Məhkəmə qərarları › İş №2(103)-2142/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2142/2020

17.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2142/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X7 və X2 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5999/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, məhəllə 3184/3187, ev 3, 34 saylı mənzildən (bundan sonra – mübahisəli mənzil) əşyaları ilə birlikdə çıxarılması və digər şəxslərin təsirindən azad mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1994-cü il tarixli, 916 saylı Binəqədi rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə mübahisəli mənzil ona ayrılmış, “Binəqədineft” NQÇİ-nin tərəfindən ona (ailə tərkibi 6 nəfərlə özü, yoldaşı, 2 oğlu, 2 qızı) Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, məhəllə 3184/3187, 34 nömrəli, 4 otaqlı, 54,01 m2 yaşayış sahəsi olan mənzilin təqdim edilməsi haqqında olan xx.xx.1993-cü il tarixli 09 nömrəli qərarı ilə təsdiq edilmişdir. Hazırda cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun hüquqları pozulur. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçıapellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul ediməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, 9 mərtəbəli 3 saylı binanın tikintisi sona çatdığı zaman qaçqınlar tərəfindən zəbt olunduğuna görə ona verilmiş 34 saylı mənzilə çıxarış ala bilməyib. Məhkəmə işin faktiki hallarını araşdırmayıb. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Binəqədi rayon İcra Başçısının xx.xx.1994-cü il tarixli Sərəncamı ilə ailə tərkibi 6 nəfərlə (özü, yoldaşı, 2 oğlu, 2 qızı) M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, məhəllə 3184/3187, 34 nömrəli, 4 otaqlı, 54,01 m2 yaşayış sahəsi olan mənzil iddiaçının istifadəsinə verilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil KommunalTəsərrüfat Birliyinin 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin 1081 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, xx.xx.1994-cü il tarixdə verilmiş 916 saylı sərəncamda göstərilən Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi 3184/87, mənzil 34 ünvanı Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, ev 3, mənzil 34 ünvanı ilə eynidir. Həmçinin, bu ünvan 9 mərtəbəli binada yerləşir. Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin 1080 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X1 rayonu, Rəsulzadə qəsəbəsi, 3 saylı evin 34 nömrəli mənzilində qeydiyyatdadır və göstərilən 3 saylı ev 34 nömrəli mənzil, 60 mənzilli 5 mərtəbəli binada yerləşir. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, məhəllə 3184/87, ev 3, 34 saylı mənzil xx.xx.2007-ci il tarixdə X3 adına ilkin qeydiyyatdan keçmiş, 1 saylı ASAN Xidmət mərlkəzinin dövlət notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2015-ci il tarixli 2V-408, 2V-409, 2V-410 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə və 3M- 289 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil X4 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsini, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarına əsaslanaraq belə qənaətə gəlmişdir ki, iddiaçı mübahisəlimənzilin onun mülkiyyətində olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədiyindən hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur, ona görə də iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, məhəllə 3184/3187, 34 nömrəli, 4 otaqlı, 54,01 m2 yaşayış sahəsi olan mənzilin Binəqədi rayon İcra Başçısının xx.xx.1994-cü il tarixli Sərəncamı ilə iddiaçının istifadəsinə verilməsi işin mübahisəsiz halıdır. Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********58 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, ünvan 1 ünvanı eyni ərazidə yerləşən, 5 mərtəbəli və 9 mərtəbəli yaşayış binalarında olmaqla təkrarlanır. Bundan əlavə, işdə olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil KommunalTəsərrüfat Birliyinin 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin 1081 nömrəli, xx.xx.2019-cu il tarixli arayışları ilə də sərəncamda göstərilən ünvanın Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, ev 3, mənzil 34 ünvanı ilə eyni olduğu təsdiq edilmişdir. İşdə olan Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, cavabdeh Laçın rayonundan məcburi köçkündür, mübahisəli ünvanda məcburi köçkün kimi qeydiyyatdadır. Mübahisəli mənzilin iddiaçıya verilməsi barədə yerli icra hakimiyyəti orqanının sərəncamının verildiyi dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsi nəzərdə tuturdu ki, yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir (maddə 44). Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər (maddə 48). Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil sahəsinin iddiaçıya verilməsi barədə səlahiyyətli dövlət orqanının qərarı mövcud olduğu halda həmin yaşayış sahəsinə dair şəxsə order verilməməsi, yaxud mənzilə çıxarış alınmaması müvafiq qərar əsasında mənzildə qeydiyyata alınmış həmin şəxsin müvafiq yaşayış sahəsinə dair hüquqlarını həyata keçirməyə mane olmur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Akimova Azərbaycana qarşı iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar də mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul oluna bilər. Həmin iş üzrə order əsasında mənzilə sahiblik edən ərizəçinin mülkiyyət hüququna münasibətdə Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən “mülkiyyət” hesab etmək üçün kifayət qədər əsaslar vardır. Kollegiya nəzərə alır ki, 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hal-hazırda həmin hadisələrin üzərindən 25 ildən artıq müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Mövcud vəziyyətdə iddiaçının hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. İşin istinad olunan hallarını nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5999/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, məhəllə 3184/3187, ev 3, 34 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın və digər şəxslərin təsirindən azad mənzil İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar