Məhkəmə qərarları › İş №2(103)-2167/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2167/2023

14.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2167/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC və X3 və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi; müqavilənin etibarsız hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC və X3 qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4139/2018 saylı 21 noyabr 2018-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Satıcı "xxxx" MMC-nin direktoru X8 ilə alıcı X6 arasında bağlanmış xx.xx.2013-cü iİ tarixli müqaviləyə əsasən satıcı Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa etdiyi 1 saylı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzili alıcının mülkiyyətinə verməyi, alıcı həmin sahəni qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən mənzilin dəyəri hər kv.m üçün 438 ABŞ dolları olmaqla cəmi 40100 ABŞ dolları təşkil edir. xx.xx.2013-cü il tarixli, 105 saylı maliyyə arayışından və həmin tarixli kassa mədaxil qəbzindən müəyyən edilir ki, X2 mənzilə görə "xxxx" MMC-yə 40100 ABŞ dolları ödənilmişdir və borcu yoxdur.

2. Satıcı "xxxx" MMC-nin direktoru X8 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü iİ tarixli müqaviləyə əsasən, satıcı Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa etdiyi 1 saylı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.mdən ibarət olan 2 otaqlı mənzili alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən mənzilin dəyəri hər kv.m üçün 450 manat olmaqla cəmi 41130 manat təşkil edir. xx.xx.2013-cü il tarixli, 199 saylı maliyyə arayışına görə İddiaçı mənzilin dəyərini tam ödəmişdir və şirkətə borcu yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 iş üzrə cavabdeh qismində cəlb etməklə onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Cavabdeh tərəfindən inşa edilmiş 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 91,4 kv.m olan 2 otaqlı mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2013cü il tarixli müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və müqavilədə göstərilmiş mənzil üzərində istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə əsasında cavabdehin Yeni Yasamal yaşayış massivində inşa etdiyi 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 91,4 kv.m ümumi sahəsi olan iki otaqlı mənzili almışdır. Mənzilin qiyməti hər kvadrat metr üçün 450 manat olmaqla ümumilikdə 41130 manat müəyyən edilmiş, məbləğ tam şəkildə tərəfındən cavabdehə ödənilmiş və bu barədə xx.xx.2013-cü il tarixli 199 saylı maliyyə arayışı verilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh 24 ay ərzində binanı tam şəkildə tikib başa çatdırmağı və ona təhvil verməyi öz öhdəsinə götürmüşdür. Binanın tikilib başa çatmasına baxmayaraq cavabdeh mənzili təhvil verməkdən müxtəlif bəhanələrlə yayınır. Z.M.Kişiyeva ilə Meqa-Siti Holdinq MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə etibarsız müqavilədir. Müqavilədən belə görünür ki, həmin müqaviləni MMC-nin adından direktor X8 bağlamışdır. Halbuki müqavilənin sonunda, tərəflərin imzaları qrafasında direktor Məmmədov E.A. sözlərinin qarşısındakı imza ona məxsus imza deyildir. Bunu iş materiallarında olan digər sənədlərdəki imzalarla, eləcə də onunla bağlanmış müqavilədə olan E.A.Məmmədovun imzası ilə müqayisə etdikdə aydın surətdə görmək olar. Beləliklə Cəmiyyətin adından müqaviləni Cəmiyyəti təmsil etmək səlahiyyətinə malik olmayan hər hansı kənar şəxs imzaladığına görə müqavilə etibarsızdır. Bundan başqa qeyd olunmalıdır ki, tərəflərin müqavilənin dəyişdirilməsi barədə gəldikləri razılıq da mülki qanunvericiliyin tələblərinə ziddir.

6. X6 tələbini belə əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixində Cavabdeh MMC ilə alqı-satqı müqaviləsi bağlayıb, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv.m olan 3 otaqlı mənzili 40100 ABŞ dollarına almışdır. Mənzilin dəyərini tam ödədiyi barədə maliyyə arayışı verilmişdir. Mənzili aldıqdan sonra 12-ci mərtəbəyə çıxıb-düşməyin gələcəkdə çətinliklər yarada biləcəyini düşünərək, mənzili aşağı mərtəbələrdə yerləşən mənzillə dəyişmək istəmiş, bu məqsədlə Cavabdeh MMC-nin rəhbərliyinə müraciət etmişdir. Binanın yalnız 10-cu mərtəbəsində boş mənzilin olduğu, onunla əvəzləşdirməyi bildirmişdirlər. Ərizə yazaraq mənzilin dəyişdirilməsini xahiş etmiş, əvvəlki müqavilənin tarixində düzəliş edərək müqaviləni ona qaytardıqda, yeni müqavilə bağlanılmasını xahiş etmişdir. xx.xx.2013-cü il tarixində əvvəlki müqaviləni təhvil verərək yeni müqavilə bağlamışdırlar. Mənzili aldıqdan bir müddət sonra mənzili təmir etdirməklə əlaqədar Cavabdeh MMC-yə əlavə olaraq pul ödəmiş və mənzildə təmir işlərinin aparılmasına icazə verilməsi barədə arayış verilmişdir. Mənzildə tam təmir işləri aparıldıqdan sonra mənzili yaşaması üçün oğluna vermişdir və artıq uzun müddətdir ki, oğlu mənzildə ailəsi ilə birlikdə yaşayır. Bir-neçə gün bundan əvvəl İddiaçı Şəfı oğlu adlı şəxsin Cavabdeh MMC-yə qarşı oğlunun yaşadığı mənzilin özünə təhvil verilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə müraciət etməsi ona məlum olmuşdur. İddiaçı iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Əvvala ona görə ki, İddiaçı Şəfı oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə əsasında ona 2 otaqlı mənzil satılıb. Halbuki, həmin binanın 10-cu mərtəbəsində ümumi sahəsi 91.4 kv.m olan 2 otaqlı mənzil mövcud deyildir. Qeyd etdiyi kimi mübahisəli mənzil xx.xx.2013-cü il tarixindən faktiki olaraq sahibliyindədir. xx.xx.2013-cü il tarixində cavabdehlər arasında həmin mənzil barəsində müqavilə bağlanarkən Cavabdeh MMC-nin müqavilə bağlamaq hüququ olmamış, həmçinin mənzil İddiaçı təhvil verilməmişdir.

7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, "xxxx" Holdinq MMC-nin əvvəlki qanuni təmsilçisi olmuşdur və adından və imzasından istifadə etməklə mənzillər satılmışdır. Ümumiyyətlə "xxxx" Holdinq MMC-dən çıxsa da, sənədləşmədə adından istifadə olunub. Şəxsən heç kimə mənzil satmamışdır. Mənzillərin dəyərini vətəndaşlar təsisçilərə ödəyiblər. Sadəcə müqavilələri imzalamışdır. "xxxx" Holdinq MMC-nin möhürü onda olmayıb. Hazırki mübahisə üzrə isə X6 ilə "xxxx" Holdinq MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədə olan imza ona məxsus olsa da, xx.xx.2013-cü il tarixli maliyyə arayışını o imzalamamışdır. İddiaçı ilə "xxxx" Holdinq MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədə və həmin tarixli maliyyə arayışında olan imzalar da ona məxsus deyil. Formal olaraq 2016-cı ilin aprel ayından "xxxx" Holdinq MMC-nin qanuni təmsilçisi deyil.

8. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, xx.xx.2018-ci il tarixli, 25176 saylı ekspert rəyi ilə ekspertizaya təqdim ediimiş, "xxxx" MMC və X2 adlarından olan xx.xx.2013-cü il tarixli müqavilənin 2-ci vərəqəsində “7. Tərəflərin imzaları.” hissəsində “Direktor Məmmədov E.A.” sözlərinin qarşısındakı imzanın və "xxxx" MMC-nin adından X2 adına olan xx.xx.2013-cü il tarixli 105 nömrəli maliyyə arayışında “MeqaSiti Holdinq MMC-nin direktoru” qrafasındakı imzanın X8 tərəfindən icra olunduğu, "xxxx" MMC və İddiaçı adlarından olan xx.xx.2013-cü il tarixli müqavilənin 2-ci vərəqəsində “7. Tərəflərin imzaları.” hissəsində “Direktor Məmmədov E.A.” sözlərinin qarşısındakı imzanın və "xxxx" MMC-nin adından İddiaçı adına olan xx.xx.2013-cü il tarixli 199 nömrəli maliyyə arayışında “Meqa-Siti Holdinq MMC-nin direktoru” qrafasındakı imzanın X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 noyabr 2018-ci il tarixli 2(004)-4139/2018 saylı qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) İddiaçı iddiası təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiası təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, X2 Cavabdeh MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 10- cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, "xxxx" MMC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü iİ tarixli müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlər İddiaçı və "xxxx" MMC-dən tutularaq müstəqil tələb irəli sürən üçüncü şəxs X3 ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 133 manatın İddiaçı tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin alqı-satqısına dair "xxxx" MMC ilə X6 arasında xx.xx.2013-cü iİ tarixli müqavilənin bağlanması, mənzilin müqavilə ilə nəzərdə tutulmuş qiymətinin alıcı tərəfindən tam olaraq ödənilməsi müəyyən edilmişdir. Mübahisəli mənzilin alqı-satqı müqaviləsi ilkin olaraq X6 ilə bağlandığından onun razılığı olmadan sonradan həmin mənzilin İddiaçı satılması mülki qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə zidddir. Ona görə də X2 iddiası təmin edilərək cavabdehin Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət 3 otaqlı mənzilə onun sahiblik və istifadə hüquqları tanınmalıdır. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddia tələbi İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab olunması hissəsində də təmin edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 178.8, 646.1, 646.2, 648.1, 152.1, 157.8, 385.1, 425.1, 521, 337.2, 339, 340, Mülki Prosessual Məcəllənin 2.1, 4.1, 9, 14.2, 77.1, 78.1, 80, 81, 89.3, 119, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

12. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apelyasiya şikayəti verərək onun ləğv edilməsini, mübahisəli mənzilə onun sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apelyasiya şikayətində göstərilmişdir ki, hər bir kv.m 1000 ABŞ dolları olmaqla ümumilikdə 91400 ABŞ dollarını (Azərbaycan ekvalentinə uyğun olaraq) ödəyərək xx.xx.2009-cu il tarixli 46 nömrəli müqavilə ilə "xxxx" MMC-nin inşa etdiyi Bakı şəhəri Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivi, 1 saylı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m olan 2 otaqlı, 72 saylı mənzili almışdır. Bundan sonra xx.xx.2009-cu il tarixdə tərtib edilmiş "xxxx" əsasən mənzilin dəyərini tam şəkildə ödəyib və MMC-yə heç bir borcu yoxdur. Ev ona təhvil verilməmişdir. Təsisçilərdən olan “Maksim” adlı şəxsin istifadəsində olan (070) ***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış, məsələ ilə bağlı maraqlandıqda, Maksim adlı şəxs bildirmişdir ki, ona məxsus bu binada ev yoxdur, Zöhrə Kişiyeva qeyd edilən mənzili 2010-cu ildə alıb. Bundan sonra Nərimanov rayon Prokurorluğun şikayət ərizəsi ilə müraciət olunmuşdur. Nərimanov rayon Polis İdarəsin İstintaq Şöbəsinin müstəntiqi Cavanşir Mayılovun xx.xx.2021-ci il tarixli “cinayət işinin rədd olunması barədə” qərarı ilə cinayət işi başlanmamışdır. Həmin qərarda müəyyən olunmuşdur ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-4139/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X2 cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, YeniYasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m olan 2 otaqlı mənzilə sahiblik və istifadə hüquqları tanınmışdır. Mənzili X1 da öncə əldə etmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən apelyatorun nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 139.1.6. Qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamə müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbinə aid hissədə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Göründüyü kimi mübahisə predmeti olan mənzil xx.xx.2013-cü il tarixli müqavilə ilə X3, xx.xx.2013-cü il tarixli müqavilə ilə İddiaçı satılmışdır.

29. Keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə bağlanmış müqavilədə və mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışında olan imzalar satıcı qismində göstərilən şəxs – MMC-nin direktoru X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Digər müqavilədəki imza isə direktor X8 tərəfindən icra olunmuşdur.

30. Hazırda Maraqlı şəxs mübahisəli mənzili 2009-cu il tarixli müqaviləyə əsasən aldığını və dəyərini tam ödədəyini bildirərək, apelyasiya şikayəti vermişdir.

31. Apelyasiya baxışı zamanı təqdim edilmiş müqavilə və maliyyə arayışına görə Satıcı "xxxx" MMC-nin direktoru X8 ilə alıcı Maraqlı şəxs arasında bağlanmış xx.xx.2009cu iİ tarixli müqaviləyə əsasən satıcı Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa etdiyi 1 saylı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.mdən ibarət olan 2 otaqlı 72 nömrəli mənzili alıcının mülkiyyətinə verməyi, alıcı həmin sahəni qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən mənzilin dəyəri hər kv.m üçün 1000 ABŞ dolları olmaqla cəmi 91400 ABŞ dolları təşkil edir. xx.xx.2009cu il tarixli maliyyə arayışından müəyyən edilir ki, Maraqlı şəxs mənzilin dəyəri tamamilə ödəyib və hazırda "xxxx"ə heç bir borcu yoxdur.

32. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki hüquq münasibətlərində mülkiyyətçinin eyni əşyanın alqı-satqısı barədə bir neçə alıcı ilə razılığa gəlməsi istisna edilmir.

33. Belə bir yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan da irəli gəlir. Həmin maddəyə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

34. Normadan göründüyü kimi fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir.

35. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcələ, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır.

36. Göründüyü kimi mübahisəli mənzil 2009-cu il tarixli müqavilə ilə Maraqlı şəxs, 2013cü il tarixli müqavilə ilə isə Zöhrə Kişiyevaya satılmışdır.

37. İkinci müqaviləyə əsasən mənzili almış tərəf X6 mənzili təmir etmişdir və mənzil uzun müddətdir onun istifadəsindədir. Bu hal Maraqlı şəxs tərəfindən də mübahisələndirilmir. Bildirməsinə görə, sonuncu mənzillə yalnız 2019-cu ildə maraqlanmış və mənzilin başqa şəxs - Zöhrə Kişiyeva tərəfindən təmir olunaraq orada yaşaması məlum olmuşdur.

38. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, Maraqlı şəxs apelyasiya şikayəti təmin edilməməlidir.

39. Maraqlı şəxs bağladığı müqavilə üzrə (həmin müqavilə etibarlılıq şərtlərinə cavab verdiyi təqdirdə) ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4139/2018 saylı iş üzrə 21 noyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar