Məhkəmə qərarları › İş №2(103)-2154/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2154/2022

28.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2154/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 oğlunun iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2742/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı «mənzilin və yaşayış sahəsinin bərpası, dəymiş zərərin cavabdehdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bərpa edilməsi, evin yerləşdiyi ərazidə hər-hansı başqa fəaliyyətin dayandırılması, mənzildə olan əmlaka görə və ev tikilənə qədər kirayədə qalmaq haqqı ilə birlikdə 100.000 (yüz min) manat pulun və mənəvi ziyanın əvəzi kimi cavabdehdən onun xeyrinə 100.000 (yüz min) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Babək İsmayılovun cinayət məsuliyyətinə cəlb olunması və prokurorluq orqanlarına xəbər verilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində göstərilən əsaslarla məhkəmə qaydasında xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ona məxsus olan evin onun razılığı və ya məhkəmə qərarı olmadan tamamilə söküldüyünə, evdə olan əmlakının küçəyə atıldığına istinad edərək evinin cavabdeh tərəfindən bərpa edilməsini, kirayə yaşamağa məcbur olduğuna və bütün bunlara görə gərgin vəziyyətin fonunda keçirdiyi stress və həyəcana görə maddi və mənəvi zərərə məruz qaldığını göstərmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2742/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək 2018-ci ilin fevral ayından başlayaraq Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində sökülmüş 4 saylı binanın yerində cavabdeh təşkilat tərəfindən inşa edilən yaşayış binasının yaşayış üçün hazır olduğu günədək iddiaçının müvəqqəti kirayədə yaşaması məqsədi ilə hər ay 650 manat pulun cavabdeh təşkilatdan tutulub iddiaçıya ödənilməsi, qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1067/2019 saylı, 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2742/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2990/2019 saylı, 14 may 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9777/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(009)-2742/2018 saylı qətnaməsi qismən “iddiaçının mənzil hüququnun bərpa edilməməsi və mənəvi ziyanın tutulmaması” hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, İddiaçı məxsus ünvan 1, 4 saylı mənzilin real sahəsinin, yəni 96,9 kvadrat metr sahənin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 120 kvadrat metr tam təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması, cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi olaraq 3000 manatın tutulması qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-95/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti ünvan 1, 4 saylı mənzilin real sahəsinin, əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 120 kv.m tam təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nı üzərinə qoyulması hissəsində ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə mübahisələndirilən qalan hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3133/2021 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2742/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsi iddia tələbinin “mənzilin və yaşayış sahəsinin bərpası” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus ünvan 1, 4 saylı mənzilin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 140,52 kv.m olan tam təmirli mənzilin İddiaçı xeyrinə təhvil verilməsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmuşdur. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-355/2021, 15 mart 2021-ci il tarixli saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq, ünvan 1, 4 saylı mənzilin real sahəsinin, əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 140,52 kv.m olan tam təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması hissəsində ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə mübahisələndirilən qalan hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5220/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(009)-2742/2018 nömrəli qətnaməsi iddia tələbinin “mənzilin və yaşayış sahəsinin bərpası” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus ünvan 1, 4 saylı mənzilin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 145,34 kv.m olan tam təmirli mənzilin İddiaçı təhvil verilməsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmuşdur. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini əvvəlki şikayətlərinin məzmununa uyğun əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6400/2021, 23 dekabr 2021-ci il tarixli saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5220/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərarda qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Lakin apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin göstərişlərinə riayət etmədən qanunazidd və əsassız qətnamə qəbul etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının sökülmüş evinin iki mərtəbəli, 4 otaqlı və 117.1 kv.m olması işin mübahisəsiz halıdır. Cavabdeh "xxxx" MTK tərəfindən məhkəməyə təqdim olunmuş mənzilin planına əsasən, iddiaçıya təklif olunan həmin mənzil üç otaqlı deyil, 2 otaqdan ibarətdir. Təklif olunan mənzilin əslində 2 otaqdan ibarət olması mənzilin planıyla təsdiq olunur ki, bu da qətnamənin icra oluna bilənliyini qeyrimümkün edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Halbuki, apelyasiya məhkəməsi tərəflərin mübahisə ilə bağlı qismən də olsa razılığa gəlmələrini nəzərə alaraq cavabdeh tərəfindən təklif olunan şərtlərlə razılaşmasını qərarında qeyd etmişdir. Lakin, cavabdehin belə bir təklifinin həqiqi olması iş materialları ilə təsdiq edilmir. Cavabdehin dediyi o vaxt real təklif hesab olunur ki, o, iddiaçıya üç otaqlı mənzilin rəsmi sənədlər əsasında mövcud olmasını, sahəsinin ölçüsünü təsdiq edən sübutları təqdim etsin, real olaraq mənzili iddiaçıya təklif edərək ona baxış keçirməsini təmin etsin. Lakin, mübahisə başlanan tarixdən cavabdeh təşkilat iddiaçını inşa edilmiş evə buraxmaqdan, təklif etdiyi mənzili real olaraq ona təqdim etməkdən, həmin mənzilin mövcud olması, onun yerləşmə şəraitini, mövcud vəziyyəti ilə tanış etməkdən imtina edir. İddiaçı kassasiya şikayətində qeyd edir ki, hal-hazırda da həmin binaya onu buraxmırlar. Cavabdehin təklifi nümayəndənin dediyi sözdən başqa heç bir sübutla təsdiq edilmir. İddiaçı isə təklif olunan mənzilin layihəsinə dair sənədləri təqdim edərək həmin mənzilin iki otaqlı olduğunu israr edir və mənzilin vəziyyəti ilə ümumiyyətlə tanış olmadığını bildirir. Belə razılaşma çıxarılan qərarın əsasını təşkil edə bilməz. Çünki, çıxarılacaq məhkəmə qərarının icra olunacağı şübhə doğurmaqla yanaşı, gələcəkdə tərəflər arasında yeni mübahisələrin yaranmasına yol açmış olar. Ona görə işə yenidən baxılarkən məhkəmə işin məhkəmələr tərəfindən müəyyən edilən faktiki hallarından çıxış edərək mübahisəni birdəfəlik həll etməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilən faktiki halları isə ondan ibarətdir ki, cavabdeh təşkilat iddiaçının mülkiyətində olan iki mərtəbəli, 4 otaqlı, sahəsi 117,1 kvadrat metr olan evini sökmüş, içərisində olan əşyaları isə hal-hazıradək yeri məlum olmayan anbarına daşımaqla iddiaçıya ziyan vurmuşdur. Kassasiya instansiyası məhkəmələri hər dəfə apelyasiya məhkəməsinin qətnamələrini ləğv edərkən mövqe ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün bilavasitə məsuliyyət daşıyan cavabdeh təşkilatın üzərinə dəymiş zərərin əvəzini naturada ödəmək, yəni ona qanunvericiliyin tələblərinə uyğun olaraq eyni növlü və keyfiyyətli mənzil vermək və ya sökülən mənzilin dəyərini bazar qiymətlərinə uyğun olaraq ədalətli məbləğ ödəmək vəzifəsini qoymalıdır. İşə yenidən baxılarkən cavabdeh təşkilatın iddiaçıya barışıq təklifinin real təklif olubolmaması ilə bağlı dəyərləndlirmə aparlmalı, cavabdeh təşkilat buna təşəbbüs göstərdiyi təqdirdə MPM-nin 14.3. maddəsinə əsasən tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməli, əks təqdirdə mübahisəyə mövcud sübutlar əsasında qiymət verməlidir. Məhkəmə kollegiyası bir məsələni də xüsusi olaraq qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 265.4-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Apellyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən, cavabdeh MTK-nın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olub-olmamasına da hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılması məsələsi mütləq müzakirə edilməlidir. Beləki, cavabdeh şirkətin əməkdaşları iddiaçının xüsusi mülkiyyətində olan evini məhv edərək orada olan əmlakları naməlum istqamətə daşımaqla ona külli miqdarda zərər vurmuşlar. Artıq neçə illərdir ki, iddiaçı hüquqlarının bərpasına nail ola bilmir. Evi sökərək məhv edən şirkət iddiaçının hüquqlarının bərpa edilməsinə təşəbbüs göstərmir. Məhkəmələr mülki işə baxarkən guya cavabdeh şirkətin işçilərinin iradəsindən asılı olmayaraq iddiaçının evinin sökülməsini bildirsələr də bu hal öz təsdiqini tapmır. Əksinə, məhkəmələr müəyyən etmişlər ki, məhz həmin evə bitişik ev sökülərkən iddiaçıya məxsus ev sökülmüşdür. Eyni zamanda, məhkəmələr onu da müəyyən etmişlər ki, iddiaçının evi qəzalı vəziyyətdə olmuş və guya qonşular üçün təhlükə törətmişdir. İddiaçının evinin qəzalı vəziyətdə olması cavabdehin məsuliyyətini azaldan hal deyil. Əksinə, inşaat işlərini aparan şirkət bilirdi və bilməlidi ki, qəzalı vəziyyətdə olan evə bitişik olan evi sökərkən iddiaçıya məxsus olan ev də söküləcək. Deməli, cavabdeh şirkətin əvvəlcədən niyyəti hər bir halda iddiaçının evinin sökülməsinə yönəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1. maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə ziyan vurulması ilə nəticəlnməsi cinayət məsuliyyəti yaradır. Eyni əməllər külli miqdarda və xüsusilə külli miqdarda zərər vurulması ilə nəticələndikdə ağır və xüsusilə ağır cinayət hesab olunur. Hətta şirkətin israr etdiyi kimi nəzərə alınsa ki, həmin əməl ehtiyatsızlıqla törədilmişdir, yenə də Cinayət Məcəlləsinin 187-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradan hərəkətdir. Çünki özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaradır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən qətnamə ləğv olunaraq iş yeni apelyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının nəzərinə çatdırır ki, evin sökülməsi nəticəsində əmlakının talan olunması ilə bağlı vurulan maddi ziyan, eləcə də ona vurulan mənəvi ziyanla bağlı hazırkı icraatda yenidən qərar qəbul edilməsi mümkün deyil. Çünki həmin tələblərlə bağlı məhkəmələrin çıxarmış olduğu qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən əvvəlki icraatda dəyişdirilmədən saxlanmışdır. Ona görə kassasiya şikayəti həmin tələblərlə bağlı əsaslı hesab oluna bilməz. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verdi, eləcə də təqdim etdiyi yazılı izahatını müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilməli hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin apellyasiya icraatının predmeti olan hissədə qismən ləğv edilməsi və iddianın həmin hissədə qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tamamilə ləğv edilməsi və iddianın tam təmin edilməsi göstərilsə də, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 4, 4 saylı mənzilin cavabdeh tərəfindən bərpa edilməsinin rədd edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız apellyasiya icraatının predmeti olan təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Apellyasiya icraatının predmeti olan hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 4, 4 saylı mənzilin cavabdeh tərəfindən bərpa edilməsinin qeyd olunması iddianın yalnız bu qaydada təmin olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 4, 4 saylı mənzilin cavabdeh tərəfindən bərpa edilməsi hissəsi Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1-ci maddələrinin dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Çünki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməlidir. Ancaq borclu zərər vurma nəticəsində əmələ gələn öhdəliyini tam və birdəfəlik icra etmək istəmir. Ona görə də birinci instansiya məhkəməsi tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməyərək düzgün olmayan qətnamə çıxarmaqla prosessual hüquq normalarının da tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir. Belə ki, hər dəfə işə baxan kassasiya instansiyası məhkəməsi dörd dəfə apellyasiya instansiyası məhkəməsinin iddianın qismən edilməsi ilə bağlı yekun qənaəti ilə razılaşmamış, hər dəfə qərarlarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin birdəfəlik həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin növbəti dəfə kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilən məcburi göstərişlərinə tam əməl edilməməsi ən azından prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilər. Kassasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçının sökülmüş evinin iki mərtəbəli, 4 otaqlı və 117.1 kv.m olması işin mübahisəsiz halıdır. Cavabdeh "xxxx" MTK tərəfindən məhkəməyə təqdim olunmuş mənzilin planına əsasən, iddiaçıya təklif olunan həmin mənzil 3 otaqlı deyil, 2 otaqdan ibarətdir. Təklif olunan mənzilin əslində 2 otaqdan ibarət olması mənzilin planı və cavabdehin nümayəndəsinin və vəkilinin izahatı ilə təsdiq olunur ki, bu da qətnamənin icra oluna bilənliyini qeyri-mümkün edir. Kassasiya instansiyası məhkəməsinin göstərişinin icrası ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi mübahisəni barışıq sazişi ilə tamamlamağı növbəti dəfə təklif etmiş, cavabdehin nümayəndəsi və vəkili bu dəfə ümumi sahəsi 121.29 kv. metrdən ibarət eyni 2 otaqlı, lakin otaqların bölünərək 4 otağa düzəldilmiş mənzilin planını iddiaçıya təklif etdi, eyni zamanda 145,34 kv.metr ümumi sahəsi olan həqiqi 3 yaxud 4 otaqlı mənzillərin həmin binada olmadığını bildirdi. Lakin iddiaçı cavabdehin bu təklifinin əvvəlkindən heç nə ilə fərqlənmədiyinə görə qəbul etmədi. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri ilə bağlı tərəflərə olan barışıq təklifi heç bir nəticə vermədi. Başqa sözlə cavabdeh MTK əslində 2 otaqlı olan, ancaq otaqların sahəsinin azalması nəticəsində artırılan, ümumi sahəsi 121.29 kv. metr olan 4 otağa düzəldilmiş mənzili yaxud iddiaçının sökülmüş mənzilinin bazar dəyərini verə biləcəyini iddiaçıya təklif etdi. İddiaçı isə bu təkliflərin heç biri ilə razılaşmadı, ən azı 4 otaqlı, yaşayış sahəsi 232.2 kv. metr olan mənzilin verilməsini tələb edir. Demək, apellyasiya instansiyası məhkəməsinin bütün cəhdlərinə baxmayaraq tərəflərin mübahisəni barışıq sazişi ilə tamamlamaları baş tutmadı. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi 09 mart 2022-ci il tarixli qərardadı ilə kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərinin icrası ilə əlaqədar hesab etmişdir ki, ünvan 2 ünvanında yerləşən 4 saylı mənzilin (evin iki mərtəbəli, 4 otaqlı və 117.1 kv.m olması işin mübahisəsiz halıdır) 2018-ci ilin iyul ayının 8də, yəni söküldüyü vaxt bazar dəyərinin yaxud sökülməsəydi bugünə olan bazar dəyərinin nə qədər təşkil etməsi, eləcə də cavabdeh tərəfindən həmin ünvanda yaxud ona yaxın ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 145,34 kv.m olan tam təmirli 3 və 4 otaqlı mənzilin ayrı-ayrılıqda bazar dəyərinin nə qədər təşkil etməsi müəyyən edilməlidir. "xxxx" Qiymətləndirmə Şirkəti MMC-nin 28 mart 2022-ci il tarixli 15/0289 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin 08.06.2018-ci il tarixinə hesablanmış bazar dəyəri 169.000 manat; ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin 28.03.2022-ci il tarixinə hesablanmış bazar dəyəri 188.500 manat; Həmin ünvanda və yaxud ona yaxın ərazidə inşa edilən hündürmərtəbəli çoxmənzilli yaşayış binasında ümumi sahəsi 145.34 kv. metr olan 3 otaqlı təmirli mənzilin bazar dəyəri 465.000 manat; Həmin ünvanda və yaxud ona yaxın ərazidə inşa edilən hündürmərtəbəli çoxmənzilli yaşayış binasında ümumi sahəsi 145.34 kv. metr olan 4 otaqlı təmirli mənzilin bazar dəyəri isə 472.300 manat təşkil edir. Qeyd olunan mənzillərin bazar dəyərinin göstərilən məbləğ təşkil etməsini tərəflər mübahisələndirmədi, əksinə qiymətləndiricinin müəyyən etdiyi qiymətlərin həqiqi olduğu ilə razılaşdılar. Cavabdeh MTK iddiaçının mülkiyətində olan iki mərtəbəli, 4 otaqlı, sahəsi 117,1 kvadrat metr olan evini sökmüş, içərisində olan əşyaları isə hal-hazıradək yeri məlum olmayan anbarına daşımaqla iddiaçıya ziyan vurması işin mübahisəsiz halıdır. Buna baxmayaraq, iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün cavabdeh dəymiş zərərin əvəzini naturada ödəmək, yəni ona qanunvericiliyin tələblərinə uyğun olaraq eyni növlü və keyfiyyətli mənzil vermək və ya yeni mənzilin dəyərini ödəmək vəzifəsini icra etmək istəmir. Əgər iddiaçıya qanunsuz sökdüyü mənzilin əvəzində yeni mənzil vermək yaxud yeni mənzilin dəyərini bazar qiymətlərinə uyğun ədalətli məbləği ödəmək vəzifəsini icra etmək istəsəydi, yəqin ki, bu ana qədər bu məsələni həll edərdi. Demək etmədiyi üçün üzərinə məhkəmə qərarı əsasında öhdəliyini məcburi icra etmək vəzifəsi qoyulmalıdır. Çünki, mübahisə birdəfəlik həll edilməlidir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, cavabdeh iddiaçının mülkiyyətində olmuş 4 otaqlı, sahəsi 117,1 kvadrat metr olan evini sökərək ona ziyan vurduğundan, məhz zərərin əvəzi olaraq da həmin evin əvəzinə, eyni ərazidə inşa edilən çoxmənzilli yaşayış binasında ümumi sahəsi 145.34 kv. metr olan 4 otaqlı tam təmirli mənzilin verilməsi öhdəliyi cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalı, bu, mümkün olmadıqda isə həmin mənzilin bazar dəyəri olan 472300(dörd yüz yetmiş iki min, üç yüz) manat cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi ona görə bu qənaətə gəlir ki, iddiaçının evi 4 otaqlı olmuş və bu evi artıq cavabdeh iddiaçıya zərər vurmaqla qanunsuz sökmüşdür. Cavabdeh də iddiaçıya əvvəl təklif etdiyi ölçüdə, yəni 145.34 kv. metr sahəsi olan, özü də 4 otaqdan ibarət mənzil verməlidir. Çünki, iddiaçının mənzili 4 otaqlı olmuşdur. İddiaçı sökülməsəydi öz 4 otaqlı mənzilindən və orada yaşamaqdan məmnun idi. Cavabdeh ona zərər vurub mənzilini sökməsəydi, yəqin ki, aralaranda bəlkə də heç bir mülki hüquq münasibəti yaranmayacaqdı. Ancaq tərəflər arasında artıq zərər vurmadan əmələ gələn mülki hüquqi mübahisə yaranmışdır və bu mübahisə də həllini tapmalıdır. Cavabdehin mənzili verməsi mümkün olmadıqda isə ona görə 472300(dörd yüz yetmiş iki min, üç yüz) manat ödəməlidir ki, 145.34 kv. metr sahəsi olan, yeni 4 otaqdan ibarət tam təmirli mənzilin hazırki bazar dəyəri, həmin məbləği təşkil edir. Cavabdehin iddiaçıya sökülmüş mənzilin dəyərini təklif etməsi isə yolverilməzdir. Çünki, iddiaçı həmin(sökülmüş mənzilin dəyəri olan) vəsait hesabına, eyni ərazidə 145.34 kv. metr sahəsi olan tam təmirli 4 otaqlı mənzil ala bilməz. Qeyd olunduğu kimi, həmin ərazidə, 145.34 kv. metr sahəsi olan, yeni 4 otaqdan ibarət tam təmirli mənzilin hazırki bazar dəyəri 472300(dörd yüz yetmiş iki min, üç yüz) manat təşkil edir və bu faktı cavabdeh mübahisələndirməmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1, 385.1.2, və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2742/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsindəki 4 nömrəli evin, 4 nömrəli mənzilinin cavabdeh tərəfindən bərpa edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli; İddiaçı mülkiyyətində olmuş, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsindəki 4 nömrəli evin, 4 saylı mənzilinin əvəzinə, həmin ərazidə inşa edilən çoxmənzilli yaşayış binasında ümumi sahəsi 145.34 kv. metr olan 4 otaqlı tam təmirli mənzilin verilməsi öhdəliyi cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalı, bu, mümkün olmadıqda isə həmin mənzilin bazar dəyəri olan 472300(dörd yüz yetmiş iki min, üç yüz) manat cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməli; İddia qalan hissədə təmin edilməməli; İpoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 300(üç yüz) manat cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin " VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2742/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan - Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsindəki 4 nömrəli evin, 4 nömrəli mənzilinin cavabdeh tərəfindən bərpa edilməsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olmuş, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsindəki 4 nömrəli evin, 4 saylı mənzilinin əvəzinə, həmin ərazidə inşa edilən çoxmənzilli yaşayış binasında, ümumi sahəsi 145.34 kv. metr olan 4 otaqlı tam təmirli mənzilin verilməsi öhdəliyi cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun, bu, mümkün olmadıqda isə həmin mənzilin bazar dəyəri olan 472300(dörd yüz yetmiş iki min, üç yüz) manat cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İpoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 300(üç yüz) manat cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin " VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar