Məhkəmə qərarları › İş №2(103)-2130/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2130/2024

22.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2130/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Ərizəçi (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs olmaqla) ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, 1978-1988-ci illərdə Ermənistan Respublikasının Vedi (Ararat) rayonunun Şidli kənd kolxozunda fəhlə işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 26 iyul 2023-cü il tarixli (2(008)- 3213/2023 nömrəli iş üzrə, hakim T.Əsədova) qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, ərizənin isə rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti müvafiq formada verilməməsi əsası ilə geri qaytarılmışdır. Bundan sonra maraqlı şəxs yeni formada apellyasiya şikayəti vermiş və şikayətin verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsi barədə ərizə təqdim etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, qətnamədən verilmiş ilkin apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad 02 oktyabr 2023-cü il tarixdə təqdim edildiyindən və həmin qərardadda nəzərdə tutulmuş nöqsanlar aradan qaldırılaraq apellyasiya şikayəti 03 oktyabr 2023-cü il tarixdə yenidən verildiyindən sözügedən qətnamədən şikayət verilmə müddəti ötürülməmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunmuş, apellyasiya şikayəti vermə müddətinin buraxılmasının səbəbləri üzrlü hesab edilmiş və buraxılmış müddət bərpa edilmişdir. Ərizəçi həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və apellyasiya şikayəti vermə müddətinin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində təsbit edilmiş əlavə 2-də nəzərdə tutulan tələblərə riayət edilmədən verilməməsi əsası ilə). Ərizəçi birinci instansiya məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərardadından yenidən şikayət verərək, onun ləğv edilməsini və apellyasiya şikayəti vermə müddətinin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində təsbit edilmiş əlavə 2-də nəzərdə tutulan tələblərə riayət edilmədən verilməməsi əsası ilə). Ərizəçi birinci instansiya məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərardadından yenidən şikayət verərək, onun ləğv edilməsi və apellyasiya şikayəti vermə müddətinin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 26 dekabr 2023-cü il tarixli qərardad qəbul edərək, şikayəti qismən təmin etmiş, birinci instansiya məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərardadını ləğv etmiş və iş materiallarını birinci instansiya məhkəməsinə göndərmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, apellyasiya şikayətinə əlavə edilmiş ərizənin məzmunundan görünür ki, şikayətin verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsinin nəzərə alınması xahiş edilmişdir, yəni, maraqlı şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası xahiş olunmamışdır. Birinci instansiya məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərardadına əsasən isə apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə xahiş mövcud olmadığı halda, məhkəmə prosessual müddətin bərpa olunması qənaətinə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, qərardad ləğv olunaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin mümkünlüyü məsələsinə qiymət verərkən birinci instansiya məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərardadının hansı tarixdə maraqlı şəxsə rəsmi qaydada verilməsi, maraqlı şəxsin özünün və ya nümayəndəsinin elektron kabinetinə yerşədirilməsini də aydınlaşdırılaraq müddətlə bağlı məsələyə qiymət verilməlidir. Bundan sonra mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilmiş, lakin məhkəmə hər-hansı prosessual hərəkət etmədən maraqlı şəxs tərəfindən qətnamədən verilmiş şikayətə baxılması üçün mülki işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 128-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyriiş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi prosessual müddətin barəpasına dair 12 oktyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsinə baxmayaraq, mülki iş materialları apellyasiya instansiyası məhkəməsindən geri qayıtdıqdan sonra lazımi prosessual hərəkətləri etməmiş, maraqlı şəxsin qətnaməni 26 iyul 2023-cü il tarixdə rəsmi qaydada aldığını, lakin apellyasiya şikayətini prosessual qanunvericiliyin müəyyən etdiyi 1 ay müddəti ötürməklə, yəni 03 oktyabr 2023-cü il tarixdə verdiyini nəzərə almamış və apellyasiya şikayətini baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Həmçinin, MPM-in 133.3-cu maddəsinə görə, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Odur ki, məhkəmə kollegiyası izah edir ki, maraqlı şəxs apellyasiya şikayəti ilə yanaşı müddətin bərpası haqqında ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358,363, 366, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar