Məhkəmə qərarları › İş №2(103)-2160/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2160/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2160/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2160/2023 (Açar sözlər: pul tələbi) Bakı şəhəri 15 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5458/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bakı filialı ilə Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lisey tərəfindən iddiaçının övladı X3 təhsil xidmətləri göstərilmiş, Cavabdeh isə müqavilə üzrə nəzərdə tutulan təhsil haqqını ödəməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən bağlanmış müqavilə üzrə 1900 manat məbləğində təhsil haqqı borcunun, gecikdirilən hər gün üçün 0.5% hesablanmaqla 6963 manat dəbbə pulunun və ödənilmiş 108,63 manat dövlət rüsumu olmaqla, cəmi 8971,63 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Təhsil xidmətlərinin göstərilməsinə dair” İdrak Liseyinin Bakı filialı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lisey tərəfindən iddiaçının övladı X3 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. 1 təhsil ili üçün ödəniş haqqı 8000 manat təşkil etsə də, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, 2019-2020-ci illər üzrə 1900 manat məbləğində təhsil haqqını ödəməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə müraciət olunsa da, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, borcu ödəməmişdir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5458/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 2019-2020-ci təhsil ili üçün müqavilə bağlanmamış və mövcud iddia tələbi üzrə əsassız varlanma ilə bağlı iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1, 375.2, 385.1, 386.1, 1091, 1095-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi xahiş etmişdir.

8. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə müqavilə müddətini yanlış şərh etmiş və təhsil haqqını ödəməmək üçün əsas hesab edərək müqaviləni yanlış və məhdud şərh etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci maddəsində nəzərdə tutulur ki, “bu müqavilə imzalandığı andan qüvvəyə minir və şagird təhsilini başa çatdırana qədər qüvvədədir”. Müqavilənin bu maddəsinin tələbi məhkəmə tərəfindən ümumilikdə nəzərə alınmamışdır. Hazır ki iş üzrə, müqavilə 2018-ci il də bağlansa da müqavilənin müddəti şagird liseydə təhsilini bitirənədək nəzərdə tutulmuşdur. Şagirdin Liseydə təhsilini bitirməsi həm tərəflərin qarşılıqlı razılaşması və ya müqaviləyə xitam verilməsi halında və ya şagird Liseydə 11-ci sinifdə ümumi təhsilini yekunlaşdırdığı hal kimi nəzərdə tutulmuşdur. Lakin birinci instansiya məhkəməsi bu müddəanı görməzdən gəlmiş, şagird faktiki olaraq Liseydə 2019-2020-ci təhsili üzrə təhsilini davam etdirdiyi halda və dərslərdə iştirak etdiyi halda müqaviləni yekunlaşmış hesab etmişdir. Bundan başqa məhkəmə onların etirazlarına məhəl qoymamış və öz qətnaməsində onların müddətlə bağlı etirazlarına toxunmamışdır. Belə ki, onlar öz etirazlarında da qeyd etdikləri kimi hazır ki iş üzrə müqavilə öhdəliklərinnən yaranan mübahisə olduğu üçün Mülki Məcəllənin 373.2-ci maddəsi tətbiq olunmalıdır hansı ki, müqavilə üzrə öhdəliklərin pozulması üzrə iddia müddəti 3 il nəzərdə tutulmuşdur. Bundan başqa, məhkəmənin 1095-ci maddəni tətbiq edərək iddia müddətinin axımını tətbiq etməsi əsassızdır. Çünki Lisey cavabdehdən 2019- 2020-ci təhsil ili üzrə göstərilmiş xidmətlərin haqqını tələb edir. Belə olan halda, 2020 ildən müddətin başlanmasını hesab edilsə belə müddət aşımından söhbət gedə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

25. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

27. Məhkəmə kollegiyası işə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qanuni hesab etməyərək qeyd edir ki, tərəflər arasında 2018-ci ildə bağlanmış müqavilənin 6.1-ci maddəsində tərəflər razılaşmışlar ki, - “bu müqavilə imzalandığı andan qüvvəyə minir və şagird təhsilini başa çatdırana qədər qüvvədədir”.

28. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyərək 2019-2020-ci il tədris ili üzrə 5700 manat məbləğində ödəniş etmiş, pandemiya dövründə olan güzəştli tədbiq etdikdən sonra qalan 1900 manat məbləğində təhsil haqqını ödəməmişdir.

29. Göründüyü kimi iş üzrə cavabdehin övladı X3 2019-2020-ci təhsil ili üzrə təhsil almış və bunun müqabilində də, cavabdeh tərəfindən 5700 manat məbləğində ödəniş edilmişdir.

30. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, göstərildiyi kimi tərəflər arasında bağlanmış Müqavilənin 6.1-ci bəndində nəzərdə tutulan “şagird təhsilini başa çatdırana qədər qüvvədədir” ifadəsi şagirdin həmin liseydə təhsilini başa vurması kimi nəzərdə tutulmuşdur. Müqavilənin qüvvədə olma müddəti şagird təhsilini başa çatdırana qədər olduğundan, hər il müqavilə bağlamağa ehtiyac yoxdur.

31. İddia müddətinin tətbiqi ilə bağlı məsələyə qiymət verən kollegiya hesab edir ki, qeyd edildiyi kimi tərəflər arasında müqavilədən irəli gələn öhdəliklər olduğundan, iddia müddətinin tətbiqi ilə bağlı Mülki Məcəllənin 373.2-ci maddəsi tətbiq oluna bilərdi.

32. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İşin halları baxımından isə görünür ki, iddiaçı tərəfindən müqavilə tələbləri üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmamışdır.

33. Bununla belə, məhkəmə kollegiyası iddia tərəfindən tələb olunan dəbbə pulnun əsas məbləğə münasibətdə çox yüksək qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

35. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

36. Hazırki işin hallarından görünür ki, cavabdehin 1900 manat olduğu mübahisəli olmayan əsas borcuna münasibətdə iddiaçı 6963 manat cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib deyildir. Kollegiya hesab edir ki, cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin 100 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

37. Kollegiya, həmçinin, hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində (iddianın təmin olunan hissəsinə münasibətdə) 60 manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5458/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1900 manat əsas, 100 manat cərimə, ümumilikdə 2000 (iki min) manat borc, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi, yəni cəmi 60 (altmış) manat tutularaq İddiaçına ödənilsin. İddia tələbi qalan hissələrdə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iddiaçı tərəfindən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar