Məhkəmə qərarları › İş №2(103)-2166/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2166/2024

01.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2166/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və eyni zamanda ilkin iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilkin iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2166/2024 (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi; mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil3, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin və eyni zamanda ilkin iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilkin iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsinə üzrə mülki işlə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres qəsəbəsi, Komsomol küçəsi, ev 5, 1 saylı mənzilin mülkiyyətçisi olmaqla mənzildə yaşayır. Mübahisəli mənzil bağışlama müqaviləsi əsasında xx.xx.2006-cı ildə İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdehlər olan iddiaçının qızları 2010-cu ildə həmin mənzilə qeydiyyata düşmüşlər. Hazırda ilkin iddia üzrə iddiaçı qızları olan cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsini, qarşılıqlı iddia üzrə iddiaçılar isə sözügedən mənzilə köçürülmələrini xahiş edirlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və onun azyaşlı övladı X1 ünvan 1 ünvanına olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanı 03 iyun 2006-cı il tarixdən onun xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 onun qızları, Cavabdeh3 və X5 isə nəvələridir. X7 2003-cü ildə, Cavabdeh1 isə 2006-cı ildə nikaha daxil olaraq gəlin köçmüşlər və hazırda da ayrı evlərdə yaşayırlar. Qızları və nəvələri X5, Cavabdeh3 da ona məxsus ünvan 1 ünvanında heç vaxt yaşamamışlar. Bu səbəbdən də cavabdehlərin həmin mənzildən istifadə hüquqları yoxdur.

4. İlkin iddia tələbi üzrə cavabdehlər, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın rədd edilməsini və onların ünvan 2 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsini əsassız hesab edirlər. Bildirirlər ki, onlar həmişə yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olmaqla yaşamışlar. Hazırda müvəqqəti olaraq başqa ünvanlarda yaşayırlar. Daimi yaşayış yerləri yoxdur. Yaşadıqları evlər kənar şəxslərin mülkiyyətindədir. Daimi yaşamaq üçün başqa ünvana köçməmişlər. Şərait olmadığına görə qeydiyyatda olduqları ünvanda yaşaya bilmirlər. Bu ünvanda onların mülki qanunvericiliyə əsasən istifadə hüquqları var. İddiaçı isə əsaslı bir hal olmadan istifadə hüququna xitam verilməsini xahiş edir. İddianı qəbul etmirlər. Belə olan vəziyyətdə mənzilə köçürülməkləri ilə bağlı iddia qaldırmaq məcburiyyətindədirlər. Qeyd edirlər ki, mübahisəli ev onun pulu ilə alınıb. Ev onun adına qeydə alınmalı idi. Evin sənədləri qaydasında olmadığından etibarnamə ilə anasının adına alınması, sonra ona bağışlaması məsləhət görülmüşdür. Qanunsuz yolla bu ev anasının adına sənədləşdirilib. Bir qaçqınla əlbir olub bu evi öz adına qeydə aldırıb. Ona dəfələrlə dedi ki, evi adına sənədləşdir və ya pulunu qaytar. Nəticəsi olmamışdır. Digər cavabdeh olan bacısının oğlu hazırda hərbi xidmətdədir, o biri oğlu Hüseyn anadangəlmə xəstədir, laldır. Əqli cəhətdən zəifdir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) həm ilkin, həm də qarşılıqlı iddia üzrə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1, 228.2, 228.5, və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

8. Qətnamədən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 şikayət verərək qətnamənin ləğv edilməsini, onun qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, o, mübahisəli mənzilə 2010-cu ildə qeydiyyata düşmüş və orada yaşamışdır. Lakin sonradan müəyyən səbəblərdən məcburiyyət qarşısında qalaraq müvəqqəti olaraq ayrı yerdə yaşaması onun istifadə hüquqlarına xitam verilməsinə əsas ola bilməz. Həmçinin birinci instansiya məhkəməsi hazırki mübahisənin həlli üçün qüvvədə olan Mənzil Məcəlləsinin normalarına istinad etməli olduğu halda, Konstitusiya Məhkəməsinin mövqeyinə də zidd olaraq Mülki Məcəllənin 228-ci maddəsinə istinad etmiş və bununla da maddi hüquq normalarının tətbiqi ilə bağlı tələbləri pozmuşdur.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

10. İlkin iddia üzrə iddiaçı Maden apellyasiya şikayətinə etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdiriləmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

11. Apellyasiya baxışı zamanı iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzil 2004-cü ildə alınıb və həmin vaxt orada yaşayıb. 2006-cı il 17 dekabr tarixində ailə həyatı quraraq oradan gedib, amma davamlı gedib-gəlib. Ev məsələsinə görə anası, yəni iddiaçı ilə münasibətləri korlanıb. Hazırda da evlidir, 2 uşağı var. Yasamalda ailəsi ilə birlikdə yaşayır. Anasına o qulluq edib. Anası nəvəsini götürüb evdə saxlayır və hazırda evi satmaq istəyir. Ona görə də belə bir iddia verib.

12. Apellyasiya baxışı zamanı (o cümlədən öncəki məhkəmə iclasında) iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı yaşlı qadındır, digər nəvələri həmin əmlakı özəlləşdirmək istəyirlər, cavabdeh isə anasının evsiz qalmasını istəmir və həmişə anasına qulluq etmişdir. İddiaçının məhkəməyə müraciət etməsi onun öz iradə ifadəsi deyildir. Mübahisəli əmlakın alınmasında Cavabdeh1 da rolu olmuş, ev isə sadəcə formal olaraq anasının adına rəsmiləşdirilmişdir. Cavabdeh daima anası ilə yaşamış, 2010-cu ildə həmin mənzilə qeydiyyata düşmüş, 4-5 ildən sonra isə münasibətlər korlandığından evdən çıxmağa məcbur olmuşdur. Cavabdeh1 2006-cı ildə ailə həyatı qurmuşdur.

13. Apellyasiya baxışı zamanı iştirak edən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qarşı tərəf özü də etiraf edir ki, ailə qurduqdan sonra başqa evə köçüb. İndi yeni ev almaq istəyir, lakin imkanı olmadığına görə pul əldə etmək niyyətindədir. Qarşı tərəfin həmin mənzilə istifadə hüququ, ümumiyyətlə, yaranmayıb.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qarşılıqlı iddia üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

18. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.2. Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən həm ilkin, həm də qarşılıqlı iddia tələbini rədd olunduğundan və yalnız Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verildiyindən apellyasiya baxışının hədlərini qətnamənin yalnız həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

29. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mənzilə köçürülməyə dair iddialar həll edilərkən, araşdırılmalı olan digər məsələ şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmamasıdır. Məhrumetmə o halda qanuni ola bilərdi ki, məhrumetmə ilə bağlı nəticələrə yol verən şəxsin mübahisəli mənzil üzərində mülkiyyət və ya ondan irəli gələn digər hüquqları (istifadə və s.) olsun, lakin məhrum edilən şəxs bu hüquqlara sahib olmasın və qanunvericiliklə də təsbit edilməsin. Əgər məhrumedən şəxsin belə bir hüququ yoxdursa və ya məhrumedilən də onunla birlikdə eyni hüquqlara sahibdirsə, bu halda məhrumetmə qanunsuz sayılır.

30. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli ******* saylı alqısatqı müqavilənin sürətindən görünür ki, X6 Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres qəsəbəsi, Komsomol küçəsi, ev 5, 1 saylı mənzili İddiaçı satın almışdır.

31. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli 6891 saylı müqavilənin sürətindən görünür ki, X6 Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres qəsəbəsi, Komsomol küçəsi, ev 5, 1 saylı mənzili İddiaçı bağışlamışdır.

32. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışın sürətindən görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir.

33. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və onun azyaşlı övladı X5 iddiaçıya məxsus ünvan 1-də qeydiyyatdadırlar.

34. Kollegiya qeyd edir ki, cavabdehin də apellyasiya şikayətinin dəlillərindən biri birinci instansiyan məhkəməsi tərəfindən işə tətbiq olunmalı mülki hüquq normasının düzgün seçilməməsi ilə bağlı olduğundan ilk növbədə həmin məsələyə aydınlıq gətirilməlidir.

35. Belə ki, X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

36. Hazırki işin hallarından, o cümlədən cavabdehin məhkəmə iclasında verdiyi ifadədən görünür ki, mübahisəli mənzili xx.xx.2006-cı il tarixdən iddiaçının mülkiyyətinə keçmiş və cavabdeh həmin vaxt orada yaşamış, 2006-cı ilin dekabrında isə ailə həyatı quraraq həmin mənzili tərk etmiş və hələ də evli olmaqla öz ailəsi birlikdə başqa yerdə məskunlaşmağa başlamışdır.

37. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu ilədək yarandığından və qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan hazırkı mübahisə üzrə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq olunmalıdır.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

39. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır.

40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.

41. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. ...Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar...”.

42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yuxarıda da qeyd edildiyi kimi mübahisəli mənzili xx.xx.2006-cı il tarixdən iddiaçının mülkiyyətinə keçmiş və cavabdeh həmin vaxt orada yaşamış, 2006-cı ilin dekabrında isə ailə həyatı quraraq həmin mənzili tərk etmiş və hələ də evli olmaqla öz ailəsi birlikdə başqa yerdə məskunlaşmağa başlamışdır.

43. Məhkəmə kollegiyası edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mübahisəli evin anasının adına rəsmiləşdirildiyi 03 iyun 2006-cı il tarixdən qısa müddət sonra, yəni həmin ilin dekabr ayında ailə həyatı qurduğundan həmin evi tərk etmiş, həyat yoldaşı ilə başqa mənzildə yaşamış və onun hazırki mübahisəli mənzildən istifadə ehtiyacı aradan qalxmış olmuşdur. Digər tərəfdən işin halları ilə müəyyən edilmişdir ki, ana-övlad arasında etibarlı ailə münasibətləri də mövcud deyildir.

44. Buna görə də kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnu artıq 2006-cı ildə ailə həyatı quraraq evi tərk etdiyi zamandan etibarən itirmişdir. Belə olduğu təqdirdə onun mübahisəli mənzildən mülkiyyyətçinin iradəsinin ziddinə istifadə etməklə sonuncunun mülkiyyət hüquqlarının həyata keçirməsinə mane ola bilməsi üçün heç bir qanuni və hüquqi əsaslar mövcud deyildir.

45. Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəsilində (13-cü maddə) mülkiyyətə ayrıca yer ayrılması ölkə qanunvericiliyinin bu seqmentə olan əhəmiyyətli yanaşmasının təzahürüdür. Həmçinin ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) mülkiyyət hüququ nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.

46. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normalara düzgün tətbiq edilməklə qəbul edilmiş məhkəmə qətnaməsinin hazırda ləğvinə və ya dəyişdirilməsinə əsas ola biləcək hər hansı hal mövcud deyildir və buna görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.

48. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir.

49. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

50. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

52. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

53. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar