Məhkəmə qərarları › İş №2(103)-2135/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2135/2022

05.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2135/2022 05.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4469/2021 saylı işi üzrə 06 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "Kapital Bank” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evinin tamamilə boşaldılaraq mülkyyətçi "Kapital Bank” ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4469/2021 saylı, 06 avqust 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçı "Kapital Bank” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, iddiaçı "Kapital Bank” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı fərdi yaşayış evinin boşaldılması və iddiaçı "Kapital Bank” ASC-yə təhvil verilməsi, ödənilmiş dövlət rüsumu iddiaçı "Kapital Bank” ASC-yə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 228; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77, 82, 119, 217, 226.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, "Kapital Bank” ASC ilə Cavabdeh1 arasında 21.02.2008-ci il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin təminatı olaraq, bu şəxs mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı fərdi yaşayış evini "Kapital Bank” ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçıya borcu yaranmış və nəticədə iddiaçı həmin müqavilə üzrə yaranmış borc məbləğinin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3016/2012 saylı, 30 aprel 2012-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 kredit müqaviləsi üzrə cəmi 77213 manat məbləğində borcun, habelə 20 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, satışından əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi, vəsaitin artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, habelə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 əmlakın açıq hərracda satıldığı tarixdən bir ay müddətində əmlakdan çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun əsasında verilmiş icra vərəqəsinin icrası ilə bağlı aparılmış icra tədbirləri nəticəsində "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən hərrac keçirilmiş və Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı fərdi yaşayış evi "Kapital Bank” ASC tərəfindən 31875 manat məbləğində pula alınmışdır. Bu barədə 06.02.2015-ci il tarixdə həracın nəticələri barədə yekun protokol tərtib edilmiş və hərracın yekunları üzrə əmlakın alqısatqısı müqaviləsi bağlanmışdır. Bu əmlaka dair iddiaçının mülkiyyət hüququ 24.06.2015ci il tarixdə dövlət qeydiyyatına alınmış və hazırda da iddiaçının mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X3 həmin evdə pasport qeydiyyatındadır və ev hələ də onların istifadə və sahibliyindədir, cavabdehlərə məxsus əşyalar hazırda da həmin evdə saxlanılır. Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı fərdi yaşayış evini Bank qarşısında ipoteka ilə yüklü etməklə öhdəliklərin lazımi qaydada icra edilməməsi təqdirdə əmlaka olan mülkiyyət və digər hüquqlarının, o cümlədən istifadə hüququnun itirilməsinin mümkünlüyü ilə razılaşmışdır. Digər cavabdehlər də buna etiraz etməmişdilər. Lakin öhdəlik lazımi qaydada icra edilmədiyindən tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və məhkəmə qaydasında pulun tutulması, tutmanın bu əmlaka yönəldilməsi qət edilmişdir. Bununla bağlı keçirilmiş hərracın nəticəsi olaraq, həmin əmlakı hərracdan iddiaçı almış və hazırda onun mülkiyyətindədir. Bu əmlak iddiaçının mülkiyyətinə keçdikdən sonra cavabdehlərin bu əmlaka dair istifadə hüququnun saxlanılması barədə onların arasında hər hansı razılıq olmamış, o cümlədən cavabdehlərin bu əmlaka münasibətdə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn yenidən əmələ gəlməsi, habelə həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onlarla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamışdır. Hüquqi baxımdan cavabdehlərin hazırda həmin əmlaka hər hansı bağlılığı qalmamışdır, onların fərdi yaşayış evinə olan pasport qeydiyyatı isə formal xarakter daşıyır. Bu səbəbdən cavabdehlərin mübahisəli əmlakdan istifadə hüquqlarına xitam verilməlidir. İddia tələbinin "yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, mübahisəli əmlakın mülkiyyətçisi olan iddiaçı ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması tələb edilmir. Cavabdehlərin bu əmlakdan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının, o cümlədən onlarla iddiaçı arasında bağlanmış kirayə və sair müqavilənin olması, başqa sözlə hazırda cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Mövcud vəziyyətdə cavabdehlərin bu hərəkətləri iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur. Bununla belə, cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən artıq iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakdan ixtiyari formada (orada olan əmlakları çıxartmamaqla, oraya gəlib-getməklə və sair) istifadə və ona sahiblik etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə olan konstitusion hüququnu pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, cavabdehlərin onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərinin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və əmlak boşaldılaraq, yəni cavabdehlərə məxsus olan bütün əşyalardan tam şəkildə azad olunaraq iddiaçıya təhvil verilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3016/2012 saylı, 30 aprel 2012-ci il tarixli qətnaməsi ilə eyni zamanda, cavabdehlərin qeyd edilən (artıq iddiaçının mülkiyyətində olan) fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Bu baxımdan hazırda irəli sürülmüş "yaşayış sahəsinin boşaldılması” tələbinə həmçinin, cavabdehlərin bu əmlakdan çıxarılması tələbi kimi qiymət verilə bilməz. Başqa sözlə, bu tələb artıq məhkəmədə mübahisə predmeti olmuş və öz həllini tapmışdır. Onların bu günədək orada yaşaması (əgər belə hal mövcuddursa) halı isə artıq məhkəmə qətnaməsinin icra edilməməsi səviyyəsində hüquq pozuntusudur və qanunsuz əməl kimi qiymətləndirilməlidir. Bu məsələnin hazırki icraat çərçivəsində öz hüquqi həllini tapmasına da hər hansı zərurət yoxdur. Bu səbəbdən məhkəmə "boşaldılma” tələbinə əmlakın cavabdehlərə məxsus olan bütün əşyalardan azad edilməsi, yəni həmin əşyaların çıxarılması kimi yanaşır. Nəzərə alınmalıdır ki, "təhvil vermə” tələbi də dolayısı ilə eyni məqsədə xidmət etmiş olur. Belə ki, bu proses də öz reallaşmasından əvvəl təhvil verilməli olan əmlakdan cavabdehlərə məxsus bütün əşyaların, iddiaçıya aidiyyəti olmayan hər hansı şəxs ixtiyari səbəbdən həmin vaxt qeyd edilən evdə olduğu halda, həmçinin onların da çıxarılmasını (artıq məhkəmə qətnaməsinin icrası qaydasında deyil, orada olmağa hər hansı hüquqi əsası olmayan şəxs olduğundan fiziki olaraq) şərtləndirir. Digər tərəfdən əşyasız evdən cavabdehlərin və ya onlara aid olan hər hansı şəxsin yaşayış yeri kimi istifadə etməsi də qeyri-mümkün. Belə bir ev boşluğu baxımından ümumiyyətlə yaşayış üçün yararsız olacaqdır. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4469/2021 saylı, 06.08.2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 165-ci maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4469/2021 saylı, 06.08.2021-ci il tarixli qətnaməsi aşağıdakılara əsasən, əsassız və qanunsuzdur, qətnamə prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Sözügedən fərdi yaşayış evi onun yeganə yaşayış yeridir. Əgər o, həmin mənzildən çıxarılsa yaşamaq üçün gedəcək heç bir yeri olmayacaq. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etmədiyini, 2015-ci il tarixdən mübahisəli əmlakın onların mülkiyyətində olduğunu, əsas borclunun Cavabdeh1 olduğunu, 7 ildir orada qaldığını, dəfələrlə məsələnin həll olunduğunu, cavabdehlərin evlə bağlı məqsədlərinin hərrac məsələsini uzatmaq olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri; Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsi; Azərbaycan Respublikası Mülki Məcəllənin 152-158, 228, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 265.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, artıq birinci instansiya tərəfindən qiymətləndirilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, cavabdehin istinad edə bilmədiyi və mövcud olmayan maddi hüquq normalarının münasibətlərə təfsiri baxımından hüququn analogiyası üzrə belə tətbiqi sui-istifadəyə və qanunsuzluğa şərait yaradan hal olaraq mülki hüququn (müqavilə öhdəliklərinin) fəlsəfəsinə ziddir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 378-382, 384, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4469/2021 saylı işi üzrə 06 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar