Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2151/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilmə tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)-1788/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nurədin qızının iddiaçının mülkiyyətində olan ünvan 1 mənzil 37 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilmiş hesab edilmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lökbatan qəsəbəsi V.Əsgərov küçəsində yerləşən 3 saylı evin 37 saylı mənzili 2000-ci ildən tam olaraq iddiaçının mülkiyyətindədir. Həmin mənzilə dair onun adına Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixli ÖM seriyalı 042379 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Onun oğlu X4 ilə Cavabdeh 2002-ci ildə qeyri-rəsmi nikaha daxil olmuş, onların nikahı xx.xx.2005-ci il tarixdə rəsmiləşdirilmişdir. Cavabdeh Zaxid Mustafayevlə evlənərkən ona məxsus ünvan 1 mənzil 37-yə gəlin köçmüşdür. Hal-hazırda cavabdeh oğluna qarşı nikahın pozulması tələbinə dair Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh xeyli müddətdir ki, ünvan 1 mənzil 37-də yaşamır. O, hal-hazırda Sumqayıt şəhərində yaşayır. Cavabdehin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, iddiaçı onun əvəzinə kommunal ödənişlər etməli olur. İkincisi, onunla olan qohumluq əlaqəsi kəsilmək üzrədir. Üçüncüsü isə, cavabdehin onun mülkiyyətində qeydiyyatda qalması iddiaçının həmin mənzilə dair sərəncam hüquqlarını məhdudlaşdrır. Belə ki, həmin mənzili özgəninkiləşdirmək istədikdə, cavabdehin razılığının alınması onun üçün əlavə problemlər yarada bilər. Həmçinin, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq başqa yerdə yaşaması, amma onun mülkiyyətində olan mənzildə qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrasına ciddi maneələr yaradır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)- 1788/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh İddiaçı məxsus Bakı şəhəri Lökbatan qəsəbəsi V. Əsgərov küçəsi ev 3-də yerləşən 37 saylı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi, bu qətnamənin Cavabdeh İddiaçı məxsus Bakı şəhəri Lökbatan qəsəbəsi V. Əsgərov küçəsi ev 3-də yerləşən 37 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun həmin mənzilə istifadə hüququ formal xarakter daşımır. Məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh iddiaçının mənzilinə 2008-ci ildə köçdüyü halda, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəyə 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Halbuki, tərəflər arasında mənzil münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə tənzimlənir. Bundan əlavə, iddiaçı cavabdehin onun mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilmiş hesab edilməsini xahiş etsə də, məhkəmə cavabdehin həmin mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarmışdır. Yəni məhkəmə verilmiş tələb üzrə qətnamə çıxarmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinin əsassız olduğunu və yalnız iddiaçını incitmək məqsədi daşıdığını bildirərək izahatında göstərdi ki, anası İddiaçı iddia ərizəsində faktiki olaraq xahiş etmişdir ki, məhkəmə cavabdehin onun mülkiyyətində olan mənzildən istifadə hüququnun olmamasını tanısın. Cavabdehin apelyasiya şikayəti isə söz oyunundan ibarət olmaqla prosesi uzatmağa xidmət edir. Buna görə də o, məhkəmədən apelyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)- 1788/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 042379 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Ticarət küçəsi (indiki V.Əsgərov küçəsi) 3 saylı evin 37 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2000-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə olunmuş xx/xx/2019-cu il tarixli “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı və Cavabdeh ünvan 1 mənzil 37 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş qonşular tərəfindən tərtib olunmuş aktın məzmunundan görünür ki, Cavabdeh Lökbatan qəsəbəsi V. Əsgərov küçəsi ev 3 mənzil 37 ünvanında qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, göstərilən ünvanda yaşamır. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2133 nömrəli arayışdan görünür ki, Ağayeva X3 rayonu Lökbatan qəsəbəsi V.Əsgərov küçəsi ev 3 mənzil 37 ünvanında 2008-ci ildən qeydiyyatdadır, lakin həmin mənzildə yaşamır. İş materiallarında olan sübutlarla təsdiq olunur ki, Bakı şəhəri Lökbatan qəsəbəsi V. Əsgərov küçəsi ev 3-də yerləşən 37 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və onun həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatdan keçmişdir. Cavabdeh isə 2008-ci ildən həmin mənzildə qeydiyyatdadır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh həmin mənzildə yaşamır. Göründüyü kimi cavabdehin mübahisə predmeti olan mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti olan yaşayış sahəsindən istifadə hüququna dair hər hansı notarial qaydada təsdiq olunmuş yazılı razılaşma olmamış, habelə yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzilə dair istifadə hüquqları yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İşin faktiki hallarına əsasən Cavabdeh ilə iddiaçı arasında mənzildən istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş yazılı müqavilə bağlanmamış, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə 2008-ci ildə qeydiyyata düşdüyünə görə birinci instansiya məhkəməsi düzgün olaraq “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli Qərarına uyğun olaraq tərəflər arasındakı mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etmişdir. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin tərəflər arasında münasibətlərə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etməsi barədə göstərilənlər tamamilə yanlışdır. Qətnamənin məzmunundan da görünür ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mənzil münasibətlərini Mülki Məcəllənin 228-ci maddəsinə uyğun həll etmişdir. Birinci instansiya məhkəməsinin verilmiş tələb üzrə qətnamə çıxarmaması, yəni iddiaçı cavabdehin onun mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilmiş hesab edilməsini xahiş etsə də, məhkəmə tərəfindən cavabdehin həmin mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılması barədə apelyasiya şikayətinin dəlilini məhkəmə kollegiyası formal mülahizə kimi qiymətləndirir. İddia ərizəsinin və qətnamənin məzmunundan görünür ki, birinci instansiya məhkəməsi iddiaçının xahiş etdiyi və məzmunca bir-birinə yaxın tələb üzrə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apelyasiya şikayəti əsassız olduğundan və formal mülahizələrə əsaslandığından, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)- 1788/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2151/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2151/2020
25.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver