Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2130/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı İKF-nın nümayəndəsi Nümayəndə3, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı X3 və Cavabdeh2 apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə podrat müqaviləsi ilə bağlıdır. xx.xx.2006-cı ildə iddiaçı ilə Cavabdeh1 arasında yazılı formada podrat müqavilə bağlanıb (iş v. 6). Müqaviləyə əsasən iddiaçı üzərinə öhdəlik götürüb ki, Sahil qəsəbəsində yerləşən yaşayış binasının xarici pəncərə və qapılarını quraşdıracaq, cavabdeh isə buna görə iddiaçıya 101.192 manat ödəyəcək. Müqavilədə işlərin başlanma vaxtı xx.xx.2006-cı il, qurtama vaxtı isə xx.xx.2007-ci il göstərilib. Müqavilədə göstərilən yaşayış binası digər Cavabdeh2 aiddir. Bunu hər iki cavabdeh bildirir. Bu isə onu təsdiq edir ki, müqavilədə göstərilən işlər Cavabdeh2 xeyrinə icra olunub. Tələb və onun həlli: İddia ərizəsi xx.xx.2022-ci ildə verilib. İddia ərizəsində tələb olunub ki, həmin müqavilə üzrə görülmüş işlərin əvəzi kimi 79.754 manat, bank uçot dərəcəsinə əsasən hesablanmış faiz kimi 27.914 manat, cərimə kimi 50.000 manat, əldə çıxmış faydanın əvəzi kimi 64.600,80 manat, cəmi 222.268,80 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 513 manat cavabdehlərdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 10.164 manat, dövlət rüsumunun əvəzi kimi 513 manat Cavabdeh2 iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə həmçinin qeyd olunub ki, ekspertiza xərci olan 100 manat Cavabdeh2 Məhkəmə Ekpertizası Mərkəzinin nəfinə tutulsun. Şikayət və izahatlar: İddiaçı İKF-nın apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın rədd edilməsinə aid hissədə ləğv edilsin və iddia tam təmin olunsun. Cavabadeh Cavabdeh2 apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsinə aid hissədə ləğv edilsin və iddia tam rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 cavabdehin apellyasiya şikayətinin əsaslı oılduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı İKF-nın mövqeyi: İddiaçı hesab edir ki, podrat müqaviləsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirib, lakin cavabdeh tərəf görülmüş işin dəyərini tam ödəməyib, iddia ərizəsində göstərilən məbləğdə icra edilməmiş borc qalıb. Cavabdeh1 mövqeyi: Cavabdeh1 hesab edir ki, podrat müqaviləsinin tərəfi deyil və iddiaçının qarşısında öhdəliyi yoxdur. Cavabdeh1 müqavilənin özü tərəfindən imzalanmasını belə izah edir ki, müqaviləni Cavabdeh2 xahişinə əsasən Cavabdeh2 əvəzinə imzalayıb. Həmin vaxt Cavabdeh2 xahişini belə əsaslandırmışdı ki, müqaviləni imzalamağa vaxtı yoxdur, buna baxmayaraq işlərin yerinə yetirilməsinə nəzarət edəcək və vaxtlı-vaxtında pulu ödəyəcək. Cavabdeh2 onun rəhbəri oduğuna görə Cavabdeh2 xahişini yerinə yetirərək müqaviləni imzalamışdır. Belə ki, həmin vaxt Cavabdeh2 “Azərnefttəchizat” Birliyinin baş direktoru vəzifəsində, özü isə onun rəhbərliyi altında Birliyin xarici iqtisadi əlaqələr şöbəsinin rəisi vəzifəsində işləmişdir. Müqavilə bağlandığı vaxtdan iddiaçı işlərin icrasına başlamış və uzun müddət işlər davam etmişdir. Özü həmin işlərin gedişi ilə heç vaxt maraqlanmamış, o cümlədən Cavabdeh2 öz işləri barədə heç kəsə, o cümlədən ona hesabat vermirdi. Müqavilənin icrası Cavabdeh2 ilə iddiaçının arasında aparılıb. Bütün ödənişlər Cavabdeh2 özü tərəfindən ödənilib, bəzən isə Cavabdeh2 pulu ona verirdi ki, aparıb ödəsin. Lakin sonradan Cavabdeh2 ilə münasibətləri pozulduğuna görə ödənişləri Cavabdeh2 özü ödəmişdir. 2008-2009-cu illərdə iddiaçı dəfələrlə ona zəng edərək irad bildirmiş və ödənişi tələb etmişdir. O isə müqavilənin Cavabdeh2 aid olduğunu və ödənişlərin onun tərəfindən edilməli olduğunu bildirmişdir. Hər dəfə iddiaçı ona bildirib ki, Cavabdeh2 ödəniş tələb edəndə Cavabdeh2 üzləşmə aktı tələb edib. Son vaxtlar iddiaçı onu dəfələrlə narahat etdiyinə görə məcbur qalaraq xx.xx.2019-cu ildə iddiaçıya 500 manat ödəmişdir. Cavabdeh2 mövqeyi: Cavabdeh2 hesab edir ki, müqavilə üzrə iddiaçıya borcu yoxdur. O, mövqeyini belə əsaslandırıb ki, həmin müqavilə üzrə 2006-2017-ci illərdə tərəfindən iddiaçıya ümumilikdə 136.000 manat ödənilib. Yerinə yetirilmiş işin dəyərindən artıq pul ödəyib, lakin iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməyib. Belə ki, iddiaçı hansı həcmdə iş yerinə yetirdiyinə dair sübut təqdim etməyib. Digər Cavabdeh1 mübahisəyə dair münasibəti qərəzli olacaq. Çünki əvvəllər aralarında münaqişə olub, bundan başqa, Cavabdeh1 iddiaçı təşkilatın vəzifəli şəxsi ilə qohumluq münasibəti var. İddiaçı tərəf Cavabdeh1 ilə əlbir olaraq ondan pul almağa çalışır. İddiaçıya təklif etmişdir ki, indiyə kimi iddiaçı tərəfindən görülən işlər və onun tərəfindən ödənilən məbləğlər də əhatə olunmaqla üzləşmə aktı tərtib edilsin. Lakin iddiaçı onun bu təklifinə müsbət cavab verməyib. İddiaçı uzun müddət əvvəl razılaşdırılmış və onun tərəfindən ödənilmiş qiyməti hazırkı məzənnəyə uyğun olaraq ABŞ dolları ilə hesablayaraq ondan qanunsuz pul tələb edir. Bundan başqa, iddia müddəti keçib. Belə ki, tərəfindən sonuncu ödəniş 2017-ci ildə həyata keçirilib, bundan sonra ödəniş etməyib. İddiaçı sonuncu ödənişdən 5 il keçdikdən sonra iddia qaldırıb. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia tam rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki Məcəllənin 752.1-ci maddəsində qeyd olunub ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh2 arasında porat müqaviləsi mövcuddur. Həmin müqavilə şifahi formada bağlanıb. Podrat müqaviləsinin şifahi formada bağlanması qanunvericiliyə zidd deyil, çünki həmin müqavilə üçün yazılı forma məcburi forma kimi müəyyən edilməyib. İddiaçı ilə digər Cavabdeh1 arasında yazılı müqavilə bağlansa da, Cavabdeh1 podrat münasibətində sifarişçi sayıla bilməz. Çünki həmin müqavilədə göstərilən bina (Sahil qəsəbəsində yerləşən yaşayış binası) Cavabdeh2 aiddir. İddiaçı (podratçı) məhz həmin binanın xarici pəncərə və qapılarını quraşdırmağı öhdəsinə götürüb. Bunu həm iddiaçı, həm də hər iki cavabdeh təsdiq edir. Bu isə onu təsdiq edir ki, müqavilədə göstərilən işin əsl sifarişçisi Cavabdeh2dur, podratçı (iddiaçı) işi məhz onun xeyrinə icra etməyi öhdəsinə götürüb, Cavabdeh1 isə formal olaraq yazılı müqaviləni imzalayıb. İddiaçı ilə Cavabdeh1 arasındakı xx.xx.2006-cı il tarixli yazılı müqavilə üçüncü şəxsin (Cavabdeh2) xeyrinə müqavilə hesab oluna bilməz. Belə ki, Mülki Məcəllənin 403.1-ci maddəsinə görə, üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. O cümlədən həmin Məcəllənin 387.3-cü maddəsinin 2-ci cümləsinə görə, tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Göründüyü kimi, üçüncü şəxsin xeyrinə müqavilə üçüncü şəxs üçün yalnız hüquq yarada bilər, öhdəlik yarada bilməz. Lakin tərəflərin verdiyi məlumatlardan görünür ki, podrat müqaviləsi üzrə iddiaçının (podratçının) gördüyü işin haqqını (muzdu) ödəmək öhdəliyi Cavabdeh2 aid olub. İndiyə kimi edilən bütün ödənişlər (yalnız xx.xx.2019-cu ildə edilmiş 500 manat sonuncu ödəniş istisna olmaqla) Rizvan Vahbovun vəsaiti hesabına həyata keçirilib. O cümlədən hazırkı iddia ilə qalan ödənişin ödənilməsi həm də cavabeh Cavabdeh2 tələb olunub. Bütün bunlar isə onu təsdiq edir ki, xx.xx.2006-cı il tarixli yazılı müqavilə üçüncü şəxsin xeyrinə müqavilə deyil. Birinci instansiya məhkəməsində icraat zamanı mühasibat ekspertizası keçirilib (iş v. 118). Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə görə, müqavilədə nəzərdə tutulan işlər tam həcmdə icra edilməyib. Belə ki, müqavilənin 2.1-ci bəndində qapıların ümumi sahəsi 35,604 kv.m, pəncərələrin sahəsi 171,961 kv.m, şüşə paketin sahəsi 195,0 kv.m göstərilsə də, faktiki olaraq quraşdırılmış qapıların ümumi sahəsi 24,2 kv.m, pəncərələrin sahəsi 182,694 kv.m və şüşə paketin sahəsi 144,77 kv.m təşkil edir. Mülki işin materiallarında olan mədaxil qəbzlərindən (iş v. 49-53, 151-159) görünür ki, podrat müqaviləsi üzrə iddiaçının xeyrinə aşağıda göstərilən ödənişlər edilib: 1) xx.xx.2007-ci ildə 30.000 manat; 2) xx.xx.2007-ci ildə 10.000 dollar; 3) xx.xx.2007-ci ildə 10.000 dollar; 4) xx.xx.2009-cu ildə 5.000 manat; 5) xx.xx.2009-cu ildə 20.000 manat; 6) xx.xx.2009-cu ildə 20.000 manat; 7) xx.xx.2010-cu ildə 8.000 manat; 8) xx.xx.2010-cu ildə 7.000 manat; 9) xx.xx.2010-cu ildə 10.000 dollar; 10) xx.xx.2011-ci ildə 5.000 manat; 11) xx.xx.2012-ci ildə 10.000 manat; 12) xx.xx.2017-ci ildə 2.500 manat; 13) xx.xx.2019-ci ildə 500 manat. Birinci instansiya məhkəməsi ekspert rəyində göstərilən, podrat müqaviləsi üzrə yerinə yetirilmiş iş həcmini və həmin müqavilə üzrə edilmiş ödənişləri nəzərə alaraq hesab edib ki, müqavilə üzrə sifarişçi Cavabdeh2 10.164 manat ödənilməmiş borcu qalıb. Lakin podrat müqaviləsi üzrə muzdun ödənilməsini tələb etmək üçün iddia müddəti keçib. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Podrat müqaviləsində işin qurtarma vaxtı xx.xx.2007-ci il tarixi müəyyən edilib. Ona görə də 3 illik iddia müddətinin axımı həmin tarixdən başlanıb. Lakin bu tarixdən sonra ödənişlər edilib və iddia müddətinin axımı kəsilib. Mülki Məcəllənin 380.1-ci maddəsinə görə, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddia müddətinin axımını kəsən hərəkət iddia müddəti ərzində (3 il ərzində) edildiyi təqdirdə iddia müddətini axımı kəsilir. Müqavilə üzrə 11-ci ödəniş (10.000 manat) xx.xx.2012-ci ildə edilb. Bundan sonra 4 il 11 ay 13 gün ərzində ödəniş edilməyib, xx.xx.2017-ci ildə 12-ci ödəniş (2.500 manat) edilib. Göründüyü kimi, 11-ci ödənişdən sonra keçən 3 il ərzində ödəniş edilməyib. Bununla da 11-ci ödənişin tarixindən hesablanan 3 illik iddia müddəti bitib. 12-ci ödəniş iddia müddəti bitdikdən sonra edildiyinə görə iddia müddətinin axımı kəsilməyib. Ona görə də iddia müddəti keçmiş sayılır. Bundan başqa, hətta 12-ci ödəniş iddia müddətinin axımını kəsən hərəkət kimi qəbul olunsa, bu halda da iddia müddəti keçib. Belə ki, podrat müqaviləsi üzrə sifarişçi Cavabdeh2 bildirir ki, 12-ci ödənişdən sonra (yəni xx.xx.2017-ci ildən sonra) heç bir ödəniş etməyib. Mədaxil qəbzindən görünür ki, 13-cü ödəniş Cavabdeh1 tərəfindən edilib. Həmin şəxsin bu ödənişi Cavabdeh2 tapşırığına əsasən ödədiyi müəyyən olunmur. Əksinə, Cavabdeh1 bildirir ki, həmin ödənişi Cavabdeh2 tapşırığı olmadan öz vəsaiti hesabına ödəyib. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh1 podrat münasibətində sifarişçi (borclu) hesab olunmur. Odur ki, Cavabdeh1 etdiyi ödəniş iddia müddətini axımını kəsməyib. Mülki Məcəllənin 380.1-ci maddəsindən görünür ki, iddia müddətinin axımını kəsən hərəkət borclu tərəfindən edilə bilər. 12-ci ödənişdən (yəni xx.xx.2017-ci ildən) sonra iddia ərizəsinin verildiyi tarixədək (xx.xx.2022-ci ilədək) 3 illik iddia müddəti keçib. Beləliklə, iddia müddəti keçib, Cavabdeh2 isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, Cavabdeh2 qarşı iddia, iddia müddətinin keçməsinə görə rədd olunmalıdır. Digər cavabdeh Sərdar Musatafayeva qarşı verilən iddia isə həmin şəxs podrat öhdəliyinin tərəfi olmadığına görə rədd olunmalıdır. Mülki Məcəllənin 387.3-cü maddəsinə görə, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı İKF-nın apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiası rədd olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı X1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 257 (iki yüz əlli yeddi) manat İddiaçı X1 Cavabdeh2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2130/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2130/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver