Məhkəmə qərarları › İş №2(103)-2158/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2158/2022

30.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2158/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinin nümayəndəsi Səfərov Fikrət Hətəməli oğlunun, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2895/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyi Cavabdeh qarşı «torpaq sahəsindən və mehmanxana sahəsindən cavabdehin çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Birliyinin qanuni istifadəsində olan Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndi ərazisində yerləşən torpaq sahəsindən və Azərbaycan Ovçular və Balıqçılar Birliyinə məxsus 2 otaqlı mehmanxana sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər Xalq Deputatları İcra Hakimiyyətinin 7 mart 1995-ci il tarixli, 91/1649 saylı qərarından çıxarışına və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3629 saylı İnşaat pasportuna əsasən “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndi ərazisində torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi hazırda da “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin qanuni sahibliyində və istifadəsindədir. Cavabdeh heç bir hüquqi əsas olmadan "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə ayrılmış torpaq sahəsinin müəyyən hissəsini, həmçinin “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə məxsus 2 otaqlı mehmanxana sahəsini zəbt edərək qanunsuz sahibliyində saxlayır, oradan qanunsuz olaraq istifadə edir, o, ərazidə özbaşınalıqlar edir, Birliyin fəaliyyətini, iş rejimini pozur, Cəmiyyətin üzvlərinə qarşı zorakı hərəkətlər edir. Cavabdeh qanunsuz, özbaşına, qeyri-hüquqi hərəkətlərindən çəkilməsi, torpaq sahəsini tərk etməsi və mehmanxananı boşaltması ilə bağlı dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirir. Mülki qanunvericiliyin tələblərinə əsasən iddia təmin edilməlidir. Daha sonra iddiaçı Azərbaycan Ovçular və Balıqçılar Birliyinin direktoru Fizuli Əşrəfov məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh Azərbaycan Ovçular və Balıqçılar İctimai Birliyinin qanuni istifadəsində olan Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndi ərazisində yerləşən torpaq sahəsindən və Azərbaycan Ovçular və Balıqçılar İctimai Birliyinə məxsus 2 otaqlı tikilidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2895/2019 saylı, 24 dekabr 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, işə baxmış Qaradağ Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-293/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyi tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(102)-5813/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-293/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinin nümayəndəsi Səfərov Fikrət Hətəməli oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2895/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinin qanuni istifadəsində olan Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndi ərazisində yerləşən torpaq sahəsindən və «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinə məxsus 2 otaqlı tikilidən çıxarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq Planlaşdıma İdarəsinin 3629 saylı tikinti pasportundan görünür ki, Qaradağ rayonu (Şıxlar kəndi) ərazisində yerləşən cənub-şərq bölməsində Respublika “Ovçular və Balıq Tutanlar Cəmiyyəti” İctimai Birliyinə ovçuluq və balıqçılıq bazası tikmək üçün icazə verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində (Şıxlar kəndi) torpaq sahəsi Şəhər Zəhmətkeş Deputatları Sovetinin 7 mart 1975-ci il tarixli, 91/1649 saylı qərarına əsasən “Azərbaycan Ovçular və Balıq Tutanlar Cəmiyyəti” İctimai Birliyinə ovçuluq və balıqçılıq bazasının tikintisi üçün ayrılmışdır. İş materiallarında olan 1975-ci il tarixdə tərtib edilmiş, 5/20 nömrəli ayrıc aktından görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsində (Şıxlar kəndi) yerləşən torpaq sahəsi “Azərbaycan Ovçular və Balıq Tutanlar Cəmiyyəti” İctimai Birliyinə ayrılmış və həmin ərazinin plan cizgisi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin nizamnaməsinə edilmiş əlavədən görünür ki, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi “Azərbaycan Ovçular və Balıq Tutanlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin "xxxx" MMC-yə ünvanladığı 14.06.2018-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin 07 mart 1975-ci il tarixli 91/1649 nömrəli qərarı ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə ovçuluq bazasının tikintisi üçün Qaradağ rayonunun Şıxlar kəndi ərazisindən 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir qeyd aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçıya 1975-ci ildə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndi ərazisində torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinə dair hüquqlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmamışdır. İddia ərizəsindən qeyd edilmiş “iki otaqlı tikili”yə dair ümumiyyətlə heç bir sənəd təqdim edilməmiş, məhkəmə iclasında tərəflərin izahatları ilə həmin tikilinin özbaşına tikili olması müəyyən edilmişdir. Bu səbəbdən, hazırki halda iddiaçının subyektiv hüququ olmadığından iddia təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında da qeyd olunmuşdur ki, hazırkı iş üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianın rədd edilməsi qanuni və əsaslı deyil. Hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün Bakı Şəhəri Zəhmətkeş Deputatları Sovetinin 7 mart 1975-ci il tarixli qərarı əsasında iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıbalınmaması araşdırılmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin mübahisə edilməyən hallarından görünür ki, Bakı Şəhəri Zəhmətkeş Deputatları Sovetinin 7 mart 1975-ci il tarixli, 91/1649 saylı qərarına əsasən “Azərbaycan Ovçular və Balıq Tutanlar Cəmiyyəti” İctimai Birliyinə ovçuluq və balıqçılıq bazasının tikintisi üçün Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində (Şıxlar kəndi) 0.10 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin situasiya planı tərtib edilmişdir. Həmçinin işin mübahisə edilməyən hallarından biri də odur ki, torpaq sahəsi üzərində 2 otaqlı tikili vardır. Həmçinin iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi dənizkənarı sahə olmaqla qeyd edilən mübahisəli torpaq sahəsinə və orda yerləşən tikiliyə cavabdehdən başqa hər hansı digər şəxslərin iddiası yoxdur. Cavabdeh isə qeyd edilən mübahisəli torpaq sahəsinə və orada yerləşən tikiliyə iddiasını onun rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin ərazidə torpaq sahəsi ayrılması üçün müraciət etməsi və müvafiq orqanların müsbət rəylərini alması ilə əsaslandırsa da hal-hazırda onun mübahisəli torpaq sahəsinə və orada yerləşən tikiliyə dair hər hansı bir hüququ yoxdur. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıbalınmaması halını araşdırmış və iddiaçı tərəfindən təqdim edilmiş və tərəflər arasında mübahisələndirilməyən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” “Çıxarışdan və torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndinin cənub-şərq hissəsi/ torpaq sahəsi 0.25 ha “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin xeyrinə yükülü edilməklə 1008 nömrəli reyestr kitabının 10004 nömrəli vərəqində qeydiyyata alınmışdır. Kollegiya hesab edir ki, qeyd olunan faktiki hallara uyğun olaraq mübahisə ilə bağlı dəyərləndirmə aparılmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.3-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Göründüyü kimi, hazırki halda iddiaçının mübahisəli torpaq sahəsinə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, cavabdehin isə qeyd edilən mübahisəli torpaq sahəsinə və orada yerləşən tikiliyə dair hər hansı bir hüququ yoxdur. Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının istifadəsinə olan torpaq sahəsi və orada yerləşən 2 otaqlı tikilini zəbt etmiş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmamaqla qanuni və əsaslı hesab edilə bilməz. Buna görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinin qanuni istifadəsində olan Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndi ərazisində yerləşən torpaq sahəsindən və «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinə məxsus 2 otaqlı tikilidən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2895/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinin qanuni istifadəsində olan Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndi ərazisində yerləşən torpaq sahəsindən və «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinə məxsus 2 otaqlı tikilidən çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyininin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2895/2019 saylı, 24 dekabr 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinin qanuni istifadəsində olan Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndi ərazisində yerləşən torpaq sahəsindən və «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinə məxsus 2 otaqlı tikilidən çıxarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar