Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2140/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: evə köçürülmə, özbaşına tikili, qanunun anologiyası) Bakı şəhəri, 03 mart 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdehlər X2 və Cavabdeh2 iştirakları ilə İddiaçı X3 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə 03 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı 12.09.2012-ci il tarixdə Cavabdeh2la rəsmi nikaha daxil olmuş və qayınatası X5 məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə gəlin köçmüş, nikahlarından 05.02.2014-cü il tarixdə Zeynəb adını verdikləri uşaqları dünyaya gəlmiş, Fərman Qasımovun 02.09.2013-cü il tarixdə vəfat etməsindən sonra ondan miras qalmış sözügedən mənzil ¼ hissə payla onun 4 vərəsəsinin, o cümlədən İddiaçı həyat yoldaşı Cavabdeh2 mülkiyyətinə keçmiş, 02.07.2016-cı il tarixdə mənzil 83 000 manata satılmış və Cavabdeh2 payına düşən hissəyə görə ona 29 500 manat ödənilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 09.04.1993-cü il tarixli 249 saylı sərəncamı əsasında X1 Binəqədi qəsəbəsində fərdi ev tikmək üçün ayrılmış 150 kvadratmetr ölçülü torpaq sahəsi adı çəkilən şəxsin Cavabdeh2 verdiyi 02.07.2016-cı il tarixli etibarnamə əsasında 07.08.2064-cü il tarixinədək sonuncunun istifadəsinə verilmiş, bundan sonra tərəflər həmin torpaq sahəsində - ünvan 2 ünvanında - yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamağa başlamış, iddiaçı və azyaşı uşağı evə pasport qeydiyyatına alınmışlar. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı 2021-ci ildə cavabdehlərlə ailədaxili münaqişə nəticəsində uşağı ilə birlikdə sözügedən evdən çıxaraq valideynlərinin evinə getmiş və orada yaşamağa başlamış, cehiz əşyaları hazırkı dövrədək ünvan 2 ünvanında yerləşən evdə qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, 05.02.2014-cü il təvəllüdlü Zeynəb Qasımovanın iddiaçının himayəsində saxlanılması və cavabdehdən onun xeyrinə 20.05.2021-ci il tarixindən hesablanmaqla hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
2. İddiaçı 2021-ci ilin oktyabr ayında bu iddianı irəli sürərək yaşamağa başqa yeri olmadığı üçün azyaşlı uşağı ilə birlikdə gəlin kimi yaşamış olduğu ünvan 2 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 12.09.2012-ci il tarixdə Cavabdeh2la rəsmi nikaha daxil olmuş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin kimi köçərək orada yaşamağa başlamış, nikahlarından 05.02.2014-cü il tarixdə Zeynəb adını verdikləri uşaqları dünyaya gəlmiş, cavabdehlərlə birgə təsərrüfat aparmış, cehiz əşyaları həmin ünvanda olmuş, cavabdehlərlə aralarındakı münasibət pozulduğundan 2021-ci ilin avqust ayında uşağı ilə birlikdə evi tərk etməli olmuşdur. Hazırda yaşamaq üçün başqa yaşayış yeri yoxdur, valideynlərinin evində yaşayır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
5. Məhkəmə öz qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və Mülki Məcəllənin 180-ci maddələrinə istinadla belə əsaslandırmışdır ki, iddiaçı özünün və övladının yeganə yaşayış sahəsi olan və hüquq müəyyənedici sənədi olmayan tikilidə uzun müddət övladı ilə birlikdə yaşadığından, cavabdehlərin etirazlarında istinad olunan hallar iddiaçının və övladının həmin tikiliyə köçürülməmələri üçün əsas ola bilməz.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı 12.09.2012-ci il tarixdə Cavabdeh2la rəsmi nikaha daxil olmuş və qayınatası X5 məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə gəlin köçmüş, nikahlarından 05.02.2014-cü il tarixdə Zeynəb dünyaya gəlmiş, Fərman Qasımovun 02.09.2013-cü il tarixdə vəfat etməsindən sonra ondan miras qalmış sözügedən mənzil ¼ hissə payla onun 4 vərəsəsinin, o cümlədən Cavabdeh2 mülkiyyətinə keçmiş, tərəflər 02.07.2016-cı il tarixədək həmin mənzildə yaşamış, bu tarixdə mənzil satılmış, satışdan əldə olunan vəsaitdən Cavabdeh2 payına düşən məbləğlə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi alınmış, tərəflər həmin evə köçərək orada yaşamağa başlamış, İddiaçı 2021-ci ildə evi öz istəyi ilə tərk edib getmişdir. Məhkəmə işin hallarına düzgün qiymət verməmiş, qanunun anologiyası üzrə Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq edərək iddianı rədd etməli olduğu halda, qanunu səhv təbiq etmişdir.
b) Apelyasiya baxışı zamanı keçirilən məhikəmə iclası və verilən izahatlar
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı onunla nikaha daxil olduqdan sonra atasına məxsus mənzilə gəlin köçmüş, 2016-cı ildə atasına məxsus mənzil 85 000 manata satılmış, həmin məbləğin 40 000 manatı bacısına və qardaşına, 45000 manatı onun və anasının payı olaraq onlara verilmiş, həmin pulun bir hissəsinə ünvan 4 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi alınmışdır. Evin və evin yerləşdiyi torpaq sahəsinin heç bir sənədi yoxdur, satıcı tərəfindən onun adına yalnız etibarnamə verilmişdir. Həmin vaxtdan o, anası, qızı və Ceyhunə ilə birlikdə özbaşına inşa olunan həmin fərdi yaşayış evində yaşamış, evə qeydiyyata alınmışlar. Ceyhunəyə məxsus cehiz əşyaları hələdə bu evdə yerləşir. Evin bir otağında o, Ceyhunə və qızları Zeynəb ilə, bir otağında anası yaşamış, üçüncü otaq isə ümumi istifadədə olmuşdur. Ceyhunə ilə ailə münasibətləri pozulduğundan anası 2021-ci ilin avqust ayında Ceyhunəyə “ya barış, ya da evdən çıx get” demiş, Ceyhunə də çıxıb getmişdir. Hazırda nə o, nə də anası Ceyhunənin və qızı Zeynəbin evlərində yaşamalarını istəmirlər.
9. Məhkəmə iclasında iştirak edən Sürəyya Qasımova da bənzər məzmunda izahat vermiş, keçmiş gəlini evinə buraxmayacağını bildirmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
11. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
“X7 haqqında” Azərbaycan Respublikasının Qanunu
12. Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
14. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 81. Qanuna və ya digər X7a əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
22. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
23. Belə ki, keçmiş gəlinlərin mənzilə köçürülmə tələbi ilə bağlı hazırda istifadə olunan hüququn ümumi prinsipləri və ya hüququn konkret sahələrinə aid prinsipləri ilə bağlı birinci instansiya məhkəməsinin dəyərləndirməsi daha doğru görünür. Analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var və Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.
24. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə, özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir.
25. Bununla yanaşı qeyd olunmalıdır ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.
26. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
27. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Hazırkı işdə müəyyən olunan hallar odur ki, iddiaçı, Cavabdeh2la nikaha daxil olduqdan sonra qayınatasına məxsus mənzilə gəlin köçmüş, qayınatasının 02.09.2013-cü il tarixdə vəfat etməsindən sonra həmin mənzil ¼ hissə payla onun 4 vərəsəsinin, o cümlədən İddiaçı həyat yoldaşı Cavabdeh2 mülkiyyətinə keçmiş, 2016-cı ilin iyul ayına qədər onlar orada birlikdə yaşamış, 02.07.2016-cı il tarixdə mənzil 83 000 manata satılmış və Cavabdeh2 payına düşən hissəyə görə ona 29 500 manat ödənilmiş, bundan sonra tərəflər ünvan 4 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evini alaraq orada yaşamağa başlamışlar. Başqa sözlə, qayınatasına məxsus mənzil paylı mülkiyyət hüququ ilə həyat yoldaşının mülkiyyətinə keçdikdən sonra İddiaçı həmin mənzilə (mənzilin müvafiq pay hissəsinə) Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən istifadə hüququ yaranmış, mənzil onun istifadə hüququnun mövcud olduğu dövrdə satılmış, İddiaçı satışdan əldə olunan vəsaitlə alınacaq digər evdə həyat yoldaşı ilə birlikdə yaşayacağına əmin olduğu üçün mənzilin satılmasına etiraz etməmiş, istifadə hüququnun müqabilində hər hansı vəsait istəməmişdir. Kollegiyanın qənaətinə görə bu o deməkdir ki, ünvan 4 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin alınmasında İddiaçı da dolayı şəkildə maddi iştirakı olmuşdur.
28. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehlərin təzyiqləri nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də cavabdehlər buna imkan verməmişlər. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir.
29. Kollegiya həmçinin hesab edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşağı ilə birlikdə həmin şərtlər daxilində pasport qeydiyyatında olduğu və əşyalarının yerləşdiyi bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da cavabdehlərlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onun azyaşlı uşağı ilə birlikdə mübahisəli evə köçürülməsi barədə gəlinən qənaət əsaslı hesab edilməlidir.
30. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8314/2021 saylı iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov