Məhkəmə qərarları › İş №2(103)-2173/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2173/2024

07.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2173/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: icraatın dayandırılması, işin icraatının dayandırılmasına əsas verən digər iş) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı və Cavabdeh xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş, nikahdan sonra qadına (arvada) “Süleymanova” soyadı verilmiş, nikahlarından xx.xx.2012-ci il tarixdə Cahan və Cansu adlarını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması, uşaqların Yeganə Süleymanovanın yanında saxlanılmaları qət edilmişdir.

2. Nikahda olduqları dövrdə onlar, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi ev 71 ünvanında yerləşən 50 saylı mənzildə yaşamışlar.

3. Həmin mənzil xx.xx.2008-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi ev 71 ünvanında yerləşən 50 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi, dövlət rüsumunun və vəkil xərcinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qərardadı ilə işin icraatının, Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırdığı “əmlakların bölünməsi” tələbi üzrə qanuni qüvvəyə minmiş qərar qəbul edilənədək dayandırılması qərara alınmışdır.

6. Məhkəmə hesab etmişdir ki, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində irəli sürdüyü iddia tələbi üzrə çıxarılacaq qərar İddiaçı iddia tələbinin həllinə təsir göstərə bilər.

7. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Prosessual Məcəllənin 254.1.4-cü, 256.0.3-cü və 258-ci maddələrinə istinad etmişdir.

8. Qərardaddan iddiaçının nümayəndəsinin (vəkilinin) verdiyi şikayət məhkəmənin 31 yanvar 2024-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışı

9. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

10. Şikayət belə əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi ev 71, məzil 50 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında baxılan iddia tələbi isə birgə nikah dövründə əldə olunmuş əmlak kimi Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 71, məzil 50 ünvanında yerləşən mənzilə dair payların müəyyən edilməsidir. Belə olan halda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında baxılan 2(005)-1218/2024 saylı mülki işin mövcudluğu hazırki işə baxmağa mane olmur, 2(005)-1218/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı çıxarmayanadək hazırki işə baxılması mümkünsüz deyil. Belə ki, əvvəla həmin əmlak tərəflərin nikaha daxil olduğu tarixdən əvvəl alındığına görə onun bölünməsi mümkün deyil, ikincisi Cavabdeh onsuz da həmin mənzildə yaşamır və hazırki iş üzrə iddia tələbi təmin olunduğu təqdirdə onun həmin mənzilə istifadə hüququna xitam veriləcəkdir ki, bu da 2(005)-1218/2024 saylı mülki iş üzrə iddia tələbi təmin ediləcəyi təqdirdə mənzilə olan mülkiyyət hüquqlarına təsir etməyəcəkdir. Hazırki iş dayandırılmadığı təqdirdə və hər iki iş üzrə iddia tələbi təmin ediləcəyi təqdirdə Cavabdeh orada qeydiyyatda olan şəxs kimi deyil, mülkiyyətçi kimi mənzilin 2(005)-1218/2024 saylı mülki iş üzrə çıxarılmış qətnamə üzrə müəyyən edilmiş özünə məxsus payından istifadə edəcəkdir. Hazırki iş üzrə çıxarılacaq qətnamə əsasında (iddia tələbi təmin ediləcəyi halda) Cavabdeh həmin məzildən qeydiyyatdan çıxarılacağı təqdirdə, 2(005)-1218/2024 saylı mülki iş üzrə çıxarılmış qətnamə üzrə (iddia tələbi təmin ediləcəyi halda) həmin məzilə paylı mülkiyyətçi kimi təkrar qeydiyyata düşə bilər. AR MPM-nin 254.1.4-cü maddəsinə əsasən iş üzrə icraatın dayandırılması üçün işlər arasında istənilən qarşılıqlı bağlılıq deyil, onlar arasında elə bir bağlılıq, əlaqəlilik olmalıdır ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Hazırki iş və 2(005)-1218/2024 saylı mülki iş arasında hazırki iş üzrə icraatın dayandırıması üçün kifayət qədər bağlılıq yoxdur, hər iki işə paralel baxıldığı halda hazırki iş üzrə iddia tələbi təmin ediləcəyi təqdirdə, həmin qətnamə Cavabdeh həmin məzilə yaranacaq paylı mülkiyyət hüququna təsir etməyəcək, paylı mülkiyyətçi kimi cavabdeh həmin məzildən istifadə edə biləcəkdir. Məhkəmə nəzərə almamışdır ki, hazırki iş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında baxılan 2(005)-1218/2024 saylı mülki iş arasında müəyyən bağlılıq, əlaqəlilik olsa da, həmin bağlılıq hazırki işin icraatının dayandırılması üçün əsas ola bilməz. Belə ki, hər iki iş üzrə idda tələbi təmin ediləcəyi təqdirdə hazırki iş üzrə qətnaməyə əsasən cavabdehin adı gedən məzildən istifadə hüququna xitam veriləcək və həmin qətnamə əsasında cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılacaqdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında baxılan 2(005)-12l8/2O24 saylı mülki iş üzrə qətnaməyə əsasən isə, Cavabdeh həmin mənzilə paylı mülkiyyət hüququ yaranacaq və belə olan halda o, həmin mənzildən paylı mülkiyyətçi kimi istifadə edə biləcək, mənzilin öz payına uyğun hissəsinə sərəncam verə biləcək və həmin mənzilə təkrar qeydiyyata düşə biləcək. Məhkəmə bu halları aydınlaşdırmamış və nəticədə hər iki iş arasında hazırki işin dayandırılması üçün əsaslı bağlılığın olmamasını, belə bir bağlılığın 2(005)-1218/2024 saylı mülki iş yekunlaşanadək hazırki işə baxılmasının mümkün olmasını müəyyən etməmişdir.

11. Cavabdeh nümayəndəsi (vəkili) tərəfindən şikayətə qarşı yazılı etiraz göndərilmiş, qərardadın dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa.

13. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

14. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

15. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin icraatını dayandırdığı zaman, yuxarıda qeyd olunan işlərin arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət verməmişdir.

16. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.

17. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində irəli sürdüyü iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi ev 71 ünvanında yerləşən 50 saylı mənzilin və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanında yerləşən 0,2845 ha torpaq sahəsinin 2/3 hissəsinə onun, 1/3 hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması barədədir.

18. İşin hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi ev 71 ünvanında yerləşən 50 saylı mənzil tərəflərin nikaha daxil olmasından əvvəl İddiaçı mülkiyyətində olmuş, Cavabdeh nikahdan sonra həmin mənzilə köçüb orada yaşamışdır.

19. Bu kontekstdə kollegiyanın qənaətinə görə, İddiaçı, mülkiyyət hüququ əsasında sahib olduğu mənzildən keçmiş ailə üzvünün istifadə hüququna xitam verilməsi tələbinə baxılması, həmin keçmiş ailə üzvünün ona qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə baxılmasından asılı edilə bilməz; xüsusilə nəzərə alınmalıdır ki, Cavabdeh mənzilə istifadə hüququnun yaranıb-yaranmadığını və bu hüququn itirilməsi üçün əsasların olub-olmadığını araşdıran məhkəmə, onun, həmin mənzilin nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməli olması arqumentlərinə də qiymət verəcəkdir (verməlidir).

20. Həmçinin qeyd olunmalıdır ki, Yeganə Süleymanovanın mənzildən istifadə hüququna xitam verilməsi (iddianın təmin olunacağı təqdirdə), onun həmin mənzil üzərində mülkiyyət hüququnun tanınması barədə iddia tələbinə baxılmasına maneə törətmir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1053/2024 saylı iş üzrə 23 yanvar 2024-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar