Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2167/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2167/2024 (Açar sözlər: öhdəliyin icrasının yerinə yetirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı “öhdəliyin icrasının yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-158/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyun 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 MTK və "xxxx" MTK-ya qarşı “öhdəliyin icrasının yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh1 MTK və "xxxx" MTK-dan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsi, 8-ci blokunda yerləşən, sahəsi 145 m2 olan, 3 otaqlı 779 saylı mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 28 iyun 2008-ci il tarixdə Bakı şəhər, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində inşa edilən çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsi, 8-ci blokunda, ümumi sahəsi 145 m2 təşkil edən, 3 otaqlı 779 saylı mənzilin dəyəri olan 87.000 manat ödəməklə ona verilməsi barədə “Vedi" MMC ilə müqavilə imzalamışdır. Müqavilənin əlavəsi olaraq öhdəlik üzrə maliyyə arayışına əsasən mənzilin dəyəri olan 87.000 manat pul vəsaiti tam olaraq iddiaçı tərəfindən ödənilmişdir. Hətta maliyyə arayışında qeyd edilmişdir ki, tikilməkdə olan yaşayış binası “Vedi" MMC və cavabdeh “Safari-N" MTK-ya məxsusdur. Mübahisə predmeti olan mənzilin yerləşdiyi yaşayış binasının 7-ci mərtəbəsinə kimi tikinti işləri cavabdehlər "xxxx" MMC və “Safari-N" MTK tərəfindən aparılmış, lakin sonradan “Vedi" MMC-nin direktoru Nümayəndə2 barəsində cinayət işi açılmış və o, həbs olunmuşdur. Həmin binanın inşasını isə sonradan “Safari-N" MTK və “Vedi" MMC-nin hüquqi varisi olan "xxxx" MTK aparmış və başa çatdırmışdır. Bu səbəbdən də iddiaçı binanın tikintisi başa çatdıqdan sonra “Safari-N" MTK və “Şərur" MTK-ya dəfələrlə müraciət edərək mənzilinin verilməsini tələb etmiş, lakin heç bir nəticə verməmişdir. Bu isə onun hüquqlarının pozulması deməkdir. Hətta yaşayış binasının “Şərur" MTK tərəfindən tikilib başa çatdığını xx.xx.2019-cu il tarixdə öyrənib dərhal onlara məktub ünvanlamışdır. Beləliklə, iddiaçı qeyd etmişdir ki, o, müqaviləyə əsasən onun üzərinə düşən öhdəliyi yerinə yetirərək mənzilə görə razılaşdırılmış dəyəri olan 87.000 manat məbləğində pul vəsaitini ödəmiş və bu barədə ona maliyyə arayışı verilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MTK-nın əsl Cavabdeh2 MMC ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin verdiyi sorğulara əsasən, mübahisə predmeti olan mənzilin yerləşdiyi yaşayış binasının "xxxx" MTK ilə hər hansı əlaqəsinin olmadığı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən ərizə təmin edilmişdir.
4. İlkin məhkəmə baxışı zamanı iş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişlər. İddiaçının vəkilinin ərizəsi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyd edilən mülki işə qiyabi icraat qaydasında baxılmış, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
5. Daha sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MTK tərəfindən qiyabi qətnamənin ləğv edilməsinə dair məhkəməyə ərizə daxil olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən qiyabi qətnaməsinin ləğv edilməsi haqqında tərəfindən verilmiş həmin ərizə təmin edilərək xx.xx.2023-cü il tarixli qiyabi qətnamə ləğv edilmiş və işə yenidən mahiyyəti üzrə baxılması qərara alınmışdır.
6. Yeni məhkəmə baxışı zamanı məhkəmə tərəfindən keçirilən yerli baxış gedişatında aşkar edilmiş xüsusatlarla əlaqədar olaraq yaranmış zərurətlə bağlı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə təkrar iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-dən xx.xx.2008-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş və hazırda Cavabdeh1 MTK-nın istifadəsində olan binanın 8-ci mərtəbəsi, 8-ci blokunda yerləşən sahəsi 145 m2 olan, 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-158/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MTK-nın üzərinə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsi, 8-ci blokunda yerləşən, sahəsi 145 m2 olan, 3 otaqlı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi qoyulması qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 157.2, 359.1, 425.1, 427.3-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 82.4, 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh1 MTK apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixli “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilənin 2.1.5-ci bəndindən müəyyən edilir ki, həmin müqavilə imzalandığı tarixdən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alqı-satqı müqavilələri və digər əqdlər əsasında "xxxx" MMC-nin adından rəsmiləşdirilməli,əgər satış "xxxx" MMC öz adında rəsmiləşdirəcəyi təqdirdə o, payçılar və rəsmi dövlət orqanları, alıcılar qarşısında özü, öz əmlakı ilə məsuliyyət daşımalıdır. Cavabdeh2 MMC gördüyü işin yarısının dəyərində yəni payına düşən hissəsinin 25%-i həcmində "xxxx" MMC-nin möhürü və imzası ilə satış apara bilər. İş materiallarından göründüyü kimi Cavabdeh1 MMC iddiaçı ilə bağlı heç bir müqavilə və digər sənədlərə imza etməmiş və möhürlə təsdiq etməmişdir. Məhkəmə isə bu halı nəzərə almamışdır. Müqavilə digər Cavabdeh2 MMC ilə bağlanmışdır. xx.xx.2008-ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqaviləni Cavabdeh2 MMC-nin direktoru Nümayəndə2 Gülmməd oğlu tərtib etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 MTK-nın nümayəndə-vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, ötən məhkəmə iclasında vermiş olduğu izahatı təsdiq edirəm. Belə ki, 2019-cu ildə notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsi əsasında mübahisəli 542 mənzildən ibarət olmaqla bina Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinə əvəzsiz olaraq bağışlanılmışdır. 44 günlük Vətən Müharibəsindən sonra dövlətimizin əldə etdiyi qələbə nəticəsində işğal altında olan ərazilərimiz işğaldan azad olunmuş və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün həmin mənzillərin məcburi köçkünlərə paylanması zərurəti aradan qalxmışdır. Hazırda həmin sahə üzrə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri tərəfindən yerində araşdırılma aparılır, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin mənzillərə dair reyestrdən çıxarışın verilməsi prosesinə başlanılmış, hazırda mənzillərin dövlət qarşısında xüsusi xidmətləri olan və mənzilə ehtiyacı olan vətəndaşlara verilməsi üçün əmlak X3 sərəncamına verilmişdir. Onda olan məlumata əsasən də bu həftə ərzində binada yerləşən mənzillərin hər birinə dair çıxarış veriləcəkdir. Bu halı təsdiq edəcək mənzillərin 2019-cu ildə Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinə təhvil verilməsiylə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsini elektron məhkəmə informasiya sisteminə əlavə etmişdir. Bundan əlavə qeyd edir ki, müqavilə iddiaçı ilə Cavabdeh2 MMC arasında 2008ci ildə bağlanmışdır. Elektron sistemə Cavabdeh1 MTK tərəfindən satılmış mənzillərə dair müqavilələri də yerləşdirmişdir. Müqavilələrdən də aydın görünür ki, Cavabdeh1 MTK tərəfindən satılmış mənzillərdə müqavilələri MTK özü möhürləyir və şirkətin rəhbəri də imzalayır. Binanın tikintisi və istismara qəbulu da Cavabdeh1 MTK tərəfindən həyata keçirilmişdir. Müvafiq alqı-satqı müqaviləsinin 1.5-ci bəndində yekun sənədləşmənin kompleks tikinti olduğu üçün Cavabdeh1 MTK tərəfindən həyata keçirilicəyi də qeyd edilmişdir. Cavabdeh2 MMC-nin bağlamış olduğu müqavilələrdən Cavabdeh1 MTK xəbərsiz olmuşdur. Cavabdeh1 Mənzil Tikinti Koperatividir, təşkilati hüquq formasına görə mənzilin satılmasına dair vətəndaşla müqavilə bağlaya bilir. Bunun üçün daşınmaz əmlaka dair notarial qaydada müqavilənin bağlanmasına zərurət yoxdur. Cavabdeh2 MMC təşkilatı hüququ formasına görə daşınmaz əmlakla bağlı müqavilə bağlandığı halda notarial qaydada rəsmiləşdirilməlidir. Həmçinin Şəhərsalma və Arxitektura komitəsi tərəfindən verilmiş 2019-cu il tarixli istismara icazə sənədindən də, ilkin sənədləşmədə də ərazinin Cavabdeh1 MTK ayrıldığı bəllidir. Tərəflər arasındakı bağlanmış müqavilədə də qeyd edilmişdir ki, əgər Cavabdeh2 MMC tərəfindən mənzillərin satışına dair müqavilə bağlanarsa, belə olan təqdirdə nizamnamə kapitalı həcmində Cavabdeh2 MMC məsuliyyət daşıyacaqdır. Cavabdeh2 MMC tərəfindən mənzillərin satılmasının hansı əsasla həyata keçirildiyini bilmirlər. Belə bir səlahiyyət də ona verilməmişdir. Onu da qeyd edir ki, qarşı tərəfin Nümayəndə2 həbs edildiyi hallarından məlumatları olmuşdur. Cavabdeh2 MMC bugunkü gündə hüquqi şəxslərin dövlər reyestrində fəaliyyətdə olan hüququ şəxs kimi görünür.
13. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin bina, ümumiyyətlə, istismara qəbul olunmamışdır, istismara qəbul aktı yoxdur. Tərəflər arasındakı bağlanmış 3 müqavilə -12 may 2007, 08 noyabr 2007 və 12 may 2009-cu il tarixli müqavilələr də vardır ki, qarşı tərəf onların şərtlərinə də nəzər yetirə bilməsi üçün təqdim etməmişdir. Həmçinin müvafiq hökmdə və qətnamədə qeyd edilir ki, " Vedi-E” MMC-nin direktoru vəzifəsində işləyən Nümayəndə2 "Safari-N” MTK ilə arasında 3 müqavilə bağlanmış və həmin müqavilələrin tələblərinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti başçısının 27 iyul 2005-ci il tarixli, 203 saylı sərəncamıyla Cavabdeh1 MTK-ya ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən torpaq sahəsində yarımçıq qalmış iki blok hündürmərtəbəli binanın tikinti işlərini davam etdirməyi " Vedi-E” MMC öz öhdəliyinə götürür. Həmçinin, işləri öz vəsaiti və ya öz payına düşən mənzillərin 30 %-nin satışından əldə olunan vəsait hesabına 36 ay müddətinə tikintinin başa çatdırmağı, tikinti işi başa çatdırıldıqdan sonra isə əldə ediləcək mənfəətin tərəflər arasında 50 % nisbətində bölünəcəyi qeyd edilmişdir. Bəli, " Vedi-E” MMC ilkin olaraq özü alqı-satqı edə bilərdi, lakin yekun sənədləşmə işi Cavabdeh1 MTK tərəfindən həyata keçiriləcəkdi. Qarşı tərəf bir növ özü etiraf edir ki, " Vedi-E” MMC payına münasibətdə məsuliyyət daşıyacaqdır, demək ki, payı olmuşdur.
14. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.
16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
25. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
26. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti verilsə də, işin mahiyyəti, şikayətin həllinin hər bir halda hər iki cavabdeh üçün hüquqi nəticələr yaradacağı səbəbindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
31. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
32. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
33. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının hazırki iş üzrə tələbinin kökündə dayanan hüquq onunla "xxxx" MMC arasında bağlanmış 28 iyun 2008-ci il tarixli müqavilədən irəli gəlir.
34. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı binada sifarişçi “Safari-N" MMC-nin göstərişi ilə podrat müqaviləsinə əsasən mənzil inşa edən Cavabdeh2 MMC-nin mənzili satmaq səlahiyyətinin olmasını güman etməkdə haqlı olmuşdur. Çünki mövcud şərait bunu bilavasitə diktə etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, "xxxx" MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən müəyyən edilir ki, "xxxx" MMC özünə məxsus Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 203 saylı Sərəncamı ilə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində ayrılmış torpaq sahəsini və 2 bloklu yarımçıq qalmış binaları bu müqavilənin şərtlərinə uyğun olaraq tikinti işlərinin davam etdirilməsi üçün Cavabdeh2 MMC-yə həvalə etmişdir. Cavabdeh2 MMC isə öz növbəsində öna təqdim edilmiş yarımçıq yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinə yetirilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.5-ci bəndindən müəyyən edilir ki, həmin müqavilə imzalandığı tarixdən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alqı-satqı müqavilələri və digər əqdlər əsasında "xxxx" MMC-nin adından rəsmiləşdirilməli, əgər satış Cavabdeh2 MMC öz adında rəsmiləşdirəcəyi təqdirdə o, payçılar və rəsmi dövlət orqanları, alıcılar qarşısında özü, öz əmlakı ilə məsuliyyət daşımalıdır. Cavabdeh2 MMC gördüyü işin yarısının dəyərində yəni payına düşən hissəsinin 25%-i həcmində "xxxx" MMC-nin möhürü və imzası ilə satış apara bilər.
35. Birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən iddiaçının binada sifarişçi “Safari-N" MMC-nin göstərişi ilə podrat müqaviləsinə əsasən mənzil inşa edən Cavabdeh2 MMC-nin mənzili satmaq səlahiyyətinin olmasını güman edə biləcəyini qeyd etsə də, müqavilənin qeyd edilən bəndindən də göründüyü kimi hələ müqavilə bağlanılarkən alqı-satqı müqavilələri, o cümlədən hüquqi nəticələr doğura biləcək bütün sənədləşmə işlərinin aparılması ilə bağlı səlahiyyətli tərəfin Cavabdeh2 MMC deyil, məhz Cavabdeh1 MTK-nın olduğunu bilmişdir və bu hal birbaşa olaraq həmin müqavilədə qeyd olunmuşdur. Lakin buna baxmayaraq növbəti sənədləşmələrinin hər birini Cavabdeh2 MMC ilə aparan iddiaçı alqı-satqı prosesinin başa çatdırılması üçün bununla bağlı əsl səlahiyyətə sahib olan digər Cavabdeh1 MTK-ya müraciət etməmiş, müqavilənin 2008-ci ildə bağlanmasına baxmayaraq 16 il boyunca hərəkətsizlik nümayiş etdirmişdir.
36. İddiaçının bu hərəkətsizliyinin vurğulanması həm də ona görə vacib rol oynayır ki, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 8-ci blokunun, 8-ci mərtəbəsində yerləşən 145 kv.metr sahəsi olan, 3 otaqdan ibarət 779 saylı mənzil artıq mövcud deyildir. Ümumiyyətlə isə, həmin yaşayış kompleksində 779 saylı mənzil mövcud deyildir.
37. Apellyasiya baxışı zamanı həmin mənzillərdən hansılarının qeydiyyata alınıbalınmadığı barədə məlumat əldə edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlanmış, xx.xx.2024-cü il tarixdə daxil olan cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava küçəsində yerləşən yaşayış binaları barədə heç bir dövlət qurumu tərəfindən məlumat təqdim edilmədiyi üçün həmin əmlaklar dövlət əmlakının registrinə qeydiyyata alınmamışdır.
38. Göründüyü kimi hazırki iş üzrə iddiaçının tələbinin əsasında duran əqd üzrə şərtlərə görə alqı-satqı müqavilələri, o cümlədən hüquqi nəticələr doğura biləcək bütün sənədləşmə işlərinin aparılması ilə bağlı səlahiyyətli tərəfin Cavabdeh2 MMC deyil, məhz Cavabdeh1 MTK-nın olduğu tərəflərə məlum olmuş, lakin iddiaçı növbəti addımların atılmasını müqavilənin şərtlərinə uyğun aparmamış və nəticədə müqavilənin icrası hər bir halda mümkünsüz olmuşdur.
39. Buna görə də kollegiya hesab edir ki, hazırki halda iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, sözügedən tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
40. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
41. Həmçinin kollegiya onu qeyd edir ki, eyni fərdi müəyyən əşyanın verilməsinə dair digər etibarlı müqavilələr də hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcəllə, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları vardır və hazırki iddianın rədd edilməsi iddiaçının qeyd edilən tələbi irəli sürə bilməsini istisna etmir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
46. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun məbləği iddiaçıdan alınaraq Cavabdeh1 MTK-ya ödənilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-158/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi rədd edilsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun məbləği İddiaçı alınaraq Cavabdeh1 MTK-ya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova