Məhkəmə qərarları › İş №2(103)-2163/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2163/2022

10.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2163/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən məcburi çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(005)- 5527/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, Həmçinin, iddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 9 saylı notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(007)-1181/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və onun ailə üzvlərinin ünvan 1 ünvanda yerləşən mülkiyyət hüququ üzrə ona məxsus 3 (üç) otaqdan ibarət mənzildən məcburi çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 16 iyul 2021-ci ildə Bakı şəhəri 9 saylı notariat ofisində X4 məxsus ünvan 2 ünvanda yerləşən 47 kv/m sahədən ibarət olan 3 otaqlı mənzili 35000 manat ödəyərək əldə etmişdir. Alqı-satqı müqaviləsini X2 etibarnamə əsasında nümayəndəsi kimi Cavabdeh imzalamışdır. Əslində o, notariat ofisində ödədiyi 35000 manatdan əlavə qeyri-rəsmi olaraq 60000 manat, yəni ümumilikdə 95000 manat pul ödəmişdir. Həmin qeyri-rəsmi ödədiyi məbləği təsdiq edən şahidi vardır. Lakin keçmiş mülkiyyətçinin etibarnamə əsasında nümayəndəsi Cavabdeh hal-hazırda ailə üzvləri ilə birlikdə ona məxsus mənzildən çıxmaq istəmir. O, dəfələrlə cavabdehə ailə üzvləri ilə birlikdə evi boşaltmasını tələb etsə də, onlar onun tələblərini rədd edərək mənzildə yaşamağa davam etmişlər. Sonradan ona məlum olmuşdur ki, cavabdeh ondan başqa şəxslərdən də böyük miqdarda pul alaraq qeyri-rəsmi olaraq onlara ev verəcəyinə söz vermiş, bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin Nərimanov RPİ -dən ona həmin işin mülki iş olduğu üçün məhkəməyə müraciət etməyini bildirilmişdir. O, mülkiyyətində olan mənzil üzərində sahiblik, istifadə və sərəncam hüququnu tam həyata keçirə bilmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5527/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia təmin edilmişdir. Cavabdeh, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı, iddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 9 saylı notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia verərək (iddanın dəyişidirlmiş formasında), Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq olunmuş ünvan 1 ilə bağlı 16 iyul 2021-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 09 iyul 2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin “Azərinşaatlayihə” institutunda işlədiyi şöbədə iş yoldaşı X5 ilə söhbət əsasında ona pul lazım olduğunu bildirmiş, o da qardaşı iş üzrə cavabdehin atası Mehdinin bu məsələdə ona kömək göstərə biləcəyini bildirmişdir. Evi girov qoyub pul götürmək qərarına gəlmiş, 16 iyul 2021-ci il tarixdə notariusa getmişlər. Mehdi bildirmişdir ki, ev onun adına olmadığı səbəbindən evi ancaq alqı-satqı etmək mümkün olacaq ki, ona pul versin. Həmin günü formal alqı-satqı aparılmış, ona faizlə 35000 manat pul verilmiş, hər ay Emilə 2000 manat faiz ödəməklə 2 ay müddətinə pulu tam qaytarmağı öhdəsinə götürmüşdür. Formal alqı-satqı iş üzrə cavabdeh Bakı şəhəri, 9 saylı notariat ofisində 16 iyul 2021-ci il tarixdə, AN-İ seryalı ******* saylı, 4Ə-841 reyestr qeydiyyatlı müqavilə ilə həyata keçirilmişdir. Lakin oktyabr ayında pulu tam formada qaytara bilmədiyi səbəbindən oktyabr ayı üçün aylıq faizi ödəmək istəyəndə Emil bildirmişdir ki, evi satışa çıxardır, pula ehtiyac yoxdur. Bundan sonra məcbur qalıb Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir. Polis İdarəsinin İstantaq Şöbəsinin müstəntiqi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Evin satılmasına dair tərəflə ümumiyyətlə razılığı olmamış və alqı-satqı formal xarakter daşımışdır. Belə ki, Emil onun iş yoldaşı olduğu səbəbindən ona inanmışdır. Mənzil əvvəl iddiaçının adına olmuş, buna dair xx.xx.2005-ci il tarixli ÖM seryalı 231262 saylı qeydiyyat vəsiqəsi də mövcud olmuşdur. İddiaçı ailə münasibətlərinin pozulması səbəbindən mənzili xx.xx.2006-cı il tarixdə xalası qızı X2 adına keçirmişdir. Mənzil alqı-satqı müqaviləsinə görə 35000 manata satılmışdır. Bu da onun formal bağlanılmasını göstərir. Həmin mənzilin sahəsi 110 kv.m-dir. Hər kv.m üçün 1500 manat hesablasalar onun hazırki likvid qiyməti 165000 manat təşkil edir. Mənzil onun dəyərindən 2,5 dəfə aşağı qiymətə satılmışdır. Bu da onu göstərir ki, müqavilə etibarsızdır və başqa müqaviləni pərdələmək üçün bağlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(007)- 1181/2022 saylı qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia rədd olunmuşdur. İddiaçı, qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 2(103)-5578/2022 saylı qərardadı ilə qeyd olunana mülki işlər bir icraatda birləşdirilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci iddia üzrə Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçıya ev satmaması, 35000 manat borc alması, müqavilənin alqı-satqı olmasını bilməməsi, ona izah edilməməsi, əqdin etibarsız olması və s. kimi əsaslandırmışdır. İkinci iddia üzrə isə, iddiaçı Cavabdeh apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmışdır. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) apellyasiya şikayətlərini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, ünvan 2 ünvanı həqiqətdə Cavabdeh məxsus olsa da, rəsmi qaydada X2 adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyata alınmışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsində ərizə verərək iddiaçının əsl iddiaçı Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətlərini qəbul etməyərək, iddia ərizəsinə uyğun eyni məzmunlu izahat vermiş və məhkəmə kollegiyasından şikayətlərin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı iddiası üzrə apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(005)-5527/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, Cavabdeh iddiası üzrə isə apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-1181/2022 saylı 26 may 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq, həmin iddia digər əsasla rədd olunmalıdır. Belə ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Nağıyev Murtuza küçəsində istifadədə olan 0,05788 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binada, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 12 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 175 nömrəli reyestr kitabının 18535 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan satıcı X6 ilə ilə alıcı İddiaçı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 16 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, satıcı mülkiyyətində olan ünvan 1-ni alıcıya 35000 manat qiymətə satmışdır (müqavilə etibarnamə əvəzində satıcı X2 əvəzinə Cavabdeh tərəifndən imzalanmışdır). İşdə olan X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X4 məxsus ünvan 1-nin özgəninkiləşdirilməsinə etiraz etmir. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyat alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ilkin olaraq alqı-satqı müqaviləsinin etibarlılığı ilə bağlı Cavabdeh iddia tələbinə hüquqi qiymət verilməli, onun nəticəsi olaraq İddiaçı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin qətnamənin qanuniliyi yoxlanılmalıdır. İddiaçı Cavabdeh alqı-satqı müqaviləsinin etibarsız olmasını, həqiqətdə ona verilmiş borca (35000 manat) görə bağlanmasını və s. göstərmişdir. Birinci instansiya məhkəməsi həmin iddianı rədd edərkən - Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi kimi qəbul etmiş, eyni zamanda alqı-satqı müqaviləsinin iddia edildiyi kimi etibarsız əqd olmamasını, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməməsinə istinad etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında da qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının əqdi mübahisələndirməkdə müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) cavabdehin etirazları da nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. Qeyd edildiyi kimi, iddiaçı Cavabdeh ilkin olaraq alqı-satqı müqaviləsini mübahisələndirməkdə müvafiq subyektiv (tələb) hüquqlarına malik olmasını sübut etməlidir. İddiaçı tərəf bununla bağlı mübahisəli yaşayış sahəsinin əsl mülkiyyətçisi olmasını, mənzilin formal olaraq qohumu olan X2 adına keçirilməsini göstərsə də, bu hal özüözlüyündə iddiaçının hazırki tələb hüquqlarının mövcudluğu ehtiva etmir. Çünki, mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində məhz X2 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, mübahisələndirilən alqı-satqı müqaviləsinin tərəfləri də - satıcı kimi X6, alıcı kimi İddiaçı olmuşdur. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 140-cı maddəsinin tələbinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İşdə olan sübutlardan və qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi – mübahisəli yaşayış sahəsinin əvvəlki (mübahisələndirilən alqı-satqı müqaviləsindən əvvəlki) mülkiyyətçisi məhz X6 olmuş, Cavabdeh reyestrin məzmununun qeyri-dəqiqliyi etirazı olmamış, belə olan halda reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğu müddətcə isə iddiaçının faktiki mülkiyyətçi kimi qəbul edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır. Eyni zamanda, Cavabdeh təmsilçi (nümayəndə) kimi alqı-satqı müqaviləsini X2 adından imzalaması faktı da vəziyyəti dəyişdirmir. Çünki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Mülki Məcəllənin 362.1 və 362.2-ci maddələrinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi, qanunverici əqdin təmsilçi vasitəsilə də bağlanması imkanını müəyyən etmişdir. Bu hal isə özü-özlüyündə təmsil edilənin daşınmaz əşya üzərində əşya hüquqlarının (mülkiyyət və s.) təmsilçiyə keçməsi anlamına gəlməməklə, sonuncunu əşya üzərində mülkiyyətçi statusuna gətirmir. Həmçinin qeyd edilməlidir ki, əqdi mübahisələndirilməsi ilə bağlı ilkin tələbi məhz X6 qaldırsa da, sonuncunun da razılığı ilə iddiaçı Cavabdeh dəyişdirilmişdir. Birinci instansiya məhkəməsi məhz iddiaçı kimi Cavabdeh qəbul edərək işə mahiyyəti üzrə baxmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da Cavabdeh əqdi mübahisələndirməkdə subyektiv hüquqları yaranmamışdır. Məhkəmə kollegiyası qəbul edir ki, yalan əqdlərlə subyektiv tərkibin fərqli olması imkanı mövcuddur, lakin hazırki işin halları baxımından bu hal tətbiq oluna bilməz. Qeyd edildiyi kimi, Cavabdeh özünü mübahisəli yaşayış sahəsinin əsl (faktiki) mülkiyyətçisi hesab etməkdə, əqdi mübahisələndirmiş, hüquqi marağını mənzilin borc əvəzinə ucuz qiymətə satılmasını, mülkiyyətçi kimi hüquqlarının pozulmasını və s. göstərmişdir ki, bununla bağlı məhkəmə kollegiyası yuxarıda hüquqi mövqeyini göstərmişdir. Beləliklə, birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, iddiaçının əqdi mübahisələndirməkdə subyektiv (tələb) hüququna malik olub-olmamasını yoxlamamışdır. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz. Bu səbəbdən də qətnamə ləğv olunmalı, iddia məhkəmə kollegiyasının yuxarıda qeyd olunan mövqeyinə əsasən rədd olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə kollegiyasının hazırki qənaəti əqdin maraqlarına toxunan şəxs tərəfindən ümumi qaydada mübahisələndirmək hüququnu istisna etmir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin olunmamalıdır. İşin hallarından göründüyü kimi, İddiaçı mübahisə predmeti olan yaşayış sahəsini 16 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmiş, sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, adına müvafiq çıxarış verilmişdir. Cavabdeh tərəfin iddiaçının xüsusi mülkiyyətində olan həmin mənzilində faktiki yaşaması isə hər hansı qanuni hüquqi əsasa söykənməməklə, iddiaçının mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Cavabdeh mübahisəli mənzilə hər hansı əşya (və ya məhdud əşya) hüquqlarının mövcudluğu ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İşin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı göstərilən mənzilə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də apelyasiya kollegiyası mübahisəyə reyestrin həqiqliyi prezumpsiyası mövqeyindən yanaşmaqla, mübahisə predmetinin iddiaçının mülkiyyətində olmasını nəzərə alaraq iddia tələbinin təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. “Marks Belçikaya qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, vindikasiya (əmlakın qanunsuz sahibdən alınması) barədə tələb əsaslı hesab olunmalıdır. Çünki, iddiaçının tələb hüququ Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Həmin normaya əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Qeyd edilməlidir ki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.) Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmişdir, etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavavdeh tərəfin izahatı da özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası, hesab edir ki, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməməli, həmin qətnamə dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsindən qətnaməsindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək, həmin qətnamə ləğv olunmalı, Cavabdehlər İddiaçı və Bakı şəhəri 9 saylı notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası yuxarıda qeyd olunan əsaslarla rədd olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən məcburi çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(005)- 5527/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin, həmin qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. İddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 9 saylı notariat kontoruna qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(007)-1181/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(007)- 1181/2022 saylı qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar