Məhkəmə qərarları › İş №2(103)-2167/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2167/2025

14.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2167/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası üzrə (Açar sözlər:mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 aprel 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 ünvanında yerləşən mənzil “ünvan 2ən İddiaçı verilmişdir. Cavabdehlər Füzuli rayonundan məcburi köçkünlərdir.

2. 138 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 14 may 2024-cü il tarixli akt tərtib edilmiş, aktda göstərilmişdir ki, Füzuli rayonundan məcburi köçkünlər dünən axşam Zahid Xəlilov küçəsi, məhəllə 570, ev 14, yataqxana, otaq 7 ünvanında yerləşən mənzilin qapısını qıraraq evi zəbt ediblər. Ona görə də təcili mənzil sahibinə, yəni İddiaçı qaytarılaraq, açar ona təhvil verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanındakı mənzildən çıxarılması, evin ona təhvil verilməsi, cavabdehlər tərəfindən əmlaka daxil olmağına və sərbəst şəkildə istifadə etməyinə dair törədilən bütün növ maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 30 ildən çoxdur ki, məcburi köçkünlər həmin evdə yaşayırdılar və onun bu günədək tələblərinin olmasına baxmayaraq ev ona təhvil verilməmişdir. Həmin şəxslər xx.xx.2024-cü il tarixində öz torpaqlarına köçürülmüşdür. Bundan sonra xx.xx.2024-cü il tarixdə qonşuluqda yaşayan digər məcburi köçkünlər, yəni cavabdehlər 2 saylı Xüsusi Təyinatlı Mənzil-X2 138 saylı Mənzil- Kommunal İstismar sahəsi tərəfindən mənzilin qapısına vurulmuş blombu qıraraq evə qanunsuz olaraq daxil olmuş və zəbt etmişlər.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Sultanova-Məmmədova, iş № 2(004)-3732/24) iddia təmin edilmişdir.

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mənzildə uzun müddət (30 ilə yaxın) məcburi köçkünlər yaşamış, sonuncuların 13 may 2024-cü il tarixdə öz doğma torpaqlarına köçürülməsindən sonra, 14 may 2024-cü il tarixdə hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən mənzilin qapısı qırılaraq, zəbt edilmişdir. Bununla da, iddiaçının potensial mülkiyyətçi olaraq, hüquqları pozulmuş, iddiaçının razılığı olmadan cavabdehlərin həmin mənzildə yaşaması iddiaçının öz mənzilindən rahat istifadə etməyinə mane olur, onun mülkiyyət hüquqlarını pozur, mülkiyyətində olan mənzildən öz istədiyi kimi istifadə etmək, sahib olmaq və sərəncam vermək hüququnu məhdudlaşdırır. Cavabdehlərin isə mübahisəli mənzildə yaşamaları üçün hər hansı bir qanuni əsas yoxdur.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 153.4, 157.2, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

9. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məcburi köçkün olaraq Bakı şəhəri, Yasamal rayonu, X.Xəlilov küçəsi,570-ci məhəllədəki 14 saylı yataqxana binasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yerləşdiriliblər. Ailə tərkibi 10 nəfərdir, kiçik otaqda yaşaması mümkünsüzdür. Yataqxananın 7-ci otağında başqa məcburi köçkün məskunlaşmışdı, həmin məcburi köçkünlər doğma yurdlarına köçürüldükdən sonra həmin otaq boşadılmışdır. Ailə tərkibi böyük olduğundan həmin otağa köçüblər. Daimi yurdu bərpa olunduqdan sonra müvəqqəti məskunlaşdıqları otaqdan köçəcəklər. Məhkəmə mübahisəli otağın dövlət mülkiyyətində olması, dövlət strukturu tərəfindən həmin otaqda məskunlaşdırılmağı faktını, onların mübahisəli otağa məcbur olaraq müvəqqəti köçməyi faktını aydınlaşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 da apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

13. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

14. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 13, hissə 1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 152.1. Mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı apellyasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın həmin cavabdehə qarşı təmin olunmuş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin yuxarıda sadalanan 152.1, 157.2, 157.4-cü maddələrinin mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

25. Hazırkı iş üzrə mübahisə predmeti olan mənzil order əsasında iddiaçıya verildiyindən onun həmin evə dair əmlak hüquqları mövcuddur və bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrini tətbiq etməkdə haqlı olmuşdur.

26. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

27. Məhkəmə kollegiyası eyni zamanda mübahisəli mənzilin son dövrdə, yəni orada məskunlaşmış məcburi köçkünlərin mənzili boşaltmalarından sonra cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt olunduğunu, cavabdehlərin özlərinin həmin binada başqa mənzildə məskunlaşdıqlarını, mübahisəli mənzilin yerli icra hakimiyyəti orqanı (MİS) tərəfindən iddiaçıya təhvil verildiyini, mənzilin açarlarının ona təqdim olunduğunu nəzərə alaraq Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsinin işdə iştirak etməyə cəlb olunmasına zərurət görmədi.

28. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

29. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar