Məhkəmə qərarları › İş №2(103)-2166/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2166/2021

17.02.2021 · Sair mülki iş - Digər - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2166/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğluna, Cavabdeh4 və Cavabdeh5 qarşı "müqavilənin ləğvi, kompensasiyanın geri alınması, qanunsuz tikilidən çıxarılma və qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış və xx.xx.2017-ci il tarixdə 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmanın ləğv olunması, Cavabdeh1 ödənilmiş 93930 (doxsan üç min doqquz yüz otuz) manat kompensasiyanın geri alınaraq "xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsini, cavabdehlər Cavabdeh1 Məmmədrazı oğlunun, Cavabdeh2, Cavabdeh3 Ağarazı oğlunun, Cavabdeh4 Ağarazı oğlunun, Cavabdeh5 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında inşa edilmiş qanunsuz tikilidən çıxarılmaları, qanunsuz tikilinin cavabdehlərin hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq “xxxx” QSCnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim B.Qasımov, iş № 2(007)-226/20) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikilidən çıxarılmaları qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ağarazı oğlu, Cavabdeh4 Ağarazı oğlu, Cavabdeh5 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında qanunsuz tikili inşa etməklə orada yaşayırlar. Yaşayış sahəsinin qanunsuz olmasına baxmayaraq, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1un və onun ailə üzvlərinin mənzilə olan ehtiyacını nəzərə alaraq, həmin tikilini kompensasiya ödəməklə sökmək qərarına gəlmişdir. Bu məqsədlə cavabdehlər Cavabdeh2, Cavabdeh3 Ağarazı oğlu, Cavabdeh4 Ağarazı oğlu, Cavabdeh5 Bakı şəhəri 6 saylı notariat ofisinə ərizə verərək tikilinin “xxxx” QSC tərəfindən sökülməsinə və kompensasiyanın cavabdeh X1 verilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Daha sonra, 01.11 2017- ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmaya əsasən həmin qanunsuz yaşayış sahəsinə görə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 93930 (doxsan üç min doqquz yüz otuz) manat kompensasiya Cavabdeh1 ödənilmiş, sonuncu kompensasiya məbləğini bank vasitəsi ilə almışdır. Razılaşmanın 9-cu bəndinə əsasən Cavabdeh1 Məmmədrazı oğlu öhdəlik götürmüşdür ki, yaşayış sahəsini 5 gün ərzində boşaldacaqdır. Lakin cavabdeh tərəfindən öhdəlik bu günə kimi qəsdən icra olunmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikili boşaldılmamışdır. Nəticədə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin maraqları pozulmuş və həmin ərazidə zəruri işlərin aparılması qeyri-mümkün olmuşdur. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 Məmmədrazı oğluna sonuncu dəfə pretenziya (xəbərdarlıq) ünvanlanaraq öhdəliyin 10 gün ərzində icra olunması tələb edilmiş, lakin tələb yenə də icrasız qalmışdır. Qeyd edilən səbəblərdən “xxxx” Qapalı Səhmdar Cəmiyyəti pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yaranmış vəziyyətdə tərəflər arasında bağlanılmış müqavilə ləğv edilməli, Cavabdeh1 öhdəliyi vaxtında icra etmədiyi üçün ona ödənilmiş 93930 (doxsan üç min doqquz yüz otuz) manat kompensasiya geri alınaraq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. ünvan 1 ünvanında inşa edilən qanunsuz tikili dəmir yolunun mühafizə zolağında yerləşir. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ağarazı oğlu, Cavabdeh4 Ağarazı oğlu, Cavabdeh5 təxirəsalınmadan həmin zəbt olunmuş sahədən çıxarılmalı və qanunsuz tikili onların hesabına sökülməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir /olu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarfnın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yataçına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yolu obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşcirilməsinə və tikilməsinə yol verilmir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, müqavilənin şərtləri ilə razılaşaraq imzalamışdır. Müqaviləni imzalayan vaxt ona hər hansı təzyiq göstərilməmişdir. Müqavilədə qeyd olunan kompensasiya məbləğini almışdır, lakin hazırda əlavə kompensasiya verilməsini istəyir. Ödənilmiş kompensasiya məbləği ilə razılaşmır. Özü isə bununla bağlı hazıradək məhkəmədə hər hansı iddia qaldırmamışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda yaşadığı evin bazar qiyməti olduqca yüksəkdir. Lakin iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği olduqca azdır. O, həmin kompensasiya məbləğini cavabdehlərin sayına uyğun bərabər surətdə bölüşdürsə, onlar əldə etdikləri paya uyğun məbləğlə heç bir halda yaşayış yeri, yəni, mənzil əldə edə bilməzlər. İş üzrə qiymətləndirmə ekspertizası təyin edilməli, evin hazırkı bazar qiyməti müəyyən olunmalıdır. Belə olduqda, təklifin onları qane etməyəcək həddə olması açıq-aşkar öz əksini tapacaqdır. Hazırkı qətnamə ilə onlar mənzildən məhrum olacaqlar. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi F.Babayev apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şikayətin məzmunundan göründüyü kimi, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə deyil, yalnız iddianın təmin olunan hissəsində qismən mübahisələndirmişdir. İddiaçı iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız cavabdeh tərəfindən mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4, Cavabdeh5 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında tikili inşa etməklə orada yaşayırlar. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1un və onun ailə üzvlərinin mənzilə olan ehtiyacını nəzərə alaraq, həmin tikilini kompensasiya ödəməklə sökmək qərarına gəlmişdir. Bu məqsədlə cavabdehlər Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri 6 saylı notariat ofisinə ərizə verərək tikilinin “xxxx” QSC tərəfindən sökülməsinə və kompensasiyanın cavabdeh X1 verilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Daha sonra xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmaya əsasən həmin yaşayış sahəsinə görə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 93930 (doxsan üç min doqquz yüz otuz) manat kompensasiya Cavabdeh1 ödənilmiş, sonuncu kompensasiya məbləğini bank vasitəsi ilə almışdır. Razılaşmanın 9-cu bəndinə əsasən Cavabdeh1 Məmmədrazı oğlu öhdəlik götürmüşdür ki, yaşayış sahəsini 5 gün ərzində boşaldacaqdır. Lakin cavabdeh tərəfindən öhdəlik bu günə kimi qəsdən icra olunmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikili boşaldılmamışdır. Nəticədə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin maraqları pozulmuş və həmin ərazidə zəruri işlərin aparılması qeyri-mümkün olmuşdur. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 Məmmədrazı oğluna sonuncu dəfə pretenziya (xəbərdarlıq) ünvanlanaraq öhdəliyin 10 gün ərzində icra olunması tələb edilmiş, lakin tələb yenə də icrasız qalmışdır. Ona görə də “xxxx” QSC xx.xx.2019-cu il tarixdə məhkəmədə hazırkı iddianı qaldırmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında notarial qaydada razılaşma olmuş, cavabdehlərə 2017-ci ildə tikilidən çıxmaları müqabilində kompensasiya qismində 93930 (doxsan üç min doqquz yüz otuz) manat pul vəsaiti ödənilmişdir. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili təklif edilən kompensasiya məbləğinin az olmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda cavabdehlərin çıxarıldığı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçməmişdir, özbaşına inşa edilmişdir. Mülki Məcəllənin 180.1-ci, 180.3-cü və 180.4-cü maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Cavabdehlərin istifadəsində olan yaşayış evi özbaşına tikili olduğundan ümumiyyətlə kompensasiyanın ödənilməsi üzrə iddiaçı tərəfin heç bir öhdəliyi müəyyən edilə bilməz. İddiaçı tərəfin əvvəllər kompensasiya təklif etməsi və bunu cavabdehlərə ödəməsi öz təşəbbüsü ilə olmuşdur. İddiaçı bu təklifi edərkən qanunla nəzərdə tutulmuş vəzifə öhdəliklərini yerinə yetirməmişdir, çünki, belə bir öhdəliyi mövcud olmamışdır. Sırf könüllü şəkildə yardım etmək məqsədilə cavabdeh tərəfə kompensasiya ödənilmişdir. İddiaçının cavabdehə yardım etmə təşəbbüsü onun üzərinə bir öhdəlik kimi qoyula bilməz. Digər tərəfdən, əgər iddiaçının kompensasiya ödəmək öhdəliyi olsaydı belə, kompensasiya məbləği mübahisələndirilə bilməzdi. Cavabdeh1 ona təklif edilən komensasiya məbləği az olduğu üçün razılaşmadığını, daha çox kompensasiya verilməli olduğunu bəyan etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh az hesab etdiyi kompensasiyanı artıq bir neçə il əvvəl iddiaçıdan rəsmi şəkildə qəbul etmiş və apellyasiya baxışı özünün bildirdiyinə görə həmin məbləğə başqa yaşayış sahəsi əldə etmişdir. Belə olduğu halda təklif qüvvədən düşmüşdür, artıq mövcud deyildir. Cavabdehin kompensasiyanı mübahisələndirmək hüququ olsaydı belə, rəsmən bir neçə il əvvəl təklifi qəbul etdiyi üçün bu hüququnu itirmiş olardı. Xüsusilə də, 2017-ci ildə razılaşdırılmış məbləği 2020-ci ildə (3 il sonra bazar qiymətinin artdığı dövrdə) mübahisələndirmək ədalət baxımından da düzgün deyildir. Belə olan halda birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissəsində mövqeyi tamamilə əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar