" xitam verilmə barə əmrin surətini xx.xx.2022-ci il tarixdə, ya da xx.xx.2022-ci il tarixdə almışdır.
18. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 106.3-ci maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
19. Qeyd edilən bu prosessual normanın tələbindən çıxış edən Məhkəmə işin müəyyən edilmiş halını və iddiaçı tərəfindən məhkəmə baxışı iclasının protokoluna qeydlərinin verilməməsini nəzərə alaraq hesab edir ki, müzakirə edilən bu dəlil əsassızdır. Çünki iş üzrə cavabdeh ASC "xxxx" xitam verilmə barədə əmrin və bu barədə məlumatın rəsmi qaydada iddiaçıya göndərildiyini təsdiq edən sübutları Rayon Məhkəməsinə təqdim etmək yükündən azad olmuşdur.
20. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Qəbul edilməlidir ki, iddiaçı, onunla bağlanmış "xxxx" xitam verilmə barədə əmrin surətini xx.xx.2022-ci il tarixdə almış və onunla ASC arasında yaranmış əmək mübahisəsinin həlli ilə bağlı Mediasiya Təşkilatına xx.xx.2022-ci il tarixdə, yəni 2 ay, 4 gündən sonra müraciət etmişdir.
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin mənasına görə, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (maddə 296; hissə 2.). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (maddə 296; hissə 3.).
22. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür.
23. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması ilə iddiaçının iddia müddətini ötürməsi müəyyən edildiyindən, iddia müddətinin üzrlü və ya üzürsüz səbəbdən ötürülməsi araşdırılmalıdır. Çünki Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinin mənasına görə, pozulmuş hüququnun bərpası məqsədi ilə məhkəmə müraciət etmək üçün nəzərdə tutulmuş müddət üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
24. İddia apellyasiya şikayətində bildirir ki, həmin ərəfədə onun səhhətində problemlər yaranmış və o, 20 gündən artıq müalicə olunmuşdur. Bu səbəbdən də, o, işə bərpa barədə daha tez vaxtda müraciət edə bilməmişdir.
25. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi tibbi sənədlərdən görünür ki, o özü xx.xx.2022-ci il tarixdə Qusar rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, Xəstəxananın gastroenterolqu tərəfindən müayinə olunmuş, onda ezofagitlə birgə müşahidə olunun qastriezofeqeal reflüks patologiyası aşkar edilmiş və o, xx.xx.2022-ci il tarixədək müalicə almışdır.
26. Göründüyü kimi iddiaçı stasionar müalicədə olmamışdır.
27. Məhkəmə hesab edir ki, ambulator qaydada müalicə olmuş iddiaçının müalicə dövründə mediasiya təşkilatına müraciət etmək imkanı olmuş, lakin o, bu imkandan istifadə etməmişdir. İddiaçının müddəti üzrlü səbəbdən ötürməsi halı öz təsdiqini tapmır. İddiaçının göstərdiyi və müzakirə edilən bu dəlil əsassızdır.
28. İddia apellyasiya şikayətində daha sonra bildirir ki, anası yataq xəstəsi olduğu üçün o, işə bərpa barədə daha tez vaxtda müraciət edə bilməmişdir.
29. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi tibbi sənədlərdən görünür ki, onun anası X2 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Neyrocərrahlıq Xəstəxanasında “L5 – S1 fəqərələrarası diskin sol tərəfli yırtığı. Sol tərəfli kəskin ağrılı bel-oma radikulyar ağrı sindromu ilə. Cərrahı əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicədə olmuşdur.
30. Göründüyü kimi həmin arayışla iddiaçının anasının xx.xx.2022-ci il tarixdən sonrakı 1 ay ərzində stasionar müalicədə olması müəyyən edilmir.
31. İddiaçı, qeyd edilən müddətdə anasının səhhətində problemlərin olmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.
32. Odur ki, göstərilənləri nəzərə Məhkəmə hesab edir ki, iddiaçının “müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi barədə” bu dəlili də əsassızdır.
33. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı, pozulmuş hüququnun bərpası məqsədi ilə nəinki məhkəmə müraciət edən zaman, hətta mediasiya təşkilatına müraciət edən zaman qanunda nəzərdə tutulmuş 1 aylı müddəti ötürmüş və bu hal üzrlü səbəblərdən baş verməmişdir.
34. İşin bu halını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
35. Bu baxımdan apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianın “əmrin ləğv edilməsi və işə bərpa barədə” hissəsini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin həmin hissəsinə aid dəlilləri əsassızdır.
36. İddia tələbinin qalan hissəsi “ASC tərəfindən iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədədir.
37. Məhkəmə bildirir ki, iddiaçı ASC-də işlədiyi müddət ərzində iş saatından əlavə işlərə cəlb edilməsini bununla da, ona maddi və mənəvi zərərin dəyməsini bildirsə də, bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, MPMnin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Bu baxımdan apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianın müzakirə edilən bu hissəsini də təmin etməməkdə faktlar nöqteyi-nəzərindən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlilləri əsassızdır.
39. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 119, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 yanvar 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.