Məhkəmə qərarları › İş №2(103)-214/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-214/2023

07.06.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-214/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X5 şikayət ərizəsi əsasında H.Zərdabi prospekti, ev 68, 7 saylı mənzilə baxış keçirilmiş və məlum olmuşdur ki, mənzilin üst mərtəbəsində yerləşən Cavabdeh məxsus 13 saylı mənzildə istilik xəttində baş vermiş nasazlıq nəticəsində mənzilin yataq və qonaq otağı və dəhliz hissəsinə ziyan dəymişdir. X1 tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinə dair 20/01 saylı rəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, ünvan 1, 7 saylı mənzilə su sızma hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması və təmirbərpa işlərinə görə cəmi 1209 manat tələb olunduğu müəyyən edilmişdir. Mənzil xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də sığortalı olduğundan sığorta şirkəti tərəfindən dəymiş 1209 manat ziyanın əvəzi olaraq 906,75 manat məbləğində sığorta ödənişi Rəşad Camalova ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 906,75 manat ödənilmiş sığorta ödənişi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də sığortalanmış X4 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 13 saylı mənzilin istilik xəttindən 20 yanvar 2020-cı il tarixində su sızması nəticəsində maddi zərər dəymişdir. Su axması nəticəsində X4 mülkiyyətində olan 7 saylı mənzilin yataq, qonaq otaqlarına və dəhliz hissəsinə 1209 manat məbləğində zərər dəymiş və PİM1800005 saylı sığorta müqaviləsinə və 05 fevral 2020-ci il tarixli 20001 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 906,75 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova, iş № 2(004)-73/2022) iddia təmin edilmişdir.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildən su sızması nəticəsində 7 saylı mənzilə maddi ziyan dəymişdir. Maddi ziyanın həcmi müstəqil ekspert tərəfindən 1209 manat müəyyən edilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1096, 1097.1. 1097.3. 1115-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspertiza təyin olunduqdan sonra Quba rayonundan gələrək təyin olunmuş vaxtda həmin ünvanda eksperti gözləyib, lakin ekspert ora gəlməyib. Əlavə xərc çəkərək Quba rayonundan ekspertizanın keçirilməsinə görə 3 dəfə Bakı şəhərinə gəlməyinə baxmayaraq qətnamədə iştirak etmədiyi göstərilib. Məhkəmə qətnaməni sübutlarla əsaslandırmayib.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. O, məhkəməyə göndərdiyi teleqramda məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, bunun səbəbini, yəni hansı üzrlü səbəbə görə iclasın təxirə salınmasını istədiyini açıqlamamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

16. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

22. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənzilə su su sızmasının texniki səbəbinin, dəymiş zərərin həcminin, dəymiş zərərin bərpa olunması üçün tələb olunan vəsaitin məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, iş 3 dəfə Məhkəmə Ekspertiza Mərkəzində olmuş, lakin ekspertizanın keçirilməsinə şərait yaradılmadığından ekspert rəy verməkdən imtina etmişdir.

23. Cavabdeh ekspertizanın keçirilməsi üçün 3 dəfə tədqiqat obyektinə gəldiyini, lakin ekspertin ekspertizada iştirak etmədiyini bildirsə də, bu hal iş materialları ilə təkzib olunur.

24. İddianın mahiyyətinə münasibətdə isə Kollegiya qeyd edir ki, cavabdehə məxsus mənzildən 7 saylı mənzilə su sızması nəticəsində maddi ziyan dəyməsi və ziyanın məbləği iş materiallarında olan yazılı sübutlar, MKİS-in aktı, mütəxəssis rəyi ilə müəyyən edilmişdir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən şikayətin istinad olunan dəlillərini sübut etmək vəzifəsi cavabdehin üzərində olmuş, lakin cavabdeh bununla bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinə hər hansı sübut təqdim etməmişdir.

26. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar