Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2137/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə, yaşayış sahəsindən istifadə hüququ tanınaraq, orada yaşamaq və yaşayış sahəsindən istifadə hüquqlarına maneələrin törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinə köçürülmə, yaşayış sahəsindən istifadə hüququnun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə, yaşayış sahəsindən istifadə hüququ tanınaraq, orada yaşamaq və yaşayış sahəsindən istifadə hüquqlarına maneələrin törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-358/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 12.09.2019-cu il tarixli, Bakı şəhəri 27 saylı notariat ofisində tərtib edilmiş ərizədən görünür ki, Cavabdeh atası X5 məxsus olan ünvan 1 ünvanda yerləşən ata mülkündən ona çatası payını almış və gələcəkdə bununla bağlı iddia və tələbi olmayacaq.
2. xx.xx.2020-ci il tarixli Razılaşma müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh, İddiaçı, X1 və X3 arasında bağlanmış (*müqavilənin hər səhifəsi imzalanmış) və müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 108 №-li fərdi yaşayış evinin yeganə sahibi kimi Cavabdeh tanımaqla gələcəkdə həmin fərdi yaşayış evinin yalnız onun adma rəsmiləşdirilməsinə (tam hüquqlu mülkiyyətçisi olmasına) razıdır və bununla bağlı hər hansı bir maneəçilik törətməməyə dair öhdəlik götürür. Həmçinin İddiaçı atası X4 vəfatından sonra onun adına olan və Ağstafa rayonu, Yuxarı Göyçəli kəndində yerləşən fərdi yaşayış evinə, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 saylı qərarina əsasən X4 mülkiyyətinə verilmiş və Ağstafa rayonu, Yuxarı Göyçəli kəndində yerləşən 0.08 ha ölçüdə torpaq sahəsinə və Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 108 №-li fərdi yaşayış evinə dair yaranmış miras və digər hüquqlarından qardaşı Cavabdeh xeyrinə imtina edir və bu Müqavilənin 4cü bəndi yerinə yetirildikdən sonra 3 gün ərzində Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 108 №-li fərdi yaşayış evindən qeydiyyatdan çıxaraq başqa yaşayış sahəsinə köçməsinə dair öhdəlik götürür. Razılaşma müqaviləsinin 4-cü bəndində qeyd olunur ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 108 №- li fərdi yaşayış evinin yalnız onun adına rəsmiləşdirilməsinə (tam hüquqlu mülkiyyətçisi olmasına) razı olduğuna və bununla bağlı hər hansı bir maneəçilik törətməməyə dair öhdəlik götürdüyünə, həmçinin alası X4 vəfatından sonra onun adına olan və Ağstafa rayonu, Yuxarı Göyçəli kəndində yerləşən fərdi yaşayış evinə, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən X4 mülkiyyətinə verilmiş və Ağstafa rayonu, Yuxarı Göyçəli kəndində yerləşən 0.08 ha ölçüdə torpaq sahəsinə və Bakı şəhəri, Binəqədi rayonu, SuluTəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 108 №-li fərdi yaşayış evinə dair yaranmış miras və digər hüquqlarından qardaşı Cavabdeh xeyrinə imtina etməsinə və Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 108 №-li fərdi yaşayış evindən qeydiyyatdan çıxmasına görə bacısı İddiaçı 5000 manat pulun ödənilməsinə dair öhdəlik götürür.
3. xx.xx.2020-ci il tarixli əlyazma qəbzdən görünür ki, İddiaçı ... bağlanmış müqavilənin ... Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsində yerləşən 108 №-li fərdi yaşayış evinə dair 1-ci bəndində olan şərtləri yerinə yetirmək üçün qardaşı Cavabdeh 5000 manat məbləğində pulu aldım. Bununla da Cavabdeh qeyd edilən müqavilənin 4-cü bəndində göstərilən şərti tam olaraq yerinə yetirdi.
4. "xxxx" tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 02/05- 430 saylı arayışdan görünür ki, "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 83,2 kv.m. olan 3 otaqlı 40-cı mənzil İddiaçı məxsusdur. Həmin mənzildə İddiaçı tək yaşayır və mənzilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tərəfindən çıxarış verilmişdir.
5. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Bakı Şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 117B, ev 7, mənzil 40 İddiaçı mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı ünvan 3 ünvanında yerləşən fərdi evə köçürülərək istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı atasına məxsus olmuş ünvan 3 ünvanında 2005-ci ildən qeydiyyatdadır və daimi olaraq orada yaşamışdır. Ona məxsus bütün əşyalar həmin ünvandadır. Lakin son vaxtlar qardaşı olan cavabdehlə münasibətləri pozulduğundan, cavabdeh ona evi onun icazəsi olmadan satdığını, başqa şəxsin mülkiyyətinə keçirdiyini bildirərək, mənzili dərhal tərk etməyini tələb edir. Hal-hazırda cavabdeh iddiaçının mübahisəli evdə yaşamasına imkan vermir. İddiaçı evdən çıxarıldığı halda, yaşamağa başqa yeri yoxdur. İddiaçı tələbinin hüquqi əsası kimi hal-hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə, Ailə Məcəlləsinin 29.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə istinad etmişdir.
8. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-358/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçı mübahisəli evə köçürülməsini və evdən istifadə hüququnun tanınmasını tələb etmək hüququna malik deyildir. Eyni zamanda həmin əmlakın "miras əmlak" olaraq qəbul edilməsi üçün də hər hansı hüquqi əsas mövcud deyil. İddiaçının mülkiyyətində mənzil vardır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 43cü maddəsinin İ hissəsinə, Mülki Məcəlləsinin 178.2, 180.1, 180.2-ci maddələri, “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 noyabr 2018-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 88, 119.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-358/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə, mənşəyi bəlli olmayan “Razılaşma”ya əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Amma məhkəmə bu mənşəyi bəlli olmayan razılaşmanı (eləcə də qəbzi) sübut kimi qiymətləndirərək, onun mülki qanunvericiliyə zidd olmasına ümumiyyətlə diqqət yetirməmişdir. Fərz edilsə ki, bu müqavilə həqiqətən də tərəflər arasında müqavilədə nəzərdə tutulmuş predmet üzrə bağlanılmış olsa da, nədənsə işə baxan məhkəmə tərəfindən razılaşmanın 8-ci bəndinə ümumiyyətlə diqqət yetirməmişdir. Həmin bənddə göstərilir ki, “əgər Cavabdeh tərəfindən razılaşmada nəzərdə tutulan pul məbləği ödənildikdən sonra, İddiaçı (iddiaçı) razılaşmanın 1,2 və 3-cü bəndlərində nəzərdə tutulmuş şərtlərin birini yerinə yetirməzsə, o zaman pulu qaytarılmalı olacaqdır”. Bu müddəadan elə başa düşülür ki, iddiaçı Razılaşmanın şərtlərinə əməl etməyəcəyi təqdirdə Cavabdeha 5000 manat pulu qaytarılmalı olacaqdır. Belə olduğu halda isə, Cavabdeh yalnız guya ödədiyi pulun qaytarılmasını tələb edə bilərdir. Amma Məhkəmə bu mahiyyətsiz Razılaşmadan kömək (ona istinad edərək) kimi istifadə edərək iddiaçının iddiasının təmin olunmamasına dair qətnamə qəbul etmişdir. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. İşin hallarına görə də, cavabdehin bu evin üzərində onun hüququndan üstün hər hansı bir hüququ yoxdur, onun da həmin evdə yaşamaq, evdən istifadə etmək hüququ vardır. Cavabdehin mübahisəli ev üzərində heç bir subyektiv hüququ olmadığından o, iddiaçını yaşadığı evdən məhrum edə bilməz. Bundan başqa işə baxan məhkəmə çəkişmə prinsipi pozmuşdur. Belə ki, qətnamədə Məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Bakı Şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi,Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 117B, ev 7, mənzil 40 İddiaçı mülkiyyətindədir”. Hamıya bəllidir ki, tərəflər özlərində olan sübutları məhkəməyə təqdim edə bilər. Amma hər hansı bir sübutun çatmadığı halda, həmin halın sübut olunması üçün işə baxan Məhkəmə özünün təşəbbüsü ilə, yəni “elektron məhkəmə” informasiya sistemində mövcud olan vəziyyəti araşdıraraq, cavabdehin əvəzinə etiraz üçün əsas olmuş halın sübut olunması məqsədilə əlavə sübut toplamaqla məşğuldur. Hesab edir ki, həmin fərdi yaşayış evi özbaşına tikili olsa da, valideynlərin sağlığında həmin evdə birgə yaşamış, hətta anası Sitarə xanımın vəfatında sonra yaşamağı davam etmiş, lakin cavabdehin qərəzli, qanunsuz hərəkətlər səbəbindən iddiaçı oradan müvəqqəti olaraq getməyə məcbur olmuşdur. Cavabdeh öz hüquqlarını həyata keçirərək, başqalarına, xüsusən iddiaçının orada yaşamaq hüququnu kobud surətdə pozmuş və onun orada yaşamağını dözülməz etmişdir. Bu da yolverilməzdir, çünki öz hüquqlarını həyata keçirərək, başqalarına ziyan vurmaq niyyəti olmamalı və hüquqdan sui-istifadəsinə yol verilmir. İddiaçı pozulmuş hüququnun bərqərar olunması məqsədilə Məhkəməyə müraciət etmişdir. Amma əfsuslar olsun ki, işə baxan məhkəmə öz qətnaməsi ilə bunu mümkün etməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı yaşadığı sahədən cavabdeh tərəfindən törədilmiş məcburiyyət qarşısında sahədən çıxmamışdır. Fərz edilsə ki, bu belədi, o zaman həmin fərdi yaşayış evi özbasına tikili olduğundan və həm iddiaçı, həm cavabdeh həmin sahəyə bərabər hüquqlara malik olduğundan, iddiaçı yenə də orada qayıdıb yaşamaq hüququna malikdir. Yəni, cavabdeh orada yaşamaqda üstünlük hüququna malik deyildir!!!!!!! Belə olduğu təqdirdə, iddiaçı oranı tərk edərək, yenidən sahəyə qayıtmaq hüququna malikdir. Amma qeyd etmək istəyir ki, məhkəmə baxışı zamanı cavabdeh iddiaçının könüllü olaraq yaşayış sahəsindən çıxmasını sübut edə bilməmişdir. Amma buna baxmayaraq, işə baxan məhkəmə tərəflərə işin sülh yolu ilə qurtarmalarına dair hüquqlarını izah etməmiş və işin sülh və ya barışıq yolu ilə tamamlamağı təklif etməmişdir. Amma buna baxmayaraq, cavabdehin təqdim etmədiyi sənədləri, Məhkəmə “elektron informasiya sistemindən” daşınmaz əmlakın dövlət reyestri xidmənin bölməsindən çıxarış haqqında məlumat axtarıb-taparaq işə əlavə etmişdir. Halbuki, məhkəmə işin həllində qərəzsiz olmalı və tərəflərin əvəzinə hər hansı sübutun toplanmasını həyata keçirilməli deyil.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, qətnamədə qeyd edilir ki, “Məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçı mübahisəli evə köçürülməsini və evdən istifadə hüququnun tanınmasını tələb etmək hüququna malik deyildir. Eyni zamanda həmin əmlakın "miras əmlak" olaraq qəbul edilməsi üçün də hər hansı hüquqi əsas mövcud deyil”. Amma bütün bunlara baxmayaraq cavabdehin təqdim etdiyi mənşəyi bəlli olmayan xx.xx.2020-ci il tarixli “Razılaşma”nın və xx.xx.2020-ci il tarixli qəbzin hər hansı bir hüququi qüvvəyə malik olmayan bəndlərinə əsaslanır. Məhkəmənin qənaətinə əsasən, elə başa düşülür ki, mübahisə predmeti olmuş fərdi yaşayış sahəsi özbaşına tikili olduğu üçün, həmin ev üzərində hər hansı bir şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığına görə iddiaçının həmin yaşayış sahəsinə köçürülməsini tələb edilməsi üçün subyektiv hüququ yoxdur. Amma buna baxmayaraq cavabdehin təqdim etdiyi razılaşmanın iş üçün hər hansı bir əhəmiyyət kəsb etməsi məhkəmə tərəfindən qəbul olunur? Belə başa düşülür ki, burada məhkəmə iddianın təmin olunmaması üçün yaşayış sahəsinin özbaşına tikili olduğu üçün iddiaçının oraya köçürülməsini və orada yaşamasını tələb etməsi üçün subyektiv hüququ yoxdur, amma eyni zamanda bütün bu faktlar iddianın təmin olunmaması üçün isə bu əsasdır. Əgər belədirsə, fərdi yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması, həmin ev ataları tərəfindən alındığı və orada ataları tərəfindən abadlıq, təmir işlərinin aparılması faktı hər iki tərəf etiraf etdiyi halda, cavabdehin və iddiaçının həmin evdə yaşamaq, ondan istifadə etmək hüquqları və s. bərabər və heç bir tərəfin bu hüquqda üstünlüyü yoxdu. Amma nədənsə məhkəmə işin bu hallarını nəzərə almamışdır. Həmin fərdi yaşayış evi özbaşına tikiliolsa da, valideynlərin sağlığında həmin evdə birgə yaşamış, hətta asanı Sitarə xanımın vəfatında sonra yaşamağı davam etmiş, lakin cavabdehin qərəzli, qanunsuz hərəkətlər səbəbindən iddiaçı oradan müvəqqəti olaraq getməyə məcbur olmuşdur. Burada qeyd etmək lazımdır ki, cavabdeh öz hüquqlarını həyata keçirərək, başqalarına, xüsusən iddiaçının orada yaşamaq hüququnu kobdu surətdə pozmuş və onun orada yaşamağını dözülməz etmişdir. Bu da yolverilməzdir, çünki öz hüquqlarını həyata keçirərək, başqalarına ziyan vurmaq niyyəti olmamalı və hüquqdan suiistifadəsinə yol verilmir. 2019-cu ildə ayrı-ayrı vaxtlarda Cavabdeh mirasın qəbulundan notariat qaydasında verdiyi imtina ərizələrinə isə məhkəmə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Əgər həmin ərizələr cavabdeh üçün hər hansı bir əhəmiyyət kəsb etməyibsə, onda niyə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, Bakı şəhəri 27 saylı Notariat Ofisində “mirasın qəbulundan imtina olunması haqqında” ərizəni həmin notariusa müraciət edərək cavabdeh ləğv etməyə çalışmışdır. Halbuki, mirasın qəbulundan imtina etməsi haqqında ərizə geri götürülə bilməz. AR Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. İddiaçı hansı sənədi imzaladığını xatırlamır, həmin sənədin heç bir hüquqi əhəmiyyət yoxdur.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Astara rayon məhkəməsində təyin olunmuş məhkəmə iclasında iştirak etdiyindən, hazırkı iş üzrə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilmir, iş üzrə apellyasiya şikayətinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
17. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iddia tələbi özbaşına tikilmiş fərdi yaşayış evinə istifadə hüququnun tanınması, köçürülmə ilə bağlıdır. İşin halı odur ki, mübahisə predmeti olan ev özbaşına tikilidir. İddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatına əsasən iddiaçı mübahisə predmeti olan evdə 2005-ci ildən qeydiyyatda olmaqla yaşamışdır. 2020-ci ildə qardaşının arvadı ilə mübahisə etmiş və evdən çıxmışdır.
23. İşdə olan sübutlarla müəyyən olunur ki, iddiaçının mülkiyyətində Bakı Şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 117B, ev 7, 40 nömrəli mənzil vardır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilə köçürülmə tələbi – iddiaçının şəxsən yaşamaq üçün mənzilə olan ehtiyacını qarşılamaq üçün verilən tələbdir. Hazırkı işin halları ilə müəyyən olunur ki, iddiaçı sözügedən özbaşına tikilidə yaşasa da, həmin evi 2020-ci ildə tərk etmişdir. Onun xüsusi mülkiyyətində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mənzil vardır. O, hazırkı iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Hazırda da mübahisəli yaşayış sahəsinə iddiaçının zəruri ehtiyacının mövcudluğu müəyyən olunmadığından iddia tələbi təmin oluna bilməz.
25. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
26. Qeyd edildiyi kimi mübahisəli yaşayış sahəsi özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, eləcə də iddiaçı mübahisə predmeti olan evdə 2005-ci ildən qeydiyyatda olaraq yaşadığını bildirdiyindən, həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarına istinad etməyi zəruri hesab edir.
27. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
28. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır.
29. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
30. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 32 Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-358/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev