Məhkəmə qərarları › İş №2(103)-2131/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2131/2023

03.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2131/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər 2 saylı Bakı “ASAN Xitmət” Mərkəzi Notariat Ofisinin notariusu və Cavabdeh1 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunsun və ərizə ona əlavə edilmiş sənədlər ilə bilrikdə geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, iddiaçının tələbi notariat orqanının üzərinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmə öhdəliyinin qoyulması ilə bağlıdır. İnzibati orqanın üzərinə vəzifə qoyulması ilə bağlı tələbə ümumi məhkəmədə baxıla bilməz. Qərardadda hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənn 153.2.1-ci maddəsinə istinad olunub. Həmin maddədən görünür ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalı, qərardad ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia ərizəsində notariat hərəkəti aparmaqdan imtina edilməsindən şikayət olunub. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli qərarına görə, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilməlidir. Bunun səbəbi həmin qərarın 8-ci bəndinə izah olunub. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə istinad etməklə iddia ərizəsini icraata qəbul etməkdən imtina etməsi qanuni sayılmır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunsun və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar