Məhkəmə qərarları › İş №2(103)-2176/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2176/2021

25.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2176/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-2482/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Bağ evi 324 saylı ünvandan pasport qeydiyyatından çıxarılması və istifadə hüququnın itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Bağ evi 324 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı mülkiyyətindədir. Həmin mənzilə dair xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən seriya PX ******* saylı İddiaçı adına çıxarış verilmişdir. Hal-hazırda həmin evdə iddiaçının atası ailəsi ilə birlikdə yaşayır. Cavabdeh iddiaçının qardaşının sabiq həyat yoldaşıdır və həmin evdə pasport qeydiyyatındadır. Lakin faktiki orada yaşamır. Belə ki, iddiaçının qardaşı ilə cavabdeh əvəllər faktiki nikah münasibətlərində olublar, cavabdehin başqa yerdə xüsusi mülkiyyətində olan ayrıca evi vardır. Hal-hazırda elə bir vəziyyət yaranıb ki, iddiaçıya məxsus mülkiyyətdən istifadə edə bilmirlər. Buna cavabdeh maneçilik törədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-2482/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-2482/2020 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti və qarşılıqlı iddia ərizəsi verərək, qətnamənin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi rədd edilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağ evi 324 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş materillarında olan Bakı şəhəri Xəzər RPİ QvŞV şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, cavabdeh X1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağ evi 324 ünvanında qeydiyyatdadır. İddianın təmin tədbiri və qarşılıqlı iddianın icraata qəbulu məsələsi ilə bağlı keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi İlham Nuriyev izahat verərkən iddiaçının qardaşı Emil Cəfərovla Cavabdeh 2005-ci ildə rəsmi nikaha daxil olduqlarını və 2019-cu ildə məhkəmə qətnaməsi əsasında nikahlarının pozulduğunu qeyd etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağ evi 324 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Həmin mənzilə iddiaçının mülkiyyət hüququ qeydə alınmış və bu barədə iddiaçıya RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin mülki iş üzrə materiallarında müəyyən edilir ki, cavabdeh iddiaçının ailə üzvü deyildir. Cavabdehin iddiaçının mülkiyyətində olan evdə formal olaraq qeydiyyatda olması mübahisəli evə istifadə hüquqlarının olması kimi qəbul edilə bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli qərardadı ilə hazırkı qətnamə Cavabdeh mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılmasına dair hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlillərlə qismən razılaşır. Belə ki, cavabdeh ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə iclasından xəbərsiz olduğunu, bu səbəbdən verilmiş iddiaya münasibət bildirmək imkanından məhrum olduğunu göstərmişdir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh birinci instansiya məhkəməsində keçirilən iclaslarda iştirak edə bilməmiş və izahat verməmişdir. Apellyasiya şikayətində Cavabdeh bildirmişdir ki, onlar iddiaçının qardaşı Emil Cəfərovla 2005-ci ilin yanvar ayında rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və Emil Cəfərovun yaşadığı Bakı şəhəri, Qara Qarayev küçəsi 39 saylı evin 139 saylı mənzilinə köçmüşlər. Onların birgə nikahından 2006-cı il təvəllüdlü Ayxan və 2013-cü il təvəllüdlü Nihal adlı uşaqları dünyaya gəlmişdir. Onlar cavabdehlə bir müddət həmin ünvanda yaşadıqdan sonra iddiaçının atası Ramis Cəfərovun təklifi ilə həmin mənzili satıb Emil Cəfərovun müxtəlif adamlara olan borclarını ödəmək qərarına gəlmişlər. Həmin vaxt Ramiz Cəfərov həmin küçədə yerləşən başqa bir binada bir otaqlı ev alacağını vəd etsə də, sonradan bunu etməmiş və mənzil satıldıqdan sonra onları ailəliklə hazırkı mübahisəli bağ evinə köçürərək həmin evə qeydiyyata saldırmışdır. Onların 2013-cü il təvəllüdlü uşaqları Nihal da həmin evdə dünyaya gəlmişdir. Bundan sonra, 2017-ci ildə onlar həyat yoldaşı Emillə birlikdə həmin evi tərk edib kirayə yaşamağa başlamışlar. Lakin onun həyat yoldaşı Emil nalayiq hərəkətlərini davam etdirdiyindənailədə ziddiyyətlər yaranmış və onlar boşanmaq qərarına gəlmişlər. Yaranmış ziddiyyətlərlə əlaqədar o, bağ evinə qayıdıb yaşamağa davam edə bilməmiş, məcbur olub anasına məxsus evdə yaşamağa başlamışdır. 2018-ci ilin Novruz bayramı zamanı o, barışmağa təşəbbüs göstərmiş və bayram şirniyyatı ilə ərinin və qaynatasının yaşadığı həmin bağ evinə getmiş, lakin bunun nəticəsi olmamışdır. Həmin vaxt əri, onun atası və baldızı bağ evini satacaqlarını və əldə edilən pulla onunla uşaqlarına 3 otaqlı mənzil alacaqlarını vəd etmişlər. Lakin onlar vədlərinə əməl etməmişlər. 2019-cu ilin sentyabrında isə baldızı İddiaçı köçərək Amerikaya getmişdir. İşin araşdırılan halları, iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatı və cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərdən müəyyən edilir ki, İddiaçı qardaşı Emil Cəfərovla cavadeh Cavabdeh 2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və elə həmin vaxtdan Bakı şəhəri Qara Qarayev küçəsi 39 saylı evin 39 saylı mənzilində yaşamışlar. Bir müddət orada yaşadıqdan sonra həmin ev satılmış və cavabdeh ailəsi ilə birlikdə mülkiyyətçinin razılığı ilə Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən 324 saylı hazırkı mübahisəli bağ evinə köçərək həmin evə qeydiyyata düşmüşdür. Lakin bir müddət orada yaşadıqdan sonra cavabdeh öz əri və uşaqları ilə birlikdə həmin evi tərk edərək başqa ünvanda yaşamış, yenidən həmin evə geri qayıdaraq yaşamaq istədikdə isə, onun əri, qaynatası və baldızı buna imkan verməmişlər. 2019-cu ildə isə cavabdehlə onun əri arasında nikahları pozulmuşdur. Cavabdeh apellyasiya şikayətində mübahisəli evə nə zaman köçməsini dəqiq göstərməsə də, bir müddət Qara Qarayev küçəsindəki evdə yaşadıqlarını, sonradan həmin evin satıldığını və bağ evinə köçdüklərini, 2013-cü il təvəllüdlü uşağının bağ evində yaşadığı zaman dünyaya gəldiyini göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh mübahisəli evə 2012-2013-cü illərdə köçərək yaşamağa başlamışdır. Bu isə o deməkdir ki, onunla evin mülkiyyətçisi olmuş iddiaçı arasında evə dair münasibətlər qeyd edilən vaxtdan (2012-2013) yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxxx 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin bu qərarındakı hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin deyil, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları əsasında həll edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mübahisəli evə mülkiyyətçi olan baldızı İddiaçı razılığı ilə köçərək orada yaşadığından Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində göstərilən «digər qohumlar»a aid edilən şəxs kimi, mülkiyyətçinin ailə üzvü hesab edilir. Bu səbəbdən cavabeh Cavabdeh həmin maddənin tələbləri baxımından mübahisəli bağ evinə köçməklə, həmin evdən istifadə hüququ əldə etmişdir. Lakin cavabdehlə iddiaçının qardaşı Emil Cəfərov arasında ailə münasibətlərinə 2019-cu ildə xitam verildiyindən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh keçmiş ailə üzvü kimi Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mübahisəli evdən istifadə hüququnu itirmişdir. Beləliklə, müəyyən edilir ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi bağ evi 324 ünvana köçüb orada yaşamağa başladığı andan həmin evdən istifadə hüququ əldə etmiş, lakin iddiaçının qardaşı Emil Cəfərovla ailə münasibətlərinə xitam verildiyi andan həmin mənzildən istifadə hüququnu itirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin həmin evdə qeydiyyatda qalması özlüyündə onun bu evdən istifadə hüququnun mövcud olmasını əks etdirmir. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Həmçinin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli Qərarı ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Bağ evi 324 saylı ünvandan istifadə hüququnın itirilmiş hesab olunmasına dair iddiası təmin edilməsi üçün əsaslı olmuşdur. Lakin işə baxan birinci instansiya məhkəməsi cavabdeh Lumu Əsgərovanın mübahisəli mənzildə istifadə hüququnun olmamasını müəyyən etməklə, bu səbəbdən də onun bu hüququnun itirilməsi barədə tələbin təmin edilməməsi haqqında nəticəyə gəlməklə, işin hallarını düzgün müəyyən etməmişdir. Həmçinin, məhkəmə iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 228-ci maddəsinə istinad etməklə səhvə yol vermiş, bununla da iş üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddianın təmin edilməməsi ilə bağlı digər dəlillərini müzakirə edərək onları əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-2482/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Bağ evi 324 saylı ünvandan istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar