Məhkəmə qərarları › İş №2(103)-2164/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2164/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2164/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-nə və Cavabdeh1na qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin ötürülməsinin üzrsüz hesab olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə Qasımov Ramil Rəşid oğlunun katibliyi, ərizəçi "xxxx" BOKT MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı "xxxx" BOKT MMC-nə və Cavabdeh1na qarşı “icra qeydinin ləğv olunması və artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərardadından "xxxx" BOKT MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı ilə "xxxx" BOKT MMC arasında 16 may 2019-cu il tarixdə 2019/00603 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən BOKT, İddiaçı 24 ay müddətinə, illik 32 % dərəcəsiylə 40 000 (qırx min) manat kredit vermiş, həmin kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasının təminatı olaraq ona məxsus Bakı şəhəri, Suraxan rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 7 saylı evin 59 nömrəli mənzili eyni tarixli ipoteka müqaviləsi əsasında BOKT-un xeyrinə ipoteka ilə yüklü edilmişdir.

2. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən həmin müqavilələr üzrə xx.xx.2022-ci il tarixdə 8İ-3415 saylı icra qeydi aparılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. İddiaçı "xxxx" BOKT MMC-nə və Cavabdeh1na qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, Bakı şəhəri 9 saylı notariat ofisinin 8İ-3415 saylı xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi və artıq ödənilmiş 25 927,36 manatın "xxxx" BOKT MMC-dən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmənin 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur.

5. Həmin qətnamədən "xxxx" BOKT MMC-nin nümayəndəsinin verdiyi apellyasiya şikayəti üzrə ötürülmüş prosessual müddətin bərpasına dair ərizə məhkəmənin 17 yanvar 2023-cü il tarixli qərardadı ilə təmin olunmamış, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

6. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi ərizəsində qətnamənin rəsmi təqdim olunmadığını, elektron kabinetdə yerləşdirildiyini, lakin müvafiq müddət ərzində elektron kabinetdə problem yarandığından əldə edə bilmədiklərini göstərsə də, iş materiallarından görünür ki, qətnamə hər iki tərəfə göndərilmiş, "xxxx" MMC-nin, eləcə də nümayəndəsinə məxsus (Nümayəndə) elektron kabinetdə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Cavabdehin nümayəndəsi müddətin hər hansı üzürlü səbəbə görə buraxılmasını bildirmir, müddətin bərpası üçün əsas kimi qətnamənin rəsmi qaydada təqdim edilmədiyini və elektron kabinetinin müvafiq müddətdə fəaliyyətində problemlər yaranmasını göstərir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Üzrlü səbəblər sırasına şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və sair bu kimi hallar aid edilə bilər. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur.

7. Məhkəmə vurğulamışdır ki, prosessual müddətlər bir tərəfdən proses iştirakçılarım intizamlandırır, onları öz prosessual hüquqlarını müdafiə etməyə məcbur edir, digər tərəfdən mülki prosessual hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir.

8. Həmin qərardaddan "xxxx" BOKT MMC-nin nümayəndəsinin verdiyi şikayət birinci instansiya məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışı, verilən izahat

9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün hesab olunaraq, şikayətə yazılı icraat qaydasında 07 mart 2023-cü il tarixdə baxılması qərara alınmış, bununla belə sonradan kollegiya, şikayətin dəlilləri ilə bağlı tərəflərin mövqelərinin aydınlaşdırılması üçün, şikayətə tərəflər dəvət edilməklə (şifahi icraat qaydasında) məhkəmə iclasında baxılmasını məqsədəuyğun hesab etmişdir.

10. "xxxx" BOKT MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 şikayətin dəlillərini müdafiə edərək göstərmişlər ki, təmsil etdiyi hüquqi şəxsin elektron kabinetinde uzunmüddətli problem yarandığı üçün qətnamənin kabinetə yerləşdirilməsi barədə SMS bildiriş sistemə göndərilməmiş, qətnamə icra məmuru tərəfindən MMC-nin bank hesablarına inkasso sərəncamı qoyulduqdan sonra xx.xx.2023-cü il tarixdə oxunmuş və dərhal apellyasiya şikayəti verilmişdir. Bununla bağlı müvafiq sübut, yəni elektron sistem çıxarışı məhkəməyə təqdim edilsə də, məhkəmə əsassız olaraq müddəti bərpa etməkdən imtina etmişdir.

11. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış İddiaçı teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini bildirmiş, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.

12. İşin halları, iddiaçının teleqramda qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

14. Maddə 10-1.5. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

15. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

17. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

18. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

19. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

20. Maddə 135.6. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

21. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

22. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

Apellyasiya baxışının həddi

23. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

24. İş materiallarından görünür ki, məhkəmənin qətnaməsi "xxxx" BOKT MMCnin, habelə onu məhkəmə iclaslarında təmsil etmiş nümayəndəsi Nümayəndə elektron kabinetlərinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, xx.xx.2022-ci il tarixdə qətnamə icraya yönəldilmiş, BOKT-un apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə müvafiq sistemə yüklənmişdir.

25. İş materiallarında və elektron məhkəmə sistemində qətnamənin MMC-nin və nümayəndəsinin elektron kabinetinə yerləşdirilməsi barədə MMC-nə, eləcə də nümayəndəyə məlumat göndərilməsi (elektron poçt, SMS və s. vasitəsilə) barədə sübut mövcud deyildir - elektron sistem məlumatlarına görə isə qətnamə, MMC tərəfindən xx.xx.2023-cü il tarixdə oxunmuşdur.

26. Göründüyü kimi, qətnamənin "xxxx" BOKT MMC-nə (nümayəndəsinə) məhz xx.xx.2022-ci il tarixdə çatdırılmış olduğu nəticəsinə əminliklə gəlmək mümkün deyildir və bu qeyri-müəyyənliyin MMC-nin ziyanına şərh olunması onun məhkəmə müdafiəsi hüququna xələl gətirə bilər.

27. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı iş üzrə 17 yanvar 2023-cü il tarixli qərardadı ləğv olunsun və həmin məhkəmənin 02 noyabr 2022-ci il tarixli qətnaməsindən "xxxx" BOKT MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayəti vermə müddəti üzrlü hesab edilərək bərpa olunsun. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar