Məhkəmə qərarları › İş №2(103)-2145/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2145/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2145/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsi, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 dekabr 2023-cü il tarixli qətnamədən İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə vasitəsi ilə verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 446 manat pul məbləğinin, o cümlədən Cavabdeh1 163.375 Rus rublunun və 2.200 manat məbləğində pulun, hüquqi xidmətə çəkilmiş xərcin əvəzi olaraq 130 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,88 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan Cavabdeh1 özünü iddiaçıya vəkil kimi təqdim etmiş, yaranmış çətinliklərin hüquqi həllində köməklik göstərəcəyini bildirmişdir. Özünü iddiaçıya dost kimi göstərmiş və yaranmış münasibətlərdən istifadə edərək müxtəlif vaxtlarda iddiaçıdan borc pul almışdır. Pulun bir hissəsini Rusiya Federasiyasından Cavabdeh1 öz adına, bir hissəsini isə sonuncunun oğlunun, iş üzrə digər Cavabdeh2 adına göndərmiş, pulun bir hissəsini isə Azərbaycan Respublikasındakı tanışları vasitəsi ilə vermişdir. Ümumilikdə həmin puldan 500 manatı xx.xx.2020-ci il tarixdə, 2.118 manatı xx.xx.2020-ci il tarixdə, 1.124 manatı isə xx.xx.2020ci il tarixdə olmaqla, cəmi 3.742 manat Cavabdeh1 adına, 446 manatı isə Cavabdeh2 adına köçürülmə yolu ilə, 2 dəfə 600 manat və bir dəfə 1.000 manat olmaqla, cəmi 2.200 manat pul X2 vasitəsi ilə, ümumilikdə 6.388 manat məbləğində pul Cavabdeh1 verilmişdir. Artıq uzun müddət keçməsinə baxmayaraq Cavabdeh1 aldığı pul məbləğini geri qaytarmaqdan imtina etmişdir Hal-hazırda Cavabdeh1 tapmaq qeyri mümkündür, o telefon zənglərinə də cavab vermir. İddiaçı hesab edir ki, həmin pul məbləğləri cavabdehlərdən alınaraq ona verilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, məhkəmədə hüquqlarını özü müdafiə edə bilməyəcəyi üçün Cavabdeh1 törətdiyi mülki hüquq pozuntusu nəticəsində pozulmuş hüququnun bərpa edilməsi üçün hüquqi xidmətə görə Bakı Şəhəri 20 saylı Vəkil Bürosu ilə bağlanmış müqaviləyə əsasən 130 manat ödəniş etmişdir. Həmin pul məbləği də Cavabdeh1 tutularaq ona ödənilməlidir. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat

3. İş üzrə Cavabdeh1 iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ona və oğluna qarşı məhkəməyə verdiyi iddia tamamilə yalan və uydurma üzərində qurulmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində yazır ki, guya onunla yaxın və dostluq münasibəti olmuşdur. Əslində o, əvvəllər iddiaçını tanımamış, onun Sankt-Peterburqda yaşayan qohumu vasitəsilə tanımış, telefon vasitəsilə danışmış, iddiaçı iş haqqında məlumat vermiş, o da, iddiaçıya bildirmişdir ki, ona etibarnamə verilməli və onun əsasında vəkil tutaraq lazımi köməklik edəcəkdir. Beləliklə, iddiaçının qohumu Səxavət Abbasov rayondan Bakı şəhərinə gəlmiş və onunla görüşmüşdür. O, Səxavət Abbasova bildirmişdir ki, tanıdığı "xxxx" MMC-yə müraciət edərək rəy almaqla mənzillərə nə qədər ziyan dəydiyi müəyyən edilə bilər. X8 ilə "xxxx" MMC-yə müraciət etmişlər, Səxavət Abbasov 250 manat pul ödəmişdir ki, mütəxəssis mənzillərə baxış keçirtsin. Mütəxəssis baxış keçirdərək mənzillərə 10.370 manat ziyan dəyməsi barədə rəy vermişdir. Ondan sonra Neftçala Rayon Məhkəməsinə müraciət etmişlər və Əziz Eminov adında vəkil tutmuşdur. Sonradan isə məhkəmənin növbəti mərhələsində vəkil Ramil Əliyev iştirak etmişdir. İddiaçı iddiasında bildirir ki, ona xx.xx.2020-ci ildə 500 manat, xx.xx.2020-ci ildə 2.118 manat, xx.xx.2020-ci ildə 1.124 manat, 446 manat oğlunun adına köçürtdüyünü və guya ki, 2.200 manat Abbasov Səxavət ona pul vermişdir, halbuki belə fakt olmamışdır. İddiaçı bu pulları ona borc verməmiş, bu pulları işlə əlaqədar vermişdir. Lakin işlə bağlı "xxxx" MMC-yə 250 manat, iki vəkilə birinə 700 manat, digərinə isə 600 manat və digər xərclər 1.500 manat və 800 manat, cəmi bu işə 3.850 manat xərclənmişdir. 6.602 manatdan 3.850 manat çıxanda yerdə qalır, 2.752 manat. 2.752 manatdan 2.200 çıxanda yerdə qalır 551 manat. Bu yerdə qalan pul onun zəhmət haqqıdır. Halbuki, iddiaçı ona söz vermişdir ki, 1.000 manat pul verəcəkdir. İddiaçı ilə münasibəti ona görə pozulmuşdur ki, tutduğu iki vəkili pisləmiş, ondan narazı qalmış və bildirmişdir ki, bu işdən dostu X1 7.000-8.000 manat pul almalıdır. O, isə iddiaçıya bildirmişdir ki, “sənin heç o iki otaqlı evinin o qiyməti yoxdur, məhkəmə təmin edə bilər yalnız dəymiş ziyanı, mənəvi ziyanın isə bu işə heç bir aidiyyəti yoxdur.” Onun oğlu Cavabdeh2 bu işə heç bir adiyyəti yoxdur. Cavabdeh2 iddiaçını tanımır, onunla heç bir münasibəti olmamış və ona görə də cavabdeh kimi işdə iştirak etməməlidir. Ona görə də, iddianın rədd edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, iddiaçı ona ayrı-ayrı vaxtlarda 165.375 rubl pul vəsaiti vermişdir. Eyni zamanda iddiaçının tələb etdiyi 446 manat pul da ona çatmışdır. Sadəcə onun kart hesabı olmadığından həmin məbləğ onun oğlu Cavabdeh2 hesabına köçürülmüş, həmin məbləğ də ona çatmışdır. Cavabdeh2 bu işlə heç bir əlaqəsi olmamışdır. İddia tələbinin 2.200 manat hissəsini qəbul etmir. Belə ki, o, iddiaçıdan və iddiaçının adından başqa şəxsdən hər hansı pul almamışdır. İddiaçı tərəfindən ona verilən pulların bir hissəsini iddiaçının işlərinə görə xərcləmişdir. Onun hal-hazırda iddiaçıya 1.800 manat borcu vardır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Cavabdeh1 ödəniş gününə qüvvədə olan məzənnə ilə 165.375 rubl və 446 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsini, iddia tələbinin qalan hissədə, həmçinin Cavabdeh2 münasibətdə təmin edilməməsini, ödənilmiş 83,88 manat dövlət rüsumunun 28,88 manatının iddiaçıya aid edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəlmiş olduğu qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıdan alınmış pul vəsaitinin qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, onun üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi bu hissədə qismən təmin edilərək, 165.375 rubl və 446 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq, iddiaçıya verilməlidir. Rayon Məhkəməsi həmçinin hesab etmişdir ki, iddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə sübuta yetirilmədiyi üçün əsassızdır. d) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi tərəfindən işdə olan sübutlar düzgün qiymətləndirilməmiş, iddianın tam sübuta yetirilməsinə baxmayaraq, qismən təmin edilməsi barədə qanunsuz qətnamə qəbul edilmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

9. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə Madər oğlu apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apelyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

10. İddiaçı apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

11. İşə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

12. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat

13. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

14. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə qətnaməni qismən, yəni iddianın rədd edilməsi hissəsini mübahisələndirmişdir. O, qətnamənin qalan hissəsini, yəni iddianın təmin edilməsi hissəsini mübahisələndirməmişdir.

15. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

17. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməlidir.

18. Belə ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə (hazırki iş üzrə tərəf olmayan) X1 Bakı şəhəri, Nərimanov rayon, Ə.Əliyev küçəsi, ev 65-də yerləşən və (hazırki iş üzrə iddiaçı) İddiaçı məxsus olan 48 və 49 saylı müvafiq olaraq 2 və 3 otaqlı mənzillərin təmir edilib, yararlı hala salınması üçün görülməli tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 10.436 manat, ödənilmiş avadanlıqların pulu kimi 6.499 manat, hüquqi xidmətə görə çəkilən xərcin əvəzi olaraq 312 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 12 manat alınıb İddiaçı oğluna ödənilməsi qət edilmişdir.

19. Neftçala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə X1 təmirlə bağlı ziyanın əvəzinin ödənilməsi məqsədilə 10.370 manat, ödənilmiş avadanlıqların pulu kimi 2.050 manat zəhmət haqqı kimi ödənilmiş 20.000 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinin alınıb İddiaçı verilməsi qət edilmişdir.

20. Hazırki işə baxmış Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır. İddiaçı onun bacısının əridir. İddiaçı ona zəng edərək, Cavabdeh2 işə düzəlmək istədiyini, onun Azərbaycanda olan pulundan götürüb ona verməsini xahiş etmişdir. İddiaçının sözü əsasında bir dəfə 1.000 manat, ayrı-ayrılıqda isə 600+600 manat, cəmi 2.200 manat pulu Cavabdeh2 vermişdir.

21. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

23. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.

24. Lakin Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı 2 dəfə 600 manat və bir dəfə də 1.000 manat, cəmi 2.200 manat pulu X2 vasitəsi ilə göndərməsini, həmin pulun alınaraq ona verilməsini tələb etsə də bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.

25. Digər tərəfdən Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı digər Cavabdeh2 446 manat verməsinə dair sübut təqdim etməsə də, Cavabdeh1 həqiqətən həmin pulu oğlu Cavabdeh2 vasitəsilə ona göndərilməsini və həmin pulu qəbul etməsini etiraf etmişdir.

26. İddiaçı apellyasiya şikayətində şahid Səxavət Abbasovun ifadəsinə düzgün qiymət verilmədiyini, şahidin ifadəsi ilə iddianın tam sübuta yetirildiyini bildirsə də, məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi iş materialları ilə öz təsdiqini tapmamış, şahid Cavabdeh2 pulları poçt vasitəsi ilə göndərdiyini bildirsə də, bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

27. Odur ki, iddiaçının Cavabdeh1 2.200 manat məbləğində pulu verməsi barədə tələbini əsaslandıran hallara dair sübutları məhkəməyə təqdim edə bilməməsini nəzərə almış Rayon Məhkəməsi iddianı həmin hissədə rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

28. Bundan başqa, iddianın əsası kimi istinad edilən halların digər Cavabdeh2 ilə hər hansı bağlılığı, onun iştirakının olması müəyyən edilmədiyindən, verilmiş pul məbləğinin qaytarılmamasına görə iddiaçı qarşısında cavabdehdən yalnız Cavabdeh1 cavabdehlik daşıması ilə Rayon Məhkəməsinin qənaəti də düzgün olmaqla işin hallarına uyğundur. Belə ki, Cavabdeh2 tərəflər arasında olan öhdəlik münasibətlərində iştirak etməmiş, pul onun vasitəsilə atası Cavabdeh1 çatdırılmış, o özü həmin münasibətdə formal olaraq iştirak etmiş və hər hansı rolu olmamışdır. Digər tərəfdən məhkəmə iclasında tərəflər həmin halı təsdiq etmişlər.

29. İddianın “130 manat hüquqi xidmətə çəkilmiş xərcin əvəzinin ödənilməsi” hissəsində Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Məhkəmə bildirir ki, MPMin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

30. MPM-in tələblərinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir (maddə 222.2.). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir (maddələr 115.0.5. və 115.0.6.).

31. Rayon Məhkəməsi müzakirə edilən hissədə öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı 130 manat hüquqi xidmətə çəkdiyi xərcin əvəzi tələbini irəli sürsə də, həmin hüquqi xidmətin göstərilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

32. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən həmin hüquqi xidmətin göstərilməsini təsdiq edən sübut Rayon Məhkəməsinə təqdim edilmişdir. Belə ki, işin 15-ci vərəqində olan 32984 nömrəli “Qəbzdən” görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 770 nömrəli müqavilə üzrə 129 manat pul və buna görə 1 manat komissiya haqqı ödənilmişdir.

33. İş materiallarında olan 770 nömrəli, xx.xx.2023-cü il tarixli “hüquqi yardımın göstərilməsi haqqında müqavilədən” görünür ki, iddiaçının müraciəti əsasında onunla həmin Vəkil Bürosunun vəkili Nümayəndə arasında Xəzər Rayon Məhkəməsində pul tələbinə dair mülki iş üzrə hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır.

34. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 109 manat və əlavə 20 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir.

35. İşin 16-cı vərəqində olan ******* nömrəli “Vəkil orderindən” və iş materiallarından görünür ki, vəkil Nümayəndə tərəfindən hazırki iş üzrə iddiaçıya hüquqi xidmət göstərilməsi aşkardır.

36. Belə olan halda, hüquqi xidmətin göstərilməsini təsdiq edən sübutun məhkəməyə təqdim edilməməsi ilə bağlı Rayon Məhkəməsinin qənaəti əsassızdır. Müzakirə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməklə Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. f) apelyasiya baxışının nəticəsi

37. Beləliklə Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hüquqi xidmətin göstərilməsinə görə çəkilmiş xərcin əvəzinin tutulması hissəsində iddianı rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən də, qətnamə həmin hissədə ləğv edilməli və iddia həmin hissədə təmin edilməlidir.

38. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

39. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən, yəni yalnız hüquqi xidmətin göstərilməsinə görə çəkilmiş 130 manat xərcin əvəzinin ödənilməsi hissəsində əsaslı hesab edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

40. Məhkəmə həmçinin bildirir ki, apellyasiya baxışının predmetini təşkil edən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

41. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 dekabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni hüquqi yardıma görə çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 130 (bir yüz otuz) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni iddianın təmin edilməmiş qalan hissəsində qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Nəzərə alınsın ki, qətnamənin qalan hissəsi, yəni iddianın qismən təmin edilməsi, Cavabdeh1 ödəniş gününə qüvvədə olan məzənnə ilə 165.375 (bir yüz altmış beş min üç yüz yetmiş beş) rubl və 446 (dörd yüz qırx altı) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 (əlli beş) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi hissəsində apellyasiya baxışının predmeti olmamışdır. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar