Məhkəmə qərarları › İş №2(103)-2152/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2152/2022

23.02.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2152/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş zərərə əsasən sığorta ödənişinin həyata keçirilməsi tələbinədair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-195/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş zərərə əsasən sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Saatlı RKC-nin idarə heyətinin sədri ilə arasında bağlanmış 24 avqust 2007-ci il tarixli əmlakın alqı-satqısına dair müqaviləyə əsasən Saatlı RKC-ə məxsus Saatlı rayonu H.Əliyev ünvanında yerləşən ümumi sahəsi 79,1 kv.m olan 15 saylı mağazanın iki otaqdan ibarət sahəsini almışdır. Həmin mağazada elektrik mallarının satışı ilə məşğul olur. 25 oktyabr 2018-ci il tarixdən bir il müddətinə cavabdeh təşkilatda mağazasını icbari sığorta, həmin tarixdən də bir il müddətinə isə mağazamdakı əmlakı yanğından və digər əlavə risklərdən sığortalamışdır. X2 29 aprel 2019-cu il tarixdə idarə etdiyi “VAZ-2106” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili Saatlı şəhəri Heydər Əliyev prospektində idarə edərkən idarəetməni itirib mağazasına girərək nəticədə mağazaya və mağazada olan əmlaklarına ümumilikdə 13902 manat 40 qəpik ziyan vurmuşdur. Hadisədən dərhal sonra cavabdeh ’’Azsığorta” ASC-nin nümayəndəsi hadisə yerinə gələrək mağaza binasına və mağazada olan əmlaklara baxış keçirib siyahısını hazırlamışdır. Bu hadisəyə görə “VAZ2106” markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta olunduğu ’’Xalq Sığorta” ASC 30 iyul 2019-cu ildə ona 5000 manat ödəmişdir. Qalan məbləği isə 8902 manat 40 qəpik pulu cavabdeh "xxxx" ASC ona ödəməmişdir. Bununla bağlı etmiş olduğu müraciətlərə cavab olaraq cavabdeh təşkilat ona "xxxx" ASC tərəfindən 5000 manat ödənilməsinə görə sığorta ödənişindən tamamilə imtina etmişdir. Qeyd edilənlərə əsasən, "xxxx" ASC-dən 8902 manat 40 qəpik sığorta ödənişin, ziyanın qiymətləndirilməsi üçün ödədiyi 300 manatın və 30 manat 40 qəpik dövlət rüsumunun, cəmi, 9232 manat 80 qəpik pulun və qətnamə çıxanadək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu hesablanaraq alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Yasamal Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən sığorta ödənişinin əvəzi olaraq 7452 manat 40 qəpik, gecikdirilmiş sığorta ödənişi üçün 500 manat məbləğində dəbbə pulu, ümumilikdə 7952 manat 40 qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərcinin 50%-i, yəni 50 manatı iddiaçıdan, digər 50%-i, yəni 50 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində xidmət haqqının 50%, yəni 15 manat 20 qəpiyi iddiaçıya aid edilməsi, qalan 50%, yəni 15 manat 20 qəpiyi isə cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilməmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini məhkəmənin işə aidiyyta qaydalarını pozmaqla baxdığı, iddiaçının VÖEN-ni olmaqla fərdi sahibkar olduğundan işə kommersiya məhkəməsində baxılması arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli qatnaməsinin cavabdehdən maddi zərərin əvəzi kimi 7452 manat 40 qəpik məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, cavabdeh "xxxx" ASC-dən sığorta ödənişinin əvəzi olaraq 7752 manat 40 qəpik məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehin nümayəndəsi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işə aidiyyatı üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri ve vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi ondan ibarət olmuşdir ki, məhkəmə aidiyyatı qaydaları ilə bağlı prosessual qanunveriliyin tələbləri və Plenumun qərarında ifadə edilmiş məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı tələblər pozulmuşdur. Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla Yasamal Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə tərəflər arasındakı mübahisə sahibkar statusu olan (V.Ö.E.N. **********) iddiaçı ilə hüquqi şəxs olan cavabdeh arasında yaranmaqla və cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlməkdədir. Baxılan işdə tərəflərin subyektiv tərkibi (fərdi sahibkar – hüquqi şəxs), eyni zamanda tələbin iddiaçının fərdi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranması işin mübahisələndirilməyən halıdır. Çünki iddiaçı ona məxsus qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və ona ziyan bu fəaliyyətlə əlaqədar dəymişdir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.09.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. ...Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır”. Kollegiya hesab edir ki, mübahisə hüquqi şəxs arasında yaranmaqla və iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Ali Məhkəmənin Plenumun yuxarıda qeyd edilən qərarının 14-cü bəndinə görə, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Qərarda ifadə edilmiş hüquqi mövqedən göründüyü kimi, tərəflər arasında olan mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğu halda hətda əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrə də kommersiya məhkəməsində baxılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-195/2021 saylı, 14 aprel 2021-ci tarixli qətnaməsi ləğv edilsin və iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar