Məhkəmə qərarları › İş №2(103)-2170/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2170/2023

03.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2170/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı Cavabdeh3, Bakı Şəhər İcra Hakimiyyəti, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi, Bakı şəhəri 10 nömrəli Dövlət Notariat Kontoruna qarşı çıxarışların etibarsız sayılması və s. tələbinə dair mülki iş üzrə Açar sözlər: çıxarışların etibarsız sayılması və s. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X9 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı Cavabdeh3, Bakı Şəhər İcra Hakimiyyəti, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi, Bakı şəhəri 10 nömrəli Dövlət Notariat Kontoruna qarşı çıxarışların etibarsız sayılması və s. tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, e-2(010)-5730/2022 nömrəli qərardadından iddiaçıların şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraicət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin X3 və İstismarı Birliyinin 16 iyul 2006-cı il tarixli 17 nömrəli protokolunun, Bakı şəhəri X3 və İstismarı X1 ilə imzalanmış 16 avqust 2006-cı il tarixli 963 nömrəli bağın icarəyə verilməsi müqaviləsinin, X8 adına verilmiş RX Seriyalı ******* №-li ********** nömrəli, 29 noyabr 2018 qeydiyyat tarixli çıxarışın, Bakı şəhəri 10 nömrəli Notariat kontorunda təsdiq edilmiş 2V-82 reyestr nömrəli 07 mart 2019cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, Cavabdeh1 adına verilmiş RX Seriyalı ******* №-li ********** nömrəli, 27 dekabr 2019 qeydiyyat tarixli çıxarışın, 5 saylı Bakı Cavabdeh3 notariat kontorunda X7 ilə Cavabdeh2 arasında bağlanmış 28 iyun 2019cu il tarixli 1132 reyestr nömrəli alqı-satqı müqaviləsinin, Cavabdeh1 adına verilmiş 26 iyul 2019-ci il tarixli çıxarışın və Cavabdeh2 adına adına verilmiş 26 iyul 2019-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bağ massivində ayrılmış 671 nömrəli bağ sahəsi üzərində hər birinin 1/3 pay olmaqla iddiaçılar X4, İddiaçı1 və cavabdeh X2 paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, e-2(010)- 5730 /2022 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Qərardad onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi akt əsasında deyil, publik hüququn nizamasalma predmetinə aid məsələdir. Bu isə o deməkdir ki, həmin aktın qanunsuzluğunu və onun nəticəsində verilmiş çıxarışı yalnız Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək olar. Belə olan halda iddiaçı Bakı Şəhəri İcra Hakimiyyətinin X3 və İstismarı Birliyinin 16 avqust 2006-cı il tarixli 17 nömrəli protokolunun, Bakı şəhəri X3 və İstismarı X1 ilə imzalanmış 16 avqust 2006-cı il tarixli 963 nömrəli bağın icarəyə verilməsi müqaviləsinin, X8 adına verilmiş RX Seriyalı ******* №-li ********** nömrəli, 29 noyabr 2018 qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi barədə olan və publik hüquq münasibətlərinə aid edilən tələblərini mülki mühakimə icraat qaydasında baxılmalı olan digər tələbləri ilə vahid iddia formasında birləşdirilmişdir. Bu isə qanunvericilik baxımından yolverilməzdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3.3-cü maddəsinin tələblərinə ziddir.

4. Qərardadla razılaşmayan iddiaçının nümayəndəsi şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyə uyğun olaraq, iddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. X8 adına verilmiş RX Seriyalı ******* №-li ********* nömrəli, 29 noyabr 2018 qeydiyyat tarixli çıxarış mülki hüquqi aktlar olan iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin X3 və İstismarı Birliyinin 16 avqust 2006-cı il tarixli 17 nömrəli protokolu, Bakı şəhəri X3 və İstismarı X1 ilə imzalanmış 16 avqust 2006-cı il tarixli 963 nömrəli bağın icarəyə verilməsi müqaviləsi və vərəsəlik zamanı verilmiş arayış əsasında verilmişir və həmin sənədlər hamısı hazırkı iddia ilə mübahisələndirilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına əsasən də hazırkı iddiaya mülki məhkəmə icraatında baxılmalıdır. Bakı şəhəri İcra Hakimiyyətinin X3 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli 17 nömrəli protokolu, Bakı şəhəri X3 və İstismarı X1 ilə imzalanmış xx.xx.2006-cı il tarixli 963 nömrəli bağın icarəyə verilməsi müqaviləsi, X8 adına verilmiş RX Seriyalı ******* №-li ********** nömrəli, 29 noyabr 2018 qeydiyyat tarixli çıxarış, Bakı şəhəri 10 saylı Notariat kontorunda təsdiq edilmiş 2V-82 reyestr nömrəli xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə, Cavabdeh1 adına verilmiş RX Seriyalı ******* №-li ********** nömrəli, 27 dekabr 2019 qeydiyyat tarixli çıxarış, 5 saylı Bakı Cavabdeh3 notariat kontorunda X7 ilə Cavabdeh2 arasında bağlanmış 28 iyun 2019-cu il tarixli 1132 reyestr nömrəli alqı-satqı müqaviləsi, Cavabdeh1 adına verilmiş 26 iyul 2019-ci il tarixli çıxarış və Cavabdeh2 adına adına verilmiş 26 iyul 2019-cu il tarixli çıxarış hər biri mülki mübahisənin predmeti olmaqla bir-biri ilə əlaqəlidir. Belə olan halda bütün qeyd olunan tələblər bir icraatda birləşdirilə bilər. Hazırkı iddia tələbində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi mübahisələndirilmir. Məhkəmə qərardadında guya hazırkı iddiadan müəyyən olunan halın, daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarışın hər hansı mülki hüquqi akt əsasında deyil, publik hüququn nizamasalma predmetinə aid olan məsələ olması doğru deyil. Belə ki, X8 adına verilmiş RX Seriyalı ******* №-li ********** nömrəli, 29 noyabr 2018 qeydiyyat tarixli çıxarış mülki hüquqi aktlar olan iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin X3 və İstismarı Birliyinin 16 avqust 2006-cı il tarixli 17 nömrəli protokolunun, Bakı şəhəri X3 və İstismarı X1 ilə imzalanmış 16 avqust 2006-cı il tarixli 963 nömrəli bağın icarəyə verilməsi müqaviləsi və vərəsəlik zamanı verilmiş arayış əsasında verilmişir. Qeyd olunan bütün sənədlər isə mülki hüquqi akt olmaqla heç bir publik hüquq münasibətlərini tənzimləmir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(010)-5730 /2022 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddə 151.1. İddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 152.1.1. İddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya həmin Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur;

8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarı: - 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir; - 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir; - 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır; - 17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməsi əsası ilə iddia ərizəsini iddiaçılara geri qaytarmaqda haqlı olmuşdur.

11. İddia ərizəsinin məzmunundan görünür ki, tələb bir neçə hissədən ibarətdir və ilkin olaraq Bakı şəhəri İcra Hakimiyyətinin X3 və İstismarı Birliyinin 16 iyul 2006-cı il tarixli 17 nömrəli protokolunun və həmin protokol əsasında Bakı şəhəri X3 və İstismarı X1 ilə imzalanmış 16 avqust 2006-cı il tarixli 963 nömrəli bağın icarəyə verilməsi müqaviləsinin etibarsızlığı tələb olunur. Mübahisə predmeti olan daşınmaz əmlak üzərində hüquqların ilkin qeydiyyatı üçün əsas da məhz həmin sənədlər olmuşdur. Yəni, iddianın mahiyyətinə görə digər sənədlərin etibarsızlığı həmin sənədlərin etibarsız hesab olunmasının nəticəsi ola bilər.

12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun Maddə 8.0. və 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas və dövlətin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi ilə bağlı olduğundan inzibati akt hesab olunur.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarının 6.1-ci bəndi isə bu mübahisələrlə bağlı yaranan məhkəmə aidiyyatı barədə məsələyə konkret olaraq aydınlıq gətirmişdir ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır

14. Kollegiya şikayətdə qeyd olunan yalnız bu xüsusatla razılaşır ki, tələblər bir – biri ilə bağlıdır, yəni, eyni daşınmaz əmlakla bağlı qərarlar və əqdlər mübahisələndirilir. Lakin hal – hazırkı tələblərə birlikdə baxılması ona görə mümkün deyildir ki, yuxarıda qeyd olunduğu kimi tələblərin bir hissəsinə inzibati, digər hissəsinə isə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Əgər iddia ərizəsi hazırkı formada icraata qəbul olunsa belə, işə baxılarkən inzibati icraat qaydasında baxılmalı olan tələblər üzrə icraata xitam verilməlidir, çünki, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddəsində mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığı halda iş üzrə icraata xitam verilməsi imperativ olaraq müəyyən edilmişdir.

15. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçının nümayəndəsi Vəkil Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, e-2(010)-5730 /2022 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, e-2(010)- 5730 /2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar