Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2135/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Məmmədrahim oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması və yol (giriş-çıxış) verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhər Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan Cavabdeh2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “tikilinin sökülməsi, torpağın boşaldılması və yol (giriş-çıxış) verilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdehlər həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermiş və “buraxılmış prosessual müddətin bərpası barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət etmişlər. “Buraxılmış prosessual müddətin bərpası barədə” cavabdehlər tərəfindən verilmiş ərizələrə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə ərizələri təmin etmiş, prosessual müddətin ötürülməsi səbəbini üzürlü hesab edərək, müddəti bərpa etmiş və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. İddiaçı tərəfindən verilmiş şikayətə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsini, Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini və “buraxılmış prosessual müddətin bərpası barədə” cavabdehlərin ərizələrinə yenidən baxılması üçün işin Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. “Buraxılmış prosessual müddətin bərpası barədə” ərizələrə yenidən baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehlərin ərizələrini təmin etməmişdir. Cavabdeh2 qərardaddan narazı qalaraq Rayon Məhkəməsinə şikayət vermiş və qərardadın ləğv edilməsini, buraxılmış müddətin ona münasibətdə bərpa edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiya baxışının həddi ilə bağlı bildirir ki, Cavabdeh1 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından şikayət vermədiyi üçün həmin qərardadın əsaslılığı ona münasibətdə yoxlanılmır. Hazırki iş üzrə apellyasiya baxışının predmetini nəzərə alan Məhkəmə Cavabdeh2 verdiyi şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh R.Məmmədovun “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməni ona təqdim etməmiş və bu səbəbdən də, o, Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və qətnamə xx.xx.2020-ci il tarixdə ona təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli qətnamə Rayon Məhkəməsi tərəfindən hər iki cavabdehə onların birgə yaşadıqları ünvan üzrə göndərilmişdir. Həmin qətnamənin cavabdehlərə təqdim edilməsi barədə məhkəmə sənədi iş materiallarında olmasa da, cavabdeh R.Məmmədovla eyni zamanda “apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə” ərizə vermiş iş üzrə digər Cavabdeh1 (həmçinin cavabdeh R.Məmmədovun qardaşı) ərizəsində göstərmişdir ki, qətnaməni lazımı qaydada və vaxtında alsa da, savadsız olduğundan və qətnamənin yaratdığı hüquqi nəticələri dərk etmədiyi üçün vaxtında apellyasiya şikayəti verməmişdir. Göründüyü kimi, Cavabdeh1 qətnaməni alması mübahisəsiz haldır. Beləliklə, xx.xx.2018-ci il tarixli qətnamə hər iki cavabdehə eyni ünvan üzrə göndərilmiş və hə min ünvan üzrə cavabdeh R.Məmmədovun qardaşı Cavabdeh1 (eyni zamanda iş üzrə digər cavabdeh) tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 135.3-cü maddəsinin mənasına görə, ünvan sahibinə çatdırılmalı olan məhkəmə sənədləri ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə) verildikdə məhkəmə sənədi ünvan sahibinə rəsmi qaydada verilmiş hesab edilir. Qeyd edilən prosessual hüquq normasının tələbini və müzakirə edilən işin yuxarıda qeyd edilən halını nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh R.Məmmədov qətnamənin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüş və müddətin ötürülməsi üzürlü səbəbdən baş verməsi R.Məmmədov tərəfindən sübuta yetirilmir. MPM-nin maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1.), lakin hazırki iş üzrə müddətin buraxılmasına səbəb olmuş halın üzürlü hesab edilməsi üçün Məhkəmə əsas tapmır və Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından verilmiş şikayəti əsaslı saymır. Buraxılmış müddəti R.Məmmədova münasibətdə üzürlü hesab etməyən Rayon Məhkəməsinin mövqeyi əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardad apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-2135/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2135/2021
29.01.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver