Məhkəmə qərarları › İş №2(103)-2161/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2161/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2161/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “qorunan əmanət üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qorunan əmanət üzrə kompensasiyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “qorunan əmanət üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-272/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2016-cı il tarixdə İddiaçı Cavabdeh2 ASC-də olan hesabında 18.600 ABŞ dolları pul vəsaiti olduğu müəyyən olunur.

2. İddiaçı "xxxx" ASC-yə olan kredit borcu 36 222,29 manat təşkil edir. Hesabın açılış tarixi isə xx.xx.2019-cu il olduğu göstərilir.

3. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 1541/2016 saylı qərarı ilə Cavabdeh2 ASC müflis elan edilməklə, iflas prosesinə başlanılmış, həmin Məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilmişdir.

4. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üzrə ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatmışdır.

5. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fond tərəfindən 18.600 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsini tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.600 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Əmanət Müqaviləsinə əsasən 18.600 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh2 ASC-yə depozit olaraq qoymuşdur. Sözügedən əmanət həmin tarixdə və hazırda qüvvədə olan Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 18.600 ABŞ dolları məbləğində olmaqla qorunan əmanət olaraq yerləşdirilmişdir. Sonradan Cavabdeh2 ASC-nin lisenziyası ləğv olunmuş və bununla da sığorta hadisəsi baş vermişdir. Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən, fond tərəfindən hər bir istehlakçıya bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində kompensasiya ödənilir. Onun tərəfindən qoyulmuş əmanət tam sığortalanmış hesab olunmaqla 18.600 ABŞ dolları kompensasiyanın ödənilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə tərəfindən cavabdehə müraciət olunsa da Əmanətlərin Sığortalanması Fondu müraciətə heç bir cavab verməmiş və öhdəliyini icra etməmişdir. Bu səbəbdən də hesab etmişdir ki, İddiaçı tərəfindən qoyulmuş əmanət tam sığortalanmış hesab olunmaqla 18.600 ABŞ dolları kompensasiyanın ödənilməsinin cavadehin üzərinə qoyulması barədə qətnamə qəbul olunması zərurəti yaranmışdır.

8. Daha sonra məhkəmə tərəfindən LPO "xxxx" ASC cavabdeh qismində cəlb edilmişdir.

9. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-272/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO "xxxx" ASC-yə qarşı qorunan əmanət üzrə kompensasiyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Ləğv prosesində olan Cavabdeh2 ASC ilə İddiaçı (hesab №-si ********************, ********************, 801- 5211900-1) arasında bağlanmış əmanət müqaviləsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilməsinə dair qərardadla Banka müqaciət edisə də, cavab olaraq sözügedən əmanət müqaviləsinin aşkar edilmədiyi bildirilmişdir. Hazırki halda məhkəmənin qənaətinə görə, tərəflər arasında iddia tələbində qeyd edilən əmanət müqaviləsinin bağlanmış olduğu qənaətinə gəlmək mümkün deyildir. Belə ki, iddia tələbində tərəflər arasında əmanət müqaviləsinin bağlanması əsas göstərilməklə həmin müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsinə görə cavabdehdən pul tələb edilmiş, belə bir müqavilə iddia ərizəsinə əlavə edilməmiş, eyni zamanda məhkəmə iclasında da, iddiaçının nümayəndəsi tərəfindən müqavilənin təqdim edilməsinin mümkün olmaması bildirilmiş, sübutların cəlb edilməsinə dair qərardadın icrası həmin müqavilənin mövcud olmaması səbəbindən mümkün olmamışdır. Prosessual qanunvericiliyin tələblərinə görə də yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə hesab etmişdir ki, hazırkı iddianın əsasını təşkil edən əmanət müqaviləsi və digər zəruri sənədlər təqdim edilmədiyindən, cavabdehdən iddia tələbində göstərilən borcun tələb edilməsi əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1, 946.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-272/2024 saylı qətnaməsi tam ləğv edilsin, iddia tələbi tam təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarış sənədlərindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixində "xxxx" ASC-də olan depozit hesabına 18 600 ABŞ Dolları pul vəsaiti mədaxil edilmişdir. Qeyd edilən sənəddə mədaxil edilən vəsaitin təyinat hissəsində depozit olduğu aydın görünür. İddiaçı isə qoyulmuş depozitə görə hesablanmış faizləri deyil, sadəcə cari hesaba qoyulmuş vəsaiti tələb edir. Əlaqəli olaraq birdirir ki, müvafiq qanunvericilik aktına əsasən cari hesaba qoyulmuş pul vəsaiti qorunan əmanət hesab edilir və mütləq kompensasiya edilməlidir. Məhkəmə isə bu hissədə məsələni tam araşdırmadan və iş materiallarına əlavə edilmiş sübutlara istinad etmədən əsassız olaraq iddia tələbini təmin edilməməsi barədə qətnamə qəbul etmiş, bununla da iddiaçının hüquqlarının müdafiəsiz qalmasına səbəb olmuşdur. Belə ki, Mülki Məcəllənin 951-ci maddəsinə görə, əmanətçinin əmanət üzrə hesabına üçüncü şəxslərdən daxil olmuş pul vəsaiti belə əmanət hesab edilirsə, onun hesabdan hesaba köçürmə yolu ilə depozit hesabında görünən pul vəsaitinin təyinatının depozit olması tam aydın məsələdir. Məhkəmə öz qərarında tərəflər arasında əmanət müqaviləsinin bağlanmış olduğu qənaətinə gələ bilmədiyini göstərmişdir. Yekun qərarını əsaslandırarkən istinad etdiyi qanun maddəsində qeyd edilir ki, bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. Yəni tərəflər arasında əmanət müqaviləsinin olması sadəcə həmin müqavilənin mövcudluğu ilə deyil, eyni zamanda bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə də öz təsdiqini tapa bilər ki, iş materiallarına bank tərəfindən müştəriyə verilmiş hesabdan çıxarış sənədləri əlavə edilmişdir. Məhkəmə isə sözügedən sübuta məhəl qoymadan bu cür müqavilənin mövcud olmadığı qənaətinə gəlmişdir. Belə ki, hər hansı kağız daşıyıcıda və ya elektron sistemdə müqaviləni tapmaq mümkün olmadığı, lakin müqavilənin mövcud olmasını təsdiq edən digər sənədin olduğu halda həmin müqavilənin mövcud olmadığı qənaətinə gələrək iddiaçının hüquqlarının təmin edilməsindən imtina etmək ciddi hüquqpozuntusu kimi qiymətləndirilməlidir. Hansı ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdehin möhürü və səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edilmiş hesabdan çıxarış sənədində köçürülmüş pul vəsaitinin depozit təyinatlı olması aydın görünür. Məlum məsələdir ki, bu vəsaiti hesaba mədaxil edən müştərinin hansısa marağı olmalıdır. Bu isə tərəflər arasında razılaşdırılmış iradə ifadəsinin mövcudluğunu təsdiq edir. Müştərinin depozit hesabına yerləşdirdiyi vəsaitin bank tərəfindən qaytarılmadığı halda bank şirkəti əsassız varlanmış olar. Əgər hesabdan çıxarışda görünən pul məbləği iddiaçının kredit borcu, digər bank xidmətlərindən istifadəyə görə ödənilmiş borcu olsaydı bu aydın şəkildə ifadə olunardı və ya bank tərəfindən akseptsiz qaydada silinərdi. Odur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, məsələni tam araşdırmamış və bununla da iddiaçının hüquqlarının təmin edilməsinə mane olmuşdur. Məhkəmə sırf əmanət müqaviləsinin ona təqdim edilməməsi ilə bağlı məsələlərə toxunaraq, bankla müştəri arasındakı müqavilə münasibətlərinin faktiki mahiyyətini araşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

15. Əvvəlki məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, rayon məhkəməsində də sorğu edilmişdir ki, müqavilə təqdim edilsin. Lakin, təqdim edilə bilmədi. Həmçinin bank da təqdim edə bilməmişdir. Hesabdan çıxarışlarla sübut edir ki, 2021-2022-ci illərdə qalıq məbləğlər qeyd edilmişdir. Qarşı tərəf həmin məbləğin əmanətə aidiyyatının olmamasını bildirmişdir. İddiası yalnız ƏSF-yə qarşıdır. Kredit borcu ilə bağlı məlumatı yoxdur.

16. Məhkəmə iclasında çıxış edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçının qeyd etdiyi norma bank qarşısında öhdəliyi təminatına aiddir. Onlar isə başqa normaya istinad edir. Həmçinin, iddiaçı kredit borcu ilə əmanətin əvəzləşdirməsi barədə iddia qaldırıb. Qərardadla ona Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına müraciət etmək hüququnun olduğu izah olunub. İddiaçı hazırda inzibati qaydada iddia qaldıra bilər. İddiaçı etiraf etmişdir ki, borcu olmuşdur. Bank fevral ayında ləğv olunub. Həmçinin, kompensasiya hüququ 5 il müddətinə saxlanılır. İddiaçı müddəti də ötürmüşdür. Apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçının borcunun olması barədə sənədləri təqdim edə bilərlər. İddiaçının hesabından çıxarışı təqdim etdilər, 36.000 dollar kredit borcu var. ƏSF haqqında Qanunun köhnə redaksiyasına əsaəsən kredit öhdəliyi varsa kompensasiya mümkün deyil. Hazırda qanuna dəyişiklik edilib. Həmçinin, 5 il müddət keçmişdir. Əvəzləşmə ilə bağlı iddiaçı müraciət etmişdir. Cavabdeh fiziki şəxslərin qorunan əmanətlərini kompensasiya edir. Qanunun 2-ci maddəsində anlayışlarda göstərilib. Köhnə redaksiyaya əsasən öhdəlik varsa qorunan əmanət hesab edilmir. Əmanət yerləşdiriləndə köhnə qanun qüvvədə olmuşdur. Hazırda da öhdəliyi var. Əvəzləşmə ilə pulunu ala bilər. Hətta, müqavilə olsa da iddiaçının tələbi təmin oluna bilməz, çünki kredit borcu var. Qanuna əsasən ƏSF hüququ 5 il ərzində saxlayır. Sığorta hadisəsinin baş verdiyi gündən hesablanır. xx.xx.2017-ci il tarixdə müddəti bitmişdir. Belə anlaşılır ki, 1 illik müddət 2016-cı ildən başlayıb. Bu günə qədər müraciət edilməyib, iddiaçı hazırda iddia qaldırır. Apellyasiya şikayəti təmin edilməməlidir. 36.000 dollar ipoteka ilə bağlı məsələdir. Əmanət 18.000 dollardır. Vaxtı çatmış öhdəlik olduqda kompensasiya çıxılmaqla ödənilir.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq normaları:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Maddə 946.1. Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə,bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin.

19. “Əmanətlərin Sığorttalanması haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.1.2. qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Maddə 2.1.2.9. ödəniş müddətlərinin başa çatıb-çatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti qorunan əmanətlərə aid edilmir. (xx.xx.2016-cı il tarixədək olan redaksiyada) Maddə 2.1.9. Sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən təsdiq edilməsidir. Maddə 2.1.11. Kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Maddə 26.1. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir (xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci ilədək qüvvədə olan redaksiyada) Maddə 26.2. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. Maddə 28.2. Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Maddə 28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Maddə 28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyinə görə iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

25. İddiaçı hazırkı iddiasında İddiaçı ilə LPO "xxxx" ASC arasında əmanət müqaviləsi üzrə ödənilməli olan 18.600 ABŞ dolları məbləğində kompensasiyanın cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməsini xahiş etmişdir.

26. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyinə görə əmanət müqaviləsinin bağlanmış olduğu qənaətinə gəlmək mümkün deyildir.

27. Məhkəmə kollegiyası işə baxan məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi çıxarışdan xx.xx.2016-cı il tarixə iddiaçının Cavabdeh2 ASC-də olan hesabında 18.600 ABŞ dolları pul vəsaitinin olması müəyyən olunur.

28. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi xx.xx.2023-cü il tarixli ərizəsində iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi bank hesabından çıxarışından görünür ki, iddiaçının hazırda ləğv prosesində olan Cavabdeh2 ASC-də olan hesabında 18.600 (on səkkiz altı yüz) ABŞ dolları pul vəsaiti mövcuddur və bu vəsait ləğvedici tərəfindən kreditor tələbi kimi qeydiyyata alınmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə Cavabdeh2 ASC müflis elan edilməklə, iflas prosesinə başlanılmış, həmin Məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilmişdir. Hazırki iş üzrə iddiaçının bankda sığorta hadisəsi baş verdiyi dövrdə eyni zamanda müflis elan edildiyi dövrdə məhz elə Cavabdeh2 ASC qarşısında icra edilməmiş öhdəliyi olmuşdur.

29. Mülki Məcəllənin 946.1-ci maddəsinə əsasən bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə,bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin.

30. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə müvafiq olaraq bank əmanəti müqaviləsi qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilməsi mümkündür. İddiaçı da öz növbəsində LPO Texnikank ASC-nin rəsmi verdiyi hesabdan çıxarışı təqdim etmişdir. Cavabdehin nümayəndəsi də ərizəsində həmin çıxarışa istinad etməklə Cavabdeh2 ASC-də olan hesabında 18.600 ABŞ dolları pul vəsaitinin mövcudluğunu qeyd etmişdir.

31. Bundan əlavə, iş materiallarında olan hesabdan çxarışdan görünür ki, iddiaçının kredit öhdəliyi də vardır. İddiaçının "xxxx" ASC-yə olan kredit borcu 36 222,29 manat təşkil edir. Hesabın açılış tarixi isə xx.xx.2019-cu il olduğu göstərilir.

32. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.9-cu maddəsinə əsasən ödəniş müddətlərinin başa çatıb-çatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti qorunan əmanətlərə aid edilmir. Lakin 19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 394) ilə 2.1.2.9-cu maddə ləğv edilmiş və qanuna “Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.” məzmunda 26.2-ci maddə əlavə edilmişdir.

33. İşdən göründüyü kimi iddiaçının 2016-cı ildə əmanəti olsa da onun kredit öhdəliyi 2019-cu ildə yaranmışdır və hazırda da mövcuddur.

34. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

35. İş materiallarında olan Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə xx.xx.2017-ci il tarixli məlumatdan görünür ki, Ləğv prosesində olan Cavabdeh2 ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üzrə ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatmışdır. Ümumilikdə Cavabdeh2 ASC-nin qorunan əmantçilərinə 120 milyon 413,9 min manat kompensasiya ödənilmişdir.

36. İddiaçı tərəfindən kompensasiyanın verilməsi barədə vaxtında müraciəti ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

37. İşdə olan Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı kreditor tələbinin bank qarşısında olan öhdəliklə əvəz ediləməsini tələb etmişdir. İddiaçıya müvafiq tələblə inzibati orqana, yaxud Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət etmək hüququ izah edilmişdir.

38. Məhkəmə kollegiyası o cümlədən qeyd dir ki, işə baxan məhkəmə prosessual hüquq normasını da pozmuşdur. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi Əmanətlərin Sığortalanması Fonduna qarşı olmuşdur. Məhkəmə isə iddiaçının yazılı razılığı olmadan əlavə cavabdeh qismində LPOCavabdeh2 ASC-ni cəlb etmişdir.

39. Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsində qeyd edilir ki, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında cəlb edilir.

40. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsı məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

41. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e- 2(006)-272/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı 18.600 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir.

42. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-272/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı 18.600 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar