Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2133/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: özbaşına tikiliyə köçürülmə tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-313/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə cavabdehin oğlu X4 2010-cu il tarixdən faktiki nikahda olmuş iddiaçı həmin tarixdən mübahisəli evə gəlin köçmüş və həmin münasibətdən 1 övladları anadan olmuşdur. Onlar 2012-ci ildə rəsmi nikah münasibətlərinə girmişlər və nikah müddətində qeyd olunan mübahisəli mənzildə yaşamışdırlar. Mübahisə predmeti olan ev özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. xx.xx.2019-cu il tarixdə tərəflər arasında olan nikah pozulmuş və X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Cavabdeh iddiaçının keçmiş mərhum həyat yoldaşının atasıdır. İddiaçı hazırda mərhum həyat yoldaşı ilə nikahda olduğu dövrdə qeyd olunan mənzildə yaşamasına və nikah dövründə tikinti işləri aparmasına əsaslanaraq özünün və həmin nikahdan doğulmuş övladının mübahisəli mənzilə köçürülməsini tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı yetkinlik yaşına çatmamış oğlu X2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı bağlar adlanan ərazidə yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehin mərhum oğlu X4 ilə nikahda olmuşdur. Nikahdan bir övladları dünyaya gəlmişdir. Hal-hazırda birgə nikahdan anadan olmuş övladları iddiaçının himayəsindədir. İddiaçı mərhum ərinin daimi sahibliyində olmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı bağlar adlanan ərazidə yerləşən 1 mərtəbəli 3 otaqlı evə gəlin köçmüş və orada yaşamışdır. Həmin ev sənədsizdir, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Hal-hazırda iddiaçının həmin evdə yaşamasına icazə verilmir, cavabdeh ona maneə yaradır. Belə ki, cavabdeh evin giriş qapısının açarını iddiaçıdan almış, guya orada təmir işləri görəcəyini bildirmiş, lakin sonradan açarı qaytarmaqdan imtina etmişdir. Buna görə də iddiaçı yetkinlik yaşına çatmamış oğlu Miryusif İslamovla birlikdə müvəqqəti olaraq qohum evinə sığınmışdır. İddiaçının həmin evdə yaşamasına maneə yaradan cavabdeh bildirir ki, özü ahıl yaşına ailə quraraq həmin evə köçmək istəyir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-313/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.
5. Məhkəmə möqeyini belə əsaslandırmışdır ki, iş materiallarının tədqiqi və iddiaçı tərəfin izahatı ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdehin oğlu ilə 2010-cu ildə faktiki nikaha daxil olmaqla ailə qurmuş və hazırki iddia tələbində qeyd olunan mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Mübahisəli fərdi yaşayış evi cavabdehə məxsus olmuşudur. İddiaçı 2018-ci ildə iddiaçı həmin evi tərk edib getmiş, daha sonra iddiaçı ilə cavabdehin oğlu arasında olan rəsmi nikah münasibətlərinə 2019-cu il tarixdə xitam verilmişdir. Eyni zamanda, müəyyən edilmişdir ki, qeyd olunan fərdi yaşayış evinin onların nikahda olduğu dövrdə birgə vəsait hesabına əldə edilməsi halı müəyyən edilmir, həmin fərdi yaşayış evinin iddiaçının ora gəlin köçməzdən əvvəl mövcud olduğu müəyyən edilmişdir. Göründüyü kimi, mübahisəli ev özbaşına tikilidir və iddiaçı həmin tikiliyə gəlin köçmüşdür. Mübahisəli evin özbaşına tikili olması, tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi nəzərə alınaraq, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində, yəni 01 oktyabr 2009- cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri daxilində həll edilməlidir. Özbaşına tikililərlə (yaşayış evlərilə) bağlı münasibətləri tənzimləyən norma mövcud deyil, normanın mövcud olmaması isə iddiaya baxılmasından imtina üçün əsas ola bilməz. Özbaşına inşa edilmiş evlərin sökülməsi yox, onların qeydə alınması prioritet təşkil etdiyindən, həmin evi inşa etmiş şəxsin mülkiyyət hüququnun gözləntisi mövcuddur. Digər tərəfdən, özbaşına tikiliyə çəkilmiş xərcə münasibətdə də məhz bu xərci çəkmiş şəxs mülkiyyətçi hesab olunur. İddiaçı Cavabdeh nə ailə üzvü, nə də Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulumş «digər qohumu» deyil. Həmçinin, iddiaçının, köçürülməsini tələb etdiyi evin əldə edilməsində, tikilməsində heç bir iştirakı olmamış, hər hansı məbləğdə vəsait sərf etməmişdir. İddiaçı 2010-ci ildə mübahisəli evə gəlin köçmüş, 2018- ci ildə isə həmin evdən çıxıb getmişdir. Deməli, iddiaçının həmin evlə bağlı hər hansı qanuni gözləntisi də ola bilməz. Məhkəmə qeyd etmişdir ki, hazırki iddia tələbi üzrə iddiaçının qeyd olunan fərdi yaşayış evinə köçürülməsi üçün hər hansı qanuni əsas mövcud deyildir. Belə ki, iddiaçının cavabdehin mərhum oğlu ilə əvvəl rəsmi ailə münasibətlərində olması onun qeyd olunan fərdi yaşayış evinə köçürülməsi üçün əsas hesab edilə bilməz.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 11.1, 1.2, 11.5-ci; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 107, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə onunla əsaslandırılmışdır ki, mübahisə yəni 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri daxilində həll edilməlidir. Qətnamədə həmçinin göstərilir ki, özbaşına inşa edilmiş evlərin sökülməsi yox, onların qeydə alınması prioritet təşkil etdiyindən, həmin evi inşa etmiş şəxsin mülkiyyət hüququnun gözləntisi mövcuddur. Qətnamədə həmçinin göstərilib ki, iddiaçının, köçürülməsini tələb etdiyi evin əldə edilməsində, tikilməsində heç bir iştirakı olmamış, hər hansı məbləğdə vəsait sərf etməmişdir. Əslində bu belə deyil. Mübahisəli evin mətbəxi iddiaçı ilə birgə nikah dövründə onun mərhum əri tərəfindən inşa edilmişdir (birgə vəsait hesabına). Həmin artırmanın mövcudluğu və birgə vəsait hesabına inşa edilməsi məhkəmə iclasında dəfələrlə qeyd edilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi yanlış nəticəyə gəlmişdir. Digər tərəfdən evin özbaşına tikili olması özü-özlüyündə iddiaçının ora köçürülməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə olan halda iddiaçının da bu tikilinin ərsəyə gəlməsində hansısa formada iştirakı istisna deyildir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaçı ilə onun mərhum oğlunun birgə nikahları dövründə inşa edilmiş mətbəx barədə mövqe bildirməmişdir. Buna baxmayaraq şahidlər məhkəmə iclasında bu faktı təsdiq etmişlər. Birinci instansiya məhkəməsi həmçinin nəzərə almamışdır ki, iddiaçının yaşamağa yeri yoxdur, onun himayəsində yetkinlik yaşına çatmamış uşaq var və cavabdeh fərdi yaşayış evindən istəfadə etmir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, keçən iclas cavabdeh bildirdi ki, evin bir hissəsi 2 il əvvəl tikilib, tikinti vaxtı da iddiaçı və yoldaşının nikah dövrünə təsadüf edir, mətbəx çox böyükdür, hətta təqdim etdikləri “Google Earth” çıxarışında 2014-cü ildə mətbəxin tikintisi görünür, cavabdeh qeyri-səmimi ifadə verdi ki, evi özü inşa edib, birgə nikah dövründə əldə edilmiş əmlakdır, iddiaçının hüququ pozulub, ora köçürülməsini tələb etmək hüququ var, iddiaçının gözlənti hüququ olub, mətbəx birgə nikah dövründə inşa edilib, cavabdeh də bunu etiraf etdi, iddiaçının ora marağı olub, arayış əldə etmişlər, özbaşına tikilidir, cavabdeh də orada yaşamır, iddiaçının yoldaşı ilə ora marağı olub, cavabdeh rayon məhkəməsində də iştirak etməyib. 11.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, qaz və su yoldaşının adına olub, 2018-ci ildən sonra orada yaşamamışdır, gedib-gəlmişdir, sonra isə getmədi, evə köçüb yaşamaq istəyir, ora hazırda boşdur, açarı yoldaşı vəfat edəndən sonra qohumların yanında ona (iddiaçıya) verdilər, sonra isəonu aldadıb açarı aldıla, sonra eşitdi ki, cavabdeh ailə qurub orada yaşamaq istəyir, bu evə cavabdehin ehtiyacı yoxdur, 2019-cu ildə rəsmi ayrılmışdır.
12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh izahatında qeyd etdi ki, evi rəhmətlik yoldaşı ilə tikmişdir, əvvəl mübahisəli evin yerində toyxana olub, o sökülüb ev tikilib, iddiaçı oğlunun 4-cü yoldaşıdır, iddiaçı gəlin köçüb sonra boşandılar, ev hazır olub, mətbəx tikiləndə iddiaçı oğlundan boşanmışdı, ev ona (cavabdehə) məxsus olub, evi nəvəsi böyüyəndə ona verəcək, iddiaçıya dəfələrlə dedi ki, gəlib yaşasın, yoldaşı ilə yaşamasını dedi, ona aliment də vermişdilər, oğlu evi dəfələrlə satmaq istəyib amma qoymamışdır, evi satmaq istəsə çoxdan satardı, açarı iddiaçıya vermişdir.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsi: Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Apellyasiya baxışının hədləri
15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsini qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.
19. Belə ki, İddiaçı ilə cavabdehin oğlu X4 2010-cu il tarixdən faktiki nikahda olmuş iddiaçı həmin tarixdən mübahisəli evə gəlin köçmüş və həmin münasibətdən 1 övladları anadan olmuşdur. Onlar 2012-ci ildə rəsmi nikah münasibətlərinə girmişlər və nikah müddətində qeyd olunan mübahisəli mənzildə yaşamışdırlar. Mübahisə predmeti olan ev özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. xx.xx.2019-cu il tarixdə tərəflər arasında olan nikah pozulmuş və X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Cavabdeh iddiaçının keçmiş mərhum həyat yoldaşının atasıdır. İddiaçı hazırda mərhum həyat yoldaşı ilə nikahda olduğu dövrdə qeyd olunan mənzildə yaşamasına və nikah dövründə tikinti işləri aparmasına əsaslanaraq özünün və həmin nikahdan doğulmuş övladının mübahisəli mənzilə köçürülməsini tələb edir. 20.Məhkəmə iddia tələbinin mübahsə predmeti olan mənzilin cavabdehə məxsus olmasını, həmin fərdi yaşayış evinin iddiaçının ora gəlin köçməzdən əvvəl də mövcud olmasını, eyni zamanda 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından iddiaçının cavabdehin nə ailə üzvü nə də digər qohumu statusunda olmamasına, həmçinin iddiaçının, köçürülməsini tələb etdiyi evin əldə edilməsində, tikilməsində heç bir iştirakı olmamasına istinad edərək iddia tələbini rədd etmişdir. 21 16 dekabr 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı izahatında qeyd etmişdir ki, o, gəlin köçəndən sonra mətbəx tikilmişdir. 22.İşə birinci instansiya məhkəməsində baxıldıqda cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. 23.Apellyasiya baxışında isə cavabdeh iştirak etmiş və izahatında qeyd etmişdir ki, evi rəhmətlik yoldaşı ilə tikmişdir, əvvəl mübahisəli evin yerində toyxana olub, o sökülüb ev tikilib, ev hazır olub, mətbəx tikiləndə iddiaçı oğlundan boşanmışdı, ev ona (cavabdehə) məxsus olub, evi nəvəsi böyüyəndə ona verəcək, iddiaçıya dəfələrlə dedi ki, gəlib yaşasın, yoldaşı ilə yaşamasını dedi, ona aliment də vermişdilər, oğlu evi dəfələrlə satmaq istəyib amma qoymamışdır, evi satmaq istəsə çoxdan satardı, açarı iddiaçıya vermişdir.
24. Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 2010-cu il tarixdə mərhum X4 ilə ailə qurmuş, xx.xx.2011ci il tarixdə övladı X2 anadan olmuşdur. 2012-ci ildə rəsmi nikah bağlanmış və 2018-ci ilədək Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı bağlar adlanan ərazidə yerləşən 1 mərtəbəli 3 otaqlı evdə yaşamışdırlar. 2018-ci il tarixdə həyat yoldaşından ayrılaraq evi tərk etmiş və xx.xx.2019-cu il tarixdə nikah pozulmuşdur. İddiaçı hazırda həmin ünvanda yaşamır. 25.AR Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 5-20-2-2-44/2025 saylı məktubunda qeyd olunur ki, vətəndaş İddiaçı gəlin köçərək yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı bağlar adlanan ərazidə olan 1 mərtəbəli, 3 otaqlı evin sanitar qovşağı və mətbəxi 2014-cü ildə inşa edilmişdir. Eyni zamanda bildirir ki, sözügedən tikinti işinin 2014-cü il tarixdə aparılması barədə məlumat tərəflərindən “Google Earth” proqramı vasitəsi ilə aşkar edilmişdir. 26.İş materiallarına əlavə edilmiş “Google Earth” proqramından mübahisə predmeti olan evin görünüşü ilə bağlı çıxarışların müqayisəli təhlilindən görünür ki, xx.xx.2013-cü il tarixdə evin aşağı tərəfində hər hansı tikili mövcud olmasa da, xx.xx.2014-cü il tarixdə evin aşağı hissəsində tikilinin mövcudluğu görünür. 27.Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh (iddiaçının keçmiş qaynatası) mətbəxin inşa edilməsini etiraf etsə də mətbəx tikiləndə iddiaçının oğlundan boşanmış olduğunu qeyd etmiş, lakin, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qeyd olunan məktubundan və məktuba əlavə edilmiş “Google Earth” proqramından çıxarışlardan görünür ki, mətbəx 2014-cü il tarixdə inşa edilmişdir. 28.Beləliklə, işin araşdırılmış hallarından göründüyü kimi iddiaçı ilə onun mərhum yoldaşı onların birgə nikah münasibətlərində olduğu, 2010-cu ilədən 2019-cu il tarixədək mübahisəli evdə yaşamış, həmin evin mətbəxi onların birgə nikahı dövründə, 2014-cü il tarixdə, onların birgə vəsaiti hesabına inşa edilmişdir. 29.Cavabdeh mətbəxin inşasının onun oğlunun, yəni iddiaçının keçmiş həyat yoldaşının ölümüdən sonra inşa edildiyini bildirsə də bunu təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
30. İddiaçı nikahda olduğu dövrdə həmin evdə yaşayaraq cavabdehin oğlu ilə birgə təsərrüfat aparmış, özbaşına tikilidə yaşadıqları dövrdə mətbəx və sanitar qovşaq inşa etdirmiş və yaşamışlar.
31. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. 32.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, buna görə də qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. 33.Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-313/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı yetkinlik yaşına çatmamış oğlu X2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı bağlar adlanan ərazidə yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə (özbaşına tikiliyə) köçürülməlidir.
34. MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 35.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-313/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmamış oğlu X2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı bağlar adlanan ərazidə yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə (özbaşına tikiliyə) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Fuad Babayev