Məhkəmə qərarları › İş №2(103)-2148/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2148/2023

27.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2148/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-3255/22 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2002-ci il tarixdə Ağdam rayonu 149 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, E-1363 nömrəli əmrinə əsasən həmin məktəbdə xx.xx.2021-ci il tarixdə araşdırma aparılmışdır. Araşdırma nəticəsində məktəbin fəaliyyətində aşkarlanan nöqsan və qüsurlarla bağlı akt tərtib edilmiş, izahatlar alınmışdır.

3. Təhsil nazirinə ünvanlanmış xx.xx.2021-ci il tarixli xidməti məlumatda məktəbin fəaliyyətində aşkarlanmış nöqsanlarla əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi təklif edilmişdir.

4. Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K-1552 nömrəli əmri ilə Ağdam rayonu 149 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K-1552 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğvi, Ağdam Rayonu 149 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunmağı, ona məcburi işburaxma müddətinə görə ödənilməli olan əmək haqqı əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ağdam Rayonu 149 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K-1552 nömrəli əmri ilə müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi qərara alınmışdır. Barəsində qəbul edilmiş, guya müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyi qeydinin özünün nədə ifadə etməsi heç də müəyyən deyildir. Hesab edir ki, heç bir töhmət belə almadan bir başa 70-ci maddənin “ç” bəndi ilə işdən azad edilməyi qanunauyğun deyil.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 3255/22 saylı qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia təmin edilmişdir.

8. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, əmrdə cavabdeh məhz iddiaçının özünün hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, bunun məhz qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsini göstərməmiş və əsaslandırmamışdır.

9. Məhkəmə həmçinin hesab etmişdir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra, əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi o halda mümkündür ki, mübahisələndirilən əmrdə sadalanan hallar əmək və icra intizamının normal ahəngini pozulmuş olsun və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin hazırki mübahisəli məsələ ilə bağlı qeyd olunan hallar mülki işdə müəyyən olunmur. Nəticə etibarilə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

10. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, işəgötürən ƏM-nin 187-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş normaya əməl etməyərək, işçiyə intizam tənbeh tədbirini pozuntunun aşkar edildiyi vaxtdan təxminən 1,5 ay sonra tətbiq etmişdir. Nəticə etibarilə işəgötürənin həmin normanı pozaraq əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsinin, ƏM-nin 70-ci maddəsinin «ç» bəndini tətbiq etməsi ədalətli və qanuni hesab edilə bilməz.

11. Məhkəmə hesab etmişdir ki, 2021-ci il pandemiya dövrünə düşdüyü üçün məktəblərdə tədrisin daha gec tarixdə başlaması, yoxlamadan az müddət əvvəl məktəbin Bakının Xocasən qəsəbəsinə köçürüldüyünə görə şagirdlərin və texniki işçilərin davamiyyətinin aşağı səviyyədə olması barədə dediklərini ağlabatan hesab etmiş, yoxlama aparılan vaxt bəzi texniki işçilərin işdə olmamaları ilə bağlı isə qeyd etmişdir ki, istənilən iş yerində işçilərin işə gecikməsi baş verə bilər və bu hallar müntəzəm xarakter daşımadığı təqdirdə müəssisədə əmək və icra intizamına nəzarət edilməməsi kimi qəbul oluna bilməz.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, K-1552 saylı əmrində işəgötürənin hüquqi ünvanı göstərilməmiş, Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsinin imperativ göstərişi pozulmuşdur.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 10, 42.1, 45.4, 47, 56.2, 70, 71, 83.1, 84.1, 84.2, 186, 187, 287, 288, 282, 311-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin tam ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş və qətnamədə yoxlama aktında aşkar olunan faktlara və cavabdehin və digər şəxslərin izahatlarına, habelə iş üçün əhəmiyyət kəsb edən sənədlərə münasibət bildirməmiş, maddi və prosessual hüquq normalarının tədbiqində kobud pozuntuya yol verməklə formal əsaslarla qərar qəbul etmişdir. İş materiallarına əlavə olunmuş aktdan görünür ki, iddiaçı fəaliyyəti zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öhdəliklərini və vəzifə funksiyalarını qanunvericiliyin tələbinə uyğun olaraq yerinə yetirməmiş və bu əsasla da işdən azad olunmuşdur. Lakin məhkəmənin mövqeyinə görə, işçi tərəfindən qeyd edilən pozuntuların törədilməsi onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin hüquqi əsası olmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrə və ona əlavə edilmiş sənədlərdən görünür ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməmiş, müvafiq iş yerində əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin qanunla qorunan mənafelərinə ciddi formada ziyan vurmuşdur. Lakin, işə baxan məhkəmə işin bu hallarına heç bir əhəmiyyət verməmişdir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Lakin iş materiallarından göründüyü kimi, araşdırılması tələb olunan halları, habelə araşdırmanın nəticəsində əldə olunan sənədlərin müvafiq aidiyyatı şöbələrdə araşdırılmasının zəruriliyini nəzərə almadan məhkəmə Əmək Məcəlləsinin 187.2-ci maddəsini tətbiq etmişdir. Belə ki,həmin maddəyə əsasən, intizam tənbehi işçi tərəfindən əmək və icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Əmək və icra intizamnı pozan işçiyə bir ay keçdikdən sonra intizam tənbehinin verilməsini istisana etmir. Bildiririk ki, işə baxan məhkəmə müddəti tətbiq edərkən həmin Məcəllənin 187.3-cü maddəsinin tələbinə əhəmiyyət verməmişdir. Məhkəmə qətnaməsinə əsasən işçilər tərəfindən davamiyyətin pozulmasına görə direktor məsuliyyət daşımamalıdır. İşə baxan məhkəmə qətnamədə yalnız Əmək Məcəlləsininin müvafiq maddələrinə istinad etməklə kifayətlənmiş lakin, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən, Əmək Məcəlləsinin hansı maddəsinin tələblərinin pozulmasına dair münasibət bildirməmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş yoxlama aktında sadalanan nöqsanların əsaslı olubolmaması, aşkar olunan faktlarda iddiaçının hansı dərəcədə təqsirli olub-olmaması, yoxlayıcılar tərəfindən akt yazılarkən hüquq normalarına riayət olunub-olunmaması, mübahisələdirilən faktların qanunvericiliyin tələblərinə uyğun olub-olmaması və s. kimi hallar araşdırılmamış, qətnamədə bu məsələlərə hüquqi münasibət bildirilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və bildirdi ki, məktəbdə yoxlama zamanı ciddi qanun pozuntuları aşkar edilmişdir. Tərtib edilmiş aktı iddiaçı imzalamış və izahatında bəzi məsələlərə münasibətini bildirmişdir. Birinci instansiya məhkəməsi qətnamədə əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin düzgün tətbiq olunmadığını vurğulamışdır. Hesab edir ki, məhkəmənin bu mövqeyi əsassızdır. İş materiallarında olan faktlar kifayət edir ki, işçi ilə əmək müqaviləsinə xitam verilsin.

18. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Ağdam məktəbi olduğu üçün təhsil sektoru Ağdam şəhəri Quzanlı qəsəbəsində yerləşir. Nazirlik tərəfindən verilən bütün sənədlər və jurnallar ilk olaraq Quzanlı qəsəbəsinə göndirilir və sonra oradan ona təqdim edilir. Həmin dövrdə hər həftə bir məktəb direktoru dəvət olunurdu və onun ora dəvət olunmağı və jurnalları təhvil alma vaxtı yoxlamanın keçirilməsindən sonrakı həftə idi. Yoxlamaya gələn şəxlərin iştirakı ilə Təhsil sektorunun müdiri Tahir Abbasova zəng olundu və o, bu faktı təsdiq etdi. Eyni zamanda, məcburi köçkün məktəblərində əvvəllər işçilərin işə qəbulu ilə bağlı səlahiyyət məktəb direktorlarında deyil, təhsil sektorlarının səlahiyyətində idi. Yeni olaraq səlahiyyət məktəb direktorlarına verilmişdir. Məktəbin yeni binaya köçürülməsi ilə bağlı ona məlumat bir gün öncədən verilmişdir. Həmin anda şagird yerdəyişmə sistemi bağlı olduğu üçün valideynlərin seçim edə bilməsi mümkün deyildir. Müəllim və şagird kollektivi ilə söhbətlər aparmış və bir ay yerdəyişmə sistemi açılana qədər müəllimlər öz əmək haqlarının müəyyən bir hissəsi ilə avtobuslar tutmuşlar. Bundan başqa, iyirmi illik fəaliyyəti dövründə cənab Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş, habelə hər il məktəbin ictimati siyasi fəaliyyətinə görə, rayon üzrə ali məktəblərə şagird qəbulu ilə bağlı fəxri fərmanlar, təşəkkürnamələr almış və bundan bir il öncə rayon üzrə ən çox bal toplayan tələbə onun rəhbərlik etdiyi məktəbin şagirdi olmuşdur. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, müəllimlər hamısı dərsdə olmuş, bunu öz izahatında da qeyd etmişdir. Bununla bağlı bir neçə müəllimin də izahatı alınmışdır. Şagirdlər isə yol məsafəsi uzaq olması səbəbindən saat 08:00-da başlayan dərsə 09:00-da gəlmişlər. Hüseynli Xəyalə həmin vaxtda qismən analıq məzuniyyətində olmuşdur. Bununla bağlı əmri və onun ərizəsini təqdim etmişdir. X30 Təhsil Şöbəsinin metodisti Hüseynli Akifin qızıdır. O da bunu bildirmişdir. Kitabxanaçı, habelə təsərrüfat müdiri birinci instansiya məhkəməsində dəvət olunmuş və izahat vermişlər. Yoxlamaya gələn şəxslər üç nəfər olmuş və onlar işçiləri təktək çağıraraq qəribə və qorxuducu şəkildə suallar vermişlər. Yaş həddinə çatmış müəllimlə müqavilə bağlanılması məktəb direktorunun səlahiyyətində deyildir, təhsil sektorunun və ya regional təhsil idarələrinin səlahiyyətindədir. Ona irad tutulan həmin müəllim Həsənov Həsən çalışdığı dövrdə on iki saat dərs aparmış, digər dərs saatlarını vakansiyaya təqdim etmişdir. Lakin hazırda o, işdən azad olunduqdan sonra həmin müəllimlə əmək müqaviləsinin müddəti uzadılmış və 36 saatlıq dərs aparır. İşçilərlə bağlı əmək müqaviləsinin bağlanılması ilə bağlı isə imza nümunələrinin təsdiq məsələsi var. İmza nümunələri təhsil sektorunda təsdiq olunduqdan sonra ona sistemə girməyə səlahiyyət verilir. İki yeni müəllim gəlmiş, onların müqaviləsi sistemə yeni işlənmişdir. Aktda onlar nəzərdə tutulur. Onun qohumu Tamaşa Quliyeva ixtisasca müəllim olduğu üçün həftənin iki günü imtahanlara hazırlaşması ilə bağlı icazə almışdır və işə biraz gec gəlirdi.

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, şikayət formal xarakterlidir. Birinci instansiya məhkəməsi icraatı zamanı bir neçə dəfə məhkəmə iclasları keçirilmiş, şahidlər dəvət olunaraq dinlənilmiş və bütün məsələlər araşdırılmışdır. Ağdam tam orta məktəbi üçün Xocasən qəsəbəsində yeni bina tikilir. Pandemiya dövründə məktəbin həmin binaya təcili köçürülməsi baş verir və bu səbəblə yaranmış vəziyyət ortaya çıxır. Məsafə uzaq olduğu üçün şagirdlərin məktəbə gəlməsində problemlər yaranır. İddiaçının təşəbbüsü ilə avtobuslarla şagirdlər məktəbə gəlirlər. Hesab edir ki, birinci instansiya məhkəməsi mülki və prosessual qanunvericiliyin tələblərini düzgün şəkildə tətbiq edərək əsaslı qətnamə qəbul etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 42. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

21. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 10 “a”. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifələrindən biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72 “e”. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan biri hesab edilir. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

22. Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X4: Bölmə 17. Direktorun əmək funksiyası: Məktəbin fəaliyyətini idarə edir...Kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasını təmin edir. Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir...İşçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir. Daxili intizam qaydalarına, müəllimlərin etik davranış qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. İşçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia təmin olundugundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir.

27. Belə ki, işdə olan insan resursları şöbəsinin məsləhətçiləri və iddiaçı tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, məktəbə daxil olarkən (saat 09:45) 18 texniki işçidən 5 nəfər işdə idi. Saat 11:00 radələrində 4 texniki işçi məktəbə gəldi. Məktəbin kitabxanaçısı X19, xadimələr X25, X5, X11, kitabxanaçı X19 mütəmadi' olaraq işə gəlmirlər. Təsərrüfat işləri üzrə direktor müavini X3 (direktorun bacısı qızı) işdə yox idi. İzahatında müəllimlərin işə qəbulu üzrə müsabiqəyə hazırlaşdığı üçün bəzi hallarda işə gəlmədiyini bildirdi. Siniflərin davamiyyəti yoxlanılarkən 11 a (23 şagird), 11 b (23 şagird) və 11 c (21 şagird) və 9 c (20 şagird) siniflərinin şagirdləri məktəbdə yox idi. Eyni zamanda monitorinq aparılarkən (xx.xx.2021 -ci il 3-cü dərs saatı) cədvəl üzrə 11ci siniflərdə dərsi olan müəllimlər Elmira Quliyeva (11 a, tarix müəllimi), əsas iş yeri Ağdam rayon 102 nömrəli məktəb olan İlhamə Hüseynova (11 b, rus dili müəllimi), Maisə Əliyeva (11 c, ingilis dili müəllimi) məktəbdə deyildilər. Ümumilikdə məktəbdə şagird davamiyyəti aşağı idi. 9a sinfində 20 şagirddən 15-i, 9b sinfində 23 şagirddən 14-ü, 8b sinfində 20 şagirddən 13-ü, 8c sinfində 18 şagirddən 10-u dərsdə iştirak etmirdi. Məktəbin sənədlərinə baxış keçirilərkən məlum oldu ki, məktəbin əmr kitabı xx.xx.2021-ci il tarixindən etibarən yazılmır. Məktəbdə sinif jurnalları yoxdur. Yeni təyin olunan işçilərlə kağız formasında əmək müqavilələri bağlanılmır, əmək müqavilələrinin elektron bildirişləri sistemə tələb olunan vaxtdan gec işlənilir, bəzi hallarda isə əmək müqaviləsinin elektron bildiriş sistemə daxil edilməyib. Yeni işə təyin olunan işçilərin əmək kitabçalarında müvafiq qeydlər aparılmamışdır. Xadimə vəzifəsində çalışan X15 və gözətçi vəzifəsində çalışan X1 ilə bağlanmış əmək müqaviləsi xx.xx.2021 -ci il tarixində ləğv olunsa da, əmək müqavilələrinə xitam verilməsi barədə əmr təqdim edilməmiş və əmək müqavilələrinin ləğvi barədə elektron bildiriş sistemdən çıxarılmamışdır. Direktor İddiaçıin məlumatına görə A.Xələfovun yerinə Yaşar Balayev işə götürülmüşdür. Y.Balayev izahatında xx.xx.2021-ci il tarixindən mütəmadi olaraq hər gün işə gəldiyini bildirsə də, onunla əmək münasibətləri rəsmiləşdirilməmişdir. İxtisasca ibtidai sinif müəllimi olan X26 2016-cı ildən məktəbdə psixoloq vəzifəsində çalışır. Psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında 43 bal toplayıb. X6 2005-ci ildə işə qəbul olub, Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir. İxtisası psixoloqdur: Diaqnostik qiymətləndirmədə ümumi 27 pal (ixtisas 19 bal) toplayıb. Dərs yükü 5 saatdır, 6 saat (0,5) dərnək aparır. X7 2007-ci ildən işə qəbul olunub, ixtisası ibtidai sinif müəllimliyidir, işə təyin olunduğu dövrdən informatika fənnini (7 saat) tədris edir. Diaqnostik qiymətləndirilmədə iştirak etməmişdir. X20 2005-ci il tarixindən məktəbdə əvəzçilik qaydasında musiqi fənnini tədris edir. Əvvəlki illərdə dərs yükü 13 saat olub. Əsas iş yeri Abşeron Rayon Xırdalan şəhər 11 illik musiqi məktəbidir. İxtisası fortepianodur. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında iştirak etməmişdir. Cari tədris ilində A.Məmmədova səhhəti ilə əlaqədar olaraq 8 saat dərsdən imtina etmişdir. Noyabr ayının 1-dən A.Məmmədova üçün 5 saat dərs yükü nəzərdə tutulmuşdur. Direktorun bildirdiyinə görə 6 saat dərs yükü vakansiyaya çıxarılıb, müəllim işə qəbul olmadığı üçün həmin dərslər ixtisar ehtimalı olan ibtidai sinif müəllimi X8 həvalə edilmişdir. X12 əsas iş yeri Laçın rayon 45 nömrəli tam orta məktəbdir, fizika müəllimi vəzifəsində çalışır. Ümumi dərs yükü 17 saatdır. Diaqnostik qiymətləndirmədə fizika fənni üzrə iştirak edib. İkinci iş yeri olaraq Ağdam rayon 149 nömrəli tam orta məktəbdə çalışır. Fizika fənni üzrə 6 saat, texnologiya fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak etmədiyi halda 5 saat tədris edir. Texnologiya fənni üzrə qalan 8 saat isə fizika müəllimi X16 tərəfindən tədris edilir. G.Əsədova texnologiya fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak etməyib. İxtisasca ibtidai sinif müəllimi olan X2 yuxarı siniflərdə fiziki tərbiyə fənni üzrə 8 saat dərs yükü verilmişdir. Ü.Fətəliyeva fiziki tərbiyə fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak etməmişdir. Çalışmanın yaş həddinə çatmış fiziki tərbiyə müəllimi X17 ilə əmək münasibətləri davam etdirilir, 30 saat dərs yükü tədris edir. Fiziki tərbiyə fənni üzrə diaqnostik qiymətləndirmədə (ümumi 45 bal, ixtisas 33 bal) iştirak edib. Məktəbdə sinif komplektlərinin sayı 35 olmasına baxmayaraq məktəbin ştat cədvəlində tədris işləri üzrə direktor müavininə 1,5 ştat vahidi ayrılmışdır. Bununla əlaqədar xx.xx.2020-ci il tarixində Gülnar Paşayeva 0.5 ştat direktor müavini vəzifəsinə təyin edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək funskiyası rəhbərlik etdiyi məktəbin fəaliyyətinin idarə edilməsi, kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasının, işçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsinin, müəssisənin təsərrüfat fəaliyyətinin təmin edilməsi və s. olduğu, habelə o, daxili intizam qaydalarına riayət olunmasına məsuliyyət daşıdığı halda, cavabdeh tərəfindən məktəbdə yoxlama aparılarkən yuxarıda göstərilən ciddi nöqsanlar aşkar edilmiş, iddiaçı yazılı izahatında həmin nöqsanların yalnız bir qisminə aydınlıq gətirə bilmişdir.

29. Birinci instansiya məhkəməsi isə həmin nöqsanlara qiymət verərkən onların işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmasının və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan vurmasının sübut olunmadığı qənaətinə gəlmişdir.

30. Halbuki, yuxarıda göstərilən aktla rəsmiləşdirilmiş nöqsanlar iddiaçı tərəfindən üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirmədiyini təsdiq edir.

31. Həmçinin nəzərə alınmalıdır ki, ümumi təhsil müəssisəsinin rəhbəri – direktor tərəfindən əmək funksiyasının lazımi qaydada yerinə yetirilməməsi hər bir vətəndaşın Konstitusiya ilə qorunan təhsil almaq hüququna ciddi xələl gətirir və cavabdehin də Dövlət qurumu olaraq bu hüququnun lazımi qaydada təmin edilməsi, təhsilin təşkilinə nəzarət etməsi kimi vəzifələri vardır.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edir, əmək qanunvericiliyində işçi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsindən öncə mütləq qaydada işəgötürən tərəfindən başqa intizam tənbehinin tədbiq edilməsi qaydası nəzərdə tutulmamışdır.

33. Belə ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsində işəgötürənə işçinin əmək fəaliyyətində yol verdiyi nöqsanların ağırlıq dərəcəsinə uyğun olaraq intizam tənbehi tədbiq etmək hüququ verilmişdir.

34. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə Əmək Məcəlləsinin 187.2-ci maddəsini tədbiq etməklə səhvə yol vermişdir.

35. Belə ki, həmin Məcəllənin 187.3-cü maddəsinə əsasən müəssisənin maliyyətəsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz.

36. İşdən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya intizam tənbehi həmin müddət çərçivəsində verilmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməklə qətnamədə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, habelə maddi hüquq normalarının tədbiqində səhvə yol vermişdir.

38. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 3255/22 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Vahid Sadıqov Akif İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar