Məhkəmə qərarları › İş №2(103)-2143/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2143/2025

10.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2143/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-609/2024 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-609/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və s." tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun ona geri qaytarılması qərara alınmışdır. Qərardadda “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3, 170.1, 170.3-cü maddələrinə istinadən edilmişdir. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: Cavabdeh qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin e-2(006)- 609/2025 saylı, xx.xx.2025-cü il tarixli qərardadının tamamilə ləğv edilməsi və mövcud mülki işə mahiyyəti üzrə baxılıb həll olunmasının davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 29, 71; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 172.1.3, 269-cu maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsi xx.xx.2024-cü ildə məhkəməyə daxil olmuş, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmənin icraatına götürülmüşdür. Artıq 5-ci aydır ki, bu mülki iş üzrə məhkəmə araşdırması davam edir. Azərbaycan Respublikası MPM-nin 172.1.3-cü maddəinə əsasən, digər mübahisələrə dair işlərə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan 4 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Göründüyü kimi, işə baxan məhkəmə Azərbaycan Respublikası MPM-nin 172.1.3-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili əizənin təmin edilməməsini və mülki işin mahiyyəti üzrə baxılmasını xahiş etdi. Bütün bunlara baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin170.1-ci maddəsinə istinad edilərək qərardadının 2-ci səhifəsinin 2-ci abzasında qeyd edilmişdir ki, - Azərbaycan Respublikası MPM-nin 170.1cimaddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Lakin, iş materiallarına nəzər yetirdikdə müəyyən edilir ki, məhkəmənin gəldiyi nəticə düzgün deyil, iddia ərizəsinin geri qaytarılması üçün qərardadda istinad olunan əsasların, yəni Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsasların heç biri mövcud deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-609/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə istinadən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası ilk olaraq münasibətlərin səciyyəsini nəzərə alaraq, işin mülki icraat qaydasında baxılaraq məhkəmənin səlahiyyətlərinə aid olmasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1 və 24.2-ci maddələrinin tələblərinə əsasən: Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir; Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun tələbələrinə görə: 25.1. Normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır. 25.2. Normativ hüquqi aktın normaları ifadə edilərkən həm həddindən artıq ümumiləşdirilmiş, həm də həddindən artıq təfərrüatlı ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin təkrarlanmasına və onların çoxluğuna yol verilməməlidir. 25.3. Normativ hüquqi aktın (onun struktur elementinin) adı yığcam olmalı, aydın ifadə edilməli və həmin aktın (struktur elementinin) əsas mahiyyətini əks etdirməlidir. 25.4. Normativ hüquqi aktın normaları yığcam şəkildə, əsasən təsdiq formasında və indiki zamanda ifadə edilməlidir. 25.5. Normativ hüquqi aktın mətnində istifadə edilən termin və anlayışlar aydın və birmənalı olmalıdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 387, 397-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, istinad edilən maddənin fərqli təfsir edilməsi yolverilməzdir. Qanunun normasının “iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər” məhz oxunan mənanı verir. Normanın “Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər” hissəsi maddənin tələblərinə müvafiq icraatın dayandırılmasını və ya xitam edilməsini ayrıca olaraq nəzərdə tutur və geri qaytarıma əsaslarına aidiyyəti yoxdur. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-609/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar