Məhkəmə qərarları › İş №2(103)-2140/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2140/2023

11.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2140/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “dəymiş maddi ziyan ödənilməklə mənzildən məcburi çıxarılma” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “dəymiş maddi ziyan ödənilməklə mənzildən məcburi çıxarılma”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4223/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ona dəymiş maddi ziyanı ödəməklə zəbt olunmuş mənzildən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyətçisi olduğu ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m2 olan fərdi yaşayış evinin 1 otağını maddi durumunun aşağı olması səbəbi ilə 1 aylıq (100 manata) müvəqqəti olaraq Cavabdeh kirayə vermişdir. Cavabdeh onun mərhəmətindən və hüquqlarını bilməməyindən sui istifadə edərək bu günə kimi həm aylıq kirayə pulunu verməməklə həm də otağı boşaltmamaqla Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını qanunsuz olaraq pozmuşdur. Sözügedən fərdi yaşayış evi xüsusi mülkiyyətindədir. Həmin ünvandakı evin 1 otağını Cavabdeh qanunsuz zəbt edərək, ələ keçirib onun ünvana gediş-gəlişinə mane olur, giriş qapılarının kilidini, qıfılı dəyişdirib içəri daxil olmağa və xüsusi mülkiyyətinə baxmağa qoymur, hətta bir neçə dəfə ora getmək istəyərkən kobudluq da etmişdir. Hazırda cavabdehin qanunsuz hərəkətləri nəticəsində qanunsuz olaraq mülkiyyətində olan mənzildən məhrum olunmuşdur. Evini zəbt etmiş cavabdehin qanunsuz istifadəsi əsası ilə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarına istinad edərək hazırki mübahisəni başlamaq qərarına gəlmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək kirayə haqqına görə 750 manat, ev telefonun pulunu ödədiyinə görə 14,25 manat, qıfılı dəyişməyə görə 15 manat, dövlət rüsumuna görə 100 manat, vəkilə ödənilmiş xərclərə görə 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmənin 22 noyabr 2022-ci il tarixli qərardadı ilə X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4223/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Nərgiz Tağıyeva) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

2. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

3. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

5. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimyyəti başçısının xx.xx.2017-ci il tarixli 59 nömrəli Sərəncamının surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin N.Ə.Rzayevanın adına sənədləşdirilməsinə icazə verilmişdir;

6. X7 tərəfindən X3 verilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, sonuncuya ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin özəlləşdirilməsi, satılması, dəyişdirilməsi, ipoteka qoyulması, bağışlanması və s. səlahiyyətləri nəzərdə tutan 50 il müddətinə etibarnamə verilmişdir;

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-543/2022 saylı, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı iddiası təmin edilmiş, cavabdeh İddiaçı ünvan 3 ünvanda yerləşən 46.5 kv.m sahədən ibarət fərdi yaşayış sahəsindən çıxarılması, evin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir;

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7618/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 543/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır;

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1060/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7618/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır;

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3333/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı evə köçürülmə və cavabdehin mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)- 548/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmış, apellyasiya zamanı X6 məhkəməyə ərizə göndərərək və ərizəsini müdafiə edərək iş üzrə iddiasından imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır;

11. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3059/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X4 ünvan 3 ünvanda yerləşən 46.5 kv.m sahədən ibarət, fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir;

12. 14.11.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3059/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə aparılmış icra tədbirləri nəticəsində tələbkar X1 mənzilə köçürülmüş, həmin mənzilin giriş çıxış açarları tələbkara təhvil verilmiş və bu barədə müvafiiq akt tərtib edilmişdir. Həmin akta əsasən, icra yerində olan Cavabdeh mənzilin açarlarını təhvil vermiş və şəxsi əşyalarını götürərək mənzili tərk etmişdir. Tətbiq edilən maddi hüquq normaları:

13. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi: Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Tətbiq edilən prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

15. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, apellyasiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərardadı ilə X4 cavabdeh İddiaçı qarşı mübahisələndirilən evə köçürülmə və cavabdehin mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi səbəbindən xitam verilmişdir. Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə X4 Cavabdeh qarşı Nürəddin Süleyman küçəsi 1 saylı ünvanda yerləşən 46.5 kv.m sahədən ibarət fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilmiş və qətnamə icra olunmuşdur. Hazırda İddiaçı ünvan 4 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m2 olan fərdi yaşayış evinin onun mülkiyyətində olduğunu iddia edərək, Cavabdeh həmin evdən çıxarılması və dəymiş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Əhmədovanın Azərbaycana qarşı iş üzrə Qərarında qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”.

19. Hazırki işdə isə iddiaçı mübahisələndirilən fərdi yaşayış evinin ona məxsus olduğunu və bu səbəbdən həmin mənzildə qanunsuz qalan cavabdehin oradan çıxarılmalı olduğunu bildirsə də, təqdim edilmiş sübutlardan görünür ki, iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquq müəyyənedici sənədi, eləcə də “gözlənti” hüququ mövcud olmamışdır. Belə ki, iddiaçının istinad etdiyi, iş materiallarına əlavə edilmiş etibarnamədən görünür ki, mübahisələndirilən mənzilə dair iddiaçının qızı Emiliya Bayramovaya 50 il müddətinə ümumi etibarnamə verilmişdir. Eyni zamanda iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1060/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına istinad edərək fərdi yaşayış evinə dair hüquqlarının tanındığını bildirsə də, həmin qərardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli araşdırılmaması, işin hallarına düzgün qiymət verilməməsi əsası ilə ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Həmçinin qeyd olunmalıdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 həmin mənzilə köçürülməsi qət edilmiş, qətnamə icra edilərək hazırki iş üzrə Cavabdeh mənzildən çıxarılmış, X6 isə həmin mənzilə köçürülmüşdür.

20. Kollegiya qeyd edir ki, iddiaçının mübahisəli mənzilə hər hansı hüququ olmadığından rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı oluşdur, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

21. Bundan başqa, iddianın dəymiş ziyanın ödənilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən və tələbin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, rayon məhkəməsi həmin hissədə də iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Nəticə:

22. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

24. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4223/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar