Məhkəmə qərarları › İş №2(103)-2175/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2175/2021

05.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2175/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “doğum barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3330/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1940-cı il tarixdə Bakı şəhərində anadan olmağı ilə bağlı hüquqi əhəmiyyəti olan doğumun qeydə edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3330/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunmuşdur. Ərizəçi qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qəbul edilmiş bu qərardad əsassız, qanunsuz və ədalətsiz olmaqla yanaşı həyatda mövcud olan bir insan kimi onun hüquqlarını pozur və onu əlavə məhrumiyyətlərə-süründürməçiliyə məruz qoyur. O, hal-hazırda real həyatda bir insan kimi mövcuddur, vardır və yaşayır. Bunu onun ərizəsinə əlavə etdiyi sənədləri-arayışlar, tibbi sənəd, müvafiq akt, arxivdən alınmış arayış və Qeydiyyat şöbəsindən alınmış imtina məktubu da təsdiq edir.Halbuki, Qeydiyyat şöbəsindən məhkəmə tərəfindən 1-ci dəfə istənilmiş imtina məktubu da ərizəyə əlavə olunaraq məhkəməyə yenidən təqdim olunmasından sonra 2-ci dəfə ərizəsinin belə məzmununda geri qaytarılması təəccüb və təəssüf doğurur. O, 80 yaşında qoca bir insandır. Axı o, kimsəsiz bir insandır və onun indi həyatda heç kimi yoxdur və heç bir sənədi də yoxdur. Eyni zamanda inzibati məhkəmədən də bildirilir ki, bu işə xüsusi icraat qaydasında yaşayış yeri üzrə rayon məhkəməsində baxılmalıdır. O, hesab edir ki, imkan daxilində əldə edərək təqdim etdiyi sənədlərə əsasən bu işə hüquqi əhəmiyyəti olan doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi ilə bağlı məhz Bakı şəhəri Nizami rayon məhkəməsində baxılmalıdır. Burada hər hansı bir aidiyyat qaydası pozulmur və o, əldə edə biləcəyi müvafiq sənədləri işə əlavə etmişdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3330/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İşdən görünür ki, ərizəçi şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə də müraciət etmiş və həmin Məhkəmənin 2- 1(112)-6258 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3330/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadında göstərmişdir ki, ərizəyə ümumi məhkəmədə məhkəmə qaydasında baxılmalı olmadığına görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə bir daha vurğulayır ki, müvafiq məsələyə inzibati-iqtisadi məhkəmədə məhkəmə qaydasında baxıla bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi “ərizəyə ümumi məhkəmədə məhkəmə qaydasında baxılmalı olmadığına görə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır, müvafiq məsələyə inzibati-iqtisadi məhkəmədə məhkəmə qaydasında baxıla bilər” qənaəti ilə iddia ərizəsini icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, qeyd olunduğu kimi, iddiaçı şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə müraciət etsə də inzibati məhkəmə iddia ərizəsini geri qaytarmış, digər tərəfdən isə rayon məhkəməsi isə inzibati məhkəmədə məhkəmə qaydasında baxılmalı olduğunu izah etmişdir. Bu cür vəziyyətdə ərizəçi qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olsa da, qeyd olunan məhkəmələr tərəfindən ona bu hüququndan hansı formada istifadə etmək qaydası nəinki izah olunmamış, əksinə işə hansı məhkəmədə və nə cür baxılmalı olduğu aydın olmayan, mücərrəd və nəhayət doğru olmayan şəkildə izah edilməklə ərizəçini bir qədər də qeyri-müəyyən və əlverişsiz bir vəziyyətə salmışlar. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmamışdan əvvəl məhkəmə iclasında ərizəçinin şəxsən iştirakını təmin etməli, onun hazırki müraciəti ilə bağlı olan məqamları aydınlaşdırmalı olduğu halda ərizəçini dinləmədən iddia ərizəsini geri qaytarmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki iş materiallarından görünür ki, ərizəçi hüquqlarının müdafiəsi ilə əlaqədar olaraq Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də ona verilmiş cavab məktubu ilə zəruri sənədlər təqdim olunmadığından ərizəsi təmin edilməmiş və məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Həmçinin iş materiallarında olan AR Səhiyyə Nazirliyi tərəfindən verilmiş tibbi arayışda ərizəçinin doğum tarixi xx xxxxxx 1940-cı il qeyd edilmişdir. Odur ki, bütün bu hallar məhkəmə araşdırmasının predmeti ola bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia ərizəsini iddianın yolverilməzliyinə görə icraatına qəbul etməkdən imtina edərkən, ərizçiyə qeyd olunan qaydanı izah etmək əvəzinə, qəbul etdiyi qərardadda hazırki ərizəçiyə inzibati-iqtisadi məhkəmədə baxılmalı olması barədə duzgün olmayan qənaətini izah etmişdir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, Ərizəçi şikayəti təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3330/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Ərizəçi şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3330/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar