Məhkəmə qərarları › İş №2(103)-2139/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2139/2023

13.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2139/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «mənzilə köçürülmə») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2274/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524-cü məhəllə, ev 5, mənzil 19 (yeni qaydalarla: AZ1118, ünvan 1 tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524-cü məhəllə, ev 5, mənzil 19 (yeni qaydalarla: AZ1118, ünvan 1 tam mülkiyyət hüququ ilə X2 məxsusdur.

3. Bakı şəhəri 52 saylı notariat ofisində 4Ə-1225 nömrə ilə reyestrdə qeyd edilmiş 06 sentyabr 2022-ci il tarixli, alqı-satqı müqaviləsinə əsasən X3 150500 manata Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524-cü məhəllə, ev 5, mənzil 19 (yeni qaydalarla: AZ1118, ünvan 1 ünvanında yerləşən mənzili Sultanova Hicran Mixadus qızına satmışdır.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524-cü məhəllə, ev 5, mənzil 19 (yeni qaydalarla: AZ1118, ünvan 1 tam mülkiyyət hüququ ilə Sultanova Hicran Mixadus qızına məxsusdur.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2660/2020 nömrəli 13 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Nümayəndə2 cavabdehlər X2, İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə və 4 saylı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə qarşı bağışlama müqaviləsinin və çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2732/2021 nömrəli 01 mart 2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 noyabr 2022-ci il tarixli 2(007)-2660/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 4459/2021 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2732/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, bina 5, 2524 məhəllə, 19 nömrəli mənzilə köçürülməsi, mediasiya xərci və dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiada göstərilir ki, cavabdeh Mina Məmmədova ilə 2011-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan iki övladları doğulmuşdur. Nikahdan əvvəl o, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, bina 5, 2524 məhəllə, 19 nömrəli mənzili almışdır. Lakin 2019-cu ilin sentyabr ayının 22- də həmin mənzilini arvadı Mina Məmmədovaya bağışlamışdır. Cavabdeh Mina Məmmədova həmin evə çıxarış aldıqdan sonra onunla boşanmaya ərizə verib boşanmışdır. Onu isə evdən qovmuşdur. Bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmış lakin, iddia tələbi rədd edilmişdir. Hazırda isə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmaq üçün mediasiya prosesi davam edir. Lakin hazırda yaşamağa başqa yeri yoxdur. Dəfələrlə onu evə buraxmasını xahiş etsə də cavabdeh ona hədə-qorxu gələrək evə buraxmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(102)-4459/2021 saylı qərarı ilə, mübahisəli evin onun mülkiyyətində nikahdan əvvəl olması və onun tərəfindən cavabdehə bağışlanması müəyyən olunur.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2274/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Ülkər Yusifova) ilə iddia tələbinin təmin edilməməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı köçürülməsini xahiş etdiyi mənzili birgə nikah dövründə bağışlama müqaviləsinə əsasən X2 bağışlamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2020 saylı, 04 iyun 2020 tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. 06 sentyabr 2022-ci il tarixdə sözügedən mənzili X3 150500 manata Sultanova Hicran Mixadus qızına satmışdır. Hazırda mənzil cavabdehin mülkiyyətində deyil. Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524-cü məhəllə, ev 5, mənzil 19 (yeni qaydalarla: AZ1118, ünvan 1 tam mülkiyyət hüququ ilə Sultanova Hicran Mixadus qızının mülkiyyətindədir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(007)-2660/2020 nömrəli 13 noyabr 2022-ci il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır. İddiaçının mübahisə predmetinə daxil olan mənzilə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. İş materiallarından və məhkəmə iclasında müəyyən olunduğu kimi iddiaçının köçürülməsini tələb etdiyi mənzil tam mülkiyyət hüququ ilə Sultanova Hicran Mixadus qızının mülkiyyətindədir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

14. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

15. Azərbaycan Respublikasının Konstitusiyası və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:

Maddə 13, hissə 1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ, İİ, İV hissə; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (30 mart 2009-cu il tarixli Qanunla “və ya ictimai ehtiyaclar” sözləri çıxarılıb). Maddə 33. İ hissə; Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 5.1.Hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İV hissəsinin, 43-cü maddəsinin, Mülki Məcəllənin 152.1-ci maddəsinin, Mənzil Məcəlləsinin 5.1-ci və 5.3-cü maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır. 26.Çünki, nə cavabdeh, nədə iddiaçı köçmək istədiyi mənzilin mülkiyyətçisi deyil. Buna baxmayaraq, iddiaçı cavabdeh qismində həmin mənzilin mülkiyyətçisi olmayan şəxsi göstərərək ora köçürülməsini istəyir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Sadalanan hüquq normalarından göründüyü kimi, iddiaçı qeyd olunan mənzilin əvvəllər mülkiyyətçisi olsa da, ondan sonra həmin mənzilin üç mülkiyyətçisi dəyişmiş, sonuncu mülkiyyətçiyə qarşı isə hazırki iş üzrə iddiaçının hər hansı bir tələbi yoxdur.

27. Apellyasiya baxışı zamanı müəyyən edildi ki, mübahisəli mənzil cavabdehdən sonra əvvəlcə xx.xx.2022-ci ildə X1 adına mülkiyyət hüququ əsasında qeydə alınmış, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən Sultanova Hicran Mixadus qızına satılmış və hazırda xüsusi mülkiyyət hüququ əsasında mənzil Hicran Sultanovaya məxsusdur. Başqa sözlə, bu fakt işin mübahisəsiz halıdır və bu xüsusat üzrə əlavə araşdırma aparılmasına ehtiyac və zərurət qalmadı.

28. Mübahisəli mənzilin cavabdehdən sonra əvvəlcə xx.xx.2022-ci ildə X1 adına mülkiyyət hüququ əsasında qeydə alınması və xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən Sultanova Hicran Mixadus qızına satılması və hazırda xüsusi mülkiyyət hüququ əsasında Hicra Sultanovaya məxsus olmasının qanuniliyinin yoxlanılması hazırki işin və apellyasiya icraatının predmeti olmasa da bu bir fakt olaraq qalır.Ona görə də, qətnamənin yoxlanılması məhz hazırki mövcud vəziyyətə uyğun həyata keçirilməlidir.

29. Deməli, hazırki iddianın təmin olunması Mülki Məcəllənin 140, 148.2 və 149.2-ci maddələrinin tələblərinə açıq-aşkar zidd sayılardı. Çünki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə , həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir(MM.m.140). Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir(MM.m.148.2.). Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır(MM.m.149.2). 30.Göründüyü kimi, qeyd olunan normaların tələbləri də iddianın əsaslılığını istisna edir. Lakin bu iddianın təmin edilməməsi o demək deyil ki, iddiaçının cavabdehə qarşı, yeni əsasla, ayrıca məhkəmə icraatında məhkəmə müdafiəsindən istifadə etmək hüququ mövcud deyil.

31. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2274/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2274/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar