Məhkəmə qərarları › İş №2(103)-2158/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2158/2021

25.01.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2158/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı işdirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-6909/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı “əmək müqaviləsinin ləğv edilməsinə səbəb olacaq xidməti yazının ləğv edilməsi və s.” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda, iddianı təmin etmə tədbiri görülərək, xx.xx.2020-ci il tarixli 359 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair bütün hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-6909/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)- 6909/2020 saylı qərardadından verilmiş şikayət, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki iş materialları ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırır ki, iddianın təmin tədbiri çıxarılmasa, onun əmək müqaviləsinə xitam veriləcək və artıq etibarsızlığını mübahisələndirdiyi qanunsuz tərtib edilmiş xx.xx.2002-ci il tarixli, SOCAR **********30490075X01076 saylı xidməti yazının və onun əsasında verilmiş xx.xx.2020-ci il tarixli, SOCAR**********30740457X00193 saylı xəbərdarlıq məktubunun ləğv edilib-edilməməsinin mənası belə olmayacaq. Hətta iddianın predmeti belə qalmayacaq, çünki müqaviləsinə xitam verildiyi gün müvafiq işdənçıxarma barədə əmr olur, bunun da mübahisələndirilməsi artıq “işə bərpa” barədə əmək mübahisəsi olur. Belə olan halda isə illərlə uzanan məhkəmə mübahisəsi və icrasına çətinlik yaradan əmək haqqının ödənilməsi və həmçinin yerinə təyin olunmuş şəxsə başqa iş tapılması olacaq ki, bu da məhkəmə və icra işinin çətinləşdirməklə yanaşı əlavə vaxt itkisi olacaq. Onun işini və həyatını çox çətinləşdirəcəkdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-6909/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinin mənasına görə iddianı təmin etmə o halda həyata keçirilir ki, iddia ilə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcud olsun, yəni görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Həmçinin bu tədbirlər məhkəmə gətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların baş verməsinin qarşısının alınmasının, aradan qaldırılmasının və beləliklə də, gələcəkdə qətnamənin icrasının təmin olunmasının prosessual-hüquqi vasitələrindən biri kimi qiymətləndirilir. Belə ki, iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyrimümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Kollegiya hesab edir ki, iddia ilə iddianın təmin etmə tədbiri arasında əlaqə olmalıdır. Hazırki halda, iddia tələbi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı deyildir. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə qadağa qoyulması hazırkı iş üzrə gələcəkdə çıxarılacaq qətnamənin icrasına, istər iddianın təmin, istərsə də iddianın rədd ediləcəyi təqdirdə, hər hansı şəkildə maneə yaratmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)- 6909/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar