Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2147/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, X1katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Ümid Nəbizadənin iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi və s. tələblərinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4931/2019 saylı iş üzrə 05 noyabr 2019cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri 225 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyir və əmək haqqını ödəniş kartı vasitəsilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – cavabdeh və ya Bank) açılmış cari bank (fərdi kart) hesabından alır. 2019-cu ilin mart ayında ödəniş kartının istifadə müddəti bitdiyi üçün iddiaçı Banka müraciət etmiş, təqdim edilmiş Özünüqiymətləndirmə anketini doldurmaqdan imtina etdiyi üçün ona yeni kart verilməmişdir. 02.05.2019-cu il tarixdə iddiaçı Bankın Yasamal filialına müraciət edərək əmək haqqı hesabından çıxarış istəmiş və çıxarışın verilməsi üçün ondan 10 manat xidmət haqqı tutulmuşdur. İddiaçı 25.06.2019-cu ildə cavabdehə rəsmi müraciət edərək bank hesabından əmək haqqının ona nağd qaydada verilməsini xahiş etmiş, lakin müraciəti təmin olunmamışdır. 27.06.2019-cu il tarixdə iddiaçı ilə “xxxx” ASC arasında 2000 manat həcmində pulun verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kreditin alınma tarixi onun hesaba köçürüldüyü tarix hesab olunur (bənd 2.5), kredit üzrə faizlər borc yarandığı tarixdən başlayır (bənd 4.1) və illik 24 faiz təşkil edir (bənd 4.2). İddiaçının bank hesabında 31.05.2019-cu il tarixdə 888,77 manat vəsait olmuş, 04.07.2019-cu il tarixdə 1264,60 manat, 06.09.2019-cu il tarixdə 62,12 manat vəsait köçürülmüş və 14.09.2019-cu il tarixdə qalıq 2215,49 manat vəsait tam həcmdə məxaric edilmişdir. Baxılan iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi və ona əlavələrlə məhkəməyə müraciət edərək, əmək haqqının qanunsuz verilməməsi nəticəsində dəymiş mənəvi zərə görə 1000 manat; maddi zərərə görə (kreditin götürülməsi və kreditin faizlərinə görə) 480 manat; hüquqi xidmətə çəkilmiş xərclərə görə 500 manat, iddiaçının əvəzindən çıxış etmək üçün etibarnamənin yazılmasına görə 5 manat, dövlət rüsumu 30 manat; əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş günə görə 2% faizi məbləğində ödənişin; “Özünüqiymətləndirmə anketi”nin məcburi doldurulmasının cavabehə qadağan edilməsi və əmək haqqı kartının verilməsi; hesabdan çıxarış verilməsinə görə ondan alınmış 10 manatın cavabdehdən alınaraq ona ödənilməsi və cavabdehə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin" 3.1, 3.2, 3.3. 3.4, 3.5. maddələrində qeyd edilən həcmdən az olduğu halda ödəniş alınmasının qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qanunla iddiaçının özünüqiymətləndirmə anketini imzalamaq öhdəliyi yoxdur və bu səbəbdən iddiaçı onu imzalamaqdan imtina edib. Nəticədə əmək haqqından istifadə etmək və ona sərəncam verməkdən məhrum olub. Bank öz imtinasını Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə və Azərbaycan Respublikası Vergilər Nazirinin 2018-ci il 17 aprel tarixli, **********288300 nömrəli əmri ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydaları”na istinadla əsaslandırıb. Halbuki həmin əmr iddiaçıya aid deyil, onun xarici dövlətin fiziki şəxsi olmadığını bildirməsinə baxmayaraq, hər hansı bir tədbir görülməyib. Həmçinin Bankın əmək haqqı olan kart hesabından çıxarışın verilməsi üçün məcburi qaydada 10 manat rüsum tələbi qanunsuzdur. Kart iddiaçının əmək haqqı kartıdır və ona Təhsil Nazirliyi tərəfindən verilib, iddiaçı müəllim vəzifəsində çalışır və Bankla hər hansı müqaviləsi yoxdur və üzərinə hər hansı bir öhdəlik götürməyib. Banka hər hansı sənəd üçün ödəniş etməyə razılıq verməyib. Kartın verilməsindən qanunsuz imtinaya dair iyun ayının 25-dək yazışma və şikayətləri heç bir fayda verməyib. Carı il iyun ayının 25-də Banka öz şəxsiyyət vəsiqəsini təqdim etməklə müraciət edərək əmək haqqı kartından (hesabından) ona məxsus əmək haqqının verilməsini xahiş edib, lakin tələbi yenidən qanunsuz olaraq rədd edilib. Bankın Yasamal filialına şikayət etmək istədikdə şikayət ərizəsinin qəbulundan qanunsuz imtina edilib. Bu barədə Bankın 196 nömrəli qaynar xəttinə şikayət edib, həmin şikayətin səs yazısı mövcuddur. Şikayətin araşdırılması və nəticəsi barədə məlumat veriləcəyi deyilsə də, hər hansı bir tədbir görülməyib. Nəhayət iyul ayının 1-də iddiaçı xarici ölkəyə müalicə məqsədi ilə getməli olduğundan və öz əmək haqqını istifadə etməkdən qanunsuz olaraq məhrum edildiyindən digər bankdan kredit müqaviləsi bağlayaraq 2000 manat məbləğində krediti illik 24% olmaqla götürməyə məcbur olub. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, müştərilərdən özünüqiymətləndirmə anketinin tələb olunması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsaslanan normativ hüquqi aktlara və daxili qaydalara əsasən Bankın üzərinə qoyulmuş vəzifələrdən irəli gəlir. Eyni zamanda Bankla Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında 01.04.2014-cü il tarixdə bağlanılmış “Cavabdeh ASC-nin əməkhaqqı ödəniş kartlarının istifadə edilməsi və xidmət olunması üzrə Baş Müqavilə”-nin 2.1.2-ci bəndinə əsasən Təşkilat Banka hesabların açılması üçün Qanunvericilikdə və Bankın qaydalarında nəzərdə tutulmuş sənədləri təqdim etməlidir. Həmin Müqavilənin 2.4.6-cı bəndinə əsasən təhsil müəssisələri tərəfindən bu Müqavilədə müəyyən edilmiş şərtlər və öhdəliklər yerinə yetirilmədikdə Bankın kartdan istifadəni dayandırmaq və ya saxlamaq hüququ vardır. Qeyd olunan müqaviləyə əsasən hesabın açılması üçün tələb olunan sənədlərin təqdim olunması sifarişçi təşkilatın öhdəliyi olsa da, Bank ilə təhsil müəssisələri arasında yaranmış işgüzar adətlərə əsasən sənədlərin kart istifadəçiləri tərəfindən təqdim olunması nəzərdə tutulmuşdur. Həmçinin iddiaçı iddia ərizəsində kartın Bank tərəfindən ona verilməməsi nəticəsində mülkiyyət hüququnun pozulduğunu qeyd etmişdir. Bank tərəfindən emissiya edilmiş plastik kartlara dair mülkiyyət hüququ Banka məxsusdur, kart sahibləri yalnız kartdan istifadə etmək hüququna malikdirlər. İddiaçı iddia ərizəsində təşkilatla Bank arasında bağlanmış plastik kart sifarişinə dair müqavilənin tərəfi olmadığını əsas gətirərək hesabdan çıxarışın təsdiqlənmiş formada əldə olunması üçün ondan tələb olunmuş 10 manat məbləğində xidmət haqqının qanunsuz olduğunu bildirmişdir. Lakin müştəridən təsdiqli çıxarışa görə tələb olunmuş həmin məbləğ plastik kart sifarişi üzrə müqavilənin deyil, Bank daxili tarif dərəcələrinin tələbidir. Həmçinin iddiaçı iddia ərizəsində əmək haqqı kartının ona verilməməsi nəticəsində digər bankdan kredit götürmək məcburiyyətində qaldığını qeyd edərək Bankdan maddi zərərə görə pul tələb etmişdir. Əmək haqqı kartının əldə olunmamasının bilavasitə səbəbkarı iddiaçının özüdür. Belə ki, o, Bank tərəfindən kartın verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş sənədin imzalanmasından imtina etməsi səbəbindən kartı əldə etməmişdir. Eyni zamanda iddia tələbində hər gecikdirilmiş günə görə 2% ödənişin hesablanaraq tutulması da qeyd olunan səbəbə görə əsassızdır. Həmçinin iddiaçı hüquqi xidmətə görə 500 manat məbləğində çəkilmiş xərcin əvəzini tələb etmişdir. İddiaçının nümayəndəsi onun əri olduğu halda məhkəmədə təmsil olunması üçün 500 manat məbləğində xidmət haqqının alınması ağlabatan deyildir. Ona görə də iddia rədd olunmalıdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Məhkəmə əsassız olaraq iddiaçının tərəfi olmadığı müqavilənin icrasını iddiaçının üzərinə qoyub, digər tələblərlə bağlı mövqeyini əsaslandıra bilməyib, işin faktiki halları təhrif edilib. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, əmək haqqının nağd qaydada ödənilməsi üçün bir neçə dəfə şifahi müraciət edib, nəticə olmadığından 25.06.2019-cu ildə rəsmi qaydada şikayət edib. Lakin əmək haqqını Bankdan yalnız 14.09.2019-cu il tarixdə ala biliblər. Özünüqiymətləndirmə anketində Bank iddiaçıdan şəxsi məlumatların verilməsini tələb etdiyi üçün iddiaçı onu doldurmaqdan imtina edib. Hal-hazırda vəkil deyil, lakin iddiaçıya hüquqi xidmət göstərdiyi üçün müqaviləyə əsasən ondan 500 manat alıb. Prosessual qanunvericiliyə əsasən həmin məbləğ nümayəndəyə çəkilən xərc kimi cavabdehdən tutulmalıdır. Nümayəndə şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək və iddiaya etiraz məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, iddiaçı əmək haqqının nağd qaydada ödənilməsi üçün 25.06.2019-cu ildə Banka elektron qaydada müraciət edib. Lakin qiymətləndirmə anketini doldurmadığından Bankla Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında bağlanmış 01.04.2014-cü il tarixli Müqavilənin 2.1.2-ci bəndinə əsasən pulun nağd qaydada verilməsindən də imtina olunub. Rəsmi müraciət tarixində iddiaçının bank hesabında 888,77 manat vəsait olub, 04.07.2019-cu il tarixdə 1264,60 manat, 06.09.2019-cu il tarixdə 62,12 manat vəsait köçüb. 14.09.2019-cu il tarixdə qalıq 2215,49 manat vəsait tam həcmdə nağd olaraq iddiaçıya verilib. İddiaçıdan hesabdan çıxarışa görə pul tələb olunmayıb. 10 manat xidmət haqqı yalnız təsdiqli çıxarışlara aiddir. İddiaçı da təsdiqli çıxarış istədiyi üçün ondan həmin məbləğ alınıb. İddiaçının pulun gecikdirilməsinə görə gündəlik 2 faiz tələb etməsi qanunsuzdur. Həmin faiz yalnız işəgötürənə şamil oluna bilər. Hazırkı mübahisəyə mülki qanunvericiliyə uyğun olaraq bank uçot dərəcəsinə uyğun illik faiz tətbiq oluna bilər. Nümayəndə qeyd olunanlara əsasən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, baxılan iş üzrə iddia tələbləri aşağıdakılardan ibarətdir: 1) “Özünüqiymətləndirmə anketi”nin məcburi doldurulmasının cavabdehə qadağan edilməsi və əmək haqqı kartının verilməsi; 2) maddi zərərə görə (kreditin götürülməsi və kreditin faizlərinə görə) 480 manat; 3) əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş günə görə 2% faiz məbləğində ödəniş və əmək haqqının qanunsuz verilməməsi nəticəsində dəymiş mənəvi zərərə görə 1000 manat; 4) hesabdan çıxarış verilməsinə görə ondan alınmış 10 manatın qaytarılması və cavabdehə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin" 3.1, 3.2, 3.3. 3.4, 3.5. maddələrində qeyd edilən həcmdən az olduğu halda ödəniş alınmasının qadağan edilməsi. Tələbin birinci hissəsinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli, № 1390-İVQ Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti ilə X5 Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə X8 (X9 Compliance Act - FATCA) tələblərinin həyata keçirilməsi barədə” Saziş təsdiq edilmişdir. Qeyd olunan Sazişin bağlanmasına əsasən qanunvericilikdə müvafiq dəyişikliklər edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.11-4-cü maddəsinə əsasən vergi ödəyicisinin maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini və bu Məcəllənin 76-1-ci maddəsinə uyğun olaraq maliyyə institutları tərəfindən təqdim edilməsi nəzərdə tutulan məlumatların əks olunduğu forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən elektron hesabatların təqdim edilməsini təmin etmək vəzifəsi vardır. Vergilər Məcəlləsinin 60.3 və 76-1-ci maddələri maliyyə institutlarının üzərinə yuxarıda qeyd olunan məlumatları müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etmək vəzifəsini müəyyən edib və bu qaydaya əməl edilməməsinə görə maliyyə sanksiyaları nəzərdə tutub. Eyni zamanda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə müvafiq olaraq bank müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl olunmasını təmin etməli və həmin beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir. Qeyd olunan qanunların icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli, 211 saylı qərarı ilə “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası” təsdiq edilmişdir. Həmçinin Azərbaycan Respublikası Vergilər nazirinin 2018-ci il 17 aprel tarixli, **********88300 nömrəli əmri ilə “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Qaydaların 1.12-ci bəndində bu Qaydaların məqsədləri üçün özünüqiymətləndirmə sənədinin formalarının Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edildiyi, 3.7.2-ci bəndində isə yeni hesab açılarkən hesabat verən maliyyə institutunun bütün fiziki şəxslərdən özünüqiymətləndirmə sənədini almalı olduğu təsbit edilmişdir. Sadalanan bütün normativ hüquqi aktlar ictimaiyyət üçün açıq və alçatandır. Qeyd olunan normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə X3 tərəfindən 25.06.2019-cu il tarixdə “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının 19.01.2015-ci il tarixli qərarı ilə (05 №-li protokol) “Cavabdeh ASC-də hesabların açılması, aparılması və bağlanması üzrə Qaydalar”ı təsdiq edilmiş, qaydalarda hesabın açılması zamanı tələb olunan sənədlərin siyahısı göstərilmiş və həmin siyahıda FATCA tələblərinə uyğun özünüqiymətləndirmə anketi də qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, Bankın iddiaçıya maliyyə xidməti göstərərkən ondan müəyyən şəxsi məlumatların açıqlanmasını nəzərdə tutan özünüqiymətləndirmə anketinin doldurulmasını tələb etməsi Azərbaycan Respublikasının Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təminat verilmiş şəxsi və ailə həyatı sirrinə müdaxilə kimi qiymətləndirilə bilər. Lakin yuxarıda sadalanan normativ hüquqi və normativ xarakterli aktlardan göründüyü kimi belə müdaxilə qanunla nəzərdə tutulmuşdur. Həmin qanunlar (normativ hüquqi aktlar) hüquqi müəyyənlik tələblərinə cavab verir, hamı üçün əlçatan və anlaşılandır. İstinad olunan aktlarda müvafiq məlumatların əldə edilməsi üçün müştərilər tərəfindən vahid formalı anketlərinin doldurulmasının təmin edilməsi vəzifəsi maliyyə institutlarının, o cümlədən Bankların üzərinə qoyulmuş və məlumatların təqdim olunmamasına görə maliyyə sanksiyaları müəyyən edilmişdir. Eyni zamanda şəxsi məlumatların əldə olunması qanuni məqsədlərə xidmət etdiyi üçün demokratik cəmiyyətdə zəruridir. Çünki müvafiq məlumatların əldə olunmasının məqsədi vergilərdən qanunsuz yayınmanın və çirkli pulların yuyulması hallarının aşkar edilməsinə və qarşısının alınmasına, başqa sözlə cinayətkarlığın qarşısının alınmasına yönəlmişdir. Məhkəmə kollegiyası, həmçinin özünüqiymətləndirmə anketində iddiaçıdan tələb olunan məlumatların məzmunu və həmin məlumatların əldə olunması üçün güdülən məqsədləri nəzərə alaraq hesab edir ki, iddiaçının şəxsi və ailə həyatına müdaxilə mütənasibdir. İddiaçının Azərbaycan Respublikası vətəndaşı olduğuna və ya başqa dövlətin vətəndaşı olmadığına istinad etməklə anketi doldurmaqdan imtina etməsi də əsassızdır. Birincisi, yuxarıda istinad olunan normativ aktlarda Bankların üzərinə yalnız əcnəbilərdən deyil, bütün fiziki şəxslərdən özünüqiymətləndirmə sənədini almaq vəzifəsi müəyyən edilmişdir. Digər tərəfdən müvafiq beynəlxalq sazişlərin və bununla bağlı daxili qanunvericiliyin məqsədi yalnız xarici rezidentlərin deyil, Azərbaycan Respublikası rezidentlərinin də xarici ölkələrin maliyyə institutlarında olan hesabları və xarici rezidentlərlə əlaqələri ilə bağlı məlumatları toplamaqdır. Lakin iddiaçının istinad etdiyi yanaşma müvafiq məlumatların əldə olunması ilə bağlı qanunvericiliyin məqsədlərinə nail olmağa imkan vermir. Bununla yanaşı, anketi dolduran şəxsin anketdəki bütün sualları neqativ cavablandırmaqla onu doldurmaq imkanı istisna edilmir. Həmçinin iddiaçı iddia ərizəsində kartın Bank tərəfindən ona verilməməsi nəticəsində mülkiyyət hüququnun pozulduğuna istinad etməsi də əsassızdır. Çünki Bank tərəfindən emissiya edilmiş plastik kartlara dair mülkiyyət hüququ Banka məxsusdur, kart sahibləri yalnız kartdan istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi “Özünüqiymətləndirmə anketi”nin məcburi doldurulmasının cavabdehə qadağan edilməsi və anketi doldurmadan əmək haqqı kartının iddiaçıya verilməsi tələbini təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda istinad olunan əsaslarla iddiaçının apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır. Tələbin ikinci hissəsində iddiaçı cavabdehdən maddi zərərə görə (kreditin götürülməsi və kreditin faizlərinə görə) 480 manat pul tələb edir. Tələb onunla əsaslandırılır ki, cavabdeh iddiaçının əmək haqqını ödəməkdən qanunsuz imtina edib. Səhhəti ilə əlaqədar xarici ölkəyə getmək məcburiyyətində qaldığından başqa bankdan 2000 manat kredit götürüb və kredit üçün 480 manat faiz ödəməlidir. Həmin tələbin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsi təşkil edir. Maddənin dispozisiya şərtlərinə əsasən iddianın həmin hissədə təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin tələbin bu hissəsi üzrə həmin şərtlərin mövcudluğu müəyyən edilmir. Çünki iddiaçı məhkəməyə 27.06.2019-cu il tarixdə “xxxx” ASC ilə 2000 manat həcmində pulun verilməsinə dair kredit müqaviləsi bağlandığı barədə sübut təqdim etsə də, həmin pulun ona verildiyini təsdiq edən sübut iş materiallarında mövcud deyil. Halbuki kredit müqaviləsinin şərtlərinə əsasən kredit üzrə faizlər borc yarandığı tarixdən, yəni kredit xətti üzrə ayrılmış kredit məbləği tam və ya onun bir hissəsi borcalan tərəfindən istifadə edildikdən sonra hesablanmağa başlayır. Digər tərəfdən iddiaçı pul vəsaitinin xaricdə müalicəsi üçün zəruri olduğunu bildirsə də həqiqətən xaricə məhz bu məqsədlə getdiyi barədə hər hansı sübut təqdim etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı əmək haqqının ona nağd qaydada verilməsini tələb etdiyi və kredit müqaviləsi bağladığı dövrdə onun cari hesabında cəmi 888,77 manat vəsait olduğu halda, o, zərər qismində cavabdehdən 2000 manat məbləğə hesablanmış faizləri tələb edir. Eyni zamanda iddiaçının 888,77 manat vəsaitlə müalicə üçün xaricə getməsi inandırıcı və ağlabatan deyil. Bu baxımdan birinci instansiya məhkəməsi maddi zərərə görə (kreditin götürülməsi və kreditin faizlərinə görə) 480 manat pul tələbini təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Tələbin üçüncü hissəsi əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş günə görə 2% faiz məbləğində ödəniş və 1000 manat mənəvi ziyan tələbindən ibarətdir. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, iddiaçının cari hesabında toplanmış əmək haqqının ona verilməsi barədə ilk müraciəti 25.06.2019-cu il tarixdə olmuş, 14.09.2019-cu il tarixdə isə hesabda olan bütün vəsait ona verilmişdir. İddiaçı cari hesabında olan vəsaitin – öz əmək haqqının nağd qaydada verilməsini tələb etdiyi halda cavabdehin Bankla Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında bağlanmış 01.04.2014-cü il tarixli Müqaviləyə istinad etməklə pulu verməkdən imtina etməsi qanunsuz olmuşdur. Çünki mövcud vəziyyətdə nə həmin müqavilədə, nə də qüvvədə olan qanunvericilikdə tərəfin cari hesabına köçürülmüş əmək haqqının ona verilməsindən imtinanın əsasları müəyən edilməmişdir. Bu baxımdan cavabdehin iddiaçının əmək haqqını ona şəxsən və nağd qaydada ödəməkdən göstərilən əsasla imtinası qanunsuz olmuşdur. Eyni zamanda iddiaçı 25.06.2019-cu il tarixdən daha əvvəl pulun nağd qaydada verilməsi ilə bağlı cavabdehə müraciət etdiyi barədə sübutlar təqdim edə bilmədiyi üçün Bankın ona məxsus pul vəsaitini 25.06.2019-cu il tarixdən 14.09.2019cu il tarixədək qanunsuz saxladığı müəyyən edilir. İddiaçı bu tələbin qanuni əsası kimi Əmək Məcəlləsinin 172-ci maddəsinin beşinci hissəsinə istinad edir və həmin maddənin analogiya qaydasında hazırkı mübahisəyə tətbiq olunmasını xahiş edir. Lakin əmək qanunvericiliyinin istinad olunan maddəsi işçi ilə işəgötürən arasında münasibətləri tənzimləyir və işəgötürənin əmək haqqını qanunsuz saxladığına görə işçi qarşısında məsuliyyətini müəyyən edir. İddiaçının Bankdan tələb etdiyi məbləğ onun əmək haqqı olsa da tərəflər arasında əmək münasibətləri mövcud deyil və Bank iddiaçının işəgötürəni deyil. Bu baxımdan Əmək Məcəlləsinin 172-ci maddəsi baxılan mübahisəyə şamil oluna bilməz. Həmin normanın mübahisəyə analogiya qaydasında tətbiqi də qeyri-mümkündür. Çünki Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Pul vəsaitinin qanunsuz saxlanmasına və ondan faydalanmağa görə faizlərin ödənilməsi birbaşa olaraq Mülki Məcəllənin 449.1-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Yuxarıda qeyd olunduğu kimi iş üzrə cavabdehin iddiaçının pul vəsaitini qanunsuz saxladığı, onu qaytarmaqdan boyun qaçırdığı, onun ödənilməsini gecikdirdiyi müəyyən edilir. Eyni zamanda bank fəaliyyətinin əsas istiqaməti öz dövriyyəsində olan vəsaitləri digər şəxslərə verməklə gəlir əldə etmək olduğu üçün Bankın həmin vəsaitdən faydalandığı da hamıya bəlli olan haldır və bu halın sübuta ehtiyacı yoxdur. Ona görə də cavabdehdən iddiaçının pul vəsaitini qanunsuz saxlayaraq ondan faydalandığına görə pul öhdəliyinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə faizlər tutularaq iddiaçıya ödənilməlidir. İşin mübahisəsiz hallarına görə iddiaçının bank hesabında 31.05.2019-cu il tarixdə 888,77 manat vəsait olmuş, 04.07.2019-cu il tarixdə 1264,60 manat, 06.09.2019-cu il tarixdə 62,12 manat vəsait köçürülmüşdür. İddiaçıya əmək haqqının nağd qaydada ödənildiyi 14.09.2019-cu il tarixdə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş bank uçot dərəcəsi 8% təşkil etmişdir. Bank iddiaçının hesabında olmuş 888,77 manat məbləği 2 ay 20 gün; 1264,60 manat məbləği 2 ay 10 gün; 62,12 manat vəsaiti 8 gün saxlamışdır. Həmin məbləğlərə illik 8 % bank uçot dərəcəsi tətbiq edilməklə ödənilməli olan faiz məbləği 35,61 manat (15,84+19,66+0,11) təşkil edir. Eyni əsasla tələb olunan mənəvi ziyanla bağlı nəzərə alınmalıdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Baxılan mübahisə üzrə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2 ay 20 gün cari hesabına köçmüş əmək haqqını ala bilməmişdir. Bunun nəticəsində iddiaçının mənəvi zərərə məruz qaldığını təsdiq etmək üçün başqa hər hansı sübuta ehtiyac yoxdur. Heç şübhəsiz ki, bunun nəticəsində iddiaçı müəyyən mənəvi sarsıntı və iztirablar keçirmişdir. Məhkəmə kollegiyası işin sadalanan hallarını, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını, habelə gecikdirilən məbləğin həcmini nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 150 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi əmək haqqının gecikdirilməsinə görə faizlərin və mənəvi zərərin ödənilməsi tələbinin təmin olunmaması hissəsində ləğv edilməklə həmin hissədə iddia qismən təmin olunmalı, pul vəsaitinin qanunsuz saxlanmasına və ondan faydalanmağa görə cavabdehdən iddiaçının xeyrinə 35,61 manat, mənəvi zərərə görə 150 manat pul tutulmalıdır. Tələbin dördüncü hissəsində iddiaçı cavabdehdən hesabdan çıxarış verilməsinə görə ondan alınmış 10 manatın qaytarılmasını və cavabdehə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin" 3.1, 3.2, 3.3. 3.4, 3.5. maddələrində qeyd edilən həcmdən az olduğu halda ödəniş alınmasının qadağan edilməsini xahiş edir. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının cari hesabından çıxarış verilməsi zamanı 10 manat xidmət haqqı aldığını mübahisələndirmir və rüsumun alınmasını onunla əsaslandırır ki, Bankın özü tərəfindən təsdiq olunmuş daxili qaydalara əsasən hesab sahiblərinə təsdiqlənmiş çıxarış verildiyi halda qeyd olunan məbləğdə rüsum ödənilməlidir. Halbuki “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın (maddə 2.4, 2.4-1). Qanunda həmin Qanunla müəyyənləşdirilmiş hallar istisna olmaqla informasiyanın əldə edilməsinin ödənişsiz həyata keçirilməsi informasiya əldə olunmasının əsas prinsiplərindən biri kimi müəyyən edilmişdir (maddə 6.1.8). İnformasiya xidməti üçün haqq alına bilər, bu şərtlə ki, ödəniş məbləği informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq olmasın (maddə 26.3). “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 323- İVQD nömrəli Qanununun tətbiqi və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 623 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 iyul 2012-ci il tarixli, 158 nömrəli qərarı ilə “Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin Siyahısı”, “İnformasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş Qaydaları”, “İnformasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə halları”, “Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri” və “Müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə Şərtləri və Qaydaları” təsdiq edilmişdir. “Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin” sıyahısına əsasən informasiya sahibi sorğuçuya aşağıdakı hallarda haqq ödənilməklə informasiya xidmətləri göstərir: 1) sorğuçuya artıq müvafiq informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; 2) sorğu edilən informasiya irihəcmli olduqda və ya sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaratdıqda və yaxud əsassız böyük məsrəflərə səbəb olduqda; 3) sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün olmadıqda; 4) sorğunun icrası informasiyanın sistemləşdirilməsi, təhlil edilməsi və ya sənədləşdirilməsi ilə əlaqədar xeyli vaxt tələb etdikdə. “İnformasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş” Qaydalarına əsasən İnformasiya sahibi tərəfindən informasiya xidməti üçün haqq alına bilər, bu şərtlə ki, ödəniş məbləği informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq olmasın (bənd 2). Təqdim olunan informasiyanın həcmi aşağıdakılardan artıq olduqda, onun hazırlanıb təqdim edilməsinə görə ödəniş alınır: 1) 10 vərəq – A4 formatından; 2) 5 vərəq – A3 formatından; 3) 2 vərəq – A2 formatından; 4) 1 vərəq – A2 formatından böyük; 5) 1 meqabayt – elektron variantda təqdim olunduqda. Baxılan iş üzrə iddiaçı öz hesabı barəsində cavabdehdə olan yazılı informasiya – cari hesabından çıxarış verilməsini xahiş edib. Qanunla həmin informasiyanın onun tərəfindən əladə olunmasına məhdudiyyət qoyulmayıb. Yuxarıda sadalanan normativ hüquqi aktların tələblərinə əsasən cavabdehin həmin məlumatın iddiaçıya vermək üçün ödəniş tələb etməsinə hüquqi əsas yoxdur. Cavabdeh baxılan iş üzrə bu ödəniş üçün həmin aktlarda sadalanan hər hansı əsasa istinad etmir. Belə olan halda cavabdehin ödəniş üçün öz daxili qaydalarına istinad etməsi əsassızdır. Çünki həmin qaydalar qüvvədə olan qanunvericiliyə ziddir. Cavabdehin məhz təsdiqli çıxarış üçün xidmət haqqı tələb etməsinin də hüquqi əsas yoxdur. Çünki çap olunmuş sənədin üzərinə ştampın vurulması hədsiz məsrəf və ya xərc kimi qəbul oluna bilməz. Beləliklə cavabdehin iddiaçının cari hesabından çıxarış verilməsi üçün ondan 10 manat xidmət haqqı alması üçün əsas olmamışdır. Ona görə də qətnamə həmin hissədə ləğv olunmaqla iddia bu hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin" 3.1, 3.2, 3.3. 3.4, 3.5. maddələrində qeyd edilən həcmdən az olduğu halda ödəniş alınmasının qadağan edilməsi birbaşa qanunla müəyyən edildiyindən həmin hissənin qətnamədə ayrıca göstərilməsinə zərurət yoxdur. Nəhayət iddiaçı hüquqi xidmətə çəkilmiş xərclərə görə 500 manat, etibarnamənin yazılmasına görə 5 manat, dövlət rüsumu üçün ödədiyi 30 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan Kollegiya hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçının çəkdiyi 35 manat məhkəmə xərcinin 20 manatı cavabdehə, 15 manatı isə onun özünə aid edilməlidir. Hüquqi xidmətə görə çəkilmiş 500 manat xərclə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi prosessual qanunvericilik həm nümayəndənin, həm də vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsini mümkün hesab edir. Lakin nəzərə alınmalıdır ki, MPM-in qəbul edildiyi dövrdə şəxsi məhkəmədə həm vəkillər, həm də vəkil olmayan şəxslər təmsil edə bilərdi. Başqa sözlə qanun vəkil olmayan şəxslər tərəfindən də nümayəndə qismində hüquqi yardım göstərilməsinə yol verirdi. Lakin 31.10.2017-ci il tarixdə MPM-ə edilmiş dəyişikliklərə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər (maddə 69.1-1). Həmin dəyişikliklərin edilməsində qanuni məqsəd hər kəsin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin İ hissəsində təsbit olunmuş yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etməkdən ibarətdir. Yeni qanunun qəbulundan sonra şəxsə hüquqi yardım yalnız ixtisaslı vəkillər tərəfindən göstərilə bilər. Prosessual qanunvericilik şəxsin məhkəmədə iştirak edə bilmədiyi və ya vəkillə təmsil oluna bilmədiyi hallarda yaxın qohumu tərəfindən təmsil olunmasını istisna etmir. Lakin yaxın qohumların təmsilçiliyi ilə bağlı müstəsna hal heç bir halda hüquqi yardım kimi qəbul oluna və təmsilçiliyə görə hüquqi yardım haqqının tutulması üçün əsas ola bilməz. Baxılan iş üzrə iddiaçının nümayəndəsi hüquqşünas olsa və VÖEN-ə malik olsa da, o iddiaçını hüquqi xidmət qismində deyil, yaxın qohumu kimi məhkəmədə təmsil edir. İddiaçı 500 manat pulu nümayəndənin məhkəməyə gedib-gəlməsi, sənədlərin hazırlanması və s. üçün xərclərə görə deyil, məhz cavabdeh tərəfindən ona göstərilmiş hüquqi yardımın əvəzi kimi tələb edir. Bu baxımdan hüquqi yardıma görə nümayəndəyə çəkilmiş xərc qismində cavabdehdən iddiaçının xeyrinə 500 manat vəsaitin tutulmasına əsas yoxdur. Göstərilənlərə əsasən və MPM-in 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4931/2019 saylı iş üzrə 05 noyabr 2019-cu il tarixli qətnaməsi əmək haqqının gecikdirilməsinə görə ödənişin və əmək haqqının qanunsuz verilməməsi nəticəsində dəymiş mənəvi zərərin tutulması; hesabdan çıxarış verilməsinə görə alınmış 10 manatın qaytarılması tələblərinin təmin olunmaması hissəsində ləğv edilsin. Həmin hissələrdə iddia qismən təmin edilsin. Pul vəsaitinin qanunsuz saxlanmasına və ondan faydalanmağa görə 35,61 manat, mənəvi zərərə görə 150 manat, cari bank hesabından çıxarış verilməsi üçün alınmış 10 manat, çəkilmiş 35 manat məhkəmə xərcinin 20 manatı, cəmi 215 (iki yüz on beş) manat 61 (altmış bir) qəpik pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-2147/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2147/2020
12.03.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver