Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2127/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “hərracın qanunsuz hesab edilməsi və rəyin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 oktyabr 2023-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun nümayəndəsi (qardaşı) X2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMCnin ona məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, bina 82-də yerləşən 2 saylı mənzilin satışı ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, mənzilə dair MMCnin verdiyi xx.xx.2023-cü il tarixli rəyin etibarsız hesab edilməsi, həmin rəyin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı onunla "xxxx" Bank Olmayana Kredit X4 Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00128-01 saylı "xxxx" əsasən həmin ASC-dən illik 28 faiz dərəcəsi ilə 60 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit almışdır. İddiaçı, "xxxx" üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmini olaraq özünə məxsus olan mənzili ASC-nin xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə iddiaçı ilə ASC arasında xx.xx.2015-ci il tarixdə 3M-1865 nömrəli “İpoteka müqaviləsi” bağlanmışdır. Kredit aldıqdan bir müddət sonra iddiaçının maliyyə problemləri yaranmış və o, ASC-yə olan borcunu qaytara bilməmiş, bu səbəbdən də ASC iddiaçıya qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbləri barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddiaya dair 2(008)-350/2018 saylı mülki işə baxmış Sabunçu Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, yuxarıda qeyd edilən "xxxx" üzrə yaranmış əsas, faiz və cərimə borclarının ödənilməsi məqsədi ilə cəmi 19.626,84 ABŞ dolları məbləğində pulun hazırki iş üzrə iddiaçıdan tutularaq "xxxx" BOKT ASC-yə ödənilməsini, tutmanın iddiaçıya məxsus olan ipoteka predmetinə - mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan həmin ilkin satış qiyməti ilə satılması və s. qət edilmişdir. Qətnamə qüvvəyə minib, icraya yönəldikdən sonra mənzil iddiaçının tanımadığı, yəqin ki, tələbkar olan ASC-nin maraqlarını güdən, mənzili görməyən, mənzil barədə ümumiyyətlə təsəvvürü olmayan, müstəqil qiymətləndirici tərəfindən guya ki, 30.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı, kredit borcunu vaxtlı-vaxtında ödəyəcəyinə əmin olduğundan, mənzilin belə ucuz, bu tərzdə, baxılmadan, görülmədən qiymətləndirilməsinə əhəmiyyət verməmişdir. Bununla yanaşı, mənzil ipoteka ilə yüklü edilən zaman, mənzildə xx.xx.2013-cü ildən etibarən iddiaçının Kəlbəcər rayonundan olan qaçqın qardaşı etibarnamə əsasında öz ailəsi ilə birlikdə yaşayırdı və bu ailə, mənzilə bitişik yaşayış sahəsi inşa etmişdir. Hazırda mənzilin ümumi sahəsi 32,7 kv.m deyil, 91 kv.m-dir. Qətnamə əsasında verilmiş icra vərəqəsinin icrası həyata keçirən Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin xx/xx-20472/16 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna və icra vərəqəsinə əsasən mənzil cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixində keçirdiyi hərracda ilkin satış qiyməti 30.000 manat olmaqla satılmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixində təkrar hərracda qiyməti 15 % aşağı qiymətlə 25.500 manata hərraca çıxarılsa da, iştirakçı olmadığından hərrac baş tutmamışdır. Hazırda, cavabdeh MMC, mənzili 25% aşağı qiymətlə 19.130 manata tələbkar ASC-yə təklif edir. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İşə baxmış Rayon Məhkəməsi "xxxx" BOKT ASC-ni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb etmişdir. b) cavabdeh tərəfin və üçüncü şəxsin iddia tələbinə dair münasibəti barədə məlumat
4. Cavabdeh MMC-nin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, MMC, Xətai Rayon İcra Şöbəsinin ona ünvanladığı xx.xx.2022-ci il tarixli, xx/xx-20472/16 saylı sifariş məktubuna əsasən ipoteka predmeti olan və iddiaçıya məxsus mənzilin satılması ilə bağlı hərrac keçirmişdir. Sifariş məktubu və 2(008)-350/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsində mənzilin satış qiyməti 30.000 manat müəyyən edilmişdir. Hərracın keçirilmə vaxtı xx.xx.2022-ci il göstərilməklə, ilkin hərrac barədə xx.xx.2022-ci il tarixdə “525-ci” qəzetində elan verilmiş, və bildirişlər tərəflərə göndərilmiş və çatdırılmışdır. Hərrac baş tutmadığından ikinci hərrac keçirilmişdir. İkinci hərracın vaxtı xx.xx.2023-cü il göstərilməklə, xx.xx.2022-ci il tarixində “525-ci” qəzetində elan verilmişdir. İkinci hərracın keçirilmə vaxtı göstərilməklə, 15% endirimlə hərracın keçirilməsi ilə bağlı bildiriş borclunun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmiş və qəbul edilmişdir. Keçirilən hərrac proseslərindən tərəflər məlumatlı olmuş, hərrac prosesləri keçirilən müddət daxilində iddiaçı heç bir hərrac prosesində iştirak etməmiş, həmçinin hərrac təşkilatına hər hansı müraciəti olmamışdır. MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır.
5. İş üzrə üçüncü şəxs olan "xxxx" BOKT ASC iddiaya dair yazılı münasibətini bildirməmiş, işin baxılmasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19 oktyabr 2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əşyanın real bazar dəyərinin düzgün müəyyən edilməməsi və hərrac keçirilərkən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı iddiaçının dəlilləri öz təsdiqini tapmır. İpoteka predmeti olan mənzilin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Hərrac qüvvədə olan qanunların normalarına uyğun keçirlmişdir. İddiaçının hüququnun pozulması müəyyən edilmir. d) apellyasiya şikayəti barədə məlumat
8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə bütün faktiki halları nəzərə almamış və obyektiv araşdırma aparmamış, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməmiş, mənzilin qiymtləndirilməsi ilə bağlı verilmiş vəsatəti əsassız olaraq təmin etməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
10. İddiaçının nümayəndəsi (qardaşı) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
11. İşdə iştirak edən digər şəxslər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Məhkəmə tərəfindən iş materiallarına əsasən müəyyən edilən və tərəflər arasında mübahisə doğurmayan işin halları ondan ibarətdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-350/2018 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəsini almış qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən borlu – hazırki iş üzrə iddiaçı ilə tələbkar – hazırki iş üzrə üçüncü şəxs olan "xxxx" BOKT ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00128-01 saylı "xxxx" üzrə yaranmış əsas, faiz və cərimə borclarının ödənilməsi məqsədi ilə cəmi 19.626,84 ABŞ dolları məbləğində pulun hazırki iş üzrə iddiaçıdan tutularaq ASC-yə ödənilməli, tutma iddiaçıya məxsus olan ipoteka predmetinə - mənzilə yönəldilməli, mənzil ilkin satış qiyməti 30.000 manat olmaqla açıq hərraca şıxarılmalı, satılmalı, mənzilin satışından əldə oluna biləcək pul vəsaiti iddiaçının ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli və sair.
14. İcra sənədi əsasında icra hərəkətlərini həyata keçirmiş Xətai Rayon İcra Şöbəsinin sifarişi əsasında cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərrac (alıcının olmaması səbəbindən) baş tutmamış və evin qiyməti (30.000 – 15%=) 25.500 manat olmaqla xx.xx.2023-cü il tarixdə ikinci dəfə hərrac keçirilmişdir. Bu hərrac da (alıcının olmaması səbəbindən) baş tutmamış və ev (evin qiyməti daha 25 faiz aşağı salınmaqla) 19.125 manata tələbkar ASC-yə təklif olunmuş və sonuncu xx.xx.2023-cü il tarixli məktubunda bu təklif ilə razılaşdığını ifadə etmişdir. xx.xx.2023-cü il tarixdə MMC tərəfindən "xxxx" tərtib edilmiş, cavabdeh MMC ilə tələbkar ASC arasında bununla bağlı müvafiq müqavilə bağlanmış və sonuncu həmin mənzili əldə etmişdir.
15. İddiaçı bildirir ki, mənzilin dəyəri 69.000 manat olduğu halda, real dəyərindən aşağı qiymətə hərraca çıxarılmış və ASC-yə təklif olunmuşdur. Bu səbəbdən hərracın yekunları qanunsuz hesab olunmalı, rəy etibarsız sayılmalıdır.
16. Məhkəmə ilk növbədə hərraca çıxarılan əmlakın dəyəri ilə bağlı bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə uyğun olaraq, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir.
17. Hazırki işdə ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti Sabunçu Rayon Məhkəməsinin yuxarıda qeyd edilən mülki iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə əsasən müəyyən edilmişdir və həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Mənzil qətnamə ilə müəyyən edilmiş qiymətlə hərraca çıxarılmış və hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir.
18. Başqa məhkəmə qətnaməsi ilə mübahisə predmeti olmuş və müəyyən edilmiş ilkin satış qiymətinin iddiaçı tərəfindən hərracın nəticələrinin qanunsuz hesab edilməsinin dəlili kimi hazırki işdə irəli sürülməsi əsassızdır və təmin edilə bilməz. Çünki MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
19. Məhkəmə işin hallarını, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyi, Rayon Məhkəməsi tərəfindən istinad edilmiş maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi “mənzilin qiymətləndirilməsinin keçirilməsi barədə” iddiaçı tərəfin verdiyi vəsatətin təmin edilməməsi və iddianın əsassız olması barədə mövqeyi əsaslı olmuşdur. Rayon Məhkəməsinin bu mövqeyinə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (maddə 415.2.). bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.).
21. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə görə, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir.
22. Həmin Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir.
23. Qanunun 43.5 və 43.7-ci maddələrinə görə, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
24. Qeyd edilən maddi hüquq normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur.
25. İş materiallarından görünür ki, iddiaçı hərracın keçirilməsi barədə xəbərdar edilmişdir və bu hal iddiaçı tərəfindən mübahisələndirilmir. Belə ki, iddiaçının nümayəndəsi (qardaşı) apellyasiya baxışı zamanı da bildirmişdir ki, o, hərracda iştirak etmişdir.
26. Bununla yanaşı nəzərə alınmalıdır ki, hərracın keçirilməsi ilə bağlı cavabdeh MMC tərəfindən müvafiq qəzetdə elanlar da verilmişdir.
27. Mülki Məcəllənin 416.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
28. Məhkəmə tərəfindən hərracın keçirilməsi ilə bağlı qaydaların və iddiaçının hüquqlarının pozulması halı müəyyən olunmur. Bunun əksini təsdiq edə biləcək mötəbər və əsaslı sübutlar iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir. İddiaçının dəlilləri mülahizə xarakterlidir.
29. Beləliklə də, göstərilənləri nəzərə alaraq Məhkəmə qənaətə gəlir ki, iddia əsassızdır və Rayon Məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. g) apelyasiya baxışının nəticəsi
30. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh MMC və üçüncü şəxs olan ASC hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
34. İddiaçının iddia tələbi təmin edilmədiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
35. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 oktyabr 2023-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Hazırki iş üzrə digər şəxslər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.