Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2166/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X1 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (“BP” Azərbaycan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4228/2022 saylı 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2019-cu il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə Cavabdeh MMC-də “texniki işçi” vəzifəsinə işə qəbul edilmişdir. Cəmiyyətin maliyyə vəziyyətinin yaxşılaşdırılması, ştat cədvəlinə dəyişikliklərin edilməsi və işçi sayının optimallaşdırılması məqsədilə xx.xx.2022-ci il tarixli ŞL01/2022 nömrəli əmrə əsasən ştat cədvəlindən Texniki işçi, Topoqraf, Audit köməkçisi ştat vahidlərinin çıxarılması əmr edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli xəbərdarlıq bildirişi ilə bu barədə məlumatlandırılmış, tərəf olduğu əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli K22 saylı əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı (“BP” Azərbaycan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 08 avqust 2022-ci il tarixli K22/2022 №-li əmrini ləğv edib, onun Cavabdeh MMC-yə texniki işçi vəzifəsinə bərpa olunmasına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən K22/2022, xx.xx.2022-ci il tarixli əmrə əsasən onunla aralarında olan əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmək müqaviləsi tərəflər arasında xx.xx.2019-cu il tarixli, k15 nömrəli əmrə əsasən müddətsiz bağlanmışdır. Əmək müqaviləsinə xitam verilərkən AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə istinad edilmişdir (işçilərin sayı və ya ştatları ixtisar edildikdə). Bildirir ki, cavabdeh tərəfindən işçilərin sayı azaldılmamış, ştat ixtisar edilməmiş və iddiaçının əvəzinə həmin vəzifəyə başqa bir şəxs işə götürülüb. Bu səbəbdən belə hesab edir ki, cavabdeh qanunun aliliyini kənara qoyaraq qərəzli mövqedən çıxış edərək, sözügedən qanunsuz əmri çıxarmışdır. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Belə ki, Mediasiya təşkilatına müraciət olunmasından əvvəl, cavabdehə göndərilmiş təklifə dərhal reaksiya verilmiş və ona mobil telefon vasitəsi ilə zəng edilərək, işə qısa zamanda bərpa olunacağı bildirilsə də, sonradan buna da əməl edilməmişdir. Buradan da onun işdən çıxarılması barədə qərar qəbul edilərkən, cavabdehin qərar olması nəzərə çarpır. İşlədiyi müddət ərzində iddiaçı işində hər zaman nizam-intizamlı olmuş və bir dəfə də olsun nöqsana yol verməmişdir.
4. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız və qanuna ziddir. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli 36 nömrəli Əmək müqaviləsi (Kontrakt) bağlanılmışdır. İddiaçı Cavabdeh MMC-də Texniki işçi vəzifəsində çalışmışdır. Cavabdeh MMC-nin direktorunun müvafiq əmrinə əsasən Cəmiyyətdə iş həcmi azaldığına və istehsalatın dayandığına görə və Cəmiyyətin maliyyə vəziyyətinin yaxşılaşdırılması, ştat cədvəlinə dəyişikliklərin edilməsi və işçi sayının optimallaşdırılması məqsədilə, Cəmiyyətin ştat cədvəlindən bəzi ştat vahidləri, o cümlədən “Texniki işçi” vahidi çıxarılmışdır (ləğv edilmişdir). Bununla bağlı iddiaçının ünvanına 01 iyul 2022-ci il tarixli NMX 001/2022 №-li İşçilərin sayının azaldılması ilə əlaqədar xitam verilməsi haqqında bildiriş göndərilmişdir. Bildirişdə qeyd olunmuşdur ki, müəssisədə istehsalatın dayanması ilə əlaqədar işçilərin sayı azaldılır. Qeyd edilmişdir ki, iddiaçı ilə bağlanılan xx.xx.2019-cu il tarixli 36 nömrəli Əmək müqaviləsinə (Kontrakt) 08 avqust 2022-ci il tarixində ARƏM-nin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq işəgötürən tərəfindən xitam veriləcəkdir. Bundan əlavə olaraq iddiaçı xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi və Əmək müqaviləsinə xitam verildikdə iddiaçı orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdən çıxarma müavinəti ödəniləcəyi barədə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli K22/2022 nömrəli Cavabdeh MMC-nin direktorunun əmri əsasında İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 36 nömrəli Əmək müqaviləsinə (Kontrakt) ARƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və iddiaçıya istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya məbləği və işdən çıxarma müavinəti qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanaraq onun bank hesabına tam şəkildə ödənilmişdir. xx.xx.2022-ci il tarixli K22/2022 nömrəli Cavabdeh MMC-nin direktorunun əmri və iddiaçının əmək kitabçası poçt vasitəsilə iddiaçının ünvanına göndərilmişdir. İddiaçı işçilərin sayının azaldılmamasını, ştatın ixtisar edilməməsini və iddiaçının əvəzinə həmin vəzifəyə başqa bir şəxs götürülməsinə dəlalət edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4228/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, ixtisar keçirilən əmr təxmin edilən ixtisar tarixindən 2 ay əvvəl tərtib edilməli, əmr tərtib olunandan sonra müəssisə rəhbəri öz niyyəti barədə mütləq həmkarlar ittifaqını məlumatlandırmalı idi. İşəgötürən tərəfindən işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sübutlar, həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı, ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd, işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd, xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd), ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr məhkəməyə təqdim edilməli idi.
7. Məhkəmə gəldiyi nəticəni, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, 77, 80, 300-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4228/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamədə Əmək Məcəllənin 77-ci maddəsinə istinad edərkən həmin maddənin mətnini səhv qeyd edir. Qətnamədə göstərilir: “Həmin Məcəllənin 77-ci maddəsinə görə, “işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə: 1) orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; 2) işdən çıxarıldığı gündən yeni işədüzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56cımaddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər”. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə görə “İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq müddətlərdə rəsmi xəbərdar edilməlidir və işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Göründüyü kimi, Məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında 31 may 2017-ci il tarixli 675-VQD №-li Azərbaycan Respublikasının Qanunu ilə Əmək Məcəlləsinə edilən dəyişiklikləri nəzərə almadığına görə 01 yanvar 2018-ci il tarixinədək olan Əmək Məcəlləsinin köhnə versiyasından istifadə etmiş və buna görə də maddi hüquq normaları düzgün tətbiq etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 77-ci maddəsinə əsasən tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsinin iddiaçıya aid olduğunu nəzərə almamışdır. İddiaçının tələbi üzrə sübut etmə vəzifəsini cavabdeh üzərinə goymuşdur. Bundan əlavə, cavabdehdən əməyin təşkilində dəyişikliklər edilməsi və bunun zəruri olması barədə sübutların təqdim edilməsini heç tələb belə etməmiş, cavabdeh tərəfindən məhkəmə zalında təqdim edilmiş Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli ŞL01/2022 №-li Cəmiyyətdə iş həcminin azalmasını və istehsalatın dayanmasını nəzərə alaraq Cəmiyyətin maliyyə vəziyyətinin yaxşılaşdırılması, ştat cədvəlinə dəyişikliklərin edilməsi və işçi sayının optimallaşdırılması məqsədilə Cəmiyyətin ştat cədvəlindən Texniki işçi, Topoqraf, Audit köməkçisi ştat vahidləri çıxarılması barədə Əmri nəzərə alınmamışdır. Yenilənmiş ştat cədvəlini təqdim etmək istədikdə isə məhkəmə onun təqdim edilməsinə ehtiyac olmadığını bildirmişdir. Cavabdeh tərəfindən iddiaçıya çoxsaylı şifahi və yazılı müraciətlər edilmişdir və əmək müqaviləsinin xitamı ilə bağlı məlumatlar verilmişdir. İddiaçı isə bu müraciətlərin heç birini cavablandırmamış, Əmək Müqaviləsinin xitamına etiraz etməmiş və ümimiyyətlə xitam əmrini mübahisələndirməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək dəlillərinə uyğun məzmunda izahat vermişdir. 12.Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4228/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. 13.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil olunmadığından və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, cavabbdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
18.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 19.11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. 20.70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 21.71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 22.76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 23.77.1-77.3-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 24.80-ci maddəsinin birinci və ikinci bəndlərinə əsasən, 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 25.83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
26.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı (“BP” Azərbaycan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi” tələbinə dair iddiası rədd edilməlidir. 27.Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. 28.İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisarı əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçiiddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, ixtisarın məqsədəuyğunluğu məsələsi müzakirə edilmiş və gəlinən nəticə əsaslandırılmış, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisarı səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə əmək stajından asılı olaraq vaxtında (azı dörd təqvim həftəsindən əvvəl) xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmışdır. Bundan başqa MMC tərəfindən xx.xx.2022-ci il tarixli, K22/2022 saylı əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir.
29. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinə 31 may 2017-ci il tarixdə edilən və 01 yanvar 2018-ci il tarixdən qüvvəyə minən dəyişiklikləri nəzərə almadan həmin tarixədək mövcud olmuş normaya istinad etmiş, cavabdehin tərəfindən iddiaçıya ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verilmədiyini pozuntu kimi qəbul etmişdir. Halbuki mübahisəli əmək münasibətlərinin yarandığı və bu münasibətlərə xitam verildiyi zaman Əmək Məcəlləsinin 77-ci maddəsinin müvafiq versiyası artıq qüvvəsini itirmişdir.
30. Məhkəmə həmçinin Məcəllənin 80-ci maddəsinə əsaslanaraq əmək müqaviləsini ləğv etmək istəyən işəgötürənin işçinin həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etmədiyini qeyd etmişdir. Halbuki məhkəmə istinad etdiyi maddədə məhz həmkarlar ittifaqının üzvü olan işçi haqqında bəhs edilməsinə baxmayaraq hazırki mülki iş üzrə iddiaçı qismində iştirak edən İddiaçı həmkarlar ittifaqının üzvü olub-olmamasına dair məsələni aydınlaşdırmamışdır. 31.İxtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verilməli olduğunu qeyd edən məhkəmə cavabdehin bunu etmədiyi təqdirdə hansı qanunvericilik normasını pozmuş olduğunu qətnamədə göstərməmişdir. 32.Məhkəmə həmçinin Cavabdeh MMC-nin ştat vahidlərinin ixtisara salınması barədə xx.xx.2022-ci il tarixli ŞL01/2022 saylı əmri ilə əlaqədar qeyd edir ki, sözügedən məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. 33.İşçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunubolunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir. İş materiallarından göründüyü kimi iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. 34.İddiaçının cavabdeh tərəfindən işçilərin sayı azaldılmaması, tutduğu vəzifənin ixtisar edilməməsi və onun əvəzinə həmin vəzifəyə başqa bir şəxsin işə götürülməsinə dair irəli sürdüyü dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 35.Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və s. məsələlərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. 36.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 37.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4228/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı (“BP” Azərbaycan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi” tələbinə dair iddiası ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov