Məhkəmə qərarları › İş №2(103)-2166/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2166/2022

29.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2166/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» 2(001)-8622/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.09.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi həcmində alimentin, hamiləlik dövründə və uşağın doğulduğu gündən 3 (üç) yaşına qədər hər ay 200 (iki yüz) manat məbləğində pulun, həmçinin uşaq üçün ataya verilmiş müavinətin Cavabdeh alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 01.11.2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 21.09.2021-ci il tarixdə Xatun adlı uşaqları anadan olmuşdur. Münasibətləri normal olsa da, sonradan korlanmış, cavabdeh artıq ailəsi ilə maraqlanmamağa başlamış, ailəyə heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh Sumqayıt şəhərində "xxxx" ASC-də işləməklə ayda 1500 manatdan artıq əmək haqqına və digər gəlirlərə malik olsa da uşağın saxlanılması üçün pul vermir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 21.09.2021-ci təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment və uşaq 3 (üç) yaşına çatanadək anası İddiaçı üçün hər ay 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, 21.09.2021-ci təvəllüdlü X5 aid uşağın anadan olmasına görə cavabdehin adına ödənilmiş birdəfəlik müavinətin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin hesablanmasının 05.11.2021-ci il tarixdən başlanılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmşdur. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, birgə nikahdan olan 21.09.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 193 manat manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatanadək saxlanılması üçün 50 manat məbləğində pulun tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh X4 ilə 01.11.2020-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan övladları olmamışdır. Onlar ailə qurarkən cavabdehin ondan öncə rəsmi nikahda olması ilə bağlı heç bir məlumatı olmamışdır. Cavabdeh bu barədə onu aldatmışdır. Sonradan onda yaranan şübhələr əsasında araşdırmalar etmişdir. Məlum olmuşdur ki, cavabdeh X6 adlı şəxslə 2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuş, 2018-ci il tarixdə isə nikahları pozulmuşdur. Həmçinin onlar ayrılarkən aralarında cavabdehlə Səfərov Kənan arasında ev mübahisələri olmuş, hətta, dəfələrlə oğlana və onun ailəsinə böhtan ataraq onlardan müvafiq polis bölmələrinə şikayət etmişdir. Bakı şəhəri “NZS qəsəbəsi” adlanan ərazidə yerləşən Kənan Səfərovun atasına məxsus aid evdən çıxmaq istəməmiş və bir neçə müddət sonra evdən çıxarkən Kənan Səfərova və onu ailəsinə məxsus bütün zinət və ev əşyalarını oğurlamışdır. O, bu məlumatları araşdırdıqdan sonra cavabdeh və sonuncunun valideynlərindən dəfələrlə bu barədə soruşsa da, sonuncular bunu inkar etmiş, qızlarının ondan başqa heç kimlə rəsmi nikahda olmadığı ilə bağlı yalanlarına davam etmişlər. Artıq 2021-ci ilin aprel ayından etibarən ayrı yaşayırlar. Həmin vaxtdan bu günə kimi cavabdehlə birgə yaşamaları heç bir şəkildə mümkün olmadığına görə ilkin olaraq o, nikahlarının pozulması ilə bağlı 29.07.2021-ci il tarixdə Azərbaycan Respublikası 3 saylı Bakı «ASAN xidmət» mərkəzinə müraciət etmişdir. Daha sonra «nikahın pozulması»na dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqdi Rayon Məhkəməsinə müraciət etmişdir. İş məhkəmədə mübahisələndirilərkən iddiaçı məhkəmədə hamilə olduğunu bildirmişdir. Bu səbəbdən də, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli 2(001)-6800/2021 saylı qərardadı ilə onun iddiaçıya qarşı «nikahın pozulması» tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bundan əlavə olaraq artıq 1 ilə yaxındır ki, nikahdan öncə aldığı mülkiyyətində olan "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllə 2 saylı binanın 134 saylı məznilində yaşaya bilmir. Bu səbəbdən də, ailəsi ilə birlikdə kirayədə yaşamağa məcbur olmuşdur. Uşaq doğulduqdan sonra iddiaçı alimentlə bağlı məhkəməyə müraciət etmişdir. İddasında onun aylıq əmək haqqının və aylıq gəlirlərinin 1/4 hissəsi həcmində alimentin tutulmasını istəmişdir. Qeyd edir ki, onun aylıq gəliri 950 manatdır. Himayəsində xəstə atası, yaşlı anası və nənəsi var. Evdə işləyən tək odur. Atası 2-ci qrup əlildir, iş qabiliyyətini itirmişdir, ağır və yataq xəstəsidir. Onların bütün maddi və mənəvi tələbatlarını o qarşılayır. Məhkəmə qətnamə çıxararkən onun maddi vəziyyətini, yaşam tərzini nəzərə almamışdır. Qətnamədə qeyd olunan aliment miqdarını ödəməyə maddi imkanı çatmır. Bundan əlavə olaraq, "xxxx" MTK-nın Biləcəri filialı ilə onun arasında bağlanılmış 03.09.2019-cu il tarixli ********* nömrəli payçı müqaviləsi ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllə 2 saylı binanın 134 saylı mənzili ona satılmışdır. Ev halhazırda ipotekadadır, müqavilə 240 ay müddətinə, hər ay 424 manat ödənilməklə bağlanılmışdır. Buna baxmayaraq həmin mənzilindən istifadə edə bilmir, iddiaçı və onun ailə üzvləri tərəfindən mənzili zəbt edilmişdir. Belə ki, "xxxx" ASC-yə olan borcu da 2964.67 manat təşkil edir. Həmin borca görə "xxxx" ASC aylıq gəlirindən birbaşa hər ay 300-400 manat məbləğində pulu hesabından öz hesabına köçürür. Buradan da aydın görünür ki, məhkəmə işi dərin araşdırmamışdır. Demək olar ki, onun aylıq kredit borcu 800 manata yaxındır, bundan əlavə iddiaçının mənzilini zəbt etdiyinə görə məcbur kirayədə qaldığına görə 300 manat da kirayə haqqı ödəyir. Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi və bildirdi ki, "xxxx" ASC-nin baş mühasibinin imzası ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanan 22 fevral 2022-ci il tarixli, 8-01/08/1095 nömrəli məktubda Cavabdeh əmək haqqı və digər qazancının 1571,12 manat olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – alimentin Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində tutulması və uşağın anadan olmasına görə cavabdehin adına ödənilmiş birdəfəlik müavinətin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissələrində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 12.10.2021-ci il tarixli məktuba əsasən 21.09.2021-ci il təvəllüdlü X3 anadan olmasına görə birdəfəlik müavinətlə bağlı avtomatlaşdırılmış qaydada təyinat aparılmış və filial tərəfindən 05 oktyabr 2021-ci il tarixdə uşağın atası Cavabdeh adına 200 manat məbləğində müavinət ödənilmişdir. "xxxx" MTK-nın 10.07.2021-ci il tarixli 01 nömrəli arayışına əsasən, Hacıyeva (Muradova) Xanım Seyfəddin qızı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllə ünvanda tikilmiş olan yaşayış binalarının 2-ci bina 1-ci blok 17-ci mərtəbə 134 saylı mənzildə qeydiyyatsız olaraq yaşayır. Nikah və doğum haqqında şəhadətnamələrə əsasən Cavabdeh ilə X2 01.11.2020-ci il tarixdə 3 saylı Bakı «Asan Xidmət» mərkəzinin Qeydiyyat Şöbəsində 2260 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar və bu nikahdan 21.09.2021-ci il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. "xxxx" MTK-nin 03.09.2019-cu il tarixli 01 nömrəli məktubuna əsasən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllə ünvanda tikilməkdə olan yaşayış binalarının 2-ci binasında 1-ci blok 17-ci mərtəbə 134 saylı 2 otaqlı 69,4 m2 olan mənzilini ümumi dəyəri 72.227 manat, ilkin ödəniş 28894 manat olmaqla Cavabdeh satılmışdır. Elektron Məhkəmə Portalında əldə edilmiş məlumata görə, Cavabdeh "xxxx" ASCdə mühasib vəzifəsində çalışır və aylıq əmək haqqı 950 manat təşkil edir. İddiaçının apellyasiya şikayətinə etirazına əlavə etdiyi "xxxx" ASC-nin baş mühasibinin imzası ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanan 22 fevral 2022-ci il tarixli, 8-01/08/1095 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh əmək haqqı və digər qazancı 1571,12 manat, bütün məcburi tutulmalar çıxıldıqdan sonra əmək haqqı kartına ödənilən məbləğ 1283,25 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Birinci instansiya məhkəməsi tərəflərin birgə nikahından olan uşağının iddiaçının yanında qalmasını, cavabdehin daimi iş yeri olmaqla qazancının müntəzəm olmasını nəzərə alaraq, Cavabdeh bir uşağın saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Həmçinin, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Çünki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi 05.11.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 05.11.2021-ci il tarixdən tutulmalıdır. «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Bu səbəbdən, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi və 21.09.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, həmçinin İddiaçı hazırda maddi vəziyyətinin ağır olması, uşağının körpə olduğuna görə heç yerdə işləməməsini nəzərə alaraq, 21.09.2021ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 50 manat məbləğində pulun tutulması qənaətinə gələrkən haqlı olmuşdur. Belə ki, Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqların doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Birinci instansiya məhkəməsi 21.09.2021-ci təvəllüdlü X5 (AZ-İV seriyalı, 655143 nömrəli doğum haqqında şəhadətnamə) aid uşağın anadan olmasına görə birdəfəlik müavinətlə bağlı avtomatlaşdırılmış qaydada təyinatı aparılmış və uşağın atası, Cavabdeh adına ödənilmiş 200 manat məbləğində müavinətin cavabdehdən tutularaq İddiaçı ödənilməli olması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.12.2021-ci il tarixli 2(001)- 8622/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar