Məhkəmə qərarları › İş №2(103)-2163/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2163/2025

02.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2163/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödəncin və aylıq əlavə ödənişlərin verilməsi X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödəncin və aylıq əlavə ödənişlərin verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-223/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı 1 il müddətinə cavabdeh qurumda qazmaçı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “ə” bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi, iddiaçının müqaviləsinə xitam verildiyi gün (son iş günü) son haqq-hesabın və istifadə etmədiyi 67,31 təqvim günü əmək məzuniyyəti üçün pul əvəzinin ödənilməsi təmin edilməsi əmr edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 1231/24 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi, son bir il ərzində cəmi 80 gün əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 5 faizi məbləğində ödəncin verilməsi, onun işlədiyi 3 il müddət ərzində istifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə çıxarılması, onun işlədiyi 3 il üzrə xüsusi xidmətlərə görə aylıq əlavə 150 manat məbləğində ödənişlərin verilməsi, xx.xx.2024-cü il tarixdən faktiki işə bərpa olunanadək məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqının ödənilməsi, ilkin mediasiya sessiyası xərci kimi ödənilmiş 60 manat və vəkil xidmətinə görə ödənilmiş 341 manat, cəmi 401 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, o, 1976-cı ildən fasiləsiz olaraq neft və qaz sənayesində işləməklə 50 ilə yaxın staja malikdir. Artıq 69 yaşının olmasına və uzun illərdir pensiyaçı olmasına baxmayaraq, o, hələ də bu sənayeyə öz töhvəsini verməyə davam edir. Neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli “Azərbaycan neftçilərinin təltif edilməsi haqqında” Fərmanı ilə "xxxx" medalı ilə təltif edilmişdir. Cavabdehlə onun arasında xx.xx.2021-ci il tarixdə bir il müddətinə əmək müqaviləsi bağlanmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Cavabdeh tərəfindən ondan əmrlə tanış olması və təqdim edilməsi barədə imza atması xahiş edilsə də, o müqavilədə müəyyən edilmiş hansı hallara əsasən xitam verildiyinin izah olunmasını tələb etsə də, buna dair hər hansı məlumat verilmədiyi səbəbindən imza atmaqdan imtina etmişdir. Bundan sonra əmrin surəti və əmək kitabçası ona xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə göstərilmişdir. Həmin əmr qanunsuzdur. Belə ki, əmək müqaviləsinə xitam verilməsinə dair 10-cu hissənin 10.5-ci bəndində əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi halların sırasında onunla bağlanmış müqaviləyə xitam verilməsi üçün heç bir hüquqi əsas mövcud deyil. Bundan başqa, cavabdeh müqaviləyə xitam verilənədək onun işlədiyi müddət ərzində əsas və əlavə əmək məzuniyyətinə çıxarmamış, əmək haqqının verilməsini gecikdirmiş və işlədiyi müddət ərzində xüsusi xidmətlərə görə aylıq əlavə ödəişləri verməmişdir. Belə ki, müqavilənin 4.7-ci bəndinə əsasən əmək haqqı ayda bir dəfə olmaqla hər ayın birinci beş iş günündə ödənilir və işçinin ödəniş əmək haqqı kartına köçürülür. Bundan başqa, SOCAR və ANQSİHİRK-nin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2008-ci il tarixli əmr-qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin orden, medal və fəxri ada layiq görülmüş işçilərinə aylıq əlavə ödənişin verilməsi haqqında Qaydalar”a dəyişiklik edilərək, xüsusi xidmətlərə görə aylıq əlavə ödənişlər medallara görə 150 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh mübahisələndirilən əmri verməklə onunla aralarında bağlanmış əmək müqaviləsinə əsassız xitam vermiş, onun əmək haqqını gecikdirməklə, əsas və əlavə əmək məzuniyyətinə (21+6+6 = 33) çıxarılması və son üç ildə xüsusi xidmətlərə görə aylıq əlavə 150 manat məbləğində ödənişlərin verilməməsi ilə hüquqlarını kobud surətdə pozmuşdur. Bu səbəblərdən hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdeh MMC iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsində (“Qazmaçı” peşəsinə işə qəbul edilmişdir) “Tərəflər” əmək müqaviləsinə xitam verilməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsində və “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması”nın “9.5. Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar” bölməsində nəzərdə tutulan aşağıdakı əlavə halları müəyyən etmişlər: “İşçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda;”. Cavabdeh MMC “Neft və qazın hasilatı emalı, saxlanması və satışı” ilə bağlı sahələrdə fəaliyyət göstərdiyi üçün işlərin yerinə yetirildiyi əmək şəraitinin xüsusiyyətləri (ağır və zərərli, fiziki və əsəb gərginlikli, açıq hava şəraiti və s. insanın səhhətinə mənfi təsir göstərən istehsalat amilləri olan əmək şəraitli) nəzərə alınaraq işçinin əmək şəraitinə uyğun olan müvafiq əmək müqaviləsinə xitam verilməsi halı olan “İşçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda” qeydini əmək müqaviləsinə daxil etmişdir. Cavabdeh MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin “d” bəndini və işçinin əmək müqaviləsində nəzərdə tutulan sözügedən əmək müqaviləsinə xitam verilməsinin əlavə halını (əmək müqaviləsinin 10.5-ci yarımbəndinin “ə” bəndi) rəhbər tutaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən yaşa görə İddiaçı əmək müqaviləsinə 70 yaşında olduqda xitam vermişdir. Başqa sözlə desələr, “qeyd olunan işçi ilə əmək müqaviləsinə xitam verilən vaxtı əmək qanunvericiliyinin tələblərinə riayət olunmamış və Cavabdeh MMC dövlət büdcəsindən maliyyələşən müəssisə olduğundan həmin işçi ilə əmək müqaviləsi AR-nın Əmək Məcəlləsinin “68.2.e” bəndi ilə (“Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar”) deyil, “70.e” bəndi ilə (“Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda”) xitam verilməli idi” fikiri tamamilə əsassızdır. Çünki Cavabdeh MMC dövlət büdcəsindən maliyyələşən müəssisə deyil və bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Cavabdeh MMC-yə məxsus “Çıxarış”da bir daha təsdiq edir. Əmək Məcəlləsinin 144.3-cü bəndinə əsasən əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Qeyd olunan işçi ilə isə əmək müqaviləsinə xitam verilən vaxtı ona ödənilməli olan son haqq-hesabla istifadə etmədiyi əsas məzuniyyətlərə görə isə ödəniş də tam şəkildə həyata keçirilmişdir. “Azneft” İB-nin müəssisəyə hazırda təsdiq olunmuş hesab-fakturalar üzrə 9.605.699,10 manat, “Azneft” İB tərəfindən təsdiqi gözlənilən hesab-fakturalar üzrə isə 6.131.773,42 manat olmaqla cəmi 15.737.472,52 manat (ƏDV daxil) borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh MMC-yə vaxtında müvafiq ödənişlərin “Sifarişçi” “Azneft” İB tərəfindən həyata keçirilməməsi səbəbindən Cavabdeh MMC öz iradəsindən asılı olmayan səbəblərə görə əmək haqqını vaxtında verə bilməmişdir. Başqa sözlə, əmək haqqının verilməsinin gecikdirilməsi işəgötürənin təqsiri üzündən baş verməmiş, təəssüflər olsun ki, iddiaçı bütün bunları nəzərə almamış və məhkəmədə əsassız iddia qaldırmışdır. İddiaçının iddia tələbində irəli sürdüyü məbləğlərin ümumiyyətlə hansı hesablama əsasında əldə edilməsi isə məlum deyildir. Çünki iddia tələbində irəli sürülən həmin məbləğlərin heç bir hüquqi əsası yoxdur. Xüsusilə qeyd olunmalıdır ki, analoji tələblə başqa bir işçi tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin onlara qarşı iddia qaldırılmış və həmin iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 405/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tam qanuni və əsaslı olaraq təmin edilməmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 532 saylı “Əmək müqaviləsi”nin 4.7-ci bəndinə əsasən “Əmək haqqı ayda bir dəfə olmaqla hər ayın birinci beş iş günündə ödənilir və ödəniş İşçinin əmək haqqı kartına köçürülür”. Göründüyü kimi, işəgötürənin işçinin əmək haqqını ayda bir dəfə olmaqla hər ayın birinci beş iş günündə ödəmək hüququ vardır. Halbuki, iddiaçı hər ayın birinci beş iş günlərinin özünü belə gecikmə günləri kimi qələmə vermiş və iddia tələbində irəli sürdüyü iddia məbləğini ümumiyyətlə yanlış hesablayaraq iddia ərizəsində qeyd etmişdir. “Cari hesabdan çıxarışa” diqqət yetirdikdə, 2023-cü ilin noyabr ayı üzrə gecikmənin olmadığı, 2023-cü ilin dekabr ayı üzrə 8 gün gecikmənin (əmək haqqı xx.xx.2023-cü il tarixdə ödənilmişdir), 2023-cü ilin dekabr ayı üzrə gecikmənin olmadığı, 2024-cü ilin fevral ayı üzrə 4 gün gecikmənin (əmək haqqı xx.xx.2024-cü il tarixdə ödənilmişdir), 2024-cü ilin mart ayı üzrə 2 gün gecikmənin (əmək haqqı xx.xx.2024-cü il tarixdə ödənilmişdir), 2024cü ilin aprel ayı üzrə gecikmənin olmadığı, 2024-cü ilin may ayı üzrə 18 gün gecikmənin (əmək haqqı xx.xx.2024-cü il tarixdə ödənilmişdir), 2024-cü ilin iyun üzrə isə gecikmənin olmadığı müəyyən olunur. Nəticədə cəmi 32 gün gecikmə günlərinin olması müəyyən olunur. ARDNŞ-nin “ARDNŞ-nin orden, medal fəxri ada layiq görülmüş işçilərinə aylıq əlavə ödəniş verilməsi haqqında Qaydaların” təsdiq edilməsi haqqında 48 saylı, xx.xx.2008-ci il tarixli “ƏMR-Qərarın” 2-ci bəndinə əsasən ARDNŞ-nın strukturuna daxil olan müəssisələrin rəhbərlərinə tapşırılsın ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin orden, medal fəxri ada layiq görülmüş işçilərinə aylıq əlavə ödəniş verilməsi haqqında Qaydaların tətbiq edilməsini təmin etsinlər. Həmçinin xx.xx.2003-cü il tarixli, 844 nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının Əlavə 2-nə əsasən, hazırkı iş üzrə cavabdeh yəni, Cavabdeh MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil deyildir. Bu isə o deməkdir ki, iddiaçının cavabdehə qarşı belə bir tələblə çıxış etməsi tamamilə qanunsuzdur. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. xx.xx.2024-cü il tarixli “Əmr” və “Akt”la müəyyən olunur ki, iddiaçı onunla bağlanılmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdə ləğv edildiyini bildiyi halda, müvafiq iddianı məhkəmədə qanunla qeyd olunan prosessual müddət ötürməklə, yəni xx.xx.2024-cü il tarixdə qaldırmışdır. Göründüyü kimi, iddiaçı qeyd olunan iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd olunmalıdır.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-223/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X4)

6. Məhkəmə iddia tələbinin “əmrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflərin iradə ifadəsinə uyğun bağladıqları əmək müqaviləsinin şərtinə əsasən tərəflər qarşılıqlı razılığa gəlmişlər ki, işçi “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş pensiya yaşına çatdığı təqdirdə əmək müqaviləsinə xitam verilə bilər. Əmək müqaviləsinin qeyd edilən müddəası işəgötürənə, yəni cavabdehə tam səlahiyyət vermişdir ki, o, iddiaçı ilə əmək münasibətlərinə müqavilədə nəzərdə tutulmuş müddət bitmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam versin. Bu səbəbdən məhkəmə iddiaçının işdən azad olunmasının əmək qanunvericiliyin tələblərinə zidd olması barədə dəlillərini əsaslı hesab etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh Dövlət büdcəsindən maliyyələşən müəssisə olmadığından, iddiaçı barəsində düzgün olaraq əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə, həmçinin, hesab etmişdir ki, iddia tələbi iddiaçının işdən azad olunması barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

7. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.

8. Məhkəmə iddia tələbinin əmək münasibətlərinə xitam verilənədək iddiaçının işlədiyi 3 il müddət ərzində əsas və əlavə məzuniyyətə çıxmaması səbəbi ilə müavinətin ödənilməsi, tələbləri üzrə qeyd etmişdir ki, Əmək Məcəlləsinin qeyd edilən maddəsi əmək münasibətlərinə xitam verilərkən əlavə məzuniyyətə görə pul əvəzinin verilməsini istisna etdiyindən işəgötürən tərəfindən isə əmək müqaviləsinə xitam verilən vaxtı işçiyə ödənilməli olan son haqq-hesabla istifadə etmədiyi əsas məzuniyyətə görə isə ödəniş tam şəkildə həyata keçirildiyindən iddiaçının qeyd edilən tələbi də əsaslı hesab edilə bilməz.

9. Məhkəmə iddiaçının xüsusi xidmətə görə ödənişin verilməsi barədə tələbi üzrə qeyd etmişdir ki, cavabdeh – Cavabdeh MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olmadığından, SOCAR-ın xx.xx.2018-ci il tarixli qərarında nəzərdə tutulmuş müddəa və ödənişlərin verilmə vəzifəsi cavabdehə aid edilə bilməz və bu səbəbdən iddiaçının cavabdehə qarşı belə bir tələblə çıxış etməsi də tam əsassızdır.

10. Məhkəmə iddia tələbinin “əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödəncin tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, işəgötürən tərəfindən işçiyə əmək haqqı ilə bağlı ödənişlərin edilməsində gecikmələr baş versə də, bu hal işəgötürənin təqsiri ucbatından baş verməmişdir. Belə ki, işçinin ona ödənilməli olan əmək haqqının gecikdirilməsi ilə bağlı işəgötürəndən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc tələb etməsi hüququ qanunvericiliklə təsbit olunmuşdur. Lakin həm əmək qanunvericiliyində, həmçinin də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sərgilədiyi hüquqi mövqedə işəgötürənin hansı hallarda həmin ödənci ödəmək məsuliyyəti daşıdığı nəzərdə tutulmuşdur. Belə ki, işəgötürən əmək haqlarının ödənməsində gecikmələrə yol verərsə, yalnız o halda işçiyə ödənc ödəmək vəzifəsi daşıyır ki, həmin gecikmələrin baş verməsində işəgötürənin təqsiri olsun. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışından görünür ki, Cavabdeh MMC-nin hesabına köçürülməli olan köçürmələr müvafiq olaraq xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə köçürülmüşdür. İddiaçının müxtəlif tarixlərdə əmək haqqını gec alması işin mübahisəsiz halıdır. Lakin məhkəmə qeyd etmişdir ki, müvafiq ödənişlərin sifarişçi “Azneft” İB tərəfindən həyata keçirilməməsi məhz əmək haqqının vaxtında verilməməsinə səbəb olmuşdur. Qeyd olunan hesabdan çıxarışından görünür ki, həmin tarixlərdə cavabdeh ona ödənilməli olan ödənişləri aldıqdan dərhal sonra iddiaçıya ödənilməli olan əmək haqqı iddiaçının hesabına köçürülmüşdür. Buradan da görünür ki, cavabdeh işçinin əmək haqqını ödəmək üçün onun hesabına köçürülməli olan pulu həmin aylar üzrə gec almağı səbəbindən bir neçə gün ötürməklə ödəmişdir.

11. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi iddia müddətinin ötürülməsi barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı işdən azad olunduğu xx.xx.2024-cü il tarixdən sonra məhkəməyə müraciət etməzdən əvvəl Qanunun müddəasına uyğun mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmişdir. Belə ki, iddiaçı ilkin olaraq əmək mübahisəsinin həll edilməsinə dair mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2024-cü il tarixdə işəgötürənə göndərmiş, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası üçün mediasiya təşkilatına müraciət etmiş, mediasiya prosesi xx.xx.2024-cü ildə bitmiş, bununla əlaqədar mediasiya prosesində iştirak edilməməsi barədə həmin tarixdə arayış tərtib edilmiş, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron sisteminə yerləşdirilmişdir. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, iddiaçı qanunda nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməmiş məhkəməyə müraciət etdiyindən, cavabdehin iddianın iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsi barədə dəlilləri əsassızdır.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbləri təmin olunmadığından, ilkin mediasiya sessiyası xərcinə görə 60 manat və hüquqi yardım xərcinə görə 341 manat, cəmi 401 manat məbləğində pulun tutulması hissəsində də tələb təmin edilməməlidir

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci, 35-ci, 42-ci, 68-ci, 70-ci, 75-ci, 115-ci, 144-cü, 154-cü, 157-ci, 172-ci, 296-cı, Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanununun 35.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə öz qətnaməsində işçi qanunla müəyyən edilmiş pensiya yaşına çatdığı təqdirdə əmək müqaviləsinə xitam verilə bilər qeyd etsə də, əslində müqavilədə çatdığı təqdirdə yox, pensiya yaşına çatdıqda qeyd edilib. Amma buna baxmayaraq, cümlə quruluşu hər mənasında işçi müqaviləni bağladıqdan sonra pensiya yaşına çatdığı başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən məzmun və forma müxtəlifliklərinə baxmayaraq əqdlər mülki hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitamının əsas vasitələrindən biridir. Hüquqi nəticələr yaradan əqdlərin əsasını təşkil edən iradə ifadəsinin düzgün anlaşılması üçün qeyd olunan maddədə onun təfsiri qaydası müəyyən edilmişdir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənasına görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyən edilməlidir. Belə ki, əmək müqaviləsinin 10.5-ci bəndinin “ə” yarımbəndi, yəni “işçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda” müddəasını iddiaçıya şamil edilə bilməz. Çünki xx.xx.2021-ci il tarixdə həmin müqavilə tərəflər arasında bağlanarkən iddiaçı artıq həmin Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış idi. Müqavilədəki həmin müddəa işçi müqavilə bağlandıqdan sonra pensiya yaşına çatdıqda anlayışını özündə əks etdirir. Müqavilə bağlanarkən iddiaçı artıq pensiya yaşında olduğu səbəbindən, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 10.5-ci bəndinin “ə” yarımbəndi ilə müəyyən edilmiş şərt özlüyündə etibarsızdır. Cavabdehin pensiya yaşına çatmış iddiaçı ilə əmək müqaviləsi bağlayarkən onun pensiya yaşında olması səbəbilə istədiyi vaxt müqaviləyə xitam vermək hüququnu özündə saxlaması qanunsuzdur və iddiaçının hüquqlarının kobud pozulması kimi müqavilə həmin hissədə etibarsızdır. İddiaçı işlədiyi 3 il müddət ərzində əsas və əlavə məzuniyyətə çıxmaması səbəbi ilə müavinətin ödənilməsi tələbi ilə çıxış etməmişdir. Əslində o, məhkəmədən işə bərpa olunmaqla işlədiyi 3 il müddət ərzində istifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının maaşlarının gecikdirildiyi aylarda cavabdehin bank hesabında vəsaitin olub-olmamasını araşdırmamışdır. Həqiqətdə maaşın ödənilməsi üçün cavabdehin bank hesabında hər zaman kifayət qədər vəsait olmuşdur. Məsələn cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə cəmi 2.000 manat məbləğində pul köçürülmüşdür və həmin tarixdə də onun köçürmə yolu ilə maaşı ödənilmişdir. Həmin köçürmə vasitəsilə ancaq onun maaşı verilibsə, onda digər işçilərin maaşı hansı mənbədən ödənilib sualı doğur. Buradan da aydın olur ki, cavabdehin əmək haqqının ödənilməsi üçün hesabında hər zaman vəsait olur. Cavabdeh istəsəydi həmin fevral ayının maaşını vaxtında ödəyə bilərdi. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışlardan eyni zaman görünür ki, cavabdehin hesabına mart ayından avqust ayına qədər “Əmək haqqı hesabının möhkəmləndirilməsi üçün” hər ay bir milyondan artıq vəsait olmaqla cəmi 6.380.550 manat köçürülmüşdür. Cavabdeh isə sentyabr ayının 5-nədək ona odəməli olduğu maaşı oktyabr ayının 10-da ödəməklə cəmi 35 gündən artıq gecikdirmişdir. Məhkəmə öz qətnaməsində həmin gecikmənin səbəbini, onun buna dair məhkəmə ekspertizası təyin edilməsi barədə vəsatətini təmin etmədən, özü əlavə hər hansı araşdırma aparmadan, əsassız olaraq, ödənişlərin sifarişçi “Azneft” İB tərəfindən həyata keçirilməməsini məhz əmək haqqının vaxtında verilməməsinin səbəbi kimi qeyd etmişdir. Bununla da məhkəmə birmənalı olaraq belə qənaətə gəlmişdir ki, sifarişçi tərəfindən ödənişlər həyata keçirilməyincə cavabdeh əmək haqqını vaxtında ödəmək imkanından məhrumdur. Hal bu ki, iddiaçı ilə əmək müqaviləsinə ayın 15-i tarixində xitam barədə əmr verərkən və son haqq-hesab edilərkən cavabdehin ona sifarişçi tərəfindən ödənişlər həyata keçirilməsinə ehtiyacı yox idi. İddia tələbinin bu hissəni ətraflı araşdırılması üçün məhkəmə ekspertizası təyin edilərək, əmək haqqılarının hər bir ay üzrə neçə gün gecikdirilməsinin və həmin tarixlərdə cavabdehin bank hesabında əmək haqqı ödəmək üçün pul vasaitinin olub-olmaması müəyyənləşdirilməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh MMC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazı iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunmasını xahiş etmişdirlər.

18. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır; 75-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər; 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar da nəzərdə tutula bilər; 83-cü maddənin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir; 143-cü maddənin 1-ci hissəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir; 143-cü maddənin 2-ci hissəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir; 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir; 172-ci maddəsinin qeyd hissəsinə əsasən bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir; 296-cı maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 1.04.2023-cü il tarixli Qərarına əsasən həmin normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın hər hansı formada təmin edilməsinə hər hansı əsas yoxdur.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı 1 il müddətinə cavabdeh qurumda qazmaçı vəzifəsinə işə qəbul olunmuş, bundan sonra tərəflərin razılığı ilə əmək müqaviləsinin müddəti uzadılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “ə” bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi, iddiaçının müqaviləsinə xitam verildiyi gün (son iş günü) son haqq-hesabın və istifadə etmədiyi 67,31 təqvim günü əmək məzuniyyəti üçün pul əvəzinin ödənilməsi təmin edilməsi əmr edilmişdir.

27. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə cavabdehin əmrində göstərilən əsasla xitam verilməsinin qanunsuz və əsassız olduğunu, əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə əmək haqqının dəfələrlə gecikdirildiyini (ümumilikdə 80 gün), onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən 3 iş ili üçün ona məzuniyyətin verilmədiyini, "xxxx" medalı ilə təltif edilməsinə baxmayaraq, işlədiyi 3 il ərzində xüsusi xidmətlərə görə ona ödənilməli olan ödənişlərin verilmədiyini iddia edir və barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 5% məbləğində ödəncin, 3 il üzrə xüsusi xidmətlərə görə aylıq əlavə 150 manat məbləğində ödənişin verilməsini, habelə 3 il üçün ona məzuniyyət verilməklə işdənçıxma tarixinin məzuniyyətin son günü hesab edilməsini xahiş edir.

28. Cavabdeh iddianı qəbul etmir, xx.xx.2024-cü il tarixli əmrin qanuni və əsaslı olduğunu iddiaçı ilə əmək müqaviləsinə xitam verilən vaxtı ona ödənilməli olan son haqqhesabla istifadə etmədiyi əsas məzuniyyətlərə görə ödənişin tam şəkildə həyata keçirildiyini, cavabdehə vaxtında müvafiq ödənişlərin “Sifarişçi” “Azneft” İB tərəfindən həyata keçirilməməsi səbəbindən, yəni cavabdehin iradəsindən asılı olmayan səbəblərə görə əmək haqqını vaxtında verilməsinin mümkün olmadığını, başqa sözlə, əmək haqqının verilməsinin gecikdirilməsinin işəgötürənin təqsiri üzündən baş vermədiyini, cavabdeh Dövlət Neft Şirkətinin strukturuna daxil olmadığından ARDNŞ-nin “ARDNŞ-nin orden, medal fəxri ada layiq görülmüş işçilərinə aylıq əlavə ödəniş verilməsi haqqında” Qaydaların iddiaçıya şamil edilmədiyini bildirir, eyni zamanda, iddiaçının hazırki iddianın qaldırılması üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş 1 aylıq müddətin ötürüldüyünü vurğulayır və göstərdiyi əsaslarla iddianın rədd edilməsini tələb edir.

29. Məhkəmə kollegiyası ilk öncə iddia tələbinin “”Əmək müqaviləsinə xitam verilməsi” barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdehin qarşılıqlı razılıq əsasında və sərbəst iradələrini ifadə etməklə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamış və digər şərtlərlə yanaşı, müqavilənin 10-cu bəndində bu müqaviləyə xitam verilməsinin digər hallarını da müəyyən edərək, işçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatmasını da bu hallara aid etmişdilər (müqavilənin 10.5-ci bəndi). Həmin müqavilə bağlanan zaman qüvvədə olan qanunvericiliyin tələbləri baxımdan iddiaçı (xx.xx.1955-ci il) artıq pensiya yaşına çatmışdır. Bu hal həm iddiaçı, həm də cavabdeh üçün aşkar şəkildə məlum idi. Cavabdeh dövlət büdcəsindən maliyyələşən müəssisə deyil. Nəticə etibarı ilə cavabdehin bu yaş həddində olan iddiaçı ilə belə bir müqavilə bağlamasını qadağan edən hər hansı norma mövcud deyil. Bu baxımdan həmin müqavilə qanuvericiliyin tələblərinə cavab vermiş və müqavilənin 10.5-ci bəndində müqaviləyə xitam verilməsinin belə bir (qeyd edilən məzmunda) halının təsbit edilməsi iddiaçının hüquqlarının pozulması və ya məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Eyni zamanda, həmin müqavilə bağlanarkən iddiaçının artıq pensiya yaşında olmasının onunla bağlanmış əmək müqaviləsinə bu əsasla (hala uyğun) xitam verilməsini istisna etmir. Əksinə iddiaçının razılaşdığı, bəyəndiyi və nəticə etibarı ilə təsdiq etdiyi müqavilədə əks etdirilmiş bu əsas (hal) Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən cavabdehə müqavilədə nəzərdə tutulmuş müddət bitmədən və əvvəlcədən hər hansı xəbərdarlıq etmədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi imkanını (hüququnu) verir. Bu səbəbdən məhkəmə kollegiyası bu tələb üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bu hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

30. Məhkəmə kollegiyası “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinin “əmrin ləğv edilməsi” tələbinə münasibətdə törəmə tələb olduğunu, onların təmin edilib-edilməməsinin bilavasitə “əmrin ləğv edilməsi” tələbinin təmin edilib-edilməməsindən asılı olduğunu və “əmrin ləğv edilməsi” tələbinin də əsassız hesab edildiyini nəzərə alıb, belə qənaətə gəlir ki, iddia həmin törəmə tələblərə aid hissədə də əsassızdır.

31. Məhkəmə kollegiyası iddiaçının “3 il üçün ona məzuniyyət verilməklə işdənçıxma tarixinin məzuniyyətin son günü hesab edilməsi” tələbi ilə bağlı qeyd edir ki, iddiaçı bu tələbində Əmək Məcəlləsinin 143-cü maddəsinə istinad edir. Başqa sözlə, belə bir tələb irəli sürməklə həmin maddədən irəli gələn hüquqlarının təmin edilməsinə nail olmaq istəyir. Halbuki, bu maddədə göstərilən hüququn həyata keçirilməsi əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verildiyi hallara aiddir. İddiaçı ilə bağlanmış müqaviləyə isə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı ilə) xitam verilmişdir ki, bu halda da belə hüququn həyata keçirilməsini qanunverici nəzərdə tutmamışdır. Əmək Məcəlləsi vacib şərt kimi əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab olaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin sonuncu iş günü ödənilməsini təsbit etmişdir. Cavabdeh tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli əmrə əsasən iddiaçıya istifadə etmədiyi (iddiaçının qeyd etdiyi bütün dövrü əhatə etməklə) 67,31 təqvim günü əmək məzuniyyəti üçün pul əvəzi ödənilmişdir. Bununla belə, bu məsələdə də hər hansı pozuntuya yol verilməmişdir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin bu tələb üzrə də dəillərinin əsassız olduğunu təsdiq edir.

32. Məhkəmə kollegiyası “3 il üzrə xüsusi xidmətlərə görə aylıq əlavə 150 manat məbləğində ödənişlərin verilməsi” tələbi ilə bağlı qeyd edir ki, iddiaçı bu tələbində ölkə başçısının müvafiq Fərmanı ilə "xxxx" medalı ilə təltif edilməsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X10 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Aəzrbaycan Respublikası Dövlət Neft Şirkətinin orden, medal və fəxri ada layiq görülmüş işçilərinə aylıq əlavə ödəniş verilməsi haqqında” Qaydalara istinad edir. Halbuki, bu Qaydalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan müəssisələrdə işləməklə orden, medal və fəxri ada layıq görülmüş işçilərə əlavə ödənişlərin verilməsini nəzərdə tutut. Cavabdeh isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan müəssisə deyil. Bu baxımdan iddiaçı həmin qaydalara istinadən cavabdehdən ödəniş tələb edə bilməz. Birinci instansiya məhkəməsi bu tələb üzrə düzgün qənaətə gəlmişdir. Bu hissədə də apellyasiya şikayətinin dəlilləri əsassızdır.

33. Məhkəmə kollegiyası əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının beş faizi məbləğində ödəncin verilməsi” tələbi ilə bağlı qeyd edir ki, bu məsələni tənzimləyən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. İddiaçıya ödənilməli olan əmək haqqının gecikdirilməsi işin mübahisəsiz halıdır. Lakin bu ödənişlərin gecikdirilməsinin cavabdehin təqsiri üzündən baş verməsi müəyyən edilmir. Belə ki, əmək haqqının ödənilməsinin gecikdirilməsi müvafiq ödənişlərin “Sifarişçi” “Azneft” İB tərəfindən həyata keçirilməməsi, yəni cavabdehin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Cavabdeh tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdehin hesabına “Əmək haqqı hesabının gücləndirilməsi” məqsədi ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə bir milyona yaxın və milyondan artıq məbləğdə pul vəsaiti köçürülmüşdür. Bundan dərhal sonra da cavabdeh tərəfindən əmək haqqının ödənilməsi təmin edilmişdir. xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərə aid ödəniş tapşırıqlarına əsasən cavabdehin hesabına eyni məqsədlərlə müvafiq olaraq 3.387,66 manat və 2.000 manat məbləğində pulun köçürülməsi cavabdehin əmək haqqının gecikmələr olmadan ödənilməsi imkanının olmasına, habelə gecikmənin məhz cavabdehin təqsiri üzündən olmasına dəlalət etmir. Digər tərəfdən iddiaçının təqdim etdiyi əmək haqqı çıxarışdan müəyyən edilir ki, 2024-cü il üzrə may ayı üzrə 18 gün və sentyabr ayı üzrə 35 gün müddətinə gecikmə olmuş, iyun və iyul ayında gecikmə olmamış, digər aylar üzrə isə maksimum 4 gün (bu da cəmi bir dəfə, başqa aylarda 2,3 gün) olmuşdur. Göstərilən səbəblərdən mövcud vəziyyətdə məhkəmə kollegiyası Əmək Məcəlləsinin 172ci maddəsinin tətbiqi üçün hər hansı əsas görmür və bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Bu da öz növbəsində apellyasiya şikayətinin bu tələb üzrə də dəlillərinin əsassız olduğunu təsdiq edir.

34. Məhkəmə kollegiyası iddiaçının qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmədən məhkəməyə müraciət etməsi qənaəti, habelə mediasiya xərcinin və hüquqi yardıma görə ödənilmiş pulun cavabdehdən tutulmaması 9özünə aid edilməsi) mövqeyi ilə də razılaşır və bu hissədə hər hansı əlavə əsaslandırmanın aparılmasını zəruri hesab etmir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-223/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar