Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-214/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı ilk və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi, müqavilənin ləğv edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-278/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC (müqavilədə “Şirkət”) ilə İddiaçı (müqavilədə “Mülkiyyətçi”) arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən şirkət ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan mülkiyyətçiyə məxsus birmərtəbəli qəzalı tikilinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, mülkiyyətçinin 41 saylı mənzilinin ümumi sahəsinə şirkət tərəfindən güzəşt edilməklə (122 kv.m + 24 kv.m (20%) + 19,4 kv.m əlavə sahə verilməklə) binanın 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan təmirli 2 mənzili onun mülkiyyətinə verməyi, mülkiyyətçi isə yaşayış üçün qəzalı vəziyyətdə olan, söküləcək mənzili şirkətin istifadə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən şirkət 24 aylıq (24 ay + 600 manat) 14.400 manat məbləğində kirayə haqqını bu müqavilə bağlanan anda müllkiyyətçiyə ödəməyi, 2.2.4-cü maddəsinə əsasən hər hansı bir səbəbdən tikinti işləri müqavilə müddətində başa çatmadığı təqdirdə bu müqavilə ilə nəzərdə tutulmuş kirayə haqqı ödənişinin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etməyi, müqavilənin 2.2.5-ci bəndinə əsasən isə yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzilləri təmirli təhvil vermək öhdəliyi götürmüşdür.
2. xx.xx.2023-cü il tarixli tədqiqat obyektinə baxış keçirilməsinə dair akta əsasən Bakı şəhəri, Xətai rayonu, 8-ci Qaraşəhər küçəsində yerləşən "xxxx" MMC-nin tikdiyi yaşayış kompleksinə baxış üçün ekspert X6, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 həmin ərazidə olmasına baxmayaraq, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaradılmamışdır, eyni bu hal xx.xx.2023-cü ill tarixdə keçirilmiş baxış zamanı da yaşanmışdır.
3. "xxxx" MMC İddiaçı ünvanladığı məktubda "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 2022-ci ilin aprel ayında blok 3 mərtəbə 13 sahə 105,5 kv.m. 2 saylı mənzilin və blok 3 mərtəbə 15 sahə 69 kv.m. 5 saylı mənzilin təhvil verilməsi üçün müraciət olunsa da, onun təhvil-təslimə gəlmədiyi bildirilmiş və "xxxx" MMC-yə yaxınlaşıb mənzilərin təhvil alınması ondan xahiş edilmişdir.
4. "xxxx" MMC-nin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01/24 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2018-ci il tarixli müqavilədə göstərilən mənzillərin İddiaçı təhvil verilməli həmin vaxt mövcud olan ilkin layihə əsasında nəzərdə tutulmuşdur. Lakin onlardan asılı olmayan səbəblərə görə həmin müqavilədən sonra binanın təsdiq edilmiş son inşaat layihəsinə əsasən binada müqavilədə göstərilən sahədə mənzillər nəzərdə tutulmadığı üçün məhz belə sahəyə uyğun gələn mənzillər inşa edilməmişdir. Bu səbəbdən İddiaçı dəfələrlə, ümumi sahəsi müqavilədə müəyyən edilmiş mənzillərin cəmi ümumi sahəsinə uyğun mənzillər, məsələn, 102,5 kv.m. + 69 kv.m. sahəsi olan mənzillər təklif edilsə də, o, həmin mənzilləri qəbul etməkdən imtina etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin onunla Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərini yerinə yetirərək, ünvan 1 ünvanında yerləşən, yeni yaşayış binasının 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa, həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan 2 ayrı-ayrı mənzillərin tam təmirli şəkildə ona təqdim etdilməsi öhdəliyinin qoyulması, mənzil kirayə haqqına görə ödədiyi 4.800 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə istinad edərək onunla əsaslandırılmışdır ki, o, müqavilədə nəzərdə tutulan vəzifələri yerinə yetirərək mülkiyyətində olan mənzili "xxxx" MMC-yə təhvil vermişdir. Mülkiyyətində olan mənzil sökülərək yerində çox mərtəbəli mənzil tikilmişdir. Lakin, cavabdeh müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən yaxınlarda ona bildirilmişdir ki, 85,6 kv.m və 79,8 kv.m sahəsi olan təmirli 2 mənzili onun mülkiyyətinə vermək istəyir. Cavabdeh tərəfindən ona təklif edilən iki mənzildən birinin ölçüləri müqavilənin şərtlərinə uyğun deyildir. Belə ki, cavabdeh bir mənzilin sahəsini müqavilədə göstərilən kimi (85, 6 kv m.) təklif etsə də, digər mənzilin ölçüləri müqavilədə nəzərdə tutulan 79,8 kv m. ölçüdə deyil, əvəzində 58 kv.m sahəsi olan mənzil təklif edilmişdir. Bundan başqa mənzil 18-24 ay ərzində ona təqdim edilmədiyi üçün o, kirayədə qalmaq məcburiyyətində qalmışdır. Son 8 ayda o, hər ay 600 manat mənzil kirayə haqqı ödəmişdir. Bunun da nəticəsində ona 4.800 manat maddi ziyan dəymişdir. Beləliklə, cavabdehlə bağlanılan xx.xx.2018-ci il tarixli müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğu üçün ona ziyan dəymişdir. O, dəfələrlə cavabdehə müraciət edərək, müqavilə şərtlərini yerinə yetirməyi xahiş etsə də, bunun da heç bir nəticəsi olmamışdır. Hətta o, cavabdehə pretenziya məktubu ilə müraciət etmişdir. Cavabdeh həmin pretenziyanı qəbul etməkdən imtina etmişdir. O, məcbur olub poçt vasitəsilə pretenziyanı onlara təqdim etmişdir.
7. Bundan sonra, iddiaçı "xxxx" MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçılə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, şirkət müqavilə şərtlərini yerinə yetirməkdən imtina etmir, hətta cavabdehə müqavilədə göstərilmiş sahədən artıq sahədə mənzillər də təklif etmişdir. Qarşı tərəf əvvəlcə təkliflə razılaşmış, sonradan mənzilləri qəbul etməkdən imtina etmişdir. Bu hərəkətlər də müqavilənin əhəmiyyətli dərəcədə pozulmasıdır. Bu əsasla da xx.xx.2018-ci il tarixli müqavilə ləğv olunmalıdır. Digər bir məsələ isə onunla bağlıdır ki, 2018-ci ildə mübahisəli binanın tikildiyi ərazidə yeni tikili binaların 1 kv.metrinin qiyməti 700-900 manat idisə, hazırda 1 700-1 900 manat təşkil edir. Bu hesabla, şirkətin təklif etdiyi 19.4 kv.metr əlavə sahənin dəyəri 16 000-17 000 manat idisə, hazırda həmin sahənin dəyəri 32.000 – 35.000 manat təşkil edir. Qiymətlərin belə qalxması, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməlidir. Belə ki, belə halda müqavilənin icrası baş tutarsa, şirkətə əhəmiyyətli ziyan vurulacaqdır.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-278/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, "xxxx" MMC tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən ünvan 1 ünvanında yerləşən, yeni yaşayış binasının 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa, həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan 2 ayrı-ayrı mənzillərin tam təmirli şəkildə İddiaçı təqdim edilməsi, "xxxx" MMC-dən vurulmuş maddi ziyana görə 4.800 manat və ödənilmiş dövlət rüsumu qismində 100 manat məbləğin alınaraq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-yə aid edilməsi qət edilmişdir. (hakim X5)
10. Məhkəmə ilk iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanılmış, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən müqavilə şərtləri ilə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmişdir. Lakin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, müqavilədə nəzərdə tutulan mənzilləri müəyyən edilmiş müddətdə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə təhvil verməmişdir, Belə olan halda, məhkəmə hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh göstərilən müqavilənin şərtlərinin icrasını (müqavilədə nəzərdə tutulan mərtəbədə yerləşən və sahəyə malik mənzilin verilməsi) tələb etməkdə haqlıdır.
11. Məhkəmə ilk iddia tələbinin “mənzil kirayə haqqına görə ödədiyi 4.800 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən "xxxx" MMC, hər hansı bir səbəbdən tikinti işlərini müqavilə müddətində başa çatmadığı təqdirdə bu müqavilə ilə nəzərdə tutulmuş kirayə haqqı ödənişinin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etmək öhdəliyini öz üzərinə götürmüş, o, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini vaxtında yerinə yetirmədiyindən iddiaçının hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin (yaşayış yeri üzrə kirayə haqqı ödəməsi) yaranmasına gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, öhdəliyini icra etməyən "xxxx" MMC-yə qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, vurulmuş zərərin məbləğinə münasibətdə isə qeyd etmişdir ki, bu zaman tərəflərin arasına bağlanmış müqaviləyə əsasən bir aylıq kirayə haqqı üçün razılaşdırılmış məbləğ (600 manat), müqavilə üzrə öhdəliyin yerinə yetirilməli olduğu vaxt, habelə iddia tələbinin həcmi nəzərə alınmalı, "xxxx" MMC-dən vurulmuş maddi ziyanın əvəzi kimi 4.800 manat alınaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə ödənilməlidir.
12. Məhkəmə qarşılıqlı iddianı rədd edərəkən ona istinad etmişdir ki, qarşılıqlı iddia tələbi sübutetmə yükü ilə bağlıdır və "xxxx" MMC bu hallara (müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması və s.) dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına buna dair sübutlar əlavə edilməmiş, məhkəmə tərəfindən də belə hallar müəyyən olunmamışdır. Məhkəmə, tərəfin “dəfələrlə qarşı tərəfə müqavilədə müəyyən olunan sahədən də artıq mənzilləri qəbul etməyi təklif edilməsi barədə” dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, belə razılaşmaya dair hallar tərəflər arasında bağlanmış mübahisəli müqavilənin şərtlərinə daxil olmadığından, bu barədə təklifin də ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qəbul edilməməsi də müqavilə şərtlərinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyə əsasən, kreditor, yəni ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh müqavilə üzrə ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir.
13. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 6.2-ci, 14.2.1-ci, 21-ci, 385.1-ci, 386.1-ci, 389.1ci, 421-ci, 435-ci, 442-ci, 443-cü, 445-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci, 4.1-ci, 4.2-ci, maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci, 106-cı, 107-ci, 119-cu, 124-cü, 217-ci maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair xx.xx.2018-ci il Qərarın istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" MMC mübahisə olunan sahədə 6 bina inşa edir. Lakin ilk iddia ərizəsində konkret hansı binadan mənzil verilməsi göstərilməmişdir. İlk iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, 8-ci Qaraşəhər küçəsi, ev 16/50 ünvanında yerləşmiş tikilinin yerində isə hələ bina tikilib qurtarmamışdır. Məhz buna görə də "xxxx" MMC dəfələrlə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona məxsus olmuş sahənin yerində tikilən bina hələ tikilib başa çatmadığına görə, ona həmin həyətdə digər binadan, hətta müqavilədə nəzərdə tutulmuş sahədən də artıq sahəyə malik mənzilləri qəbul etməyi təklif etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh əvvəllər şirkətin təklifləri ilə razı olsa da, sonradan naməlum səbəbdən həmin mənzilləri qəbul etməkdən imtina etmişdir. Belə olan halda, iddianın təmin edilməsi barədə qətnamə qüvvəyə minərsə, İddiaçı hansı binadan mənzil verilməlidir? Birinci instansiya məhkəməsinin qətnaməsində də konkret olaraq hansı binadan İddiaçı mənzil verilməli olması müəyyən olunmamışdır. Göründüyü kimi, iddia tələbləri dəqiq deyildir. Məhkəmədə işə baxılarkən, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə vəsatəti rədd etsə də, bununla bağlı ayrıca qərardad qəbul etməmiş və bu qərarını əsaslandırmamışdır. İlk iddia tələblərindən biri "xxxx" MMC-dən vurulmuş maddi ziyana görə 4.800 manatın tutulması olmuşdur. Məhkəmə iclasında da İddiaçı izahatında bildirmişdir ki, o, 4.800 manat kirayə haqqı ödəmişdir. Lakin İddiaçı 4.800 manat kirayə haqqı ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC qarşı tərəflə aralarında bağlanmış müqavilədə göstərilən sahədən də artıq sahədə mənzillər təhvil verməyə, habelə həmin sahənin ölçüsünə uyğun olaraq pul vəsaiti ödəməyə razıdır. Lakin qarşı tərəf buna razı deyil və nəticə etibarı bügünki gün mövcud olmayan sahədə mənzillərin ona təhvil verilməsini tələb edir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətini təmin edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, habelə onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 435-ci maddəsinə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilərək, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yoxdur.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, İddiaçılə "xxxx" MMC iradə ifadəsini bildirməklə razılığa gələrək aralarında dəyişdirmə və podrat müqaviləsi bağlamış və həmin müqavilə imzandığı andan aralarında yaranmış mülki hüquq münasibətlərinə uyğun olaraq İddiaçı ünvan 1 ünvanında yerləşməklə mülkiyyətində olan evi söküntü və yerində hündürmətrəbəli çoxmənzili yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə təhvil vermiş, sonuncu isə bunun müqabilində inşa etdiyi binanın 9-cu mərtəbəsindən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan 2 ədəd təmirli mənzili onun mülkiyyətinə verməyi barədə üzərinə öhdəlik götürmüşdür. Həmçinin, üzərinə götürdüyü öhdəliyə əsasən "xxxx" MMC binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzilləri təmirli təhvil verməli idi.
27. "xxxx" MMC öhdəliyin icrasından imtina etmədiyini, sadəcə olaraq müqavilədə göstərilən sahədə mənzillərin binanın ilkin layihəsində olduğunu, hazırki layihədə belə bir sahədə mənzillərin olmadığını, həmçinin binanın hər hansı girişinin 9-cu mərtəbəsində bu sahədə və ölçü baxımdan bu sahəyə yaxın sahədə mənzillərin olmadığını (satıldığını) bildirir. Lakin bu halı, təsdiq edəcək hər hansı sübut, o cümlədən ümumiyyətlə binada yerləşən mənzillərin sahələri barədə məlumatı məhkəməyə təqdim etmir. Məsələyə aydınlıq gətirilməsi, o cümlədən binada real sahəsi 85,6 kv.m və 79,8 kv.m. olan mənzillərin olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Lakin məhkəmə eksperti tərəfindən tərtib edilmiş akta əsasən məhkəmə eksperti ekspert tədqiqatının aparılması üçün müəyyən edilmiş vaxta, yəni xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə mübahisəli sahəyə gəlmiş, lakin ona (həmçinin tədqiqatda iştirak etmək üçün gəlmiş İddiaçı və onun vəkilinə) tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaradılmamış, nəticədə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məlumatına əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
28. Məhkəmə kollegiyası tərəfindən mübahisəli sahədə keçirilmiş yerinə müayinə də bir nəticə verməmiş, mənzillərin hamısının satılması və ayrı-ayrı şəxslərin mülkiyyətində olması bildirildiyindən mənzillərə baxış keçirilməsi mümkün olmamışdır. Lakin yerində müayinə zamanı da mənzillərin sahəsi ilə bağlı hər hansı sənəd təqdim edilməmiş, o cümlədən müqavilələr göstərilməmişdir. Mənzillərə baxış keçirilməsinin məhz satılması səbəbindən mümkün olmadığı bildirilsə də, İddiaçı vəkili və nümayəndəsinin suallarına "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş cavablardan müəyyən edilmişdir ki, cəmiyyətin satış şöbəsi artıq ayrı-ayrı mənzil sahiblərinin müraciətinə əsasən onlara məxsus mənzillərin satışını həyata keçirir (halbuki, vəkil və nümayəndə satış şöbəsinə adi vətəndaş kimi zəng etdiyini və satış şöbəsindən ona binada satılmamış mənzillərin olduğu və onların satılması barədə məlumatın verildiyini bildirmişdir). Bu da öz növbəsində ən azı həmin mənzillərin hazırda cəmiyyət üçün əlçatımlı olmasını və bu baxımdan cəmiyyətin onlara baxış keçirilməsinə şəraitin yaradılması imkanına malik olmasını təsdiq edir.
29. Nəzərə alınmalıdır ki, həmin ərazidə yaşayan digər mülkiyyətçilərlə də eyni məzmunlu və oxşar müqavilələr bağlanmışdır. Lakin İddiaçı başqa hər hansı digər belə şəxsə münasibətdə "xxxx" MMC tərəfindən müqavilə öhdəliyinin icra edilmədiyi barədə məlumat verilmir. Əksinə digər şəxslərlə belə bir problemlərin olmadığı qeyd edilir. Ümumiyyətlə 27-29-cu bəndlərdə qeyd edilənlərdən belə qənaətə gəlmək olur ki, "xxxx" MMC öz mövqeyini sübut edə bilməmiş, mövcud vəziyyət onun hərəkətlərinin müqavilə üzrə İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasından yayınması kimi qiymətləndirilməsi üçün əsas yaradır.
30. İddiaçıın müqavilədə göstərilən mənzillərin sahəsinə uyğun pul kompensasiyasının ödənilməsi, habelə ölçü baxımdan həmin sahədən də artıq sahəsi olan digər mənzillərin verilməsi barədə "xxxx" MMC-nin təkliflərini qəbul etməməsi müqavilə öhdəliklərinin onun tərəfindən pozulması və ya icrasından imtina etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, bu təklifləri irəli sürməklə "xxxx" MMC hüquqi nəticə etibarı ilə müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etməyi təklif edir ki, bunu da qəbul etmək İddiaçıın vəzifəsi deyil, hüququdur. Başqa sözlə, qanunverici bu məsələnin belə bir qaydada həll edilməsinin mümkünlüyünü kreditorun (hazırki vəziyyətdə İddiaçıın) sərbəst iradəsinə buraxmış və onun razılığından asılı etmişdir.
31. Məhkəmə kollegiyası iddia üzrə tələb edilən 4.800 manat məbləğində pulun ödənilməməsinin təsdiq edən hər hansı sənədin təqdim edilməməsi dəlili ilə bağı qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cəmiyyət 24 aylıq (24 ay + 600 manat) 14.400 manat məbləğində kirayə haqqını bu müqavilə bağlanan anda müllkiyyətçiyə ödəməyi (1.2-ci bənd), hər hansı bir səbəbdən tikinti işləri müqavilə müddətində başa çatmadığı təqdirdə bu müqavilə ilə nəzərdə tutulmuş kirayə haqqı ödənişinin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etməyi (2.2.4-cü bənd) barədə üzərinə öhdəlik götürmüşdür. Müqavilədə şərtləşdirilmiş 18-24 ay müddəti də artıq bitmişdir. Bu baxımdan cəmiyyət şərtləşdirilmiş, lakin ödənilməmiş aylıq 600 manat məbləğində pulu ödəməlidir. Lakin cəmiyyət ödənişlərin tam şəkildə aparılmasını təsdiq edən sübutları təqdim etmək əvəzinə, qarşı tərəfin bu barədə sübut təqdim etməməsinə istinad edir. Hər bir halda, iddia edilən məbləğ ödənildiyi təqdirdə cəmiyyət bu halı təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etmiş olardı. Qeyd edilənlər öz növbəsində həmin dəlillərin əsassız olduğunu və iddia edilən məbləğin İddiaçı ödənilmədiyini təsdiq edir.
32. Məhkəmə kollegiyası müqavilənin ləğv edilməsi ilə bağlı da "xxxx" MMC-nin dəlillərini əsassız hesab edir və bununla bağlı qeyd edir ki, həmin ərazidə yeni tikilən binalarda mənzillərin 1 kv.m. sahəsinin qiymətinin artması şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz və həmin müqavilənin ləğv edilməsi üçün əsas yaratmır. Hər bir halda, müqavilə üzrə öhdəliklərin icrası məhz cəmiyyət tərəfindən gecikdirilmiş, həmin ərazidə İddiaçı mülkiyyətində olan ev yerləşmiş və mənzillər də hər hansı pul müqabilində deyil, məhz bu evin müqabilində ona verilməli idi. Digər tərəfdən bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan cəmiyyət istinad etdiyi məsələlərdən tam məlumatlıdır və müqavilə bağlanan zaman da belə bir halın mümkünlüyünü gözünün önünə almışdır.
33. Bununla belə, məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün hər hansı əsas mövcud deyil. "xxxx" MMC xx.xx.2018-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, İddiaçı ödəməli aylıq kirayə haqqının 4.800 manat hissəsinin ödənilməsini müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada təmin etməmiş, habelə müqaviləyə əssən inşa edərək, ona təhvil verməli olduğu 2 ədəd mənzili müəyyən edilmiş müddətdə və qaydada ona təhvil verməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də "xxxx" MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cəmiyyət onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 4.800 manat məbləğində pulu İddiaçı ödəməli, habelə binanın 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan təmirli 2 mənzili razılaşdırıldığı kimi İddiaçı təhvil verməlidir.
34. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, həmin müqavilədə mənzillərin yerləşdiyi girişin (blokun) göstərilməməsi müqavilənin icrasına maneə olan hal kimi qiymətləndirilməməlidir. Hər bir halda, girişi göstərməməklə bu müqavilənin tərəfi olaraq "xxxx" MMC hüquqi nəticə etibarı ilə İddiaçı təhvil veriləcək mənzillərin binanın girişlərinin hansı birində yerləşməsinin müəyyən edilməsi (bununla bağlı əvvəlcədən qeydiyyat aparması (mənzillərin ayrılması)) öhdəliyini də öz üzərinə götürmüşdür. Bu baxımdan müqavilənin belə bir məzmunda (girişi göstərməməklə) bağlanması həmin binanın ixtiyari girişinin (blokunun) qeyd edilən mərtəbəsində yerləşən müvafiq mənzillərin İddiaçı təhvil verilməsini özündə ehtiva edir. Başqa sözlə, müqaviləni tərtib edən və həmin müddəanı belə bir məzmunda yazılmasını təklif edən tərəf "xxxx" MMC olduğundan bu qeyrimüəyyənlik məhz onun ziyanına (əlehinə) təfsir edilməli və hüquqi nəticə etibarı ilə onun tərəfindən həll edilməlidir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-278/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.