Məhkəmə qərarları › İş №2(103)-2160/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2160/2025

15.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2160/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-2390/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMMC - Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1688 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Səbail Rayon Məhkəməsinin 2(009)-2390/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia təmin edilmiş, 1688 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub "xxxx" MMMC-yə ödənilməsi, 36,90 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qərara alınmışdır.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, qeyd etmişdir ki, o həmin mənzildə yaşamır, ona görə də ondan kommunal xərclərin tutulması barədə qətnamə əsassızdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, həmin mənzildə heç kim yaşamır, bu halda onlardan kommunal xərc tutulması əsassızdır. Həmçinin bildirdi ki, MMMC-nin üzvü deyil. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

6. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Sübutların tədqiqi:

8. RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi məhəllə 3142, ev 19 a, mənzil 34 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 63, M7, mənzil 4) Cavabdeh xüsusi mülkiyyətindədir.

9. İddiaçı MMMC-nin nizamnaməsinin surətindən görünür ki, cəmiyyət ünvan 1 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin qərarına əsasına yaradılmışdır. Cəmiyyətin yaradılmasının əsas məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir.

10. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında qeyd edilir ki, ünvan 1 nömrəli binanın ümumi sahəsi 159,5 kv.m təşkil edən 34 saylı mənzilin aylıq kommunal ödənişi kvadrat metrəsinə görə 0.35 AZN hesablanaraq 56 AZN təşkil edir. 2022-ci ilin avqust ayından 2024-cü ilin noyabr ayınadək 28 ay kommunal ödənişləri üzrə 1568 AZN, əlavə yığımlar üzrə 120 AZN, toplam 1688 AZN borc yaranmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

11. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

12. Maddə 121.2. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçısı olmayan həmin binaların sahə mülkiyyətçilərinin öz ərizələri əsasında yaradılmış cəmiyyətin iştirakçısı olmaq hüququ vardır.

13. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir:

14. 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan;

15. 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan;

16. 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan;

17. 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan.

18. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir:

19. 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq;

20. 136.2.2. kommunal xidmətlərə görə haqq.

21. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir.

22. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.

23. 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər.

24. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.

25. 138.1. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir.

26. 138.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir.

27. 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir.

28. 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

29. 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.

30. 140.3. Əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

31. 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir.

32. 141.6. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur.

33. "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarı dövlət və ictimai mənzil fondu evlərinə şamil olunur. Özəl mülkiyyətdə olan çoxmənzilli binanın mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqqın miqdarı isə Nazirlər Kabinetinin, yaxud Tarif Şurası tərəfindən müəyyənləşdirilmiş tariflərlə tənzimlənmir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

38. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

39. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

40. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

45. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin mənzildə yaşamaması barədə yeganə dəlili üzrə qeyd edir ki, Mənzil Məcəlləsinin 137.10-cu bəndinə görə, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.

49. Bundan başqa, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada MMMC-yə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir.

50. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.

51. Belə olan halda, məlum olur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Nəticə:

52. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

53. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-2390/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar