Məhkəmə qərarları › İş №2(103)-2140/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2140/2024

17.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2140/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “X6” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, e-2(007)-2734/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı xx.xx.2018-ci il tarixdə “X6” MMC-də “tibb bacısı” vəzifəsinə, xx.xx.2020-ci il tarixdən “Fizioterapiya üzrə böyük tibb bacısı” vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023cü il tarixli 732 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) rəhbərliyin göstərişi əsası ilə işdən azad edilmişdir. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli 732 nömrəli əmrinin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmağını, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “X6” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmağı barədə “X6” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 732 saylı əmrin ləğv olunması, onun işinə bərpa olunmağına, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının və mediasiya xərcinə görə 50 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə “X6” Hospitalda tibb bacısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə isə Fizioterapiya şöbəsinə fizioterapiya üzrə böyük tibb bacısı vəzifəsinə qəbul olunmuşdur. 02 iyun 2023-cü il tarixdə heç bir tutarlı əsas göstərmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) işdən azad etmişdir. Qeyd olunan əmr əsassız olaraq verilmişdir. Belə ki, əmək məzuniyyətindən qayıtdıqdan sonra yalnız bir gün işləmişdir. Səhhətində problem yaranmışdır. Bununla bağlı Bakı şəhəri 38 saylı şəhər poliklinikasına müraciət etmiş və 02 iyun 2023-cü il tarixdən ona əmək qabiliyyətinin olmaması vərəqəsi açılmışdır. Onun xəstəliyi ilə bağlı işdən azad edildiyi günlər xx.xx.2023-cü il tarixdən 13 iyun 2023-cü il tarixə kimi davam etmişdir. Onun işə başladığı tarix isə xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Onun belə vəziyyətdə, yəni hansısa poliklinikada qeydiyyatda olduğu və onun adına əmək qabiliyyətinin olmaması vərəqəsi verildiyi halda onun 02 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması yol verilməzdir. Bülletendə olduğu müddət gözlənilməli idi və bundan sonra qərar qəbul oluna bilərdi. Eyni zamanda cavabdeh böyük bir təşkilatdır. Həmin təşkilatın həmkarlar ittifaqı olmalı və həmkarların rəyi alınmalı idi. Çünki işçini 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması zamanı həmkarların rəyinin alınması şərtdir. Qeyd edir ki, ona ilk olaraq 02 iyundan ixtisara düşdüyünü bildirmişlər. Bundan sonra həmin tarixdə ona iki aylıq əmək haqqı hesablanaraq ödənilmişdir. Bundan sonra əmri müraciət edərək aldığı zaman əmrin verilməsi gecikdirilmiş və iki həftədən sonra, yəni işdən azad olunduqdan bir ay 11 gün sonra ona təqdim edilmişdir. Əmrin surətini rəsmi qaydada 13 iyul 2023-cü il tarixdə əmək kitabçası onlara təqdim edilmişdir. Bu zaman 70-ci maddənin “ç” bəndinə əsasən işdən azad edilməsini bilmişdir. Artıq hüququ pozulmuşdur. Əmrin surəti ona məqsədli şəkildə elan olunmamış, işdən çıxma əmri gizlədilmişdir. Halbuki, cavabdeh tərəf poçt vasitəsi ilə əmri və əmək kitabçasını göndərə bilərdi. Ancaq nədənsə etməmişlər. İddiaçının işlədiyi müəssisədə heç bir qanunsuz hərəkəti olmamışdır. Bununla bağlı tənbeh edilməmişdir. Fasiləsiz olaraq beş ildən çox müddətə həmin müəssisədə işləmişdir. Yuxarıda qeyd etdiyi kimi fəaliyyət göstərmişdir və deməli onun fərdi əmək müqavilə əsasında fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyindən, əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilməlidir. Cavabdeh qanunun tələbini pozmuş, hökmran mövqeyindən istifadə edərək, onu aldatmış və ona əmək müqaviləsini imzalatmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, e-2(007)- 2734/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 732 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı “məşğulluq təsnifatı üzrə: Tibb bacısı, klinika, əmək müqaviləsi üzrə: “Fizioterapiya üzrə böyük tibb bacısı” vəzifəsinə bərpa olunması, “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək hər ay üçün 1161 manat məcburi işburaxmaya görə əmək haqqının İddiaçı ödənilməsi, “X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən 50 manat mediasiya xərcinin İddiaçı xeyrinə tutulması və məhkəmə xərclərinə aid olan dövlət rüsumunun cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, tərəflər arasında əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə xx.xx.2023-cü il tarixli 732 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) rəhbərliyin göstərişi əsası ilə xitam verilmişdir. Məhkəmə iddia tələbinin cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 732 nömrəli əmrinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilmişdir. Əmrdən görünür ki, işdən azad edilmə əsası “rəhbərliyin göstərişi” qeyd olunmuşdur. İlk növbədə məhkəmə İddiaçı işdən azad edilmə əsasına münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, Əmək Məcəlləsinə əsasən sadəcə rəhbərliyin göstərişi ilə işçi izdən azad edilə bilməz. Qanunvericiliyin tələbinə əsasən işəgötürən Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Müqavilənin xitam verilməsinə istinad olunan maddi hüquq norması isə “əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi” qeyd olunmuşdur. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, İddiaçı “Fizioterapiya” şöbəsinin işçilərinə xx.xx.2023cü il tarixdə qeyri-iş günü olduğundan işə gəlməmələrini bildirmiş və klinikanın fəaliyyətinə və büdcəsinə bir günlük xəstə itkisi səbəbi ilə ziyan vurmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 635 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyəti verilmişdir. Belə olan halda iddiaçı işə xx.xx.2023-cü ildə çıxmalı idi. Belə ki, xx.xx.2023-cü il qeyri-iş günü bazar gününə təsadüf etdiyindən xx.xx.2023-cü il də iş günü deyildir. İddiaçı işdə olmadığı halda şöbənin işçilərinə xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini bildirməsi mümkün deyil. İşin hallarından müəyyən olunur ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsas kimi təqdim etdiyi sübutlar işin faktiki halları ilə uyğun gəlmir. xx.xx.2018-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin surətindən göründüyü kimi, iddiaçının əmək funskiyalarının konkret dairəsi müəyyənləşdirilmişdir və onun işçilərin işə çıxma qrafikini tərtib etmək kimi vəzifəsi müəyyən olunmamışdır. Eyni zamanda hamıya məlum olan hal ondan ibarətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2022-ci il tarixli Qərarı ilə təsdiqlənmiş 2023-cü il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən 2023-sü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq 29 may istirahət günüdür. Həmçinin xx.xx.2023-cü il tarixli 113 nömrəli əmrdən görünür ki, xx.xx.2023-cü il tarixdə qeyri-iş günü işə cəlb olunmalı işçilərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. Faktiki olaraq İddiaçı məzuniyyətdə olsa da cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iddiaçının işdə olmasını və işçilərə xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini dediyini bildirdi. Dediklərinin təsdiqi olaraq işçilərin xx.xx.2023-cü il tarixli izahatlarını təqdim etsə də iddiaçının işdə olmasını sübuta yetirə bilməmişdir. Beləliklə bütün qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlmişdir ki, xx.xx.2023-cü il tarixli 732 nömrəli əmrdən görünür ki, əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) qeyd olunsa da əmrdə işçinin konkret hansı hüquq pozuntularına yol verməsi qeyd olunmamışdır. Halbuki, Əmək Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa sözügedən əmrin verilməsinin əsası rəhbərliyin göstərişi qeyd olunmuşdur. Bundan belə nəticəyə gəlmək olar ki, iddiaçının işdən azad olunmasına ciddi səbəb olmamış, sadəcə rəhbərliyin göstərişi ilə Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsi üçün nəzərdə tutulmuş ən ağır maddəsi ilə iddiaçının karyerasına son qoyulmuşdur. Həmçinin məhkəmə xx.xx.2023-cü il tarixli 732 nömrəli əmrin verilmə tarixinə münasibətdə bildirir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək bülletendə olmuşdur. Əmək qabiliyyətinin olmaması barədə ******* nömrəli vərəqədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixdən işə başlamalıdır. Buna münasibətdə cavabdehin vəkili və nümayəndəsi İddiaçı xx.xx.2023-cü il tarixdə işdə olduğunu sübut edən kamera görüntülərinin olmasını, 732 nömrəli əmrin iddiaçıya elan olunduqdan sonra işdən gedərək bülleten aldığını bildirmişdir. Lakin İddiaçı həmin tarixdə işdə olmasını təsdiq edən videogörüntülər yaxud digər sübütlar məhkəməyə təqdim olunmamışdır. Qanunvericiliyin tələbinə əsasən işçi xəstə olduğu dövrdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qadağandır. Belə ki, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Lakin cavabdeh tərəfindən qanunvericiliyin tələbi kobud şəkildə pozulmuş və iddiaçı xəstə olduğu gün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi xx.xx.2023-cü il tarixli 732 nömrəli əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmağı, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 42, 44, 45, 68, 70, 71.2, 71.3, 73, 74.2, 79, 83.1, 110, 111, 132.1, 154, 156, 294.4, 296.2, 296.3; “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 119.1, 119.2 və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli əmrdə “rəhbərliyin göstərişi” başlıq olaraq qeyd edilmişdir. Belə ki, əmrin əsasını İddiaçı tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi olmuşdur. Daha doğrusu İddiaçı “Fizioterapiya” şöbəsinin işçilərinə xx.xx.2023-cü il tarixdə qeyri-iş günü olduğundan işə gəlməmələrini bildirmiş və klinikanın fəaliyyətinə və büdcəsinə bir günlük xəstə itkisi səbəbi ilə ziyan vurmuşdur. Həmçinin məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli əmrdən də görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyəti verilmişdir. Belə ki, qanunvericiliyə əsasən xx.xx.2023-cü il qeyri-iş günü bazar gününə təsadüf etdiyindən xx.xx.2023-cü il də iş günü olmamışdır. Lakin “X6” Beynəlxalq Hospital ölkədə fasiləsiz olaraq tibbi xidmətlər göstərir. Belə olan halda bayram və qeyri iş günlərində işçilərin işə cəlb olunması normal haldır və İddiaçı da məzuniyyəti bitdiyindən işə cəlb olunmuşdur. Bundan əlavə İddiaçı ilə “X6” Beynəlxalq Hospitalın həkimləri arasında “WhatsApp” proqramı üzərindən məlumatların paylaşması qrupu mövcud olmuşdur. Həmin qrupda İddiaçı səs yazısı mövcud olmuşdur ki, (səs yazısında konkret olaraq həmin gün iş olmayacagını israrla bildirmişdir) o da həkimlərin işə gəlməməsi ilə nəticələnmişdir. Eyni zamanda İddiaçı “Fizioterapiya üzrə böyük tibb bacısı” kimi onun əmək funksiyalarından da biri həkimlərin işə cəlb olunması qrafikinin təşkil etməsi olmuşdur ki, məhkəmənin gəldiyi nəticə yəni “iddiaçı ilə bağlanmış əmək müqaviləsinin surətindən göründüyü kimi iddiaçının əmək funskiyalarının konkret dairəsi müəyyənləşdirilmişdir və onun işçilərin işə çıxma qrafikini tərtib etmək kimi vəzifəsi müəyyən olunmamışdır”. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının əmək funksiyalarının konkret dairəsi əmək müqaviləsində göstərilməsə də belə, əlavə işlərin görülməsi yəni həkimlərin işə cəlb olunması qrafikinin təşkil etməsi iki tərəfin razılığı əsasında olmuşdur ki, bunun da iddiaçı öhdəsindən layiqincə gələ bilməmişdir. Digər tərəfdən xx.xx.2023-cü il tarixli 732 nömrəli əmrin verilmə tarixi ilə iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək bülletendə olmasını təsdiq edən əmək qabiliyyətinin olmaması barədə ******* nömrəli vərəqənin tarixlərindən açıq-aydın görünür ki, iddiaçı həmin tarixdə əmək qabiliyyətli olaraq işdə olmuşdur. Ona xx.xx.2023-cü il tarixli 732 nömrəli əmri elan etdikdən sonra belə bir addım atmışdır, yəni özünə saxta yolla əmək qabiliyyətinin olmaması barədə vərəqə açdırmışdır. Bundan əlavə əmək qabiliyyətinin olmaması barədə ******* nömrəli vərəqənin olmasından məhkəmədə məlumatlı olmuşlar. Belə ki, iddiaçının belə bir vərəqənin təqdim edilməsi barədə hər hansı bir sübutu olmamışdır. Daha dogrusu belə bir vərəqə mövcud olsa idi belə iddiaçı vərəqəni poçt vasitəsi ilə onlara təqdim edərdi. Bunların hamısı yalandır və iddiaçı həmin gün əmək qabiliyyətli olmuşdur. Məhkəməyə yalan məlumat verərək məhkəməni yanıltmışdır. Bununla yanaşı qeyd edilməlidir ki, “X6” Beynəlxalq Hospitalı olaraq araşdırma aparılmış və məlum olmuşdur ki, İddiaçı “Fizioterapiya” şöbəsinin işçilərinə xx.xx.2023-cü il tarixdə qeyri-iş günü olduğundan işə gəlməmələrini bildirmiş və klinikanın fəaliyyətinə və büdcəsinə bir günlük xəstə itkisi səbəbi ilə ziyan vurmuşdur. Bu kimi halların mövcud olması isə “X6” Beynəlxalq Hospitalın imicinə ziyan vurmuşdur və bu kimi hallar kimin törədilməsindən aslı olmayaraq cavabsız qalmamalıdır. Cavabdeh tərəf olaraq hesab edilir ki, İddiaçı bu kimi əməllərinin cəzasız qalması “X6” Beynəlxalq Hospitalının nüfuzuna xələl gətirir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tələbinin əsasında duran halları mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavahdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Əmək Məcəllə:

9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək.

42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44.1. Əmək müqaviləsi yazılı formada bağlanır.

45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71.2. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

73. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.

79. İşəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

110. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

111. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. 132.1. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir.

154. əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

156. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 294.4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən işi kifayət qədər araşdırmamış, eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə “X6” MMC-də “tibb bacısı” vəzifəsinə, xx.xx.2020-ci il tarixdən “Fizioterapiya üzrə böyük tibb bacısı” vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli 732 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) rəhbərliyin göstərişi əsası ilə işdən azad edilmişdir. İddiaçı cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 732 nömrəli əmrinin qanuniliyini mübahisələndirmiş və əmrin əsassız verilməsini adına əmək qabiliyyətinin olmaması vərəqəsi verildiyi halda onun 02 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad olunması yol verilməz olması ilə əsaslandırmışdır. Cavabdeh iddiaya etirazının əsası kimi İddiaçı əmək intizam qaydalarını pozması, işçilərə xx.xx.2023-cü il tarixinin qeyri-iş günü olduğunu bildirməklə, işçilər işə gəlməmələri ilə xəstəxanaya ciddi ziyan vurmasına, iddiaçıya əmrin 02 iyun 2023-cü il tarixdə iş yerində elan olunması ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, İddiaçı barədə olan xx.xx.2023-cü il tarixli əmrin əsası kimi “rəhbərliyin göstərişi” qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının işdən azad edilmə əsasının əmrdə “rəhbərliyin göstərişi” kimi qeyd edilməsinin qanunsuz olmasını, Əmək Məcəlləsinə əsasən sadəcə rəhbərliyin göstərişi ilə işçinin izdən azad edilə bilməməsi ilə əsaslandırmış və göstərmişdir ki, qanunvericiliyin tələbinə əsasən işəgötürən Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əmrin verilməsinin əsası olaraq “rəhbərliyin göstərişi”nin verilməsi kimi göstərilməsinin Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olmamasını göstərsə də, işin faktiki halları, eləcə də iddiaya olan etirazın dəlillərinin əsaslılığı baxımından bu göstərişin nədən yaranması səbəblərini araşdırmayaraq iddiaçı barəsində iş materiallarında olan müəyyən diqqətəlayiq məqamlara qiymət verməmişdir. Belə ki, müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli 635 nömrəli əmrlə İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyətində olmuş, xx.xx.2023-cü ildə çıxmalı idi. Belə ki, xx.xx.2023-cü il qeyri-iş günü bazar gününə təsadüf etdiyindən xx.xx.2023-cü il də iş günü deyildir. Birinci instansiya məhkəməsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2022-ci il tarixli Qərarı ilə təsdiqlənmiş 2023-cü il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən 2023-cü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq 29 may istirahət günü olmamasına istinad etmişdir. Daha sonra müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli 113 nömrəli əmrdə xx.xx.2023-cü il tarixdə qeyri-iş günü işə cəlb olunmalı işçilərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “X6” Beynəlxalq Hospital ölkədə fasiləsiz olaraq tibbi xidmətlər göstərdiyindən, bayram və qeyri iş günlərində işçilərin işə cəlb olunması müəssisənin daxili işi olmaqla qanunvericiliyin tələblərinə zidd olmamışdır. Göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qeyri-iş günü olmamasını bildiyi halda fasiləsiz olaraq tibbi xidmətlər göstərilməsi baxımından işçilərinin işə çıxmasına dair əvvəldən əmr işçilərə elan etmişdir və kollegiyanın qənaətinə görə bu həm də adı siyahıda olmayan iddiaçıya da birbaşa şamil olunmasa da digər işçilərə aid idi. Lakin iş materiallarından görünür ki, iddiaçının işlədiyi “Fizioterapiya” şöbəsinin əməkdaşları, o cümlədən iddiaçı xx.xx.2023-cü ildə işə çıxmamışlar və bunun səbəblərinin araşdırılması ilə əlaqədar işçilərin xx.xx.2023-cü il tarixli izahatları alınmışdır. İzahatlardan açıq aydın görünür ki, iddiaçı şöbənin işçilərinin olduğu “whatsapp” qrupunda xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini bildirmişdir. Qeyd edilən faktı birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi təsdiq etməsə də, apellyasiya instansiyası məhkəməsinin iclasında bu faktı təsdiq etmiş və bunun hər hansı şəxsin göstərişi ilə deyil, iddiaçının özünün fikri kimi, yəni, 28-i bazar günü olduğu üçün 29-u da iş günü olmaması ilə əsaslandırmışdır. Həmçinin müəyyən edilmişdir ki, bu məsələ ilə bağlı müvafiq araşdırma aparılmış və “X6” MMC-nin böyük tibb bacısı Saygın Demirel cavabdehin rəhbərliyinə raportla müraciət edərək göstərmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə iş günü olmağına baxmayaraq müdiriyyətə bildirmədən bütün komandanın çalışma saatını ləğv edərək xəstələrin seanslarını digər günlərə keçirmişdir. Xəstəxana büdcəsinə bir günlük xəstə itkisi səbəbi ilə ziyan vermişdir. Bu məsələ məlum olduqda isə etdiyi xətanı qətiyyən qəbul etməyərək inkar etmişdir. Göründüyü kimi, raport müəllifi işçilərinin, o cümlədən də İddiaçı işçi kimi xx.xx.2023-cü il tarixdə, müəssisədə iş günü sayılan gündə işdə olmamaqları ilə bağlı iddiaçı ilə həmin vaxtı şifahi araşdırma aparmış, lakin iddiaçı qeyd edilən, cavabdehin xəta hesab etdiyi halı inkar etmişdir. Hətta iş materiallarından görünür ki, iddiaçıdan bu araşdırma davam edən müddətdə, yəni xx.xx.2023-cü ildə izahat verilməsi təklif edilsə də, bundan imtina etmiş və bu hal aktlaşdırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şöbənin işçilərinin olduğu “whatsapp” qrupunda xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini bildirməsi faktı həm nümayəndəsinin etirafı, həm də göstərilən tarixdə işə çıxmayan işçilərin verdiyi izahatlarının məzmunu ilə təsdiqləndiyindən artıq işin mübahisəsiz halıdır. Belə olan halda birinci instansiya məhkəməsinin şöbənin işçilərinin olduğu “whatsapp” qrupunda xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini bildirməsini əks etdirən CD diskini məhkəmə baxışında təqdim edilməsi əsası ilə qəbul etməməsi göstərilən halın mövcud olmaması kimi qiymətləndirilmir və kollegiyanın qənaətinə görə həmin disk məhkəmə baxışının hansı mərhələsində verilməsindən asılı olmayaraq məhkəmə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə ən azından verilən iddianın və ona edilən etirazın dəlillərinin əsaslı olub-olmaması ilə bağlı daxili inamın formalaşdırılması nöqteyi nəzərdən onu dinləyib məzmununda iş üçün əhəmiyyətli olubolmamasına müəyyən mənada qiymət verməli idi. Müəyyən edilmişdir ki, iddiaçının şöbənin işçilərinin olduğu “whatsapp” qrupunda xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini bildirməsi ilə işçilərin həmin tarixdə işə çıxmaması nəticəsində özünü maliyyəşdirilən müəssisə olan MMC-nin xəstələrin seanslarını digər günlərə keçirilməsi ilə xəstəxana büdcəsinə bir günlük xəstə itkisi səbəbi ilə ziyan vurulması ilə cavabdeh tərəfin etirazlarının dəlillərinin ağlabatan və inandırıcı olmasını təsdiq edir və məhkəmə kollegiyası hesab edir ki, bu halda cavabdehin iddiaçının yuxarıda sadalanan konkret hərəkətlərinin (digər işçilərin işə çıxmamalı olmasını bildirməsi) onun barəsində əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi kimi qiymətləndirilməsi üçün kifayət qədər hüquqi zəmin yaratmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsində iddiaçının əmək funskiyalarının konkret dairəsi müəyyənləşdirilməsi və onun işçilərin işə çıxma qrafikini tərtib etmək kimi vəzifəsi müəyyən olunmamasına dair qənaəti ilə bağlı qeyd edir ki, iddiaçının əmək funksiyalarının konkret dairəsi əmək müqaviləsində göstərilməsə belə, əlavə işlərin görülməsi, yəni işlədiyi şöbənin işçilərinə işə cəlb olunması qrafikinin təşkil etməsi iki tərəfin razılığı əsasında olmuşdur. Bu hal apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsinin izahatı və şahid ifadələrinin məzmunu ilə təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu hissədə mövqeyi iddiaçının işlədiyi şöbənin işçilərinin olduğu “whatsapp” qrupunda onların xx.xx.2023-cü il tarixdə işə gəlməmələri barədə ona cavabdehin rəhbərliyi tərəfindən rəsmi qaydada və ya digər formada bildirməsi faktı öz təsdiqini tapdığı halda əhəmiyyətli olardı. Hazırki halda isə iddiaçının işlədiyi şöbənin işçilərinə işə gəlməməklərinə dair bildirməsi tam qanunsuz və özbaşınalıq olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin əmrin əsası kimi “rəhbərliyin göstərişinin” göstərilməsinin tam qanunazidd olmasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmamış və məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tam haqlı olaraq iddiaçı ilə bağlanmış müqavilənin xitam verilməsinə istinad olunan əmək qanunvericiliyinin normasını düzgün tətbiq etmişdir. Başqa sözlə, iddiaçının işdən azad olunmasına ciddi səbəb olduğundan cavabdehin iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qanuni olmaqla, əsas kimi təqdim etdiyi sübutlar da işin faktiki halları ilə uyğunluq təşkil etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində cavabdeh müəssisənin qanuni mənafeyinə ciddi xələl gəlmişdir və məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə “rəhbərliyin göstərişi” əsası göstərilsə də, bu göstərişin iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi kimi hərəkətlərin nəticəsində verilməsi işin araşdırılmış halları ilə tam öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticənin digər əsası kimi İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilməsini təsdiq edən əmək qabiliyyətinin olmaması barədə ******* nömrəli vərəqəsinə istinad etsə də, cavabdehin nümayəndəsi-vəkili İddiaçı xx.xx.2023-cü il tarixdə işdə olduğunu sübutu kimi 732 nömrəli əmrin iddiaçıya elan olunduqdan sonra işdən gedərək bülleten aldığını və onun həmin tarixdə işdə olmasını təsdiq edən sübütlara diqqət yetirməyərək düzgün hüquqi qiymət verməmişdir. Belə ki, əvvəla yuxarıda qeyd edildiyi kimi, iddiaçıdan şöbənin işçilərinin olduğu “whatsapp” qrupunda xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini bildirməsi ilə bağlı araşdırma davam edən müddətdə, yəni xx.xx.2023-cü ildə izahat verilməsi təklif edilsə də, bundan imtna etməsini təsdiq edən akt tərtib edilmişdir. Birinci instansiya məhkəməsi isə bu aktla bağlı ümumiyyətlə araşdırma aparmaq niyyətinin olması iş materiallarından görünmür. Belə ki, əgər məhkəmə işçi xəstə olduğu dövrdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qadağan olunmasına istinad etməklə bunu cavabdeh tərəfindən qanunvericiliyin tələbi kobud şəkildə pozulması kimi qiymətləndirməzdən əvvəl, iddiaçının işdə olmasını göstərən və sübut əhəmiyyətli ola bilməsi istisna edilməyən xx.xx.2023-cü il tarixli aktı qətnamədə göstərməsinə baxmayaraq, onun mötəbər sübut növü kimi qəbul edilməli olub-olmasına qiymətləndirilməmişdir. Bunun üçün ən azından həmin aktı tərtib edən və imzalayan şəxslərin dindirilməsinin təklif edilməsini göstərmək olar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən akta münasibətdə araşdırma aparmaması ilə əlaqədar iddiaya etirazın digər dəlilllərinin də əsaslı olub-olmamasını aydınlaşdırmaq məqsədi ilə sözügedən aktı imzalayan şəxslərin dindirilməsi zəruri və məqsədə uyğun saymışdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında ifadə vermiş xx.xx.2023-cü il tarixli aktı imzalayan “X6” MMC-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri X2 ifadəsində aktın məzmununla göstərilənləri təsdiq edərək xx.xx.2023-cü il tarixdə iddiaçının işdə olmasını, işçilərə xx.xx.2023-cü il tarixinin qeyri-iş günü olduğunu bildirməsi və işçilər işə gəlməməsi ilə bağlı işçilərin verdiyi izahatlarla əlaqədar onun işdən çıxarılması məsələsinin müzakirə olunmasına görə baş verən hadisəyə onun da izahat verməli olmasını bildirəndən sonra izahat verməkdən imtina edərək işdən çıxıb getməsini göstərmişdir. Həmçinin də şahid verilən suallarla əlaqədar əlavə olaraq bildirmişdir ki, həmin vaxt kamera görüntüləri olsa da, bu 1 ay müddətində kameranın yaddaşında qalır. Keçən müddət ərzində isə MMC-də aparılan video müşahidələrlə və barmaq izlərini qeydə alan turniketlər üzrə yeni sistemə, yəni digital sistemə keçildiyi üçün yenidənqurma işləri ilə əlaqədar artıq bu görüntüləri təqdim etmək mümkün deyildir. Lakin bu o demək deyildir ki, iddiaçı həqiqətən də xx.xx.2023-cü il tarixdə işdə olmamışdır. Həmçinin də, iddiaçının xx.xx.2023-cü il tarixdə işdə olarkən izahat verməkdən imtina edərək işdən gedəndən sonra həmin tarixdən də büllütenə çıxması barədə MMC-nin məlumatı olmamış, bu barədə məhkəməyə iddia veriləndən sonra xəbərdar olmuşlar. Apellyasiya instansiyası məhkəməsinin iclasında dindirilmiş cavabdeh MMC-də işləyən Süleyman Yılmaz ifadəsində iddiaçının xx.xx.2023-cü ildə işdə olmasını dəqiq bilməsə də, məzuniyyətdən sonra 1 həftə ərzində işdə olmasını təsdiq etmiş, eləcə də, işə çıxmamasının səbəbinin iddiaçının “whatsapp” qrupunda xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini bildirməsini təsdiq etmişdir. İddiaçı iddia ərizəsində məzuniyyətdən sonra yalnız 1 gün işdə olmasını qeyd etsə də, 31 may və 1 iyun tarixlərdə işə çıxıb-çıxmaması barədə heç nə qeyd etməmişdir. Yəni, aydın deyildir ki, məzuniyyətdən sonra yalnız 30 may tarixində işdə olduğunu təsdiq etdiyi halda, xx.xx.2023-cü il tarixə kimi 31 may və 1 iyun tarixlərdə işdə olmamasının səbəblərini göstərməmişdir. Əgər qeyd edilən tarixlərdə işdə olmamasının səbəbi iddia ərizəsində göstərdiyi kimi səhhətində problemlərin yaranması olmuşdursa, qeyd edilən tarixlərdə işə çıxmadığı halda həmin günlərdə deyil, məhz xx.xx.2023-cü il tarixdə poliklinikaya müraciət etməsinin səbəblərini iddia ərizəsində açıqlamamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2023-cü ildə əmək qabiliyyətinin olmaması barədə ******* nömrəli vərəqə açılması ilə bağlı ən azından işlədiyi MMC-yə məlumat vermək imkanı olsa da, bunu etməmişdir. İddiaçı ərizəsində 02 iyundan ixtisara düşdüyünün ona bildirməsini və bundan sonra həmin tarixdə ona iki aylıq əmək haqqı hesablanaraq ödənilməsini, eləcə də, əmrin surətini rəsmi qaydada 13 iyul 2023-cü il tarixdə ona verilməsini göstərsə də, məhkəmə kollegiyası bu dəlilləri inandırıcı saymır. Belə ki, nəzərə alınsa ki, iddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixlər də daxil olmaqla işdə olduğu halda və həmin tarixlərdə “whatsapp” qrupunda işçilərə xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini bildirməsi ilə bağlı MMC-də daxili araşdırma aparılaraq işə çıxmayaraq işçilərdən izahatlar alınmasını bilməməsi qətiyyən inandırıcı deyildir. Kollegiya qeyd edir ki, 31 may və 1 iyun tarixlərdə səhhətində yaranmış problemlərlə əlaqədar iddiaçnın işə çıxmadığı halda bu barədə MMC-yə məlumat verməsinə dair sübutlar yoxdur. Bu isə bu qənaətə gəlməyə kifayət qədər əsas verir ki, şahidlər iddiaçının məzuniyyətdə sonra xx.xx.2023-cü il tarix də daxil olmaqla işdə olmasına dair ifadələri həqiqət olmaqla və işin faktiki hallarına tam uyğundur. Həmçinin də kollegiya qeyd edir ki, iddiaçı ərizəsində ixtisarla bağlı xx.xx.2023-cü il tarixdən işdən azad edilməsini göstərsə də, bu da işin halları ilə uzlaşmır. Belə ki, qanunveiriciliyin tələbinə görə belə olan halda ixtisara düşmüş işçiyə bu barədə əvvəlcədən rəsmi xəbərdarlıq verilir. Lakin iddiaçı tərəf belə bir xəbərdarlığın olmasını nəinki iddiasında göstərməmiş, buna dair, həmçinin ona iki aylıq əmək haqqı hesablanaraq ödənilməsi ilə bağlı heç bir sübut da təqdim etməmişdir. xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, əmrdə ona istifadə edilməmiş məzuniyyət günləri dövrləri göstərilmişdir ki, bu da həmin əmrə əsasən göstərilən günlər üçün pul ödənilməsinə əsas vermişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bülletendə olduğu müddət gözlənilməli və bundan sonra qərar qəbul oluna bilməsini göstərməsi ilə ona 02 iyundan ixtisara düşdüyünü bildirməsi kimi dəlilləri də ziddiyyətlidir. Başqa sözlə, 02 iyundan ixtisara düşdüyünün ona bildirilməklə, hətta həmin tarixdə ona iki aylıq əmək haqqı hesablanaraq ödənilməsini göstərən iddiaçı özünün dediyinə görə büllütenə çıxması, yəni, xəstəliyi ilə əlaqədar işə çıxa bilməyəcəyi barədə cavabdehə məhz həmin tarixdə məlumat verməsini sübut etməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyinə əsasən işəgötürən tərəfindən işçinin əmək qabliyyətsiz olduğu dövrdə Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin qadağan edilməsi (79cu maddənin 1-ci bəndi) nəzərdə tutulsa da, bu norma eyni zamanda işçinin bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilməsi də nəzərdə tutulmuş 186-cı maddənin işçiyə münasibətdə tətbiqini məhdudlaşdırır. Başqa sözlə, işçinin müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi, əmək funksiyasının tam və ya qismən yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi faktı mövcud olduğu üçün intizam məsuliyyətinə cəlb edilməsi onun 79-cu maddəsinin təsir altına düşməməsini şərtləndirir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: - hüquq bərabərliyinin təmin edilməsi; - mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; - maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; - əsasən əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla əmək qanunvericiliyində hüquqlarından sui istifadə etməsi halı intizam məsuliyyətinə cəlb edilməsinə səbəb olan hallardan biri kimi imperativ olaraq göstərilmişdir. ( 186.1 maddəsi) Həmçinin də tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri olsa da, bu münasibətlərdə sui-istifadə hallarına yol verilməsinin əsasları əmək qanunvericiliyində açıqlanmamışdır. Buna görə də məhkəmə kollegiyası mülki qanunvericiliyin qeyd edilən normasına əsasən hüquqdan sui-istifadə ilə əlaqədar mülki qanunvericiliyin hazırki mübahisəyə tətbiqini mümkün sayır. Belə ki, «Normativ hüquqi aktlar haqqında» Azərbayjan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar müvqe X3 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhz əmək qabiliyyəti olduğu dövrdə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə ləğv olunması qanunla qadağan edilməsini bildiyi halda, qanunla bu kateqoriyada olan şəxslərə verilmiş bu hüququndan sui-istifadə edərək məhz cavabdeh tərəfin nümayəndəsinin izahatında və təqdim etdiyi sənədlərdə göstərildiyi kimi əmək intizamını və üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməməsi kimi hallara yol verməsini, bununla bağlı apaşdırma aparılmasını və hətta ondan bununla bağlı izahat tələb edilməklə sonda ona bu hərəkətlərinə görə barəsindən intizam tənbehi verilməsi ehtimalının yüksək olmasını yəqin edərək etik normalara və müəssisədaxili intizam qaydalarına riayət etməyərək, iş yerindən icazəsiz çıxıb həkimə xəstəliyi ilə müraciət etməklə əmək qanunvericiliyinin, icra intizamının normal ahəngini pozmaqdan belə çəkinməmişdir. Hətta iddiaçı işlədiyi MMC-də həmkarlar ittifaqının olmamasını bildiyi halda belə, iddiaçı iddiasını əsaslandırmaq üçün həmin MMC-də belə bir ittifaqın olmasını və həmkarların rəyinin alınmalı olması kimi mövcud olmayan hallara əsaslanmışdır. Daha sonra iddiaçı tələbində 2018-ci ildən işlədiyi “X6” MMC ilə bağladığı əmək müqaviləsinin qanuniliyini mübahisələndirmədiyi halda, buna dair iddia tələbi sürməyərək MMC-ni qanunun tələbini pozaraq hökmran mövqeyindən istifadə edərək, onu aldadaraq əmək müqaviləsini imzalatdırmalarını göstərmişdir ki, bu halın da hazırki işlə heç bir hüquqi əlaqəsi olmamıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqdan sui-istifadə hallarına yol verməsi kimi halların mövcudluğu cavabdeh tərəfin iddiaya olan etirazlarının əsası kimi istinad etdiyi halların doğru və inandarıcı olması qənaətinə gəlməsinə tam hüquqi əsas verir. Başqa sözlə, iddianın əsaslı olması işin araşdırılmış halları ilə öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 732 nömrəli əmrinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı iddia tələbi qeyd olunan hissədə əsassız olduğundan digər hissələrdə, yəni “işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməsi” və “50 (əlli) manat mediasiya xərcinin cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, İddiaçı ödənilməsi” hissəsində də təmin edilməsi üçün əsaslar olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh “X6” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, e-2(007)- 2734/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “X6” MMC-yə “onun işdən çıxarılmağı barədə “X6” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 732 saylı əmrin ləğv olunması, onun işinə bərpa olunmağına, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının və mediasiya xərcinə görə 50 manat pulun cavabdeh “X6” MMC-dən tutulub İddiaçı ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar