Məhkəmə qərarları › İş №2(103)-2175/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2175/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2175/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4029/2022 saylı 06 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 04 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC-nin direktoru X5 və Cavabdeh arasında bağlanmış “Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumat”a görə sonuncu xx.xx.2020-ci il tarixdən satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal və kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır, tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürür, əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.

2. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC-də ekspeditor, əmək müqaviləsi üzrə satış təmsilçisi vəzifəsində işləyir, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2020-ci ildir, işçinin aylıq əmək haqqı 250 manatdır.

3. İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır, müqaviləyə əsasən işçi şirkətə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır, o, əmək müaviləsinə əsasən, icrası nəzərdə tutulmuş işlərə görə ona verilmiş maddi dəyəri olan bütün növ əşyaları, mal, material, alət və s. qorunub saxlanması, əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə öhdəliklərini vaxtında və tələb olunan şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür, həmçinin müqaviləyə əsasən, işçi ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda şirkətə heç bir səbəb üzündən ziyan vurmamalıdır, işçinin təqsirinə görə ona həvalə edilmiş vəzifələr yerinə yetirilməzsə, şirkətə vurulmuş zərərin miqdarı və onun əvəzinin ödənilməsi qüvvədə olan qanunvericiliyə əsasən həyata keçirilir.

4. İddiaçı MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 156 №-li məktuba əsasən İddiaçı MMC ilə işçilər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında müqavilə”yə əsasən işçi, işlədiyi dövr ərzində ona etibar edilmiş və verilmiş, dəqiq məbləği göstərilməmiş, maddi dəyəri olan istənilən növ malları qoruyub saxlamalı, “Əmək müqaviləsi” ilə üzərinə götürdüyü vəzifə öhdəliyini yerinə yetirməlidir, bu barədə ayrıca “Vəzifə təlimatı” mövcuddur və işçi tərəfindən imzalanmışdır.

5. xx.xx.2020-ci il tarixli xxxxxxx0003X0 saylı İddiaçı MMC sürücü-ekspeditorunun vəzifə təlimatının 2.5-ci bəndinə əsasən, sücürü-ekspeditor təyin edilmiş satış planının icrasına görə öhdəlik alır və cavabdehlik daşıyır, təlimatın 4.1-ci bəndinə əsasən, sürücü-ekspeditor cəmiyyətin normativ sənədləri ilə müəyyən olunmuş qaydada cəmiyyət qarşısında məsuliyyət daşıyır, təlimatın 4.2-ci bəndinə əsasən, sürücü-ekspeditorun təqsiri üzündən cəmiyyətə və ya rəhbərliyə vurulmuş hər hansı maddi və ya mənəvi ziyan onun tərəfindən Azərbaycan qanunvericiliyi və cəmiyyətin normativ sənədlərində nəzərdə tutulan şəkildə ödənilməlidir və o, müəyyən olunmuş qaydada Şirkət qarşısında məsuliyyət daşıyır, Təlimatın 4.3-cü bəndinə əsasən, şirkətdən satış üçün aldığı məhsulun ödənişinə görə tam maddi məsuliyyət daşıyır.

6. Bölgə müdiri Həsənov Emil, auditor Nəcəfov Rüfət, satış müdiri Şərifov Elçin, audit rəhbəri Şahmərdanov Azər tərəfindən imzalanmış 06 aprel 2021-ci il tarixli Aktda göstərilmişdir ki, Cavabdeh İddiaçı MMC-yə həqiqətən xx.xx.2021-ci il tarixə 100991,45 manat borcu yaranmışdır, pərakəndə satış nöqtələrində olan məbləğ 8665,70 manat təşkil edir, Əliz-adə X6 debitorlar arası borc keçidi 8665,70 manat təşkil etmişdir, yuxarıdakılar nəzərə alındıqdan sonra Əlizadə Ramilin 61953,04 manat borcu mövcuddur. Satış təmsilçisi Ramil Əlizadə tərəfindən akt imzalanmamışdır.

7. İddiaçı MMC 05/Ü nömrəli 21 iyun 2021-ci il tarixli 05 saylı Əmr ilə Cavabdeh tərəfindən cəmiyyətə dəymiş zərərin qiymətləndirilməsinə dair komissiya yaradılmışdır.

8. Ruslan Müseyibov, Azər Şahmərdanov, Tural Nəbiyev tərəfindən imzalanmış “İşçinin işəgötürənə vurulmuş ziyanın miqdarının araşdırılması”na dair xx.xx.2021-ci il tarixli Akta görə, Cavabdeh Cəmiyyətə yekun qalıq borcu 99456,45 manat təşkil edir. Cavabdeh borc məbləği ilə razılaşmadığına görə aktı imzalamaqdan imtina etmişdir.

9. 21.06.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, Cavabdeh əmək müqaviləsinə 53k nömrəli xx.xx.2021-ci il tarixli əmr ilə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir.

10. İddiaçı MMC-nin işdən azad olunan işçinin dövriyyə vərəqəsində Cavabdeh şirkətə 100991,45 AZN borcunun mövcud olduğu qeyd edilmişdir.

11. xx.xx.2019 - xx.xx.2022-ci il tarixlərində Cavabdeh – Müştərilərlə hesablaşma cədvəlinə görə 01 fevral 2021-ci il tarixə Cavabdeh borcu (qalıq) 100991,45 manat olmuş, 30 iyun 2021-ci il tarixdə Azərbaycan Supermarket tərəfindən 1535 manat, Araz Supermarket tərəfindən 12 yanvar 2022-ci il tarixdə 16829 manat, 31 mart 2022-ci il tarixdə 34786 manat, ANC Group MMC tərəfindən 30 aprel 2022-ci il tarixdə 1492 manat ödəniş (debet) olunmuşdur, Əlizadə Ramilin xx.xx.2022-ci il tarixə olan borcu (qalıq) 46349,25 manat təşkil edir.

12. 15 iyul 2022-ci il tarixli Maliyyə arayışına görə X2 xx.xx.2022-ci il tarixə İddiaçı MMCyə ödənilməli olan yekun borcu 46349,25 manat təşkil edir.

13. 06 dekabr 2022-ci il tarixli Maliyyə arayışına görə X2 xx.xx.2019-xx.xx.2022-ci il tarixlərdə ümumi dövriyyəsi 919012,62 manat təşkil edir, buraya həm köçürmə, həm nəğd, silinmə, ekspeditor faizləri, satış xərcləri, ərazidə qalan qalıqlar da çıxıldıqdan sonra yekun məbləğ 46349,25 manat təşkil edir, şəbəkəyə verilən mallar ümumi dövriyyədən 522485,73 manat təşkil edir, həmin məbləğdən 54831,25 manat iadə olunmuş malların dəyəridir, geri qalan məbləğ isə 467654,48 manat olmuşdur, ümumi dövriyyədən, şəbəkə satışı, yəni 522485,73 manat çıxıldıqdan sonra qalıq məbləğ 396526,89 manat pərakəndə satışı hesab edilir, pərakəndə satışdan 350177,64 manat ödəmişdir, bu günə borc 46349,25 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 46349,25 manat və ödənilmiş 337 manat dövlət rüsumunun alınaraq MMC-nin xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, cavabdeh həmin tarixdən xx.xx.2021-ci ilə kimi satış təmsilçisi vəzifəsində işləmişdir. Cavabdeh Cəmiyyətdə işləyən zaman onun cəmiyyətdən aldığı malların qalıq borcları ödənilməmiş qalmışdır. Qeyd olunan dövrdə cavabdeh satışdan müxtəlif tarixlərdə müəyyən məbləğdə pulu Cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmış, geri qalan 82627,45 manat bu günə kimi ödənilməmişdir. Cavabdehin borcundan bir sıra silinmələr edildikdən sonra onun yekun borcu 46349,25 manat qalmışdır.

16. Birinci instansiya məhkəməsində X3 şahid qismində ifadə verərək bildirmişdir ki, “Halhazırda şirkətdə baş audit işləyir, cavabdehi tanıyır, 2020-ci ilin aprelində işə gəlmiş, o, işə gəldikdən sonra cavabdeh işdən çıxmışdır. Təqdim olunan dövriyyə cədvəlində bütün götürdüyü mallar, qaimələr, onun adına silinən pullar, ekspeditor faizləri, şəbəkə silinmələri və digər silinən vəsaitlər silinəndən sora sistemdə 46329 manat borc görsənir, bunu özü də şəxsən yoxlamışdır, bununla bağlı akt da tərtib olunmuşdur. İş materiallarında olan hesablaşma cədvəlindən də görünür ki, cavabdehin işlədiyi xx.xx.2019 - xx.xx.2022-ci il tarixləri ərzində 919000 manatlıq dövriyyəsi olmuşdur, o, 2019-cu ilin may ayında etibarən müəssisədən özü mal götürmüş, bu işlə məşğul olmuşdur, 919000 manatlıq dövriyyədən 522485 manat şəbəkə satışıdır, 396526 manat da pərakəndə satışıdır. Audit şöbəsi və maliyyə şöbəsinin birgə iştirakı ilə bunların hamısı araşdırılıb, araşdırmaya 2021-ci il tarixində başlamışdırlar, müəssisənin əmri ilə komissiya yaradılmışdır, bununla bağlı cavabdeh müəssisəyə gəlmiş, tanış olmuş, araşdırma ilə narazı olduğuna görə qol çəkməkdən imtina etmişdir, imtina etməyinə səbəb, onun hesabatına görə borcunun olmamasıdır. Cavabdeh bildirmişdir ki, 15000 manat da artıq vardır, lakin bu məbləğin necə olduğunu özü də başa düşmür, cavabdehin dediyinə görə isə onun şirkətə ödədiyi məbləğ götürdüyü mallardan daha çoxdur. Ümumiyyətlə müəssisədə iş belədir ki, ekspeditorlar anbardan, misal olaraq, 1000 manatlıq mal götürürlər, hər ekspeditorun ərazi bölgüsü var, o, malı alır, 700 manatlıq malı verir şəbəkəyə, yəni böyük marketlərə, şəbəkədə hansı mağazaya mal verib bu barədə qaimələri sistemə vurur, bu da şirkətin sisteminə düşür, ayda 1 dəfə şəbəkə marketlərlə hebalaşmalar aparılır, texniki səhvləri, ekspeditorun səhv yazması və s. digər anlaşılmazlıqlar həll edilir, yerdə qalan məbləği - 300 manatı isə pərakəndə marketlərə verir, pərakəndə marketləri şirkət tanımır, həmin malı cavabdehə verir, məsuliyyəti cavabdeh özü daşıyır. Cavabdeh işdən ayrılan tarixə 8665 manatlıq pərakəndə satışdan qalan qalıq malı başqa ekspeditora təhvil verib, şirkət həmin məbləği onun borcundan çıxandan sonra cavabdehin bugünə olan borcu 46349,25 manat təşkil edir. Hər hansı ay, məsələn aprelin ödənişini etməyəndə, şirkət növbəti ayın, yəni may ayının 10-na kimi ekspeditora mal verir. 27 noyabr 2020-ci ildə cavabdeh şirkətdən 4466.95 manatlıq mal götürmüşdür. Qaimə hər dəfə şirkətdən mal götürməyə görə verilir, ümumiyyətlə ekspeditorlar gün ərzində bir neçə dəfə mal götürə bilirlər, hər dəfə bir qaimə yazılır və yaxud 1 dəfə mal götürürlər, mallara görə gün ərzində 2 ədəd və daha çox qaimə yazıla bilər, ona görə də cavabdehin gün ərzində ancaq götürülən mallara görə bir qaimə almaq barədə dedikləri həqiqəti əks etdirmir.”

17. X4 şahid qismində ifadə verərək bildirmişdir ki, “Hal-hazırda İddiaçı MMC-də 2019-cu ilin mart ayının 1-dən maliyyə müdiri vəzifəsində işləyir, cavabdehi tanıyır, onu müəssisədə görmüşdür, o, şirkətdə ekspeditor vəzifəsində çalışmış, daha sonra işdən çıxmışdır, tanıdıqları üçün cavabdehə müəssisə tərəfindən əvvəlcədən, hələ işə girməmişdən əvvəl - 2019-cu ilin may ayından satması üçün mal - ət verilmişdir. Daha sonra isə 2020-ci ildən o, rəsmi işə qəbul olunmuş, onunla müəssisə arasında əmək müqaviləsi bağlanmışdır. İddiaçı müəssisədə ət və süd sahələri vardır, cavabdeh ət sahəsində çalışmışdır, o, malı şirkətdən təhvil almış, eyni zamanda şəbəkə və pərakəndə satışı həyata keçirmişdir, onun əsas vəzifələrindən biri satışı həyata keçirmək və ödənişləri təmin etmək olmuşdur. Cavabdeh satışı iki cür həyata keçirib: şəbəkə və pərakəndə şəkildə, şəbəkə satışlara böyük süper marketlər (“Bravo”, “Araz” və digər şəbəkələr) daxildir, pərakəndə satışlara isə iddiaçı nəzarət etmir, onlara ekspeditorlar nəzarət edir, iddiaçı şirkət pərakəndə satış məntəqələrini tanımır. Cavabdeh işdən çıxmamışdan 5 ay öncə, iddiaçı onda debitor riski görmüş, malın verilməsini dayandırmışdır, müəyyən dövrlərdə borclar yaranmış, gecikmələr olmuşdur, həmin dövrlərdə bir qisim ödənişlər edib, yenidən mal götürmüşdür, cavabdehin əsas gecikmələri pərakəndə satış üzrə olmuşdur. Cavabdehin işdən ayrılmağı öz arzusu ilə olub, işdən çıxdığı zaman ərazisində audit yoxlaması olmuşdur, pərakəndə satışdan ərazi üzrə 11 mağazadan keçid borcları olub ki, bunları da – 8.000 manata kimi malı digər ekspeditora təhvil vermişdir, özündə isə 46000 manatdan çox borc qalmışdır. Cavabdeh ödənişləri həm nəğd şəkildə, həm də bank ilə həyata keçirib, bank ödənişləri onun hesabından çıxılmışdır. Şirkət ekspeditorlara diller kimi yanaşır, şirkət malı verdiyi zaman 28% endirimlə verir: misal olaraq, 50.000 manatlıq malı götürür, malın 28% endirim edilir, 35.000 manatın 20.000 manatını şəbəkəyə verir, borcdan 20.000 manat silinir, geriyə 15.000 manat qalır, bu da ekspeditorun debitor borcu olaraq qalır, ödənişlər edildikcə, o borcdan silinir, geriyə qalan ödənişi özü həyata keçirir. Pərakəndə satışdan olan borc, ekspeditor tərəfindən ödənişlər həyata keçirdikcə debitor borcundan silinir, hazırkı vaxta cavabdehin müəssisəyə olan borcu 46349 manat həddindədir, 28% sonradan işçinin borcundan silinmir, mal elə əvvəlcədən endirimlə onlara satılır, beləliklə gəlir əldə edirlər.”

18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 dekabr 2022-ci il tarixli 2(011)-4029/2022 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh 46349,25 manat məbləğində pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 229 manatın alınaraq İddiaçınə ödənilməsi qət edilmişdir.

19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçıya maddi ziyan vurması, tərəflər arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilə, iddiaçının maddi ziyanın məbləği və onun vurulması ilə bağlı təqdim etdiyi sübutlar (hesabat cədvəli, audit yoxlaması, aktlar, qaimələr və s.) və şahid ifadələri ilə tam sübuta yetirilir. Bundan başqa, cavabdehin izahatı və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından da cavabdehin iddiaçıdan əldə etdiyi məhsula görə borcunun yaranması müəyyən olunur. Belə ki, cavabdehin izahatı üzrə “əvvəlki ekspeditordan qalıq qalmış 78500 manat məbləğində borcun onun hesabına yazılması barədə razılığının olması və həmin məbləğdən 35000 manat silinməklə yerdə qalan 43500 manat məbləğin borc kimi saxlanılması, 2019-cu ilin may ayından etibarən iddiaçıya məxsus müəssisədə qeyri-rəsmi fəaliyyət göstərməsi və əmək fəaliyyəti göstərmədiyi (əvvəlki ekspeditorun sürücüsü olduğu vaxt) dövrdə müəssisədən satış məqsədilə ət məhsulları götürməsi”, həmçinin iddiaçının nümayəndəsinin izahatı və şahid ifadələri üzrə “2019-cu ilin may ayından etibarən cavabdeh tərəfindən müəssisədən sərbəst olaraq istehsal məhsulları qəbul edərək götürməsi” barədə qeydlər (faktlar), tərəflər arasında əmək müqaviləsi bağlanmadan öncə 2019-cu ilin may ayından etibarən mülki hüquq münasibətlərinin yaranması hallarını təsdiq edir ki, bu münasibətlər üzrə də cavabdehin öhdəliyi istisna olunmur. Belə olan halda cavabdeh “bu borcların silinəcəyi barədə iddiaçının vəd verməsi və əmək müqaviləsi bağlanmasından əvvəl götürülmüş məhsullara görə məsuliyyət daşımaması” barədə dəlillərinə və ümumilikdə borcun ödənilməsi barədə hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin buna dair sübutlar iş materiallarına əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Digər tərəfdən cavabdeh, iddiaçı ilə arasında bağlanmış müqavilə üzrə tam maddi-məsul şəxs kimi də, digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 21.1, 385.1, 567, 600.1, 600.4, Əmək Məcəlləsinin 10, 11, 191, 192.21, 194.1, 194.2, 199.1, 202.1, 203.1, 205.2, 296, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

21. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı onun maddi ziyan vurması ilə bağlı məhkəməyə möhtəbər sübut təqdim etməmişdir. İddiaçının nümayəndəsi və şahidlər ifadələrində onun iddiaçıya maddi ziyan vurmasını əsaslandıra bilməmiş və sadəcə işçilərin mükafatlandırma və əmək haqqı ödənilmə prosesdurlarını izah etmişlər. Lakin buna baxmayaraq məhkəmə heç bir sübut olmayan iddia üzrə əsassız və qanunsuz nəticəyə gələrək əsaslandırılmamış qətnamə qəbul etmişdir. O, iddiaçıdan pul almayıb. İşin faktiki halları onun iddiaçıya ziyan vurmasını təsdiq etmir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

25. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

27. Maddə 191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə, bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

28. Maddə 192.2 Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

29. Maddə 199.1 İşçi qanunazidd hərəkətləri saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

30. Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

31. Maddə 203. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apelyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

39. İddiaçı cavabdehin MMC-də işlədiyi dövrdə ödənilməmiş qalan 46349,25 manat borcu tələb edir.

40. Cavabdeh isə iddianı qəbul etməyərək, belə borcunun olmadığını bildirir.

41. Məhkəmə iddiaçının tələbinin əsaslı hesab edərək, təmin etmişdir.

42. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır.

43. Cavabdehlə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əmr ilə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir.

44. Bundan sonra MMC-nin xx.xx.2021-ci il tarixli əmri ilə cavabdeh tərəfindən cəmiyyətə dəymiş zərərin qiymətləndirilməsinə dair komissiya yaradılmış, “İşçinin işəgötürənə vurulmuş ziyanın miqdarının araşdırılmasına dair” eyni tarixli akta görə isə cavabdehin Cəmiyyətə yekun qalıq borcu 99456,45 manat təşkil etmişdir. Cavabdeh aktı imzalamamışdır.

45. Birinci instansiya məhkəməsi tərəfindən hesablanmış borcun düzgünlüyünün müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq eskpertizası təyin edilmiş, ekspert vəsatət göndərərək, bir sıra sənədlər, eyni zamanda Audit və ya mütəxəssis aktının təqdim olunmasını xahiş etmiş, MMC tərəfindən hesab fakturalar və kassa mədaxil orderləri təqdim edilsə də, digər sənədlərin təqdim edilməsinin mümkün olmadığı göstərilmişdir.

46. Tələb edilən sənədlərin hamısı göndərilmədiyi üçün ekspertizasının keçirilməsindən imtina edilmişdir.

47. Qanunvericiliyin tələbinə görə illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditorun cəlb edilməsi, audit yoxlamasının aparılması və bu barədə aktın tərtib edilməsi vəzifə olaraq MMC-nin üzərinə qoyulmuşdur.

48. Hazırki iş üzrə iddaçı olan MMC tərəfindən illik maliyyət hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün belə müstəqil auditorun cəlb edilməsi, borcun yarandığını iddia etdiyi illər üzrə qeyd edilən formada yoxlamanın aparılmasını göstərən, bu audit yoxlaması nəticəsində tərtib edilmiş audit aktının olması müəyyən edilməmişdir.

49. Təyin edilmiş ekspertizanın keçirilməsi üçün ekspert tərəfindən audit aktı və ya mütəxəssis aktı tələb edilməsinə baxmayaraq, MMC tərəfindən həmin illər üzrə tərtib edilmiş Audit və ya mütəxəssis aktı təqdim edilməmişdir.

50. Əmək qanunvericiliyinin tələbinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

51. Göründüyü kimi işəgötürən tərəfindən müvafiq araşdırılmanın aparılması üçün yoxlama keçirilir.

52. İşəgötürən işçini maddi məsuliyyətə cəlb etməmişdən əvvəl onun izahatını almalıdır, işçi yazılı izahat verməkdən imtina etdikdə bu barədə müvafiq akt tərtib edilir. Öz-özlüyündə konkret işçidə hansısa sərvətin faktik surətdə əksik gəlməsi hələ onun maddi məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Ziyanın ödənilməsini təmin etmək haqqında qərar qəbul edənədək işəgötürən əmtəə-maddi sərvətlərin yoxlanmasını aparmağa borcludur, işçi isə onun aparılmasını tələb etmək hüququna malikdir. Ziyanın vurulması faktı və onun miqdarı yoxlamanın nəticələri əsasında tərtib edilmiş sənədlə (yoxlama aktı ilə) təsiqlənməlidir. Belə ki, əmlakın əksik gəlməsi invertarlaşdırma aktı ilə və s. təsdiqlənməlidir. Ziyanın yaranması səbəblərini və onun miqdarını təsdiq edən sənədlərin olmaması işəgötürəni bu ziyana görə işçinin üzərinə maddi məsuliyyəti qoymaq imkanından məhrum edir.

53. Araşdırmanın (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

54. İşəgötürən tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq nəzərdə tutulmuş qaydada yoxlamanın keçirilməsi müəyyən edilməmişdir.

55. Yalnız xx.xx.2021-ci il tarixli əmri ilə dəymiş zərərin qiymətləndirilməsinə dair komissiya yaradılmış, həmin komissiya tərəfindən isə göstərilən qaydada araşdırma aparılmamışdır, hər hansı araşdırma materiallarına istinad edilmədən qısa məzmunlu eyni tarixli akt tərtib edilərək, sadəcə cavabdehin 99456,45 manat borcu qaldığı göstərilmişdir.

56. Belə olan halda həmin aktı mötəbər sübut kimi qəbul edərək, cavabdehin iddiaçıya maddi ziyan vurması qəanətinə gəlmək yolverilməzdir.

57. Bundan başqa, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, müştərilərdən yeni sifarişlər qəbul etmək, onların pulunu almaq, pulu müəssisənin xəzinədarlığına ödəmək, ticarət obyektlərinə çatdırılan malların fakturada göstərilən məbləğdə və çeşiddə tam həcmdə çatdırılıb-çatdırılmamasını yoxlamaq, borcları vaxtında almaq cavabdehin əmək funksiyalarına daxil olmuşdur. Yəni, iddiaçının tələb etdiyi məbləğ birbaşa cavabdehin əmək funksiyalarının icrası ilə bağlı olan münasibətlərdən irəli gəlir.

58. İş üzrə mübahisəsiz qaydada müəyyən edilir ki, cavabdeh ticarət obyektlərindən sifarişlər qəbul edib iddiaçıya təqdim etmiş və sifariş əsasında qəbul etdiyi malları birbaşa ticarət obyektlərinə təhvil vermişdir. Bu baxımdan məhsulların satışına dair ayrıayrı ticarət subyektləri ilə nisyə alğı-satqı müqavilələri iddiaçı ilə həmin subyektlər arasında bağlanmış hesab olunur. Həmin malların dəyərini yığıb iddiaçıya təhvil vermək isə cavabdehin əsas əmək funksiyalarından biri olmuşdur. Başqa sözlə, cavabdeh iddiaçının işçisi olmaqla, sonuncunun təmsilçisi olmuşdur. Əgər bu belə olmasaydı, iddiaçının etiraf etdiyi kimi, iri ticarət subyektləri («Bravo», «Araz» və s.) ödənişləri birbaşa iddaçıya etməzdilər.

59. Bu baxımdan işçi ilə əmək münasibətlərinə xitam verildikdən sonra satış nöqtələrində (alıcılarda) qalmış və ya onlar tərəfindən qiyməti ödənilməmiş məhsulların dəyəri cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyan kimi qiymətləndirilə və cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. İddiaçı satıcı qismində ticarət obyektlərində qalmış məhsulları və ya onların dəyərini birbaşa alıcılardan tələb etmək hüququna malikdir.

60. Nəzərə alınmalıdır ki, əmək münasibətlərinə xitam verildikdən sonra iddiaçını təmsil etmək, onun adından müəyyən tapşırıqları yerinə yetirmək səlahiyyətləri olmadığı üçün cavabdehin alıcılara qarşı tərəfi (satıcısı) olmadığı alğı-satqı müqaviləsindən irəli gələn tələblər irəli sürmək hüququ yoxdur.

61. İddiaçı cavabdehdən zərərin ödənilməsini o zaman tələb edə bilərdi ki, cavabdehin işlədiyi ticarət obyektləri tərəfindən məhsulların dəyərinin ona ödənildiyini, lakin iddiaçıya təhvil verilmədiyini sübut etmiş olsun.

62. Əmək Məcəlləsinin 192-ci və MPM-in 77.1-ci maddələrinə əsasən həmin halı sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı bununla bağlı heç bir sübut təqdim etməmiş, cavabdehlə əmək münasibətlərinə xitam verərkən alıcılarda (ticarət obyektlərində) qalmış mal qalığı barədə, cavabdehin alıcılardan alıb iddiaçıya ödəmədiyi məbləğlər üzrə heç bir araşdırma aparmamışdır. İddiaçı iddia ərizəsində də belə bir halın mövcudluğuna istinad etməmişdir. Halbuki iddiaçının mübahisələndirmədiyi işin hallarından görünür ki, cavabdeh işə qəbul edildikdən sonra müvafiq ərazidə ondan əvvəl çalışmış işçinin işdən azad olunması ilə əlaqədar onun balans hesabında olan ticarət obyektləri üzrə müştərilərin iştirakı və imzası ilə təsdiq edilmiş faktiki borc qalıqları iddiaçıya təhvil-təslim edilmişdir.

63. Beləliklə, ticarət obyektlərinə verilən malların dəyərinin cavabdeh tərəfindən alınaraq iddiaçıya ödənilməməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır.

64. İddiaçının müştərilə təhvil verilmiş, dəyərinin iddiaçı tərəfindən müştərilərdən alındığı barədə heç bir sübutun olmadığı pul məbləğinin cavabdehdən tutulması qanunsuz və əsassızdır. Yəni, iddia bu baxımdan da əsassızdır.

65. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, iddiaçı tələbini əsaslandıra bilməmişdir, sadalanan hallar tələb edilən ziyanın vurulduğunu və bunda cavabdehin təqsirinin olduğunu istisna edir. Cavabdeh tərəfindən işəgötürənə qeyd olunan ziyanın vurulması mötəbər sübutlarla təsdiq edilmədiyi üçün onun MMC-yə borcunun olması nəticəsinə gəlmək üçün əsas yoxdur. Odur ki, iddiaçının tələbi rədd edilməlidir.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4029/2022 saylı iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar